FEMSÖHBƏTLƏR | İqlim dəyişikliyinin qadınlara təsiri və onların bu prosesdəki rolu

0

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Qarşıdakı dəqiqələrdə iqlim dəyişikliyinin qadınlara təsiri və onların bu prosesdəki rolu haqqında danışacağıq.

Epizodumuz ərzində “Chicks for Climate” təşəbbüsünün qurucusu, “Planeti xilas etməyin 365 yolu: dayanıqlı həyat tərzi üçün günlük bələdçi” kitabının yazıçısı Nərgiz De Baere-ın da fikirlərini səsləndirəcəyik. Uzun illərdir bu mövzuda sosial mediada fərqindəlik yaradan peşəkar kimi onun təqdim etdiyi fərqli perspektivləri öyrənə biləcəyik.

İqlim dəyişikliyinin yaratdığı çətinliklər artıb, dünyanın vəziyyəti gərginləşdikcə, bu mövzu aktuallaşır. Təbii fəlakətlər, faciələr, “təbiətin bizdən küsməsi” halları baş verərkən, əlbəttə, bundan əziyyət çəkən insanların sayı artır. 

Niyə iqlim dəyişikliyindən danışarkən bunun qadınlara olan təsirini xüsusi vurğulamaq ehtiyacı hiss etdik? 

Podkasta buradan dinləyə bilərsiniz

Tarix boyu qadınlar dayanıqlı təcrübələr, resursların idarə edilməsi və icma davamlılığının qorunması mövzularında ön sıralarında olub. Bununla belə, iqlim dəyişikliyinin təsirləri çox vaxt qadınlara, xüsusən də, həssas icmalarda olanlara qeyri-mütənasib təsir göstərib. Su qıtlığından tutmuş, miqrasiyayadək – bütün bu proseslərdə gender və ekoloji problemlərin kəsişməsi aşkardır. 

Müxtəlif beynəlxalq hesabatlar iqlim dəyişikliyinin mövcud gender bərabərsizliyini gücləndirdiyini müşahidə edir. Məsələn, bir çox inkişaf etməkdə olan ölkələrdə qadınlar çox vaxt ailələrini su, yemək bişirmək üçün qaz/enerji və ən əsası, yeməklə təmin etmək məsuliyyətini daşıyır. Quraqlıq və ya ekstremal hava hadisələri qadınların üzərinə düşən yükü artıraraq bu vəzifələri daha çətinləşdirə bilir. Su və əkin sahələrində resurs qıtlığına səbəb ola bilən dəyişikliklərə görə kiçik icmalarda qadınlar resursları təmin etmək üçün daha çox əziyyət çəkməli olur. Bu, onları təkcə, fiziki risklərlə üz-üzə qoymur, həm də təhsil və gəlir gətirən fəaliyyətlər üçün ayrılan vaxtı azaldır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatına əsasən, yoxsulluq şəraitində yaşayan 1,3 milyard insanın 70 faizini qadınlar təşkil edir. Şəhərlərdə yoxsul ailələrin 40 faizinə qadınlar başçılıq edir. Dünyada qida istehsalında qadınlar üstünlük təşkil etsə də (50-80 faiz), onlar torpaqların 10 faizindən azına sahibdirlər.

Müsahibimiz Nərgiz qeyd edir ki, gender və iqlim məsələsində çox maraqlı olan digər məqam cəmiyyət daxilində təbiəti qadınlaşdırmağımızdır. Əslində bu, məntiqli addımdır, çünki təbiət də qadınlar kimi həyat verən və tərbiyə edən bacarıqlara malikdir. Qadınlara cəmiyyətdə necə davranılırsa, təbiətə də o cür yanaşılır. 

Müsahibimiz qeyd edir ki, məhz buna görə də hansısa ölkədə qadınların rifahının pis olduğunu müşahidə ediriksə, həmin ərazilərdə təbiətə qarşı da laqeyd yanaşma olur. 

Yaxın Şərqdə qadınlar kənd təsərrüfatında çalışan işçi qüvvəsinin 50 faizini təşkil edir. Onlar əsasən əllə və ya sadə alətlərdən istifadə etməklə yerinə yetirilən, daha çox vaxt aparan və əmək tələb edən işlərə cavabdehdirlər.

Həmçinin fəlakətlər zamanı qadınların sağ qalma ehtimalı az, yaralanma ehtimalı daha yüksək olur. Bunun səbəbi isə məlumatlara çatımlılıq, qərar qəbul etmə, resurslara çıxışda qeyri-bərabərlik yaradan gender faktorudur. Qadınlar yardım və dəstəyə daha az əlçatan olurlar. Bu da onların rifahını və sağlamlığını təhlükə altına atır, gələcək fəlakətlərə qarşı daha da həssaslaşdırır.

