FEMSÖHBƏTLƏR | Təcavüz hallarının azalmasında feminizmin rolu

0

“Təcavüz” sözü şəxsin başqası ilə zorla və/və ya onun razılığı olmadan cinsi əlaqəyə girməsi hadisəsini tərif edir. Bu, əsasən kişilər və ya oğlanlar tərəfindən, qadınlara və qızlara qarşı, bəzən isə kişilər də daxil olmaqla, digər gender mənsubiyyəti olan insanlara qarşı törədilir. Uşaqların da təcavüz hadisələrinin qurban olmağı istisna edilmir.

Uzun aradan sonra yenidən yeni epizodla qayıtdığımız “Femsöhbətlər”də bu dəfə təcavüz hallarının azalmasında feminizmin rolu haqqında danışacağıq. Burada ümumi statistikalardan, Azərbaycanda təcavüz hadisələrinin bu günkü gündəmindən, ən son lokal statistikadan və Azərbaycanda feminist aktivizmin təcavüz hadisələrinə qarşı mübarizəsindən söz açacağıq. Onu da qeyd edək ki, podkast ərzində təcavüz sözünü siz həm də zorakılıq, zorlama, cinsi zorakılıq kimi ifadələrlə də eyniləşdiyini fərq edə bilərsiniz.

Səssizliyi pozmaq

Təcavüz haqqında yayılmış feminist fikirlərin bir çox ortaq cəhəti var. Bunlardan birincisi, feministlərin təcavüz mövzusunda “səssizliyi pozmaq” istəyidir. 2017-ci ildə sosial medianı bürüyən “MeToo” cərəyanını bu səssizliyi pozmaq istəyən qadınların birləşmiş hərəkatı adlandıra bilərik. Qeyd edək ki, “MeToo” bu qədər geniş miqyas almazdan əvvəl 2006 və 2015-ci illərdə həyata keçirilmiş onlayn aksiya olub.

Feminist düşüncə və aktivizm təcavüzün nadir və müstəsna olması mifini sual altına qoyaraq bunun, əslində, qızların və qadınların həyatında, təəssüf ki, adiləşmiş bir təcrübə olduğunu göstərir.

Ümumilikdə danışılmasa da, təcavüz hallarının sayca çox olduğunu bilmək üçün kifayət qədər sübut var. Buna “Milli İntim Partnyor və Seksual Zorakılıq Sorğusu (NISVS): 2010-cu il Xülasə Hesabatı”nı misal göstərmək olar. 

16,000-dən çox amerikalının iştirak etdiyi bu araşdırmaya görə, qadınların 19%-ə yaxın bir hissəsi həyatlarının müəyyən dövründə cinsi zorakılıq və ya zorakılıq cəhdinin qurbanı olduqlarını bildiriblər. Sorğuda iştirak edən qadınların 42%-i ilk dəfə bu hadisəyə məruz qaldıqları zaman on səkkiz yaşından kiçik olduqlarını bildirib. 
Bir digər hesabat isə Amerikada Milli Ədliyyə İnstitutu tərəfindən 2000-ci ildə aparılıb. Hesabat “Qadınlara qarşı zorakılığın yayılması halları və nəticələri haqqında tam hesabat: Qadınlara qarşı Milli Zorakılıq Sorğusunun nəticələri” adlanır. Bu hesabata əsasən, 18 yaşdan kiçik qızların təcavüzə məruz qalma ehtimalı 18 yaşdan böyüklərə nəzərən iki dəfə daha çoxdur.

Feministlərin təcavüzə dair ənənəvi baxışlara qarşı qoyduğu, bəlkə də, ən əsas problem təcavüzün zərərçəkmişə vurduğu travma, zərər və digər neqativ təsirlərin cəmiyyət tərəfindən tanınmamasıdır. 

1996-cı ildə Kit Borciz Cekson tərəfindən yazılmış “Təcavüz: Fəlsəfi Tədqiqat” kitabında qeyd edilir ki, tarixin bəzi mərhələlərində qadınlar kişilərin mülkiyyəti olub, buna görə də onların mülkiyyət kimi dəyəri əsasən cinsi “təmizlikləri” ilə ölçülüb. Bu kontekstdə təcavüz qadının ərinə və ya atasına qarşı mülkiyyət cinayəti kimi qəbul edilirdi. Zorakılığa məruz qalmış qadın və ya qız əmlak kimi daha az dəyərli olduğundan əksər hallarda zorlamaya görə cəzalar qadının ərinə ya da atasına ödənilən cərimələr və ya digər kompensasiyalar şəklində olub.

Azərbaycanda da təcavüz halları qadınların, bəzi hallarda isə kuirlərin həyat standartlarını aşağı salan ciddi problemlərdən biridir.

Azərbaycanın Cinayət Məcəlləsinə əsasən, seksual xarakterli zorlama və təcavüzə görə ən çox 15 il cəza nəzərdə tutulur. Beynəlxalq normalardan (cinsi istismar və təcavüz razılığın olmamasına görə dəyərləndirilir) fərqli olaraq, yerli qanunvericilikdə cinsi istismar və təcavüz fiziki güc tətbiq edildikdə cinayət hesab edilir. 

2021-ci ildə Norveç Helsinki Komitəsi tərəfindən paylaşılan2020-ci ildə Azərbaycanda gender əsaslı zorakılıqadlı çıxarışda yazılır: “Təcavüz halının istintaqı sadəcə zərərçəkənin ifadəsi sübut olaraq qəbul edilmədiyi üçün onun üzərinə əlavə olaraq hadisəni sübut etmə məsuliyyətini qoyur. Bu hal təcavüz qurbanına qarşı diskriminasiya faktını ortaya çıxarır, çünki əksər hallarda cinsi istismar və təcavüz başqalarının olmadığı məkanda baş verir. Bundan başqa, ortaq (red. bir qrup şəxs) cinsi istismar kimi cinayətlərin istintaqı da qurbanın ifadəsinə dayanır”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə 2018-ci ildə 28, 2019-cu ildə 22, 2020-ci ildə isə 21 zorlama və ya zorlamaya cəhd hadisəsi baş verib.

Feminist fəal Sənay Yağmurun 1 il əvvəl cinsi zorakılığa məruz qalması ilə bağlı Baş Prokurorluqda istintaq başlayıb. Artıq uzun müddətdir, davam edən məhkəmə prosesi hələ də dəqiq bir nəticəyə varmayıb.

Sənay Yağmur iyun ayında məhkəmə prosesindən sonra verdiyi müsahibədə “Məhkəmənin ədalətli qərar verəcəyindən şübhəm var” deyə bildirib.

Lakin önəmli məqamlardan biri, azyaşlıya təcavüz olunma prosesinin ictimaiyyətə bildirilməsi, “victim blaming” adlanan “qurbanı utandırma”, yəni zərərçəkmişi günahkar çıxartma kimi yanaşmalardan qorxmayaraq hadisənin işıqlandırılmasıdır.

Hazırladı Pəri Abbaslı

Mənbə:

Feminist Perspectives on Rape  

A Feminist Perspective on Sexual Assault

Bağlı mesajlar

Bir cavab buraxın

Mənim Yeni Tarix