Film sahəsindən kitab çapına aparan yol

0

“Bəzən hansısa sahədə zəif olduğumuzu qəbul edib, daha yaxşı gördüyümüz işlərə fokuslanmağı bacarmalıyıq”

“Femməkan”ın budəfəki həmsöhbəti “Roller Bird” uşaq nəşriyyatının qurucusu Əfsanə Yusifdir.

Əfsanə Yusif uşaqlar üçün Azərbaycan dilində illüstrasiya kitabları nəşr edir.

Düşünür ki, illüstrasiya kitabları oxumağa marağı olmayan uşaqlarda da kitab sevgisi yarada bilir. Onların xəyal gücünü formalaşdırır. Elə ideya da oğlunun kitabla arasının olmamasından doğub.

Mənbə: Əfsanə Yusifin şəxsi arxivindən

İdeyanın yaranması

Əfsanə Yusifin oğlunun kitab oxumağı sevməməsi, onda illüstrasiya kitabları çap etmək ideyasını yaradıb. Deyir, oğlu hesablamanı sevsə də, hərf öyrənməyə marağı olmayıb. Bu zaman o, oxuduğu bir kitabdan yola çıxaraq, oğluna kitabı sevdirməyə çalışıb:

“Harper Leenin “Bülbülü öldürmək” kitabında müəllif yazır ki, o, heç vaxt hərf öyrənməyib. Atası qəzet oxuyub, o da qucağında oturaraq onun oxuduğu sözləri təkrarlayıb. Maraqlı gəldi, və oğlumla belə etməyə başladıq. Zamanla oğlumda xeyli maraq, irəliləyiş gördüm. Anladım ki, oxumağı kitablarla öyrənmək həm əyləncəli, həm də sürətlidir”.

Bundan sonra onun ağlına illüstrasiya kitablar çap etmək ideyası gəlib. Lakin ideyanı həyata keçirmək asan olmayıb.

Karantinin monoton xaosunu yaradıcılığa çevirmək

Əfsanə Yusif beynindəki ideyasına karantin vaxtında işıq tutub. Deyir, evin içində uşaqlar, it və ev işlərindən dəli olmamaq üçün yeddi ildir beynində gəzdirdiyi ideyaya nəzər salmaq qərarı verib. “Kitabın mövzusunu da düşünmüşdüm. Konstantin Batıginin bir müsahibəsinə baxmışdım. Deyirdi ki, Kaliforniya Texnologiya İnstitutunda gənc bir alim doqquzuncu planetin axtarışıyla məşğuldur. Kitabımızın mövzusu da elə doqquzuncu planetdən olsun dedim. İdeyamı illüstrator Mahir Qafarovla bölüşdüm və məni dəstəklədi. Yola pulsuz çıxdıq, mən mətn yazdım, o, şəkilləri çəkdi”.

Mənbə: Əfsanə Yusifin şəxsi arxivindən

İlk kitabın çapı

Əfsanənin həmin dövrdə kitab çapı üçün pulu olmayıb. Sonra kradufandinq (hansısa ideya, istəklə bağlı cəmiyyətə müraciət edib, maddi dəstək almaq) kamapaniyası haqqında öyrənib. Deyir, kampaniyanı keçirməyə əvvəl cürət etməsə də, sonra addım atıb:

“İnsanlar məni tanımaya-tanımaya ideyama dəstək verdilər, pul göndərdilər. Bu, mənə xeyli enerji və özümə əminlik verdi. Toplanan vəsaitlə ilk kitabımızı çap etdik”.

“Başıbəlalı Doqquzuncu Planet”- bu, “Roller Bird” nəşriyyatının ilk kitabıdır. Əfsanə Yusif bildirir ki, bu kitab kamandalarının hesabına hazırlanıb, 49 nəfərin dəstəyi ilə çapa yollanıb.

Onun sözlərinə görə, kitab gözlədiklərindən daha çox maraqla qarşılanıb. Hazırda əllərində daha üç kitab çapına yetəcək vəsaitləri var:

“Kitablar hazırlıq mərhələsindədir. Yay sonu üçün çap olunması planlanan kitabımızın adı “Ən Quşlar”dır. Paralel olaraq, “Ağaclar və Kollar” kitabımızın üzərində işləməyə başlamışıq. Mətnlər yazır, araşdırmalar edirik. Bu kitabın ilk nəşri satışda olmayacaq, məktəblərə paylanacaq”.

