FEMSÖHBƏTLƏR | Korporativ mühitdə qadınlar & qadın liderlər

0

“Femmekan”ın növbəti podkast epizodunda hər birinizi xoş gördük. Bu dəfəki mövzumuz korporativ mühitdə qadınların yaşadığı çətinliklər, üzləşdiyi diskriminasiyalardır. 

Sizə təkrar gələ bilər, lakin təəssüf ki, hələ də iş mühitində problem yaşayan qadınlar barədə müxtəlif hekayələr eşidə bilirik. Yəni hələ də bu sahədə problemlər var.

Qadınlar iş mühitində hansı problemlərlə üzləşirlər və bu diskriminasiyalar nədən ibarətdir? İşdə qadınlar üçün hansı stereotiplər var, bu stereotiplər kim tərəfindən yayılır və qadın liderlərə olan ehtiyacımız niyə qarşılanmır? Yaxud qadın liderlərə yüklənən təzyiq və əlavə stereotipik məsuliyyətlər niyə 2023-cü ildə də davam edir? 

Gəlin, suallara bu podkast epizodunda cavab axtaraq. Mövzu ilə bağlı qonağımız da var. Dinləməyə davam edin.

Bilirik ki, Azərbaycanda analıq və ana olan qadınlara qarşı hər zaman xüsusi rəğbət var, lakin bu, özünü başqa cür göstərmir. Məsələn, iş mühitində ana olan qadınlara qarşı edilən xüsusi diskriminasiyadan əksər insan söz açmır. Azərbaycan üçün əlimizdə datalar olmasa da, dünyanın digər bölgələrində aparılan araşdırmalar keyfimizi pozmağa bəs edir.

“Harvard Business Review” jurnalında 2020-ci ildə paylaşılmış bir yazıda kişi işçidən alınan müsahibə sonrası belə qeyd edilir: 

“Müsahibimizin problemi necə ixtisar etdiyinə diqqət yetirək: “Qadınlar uşaq sahibi olacaqlar və işləmək istəməyəcəklər. Yaxud uşaq sahibi olduqdan sonra işləmək istəyə bilərlər, lakin hər həftə ezamiyyətə çıxmaq və menecerinin tələbinə uymaq istəməyəcəklər – çünki bu, həftədə 60 və ya 70 saatlıq iş deməkdir”. 

O düşünür ki, qadınların şəxsi seçimləri onların uğura gedən yollarında əngəldir, lakin maraqlıdır ki, müsahibimiz eyni ssenarini uşağı olmayan qadınlara şamil etmir. Halbuki uşaqlı-uşaqsız olmağından asılı olmayaraq, qadınların vəzifələrinin yüksəlməsini tez-tez görə bilmirik. 

Onun hesablamasında bütün qadınlar anadır, yaxud ana olacaq – bu, bizim müsahibələrimizdə tez-tez rast gəlinən qarışıqlıqdır. Uşaqsız qadınlar, bəlkə də, iş, ailə narrativlərinə zidd olduqları üçün insanların iradlarında yer tutmurlar”.

Koçinq platforması olan “Betterup”da paylaşılan bir məqalədə ana olmuş, yaxud “uşaq doğmaq” yaşında olan qadınlar daha gənc qadınlar, yaxud kişi müraciətçilərə nəzərən eyni, yaxud daha yaxşı CV-ə sahib olsalar belə, çox vaxt menecerlər tərəfindən geri dönüş almır, yaxud ikinci mərhələyə çağırılmırlar. Bu, qadınlara yalnız ana olmaq məsuliyyətini yükləmiş iş-ailə bölgü narrativinə əsaslanan gender yönümlü qərəzə işarədir. Menecerlər üçün ümumi düşüncə budur ki, anaların, yaxud ana olmağa hazırlaşan qadınların ailəvi qayğıları onları işdən kənarlaşdırır. Onlar kişi həmkarları kimi uzun saatlar işləyə, yüksək vəzifədə uzunmüddətli qala bilməzlər.

İş mühitində qadın işçilərin kişi kolleqalarına nəzərən daha az maaş alması, seksual qısnamaya məruz qalması fikirlərinin daha az eşidilməsi faktorları hələ də öz aktuallığını qoruyur. 

Bu epizodumuzda məsələni həm də qəhrəmanın özündən dinləyək deyə “DigiMark” reklam agentliyinin direktoru Nigar Abbasova ilə söhbətləşdik. Nigar bizimlə direktor olmadan əvvəl üzləşdiyi çətinliklərdən, qadın lider kimi komandası ilə arasındakı işgüzar əlaqə haqqında danışıb. 

MÜSAHİBƏ

Nigar Abbasovaya müsahibə üçün çox təşəkkür edirik, ümidvarıq, onun hekayəsi kimlərəsə ilham ola biləcək.

Yenidən qısaca rəqəmlərə qayıtmaq istəyərəm. “McKinsey” şirkətinin 2021-ci ildə hazırlamış “İş mühitində qadınlar” adlı hesabatında qadın liderlərin kişi menecerlərə nəzərən işçilərinə daha çox dəstək olduğu sübut edilib. Qadın menecerlər davamlı olaraq işçilərin rifahını yüksəltmək üçün daha çox iş görür, o cümlədən komanda üzvlərinin əhvalını yoxlamaq, onlara iş yüklərini idarə etməkdə kömək etmək və tükənmişlik sindromu ilə üzləşən və ya iş, həyat problemləri ilə başı qarışıq olanlara dəstək göstərir. 

Bu epizodumuzdan bu qədər. İş mühitində qadınların üzləşdiyi problemlərdən və bəzi statistik məlumatlardan danışdıq. Podkastlarımızı dinləməyi, “Femmekan”-ı sosial mediada izləməyi unutmayın. Dinlənilmək ümidilə.

Hazırladı Pəri Abbaslı

Bağlı mesajlar

Bir cavab buraxın

Mənim Yeni Tarix