Kitabdan öncə

Əfsanə Yusif deyir ki, ilk kitabı hazırlayanda əslində kino sahəsində çalışıb. Kino sahəsini çox sevsə də, burada uğurlu olmadığını söyləyir:

“Yeddi ildə xeyli yarımçıq işlərim olub, bitirdiyim qısa film və bir də çox fəxr etdiyim “Sarejevo Talents” üçün çəkdiyim bioqrafik hekayəm var”.

Əfsanə deyir ki, insan bəzən boynuna almaq istəmir, amma həyatın hansısa yönündə bir işdə uğurlu olmadığını qəbullanmaq, cəsarətli olmaq lazımdır:

“Məsələn, pandemiya vaxtı hazırladığım ilk kitabı 2 il komputerimdə gəzdirdim, çap etməyə cəsarətim yox idi. İki il  özümə sual verdim ki, kino ilə nəşriyyat işini paralel apara biləcəksən? Təbii ki, iki ayrı işi birlikdə aparmaq mümkün deyildi, gücüm çatmazdı. Qərarımı kitab sarıdan verdim”.

Ətrafdan alınan müsbət rəylər

Naşir bildirir ki, fəaliyyətləri ilə bağlı ətrafdan müsbət rəylər alırlar. Hətta böyüklər belə ağaclar və quşlarla bağlı kitablarını həyəcanla gözlədiklərini yazırlar. Çünki onların da uşaqlığında azərbaycanca təbiətlə bağlı illüstrasiyalı kitablar olmayıb:

“Onların belə həyəcanlı olması və xoş rəylər bildirməsi məni çox motivasiya edir”.

Mənbə: Əfsanə Yusifin şəxsi arxivindən

Özünə şübhə etməyi dayandırmaq

Əfsanə kariyerasında çox çətinliklə qarşılaşıb. Deyir, bu, əsasən, həyat tərzi və şəxsi xüsusiyyətlərilə bağlı olub:

“İşləməyə gec başlamışam. Düzdür, bu, öz seçimim olub. Uzun müddət uşaqları böyütməklə məşğul olmuşam. Odur ki, addım atmaq mənə çətin və qorxulu gəlib”.

Naşirlikdə qadınların üzləşdiyi çətinliklər

Əfsanə bildirir ki, dünyada qadın nəşriyyatçı sayı çox azdır. Onun fikrincə, naşirlik biznes idarəçiliyidir. Qadınlar isə biznes idarəçiliyindən həmişə uzaq olub:

“Özümüz haqda fikirlərimiz, əlbəttə ki, həyat tərzimizə təsir edir. Təxminən 37 yaşadək əmin idim ki, kişilər daha ağıllı, bacarıqlıdır. Düşünürdüm ki, buna görə onlarda hər şey yaxşı alınır. Özümə güvənim az idi, deyirdim, yəqin məndə alınmaz. Bilmədiyim şeyləri öyrəndikcə, əvvəl qorxuduğum şeyləri etdikcə, başa düşdüm ki, qadın və ya kişi, fərqi yoxdur, bizi ancaq şəxsi xüsusiyyətlərimiz fərqləndirir. Biliklərimiz, bacarıqlarımız, əzmimiz, cəsarətimiz, davamlı işləmək bacarığımız və qərarlarımız. Çevrən genişləndikcə görürsən ki, ağıllı və bacarıqlı qadınlar var”.

Gələcəklə bağlı arzular, planlar

Əfsanə nəşriyyatın fəaliyyəti üçün böyük sərmayəyə ehtiyac olduğunu söyləyir. Deyir, nəşriyyatın gəlir gətirməsi və o gəlir əsasında davamlı kitablar nəşr etmək üçün hələ önlərində uzun yol var:

“Uzun müddət işləmək üçün mənim ümman qədər səbrim, həvəsim və sevgim var. Amma sərmayə tapmaq üçün ya şirkətlərə müraciət etməliyəm, ya da bankdan kredit götürməliyəm”.

Hazırda o, şirkətlərə müraciət etməyə hazırlaşır. Əlavə edir ki, hər anlamda gec yetişən insan olub. Lakin indi içində bir işıq yanır:

“Deyəsən, 40 yaşıma yaxın özümü kəşf etmişəm”, – deyərək, bütün qadınları içdən gələn səsi dinləməyə, özünü tanımağa səsləyir.

FEMMEKAN

Bağlı mesajlar

Bir cavab buraxın

Mənim Yeni Tarix