Məsələyə interseksional feminizm obyektivindən baxanda aydın olur ki, gündəlik sosial diskriminasiyalarla birgə iqlim dəyişikliyi yaşlı qadınlara, kuirlərə, əlil, miqrant qadınlara, kəndlərdə, yaxud ucqar ərazilərdə, münaqişə və fəlakətə meyilli ərazilərdə yaşayan qadınlara xüsusilə ağır təsir edir.

Sel, daşqın kimi təbii fəlakətlər fonunda isə təhlükə qadınları anbaan “izləyir”. İqlim böhranı səbəbindən dəniz səviyyəsinin qalxdığı və ya ekstremal hava hadisələrinin baş verdiyi yerlərdə insanlar köç etmək məcburiyyətində qalır. Məcburi miqrasiya, aclıq və yoxsulluq kimi problemlər məişət zorakılığı hallarını da artırır. Bu məqamda isə əsas zərərçəkənlər qadınlar və uşaqlar olur.

Bu il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi Konfransına ev sahibliyi edir. Ölkədə gender bərabərsizliyinin nümunələrini bir çox sahədə görmək mümkün olduğu kimi, iqlim dəyişikliyi mövzusunda ucqar ərazilərdə, kəndlərdə yaşayan qadınlar təhsildən yayınmaqdan tutmuş gündəlik ehtiyaclarını ödəyə bilmək baxımından əziyyət çəkir. Onu da qeyd edək ki, Azərbaycan “COP29” İqlim Komitəsinə 29 nəfər kişi üzvün seçilməyi səbəbilə qlobal arenada tənqidlərlə üzləşib. Bundan sonra heyətə 12 qadın üzv əlavə olunması ilə bağlı qərar qəbul edilib. Yeni üzvlər arasında deputatlar, rəsmi dövlət qurumlarının rəhbər və sədrləri, nazir və sədr müavinləri yer alıb.

2020-ci ildə “Chai Khana” platformasında Kür çayının qurumağı haqda paylaşılan məqalədə Biləsuvar rayonunun qadın sakinləri su qıtlığı səbəbilə üzləşdiyi maddi, fiziki və sağlamlıq problemlərindən bəhs edirlər. 2024-cü ildə isə Kür çayının su səviyyəsi artmaqdansa, azalmağa davam edir.

Bir başqa məqalədə isə Şəmkir rayonunun Hacıalılar kəndinin yaşlı qadın sakinlərinin hər gün saatlarla su növbəsində dayandığından danışılır. Bununla da qlobalda müşahidə edilən problemlərin Azərbaycan üçün də aktual olduğunu anlamış oluruq. Bu məsələdə infrastruktur problemləri ilə bərabər iqlim dəyişikliyinin yaratdığı problemlərin nəticələrini görürük. 

Qadınların iqlim dəyişikliyində rolu nədən ibarətdir? Nə üçün iqlim dəyişikliyi problemlərinin həllində qadınlara ehtiyac var?

Müsahibimiz Nərgiz De Baere bildirir ki, qadınlar cəmiyyətin bütün sahələrində dəyişiklik elçiləridir. Gələcək nəsli yetişdirmək, formalaşdırmaq baxımından məsul olan qadınlar dünyanın bir çox yerində həm də əkinçiliklə məşğuldur. Qadınlar hər kəs üçün ərzaq məhsulu təmin edir. Deməli, onlar davamlı və ətraf mühitə daha az zərər verən təcrübələri həyata keçirə bilərlər. İndiki əsas problem budur ki, qadınların bunu edə bilməsi üçün onlara alətlər və güc verilməlidir. 

Həmçinin qadınların böhran dövründə güclü liderlik bacarıqlarına sahib olduğu müşahidə edilib. Buna pandemiya dövründə aparılan araşdırmaları misal göstərə bilərik. 194 ölkədə aparılan araşdırmaya görə, qadınların rəhbərlik etdiyi ölkələrdə pandemiyaya qarşı mübarizənin sistematik olaraq daha yaxşı olduğu müəyyən edilib. Məlumatlar həmçinin, qadın icra başçılarının olduğu ştatlarda COVID-19 ölümlərinin daha az olduğunu göstərir.

Cəmiyyətdə və hökumət dairələrində qadın liderlərə qarşı inamsızlıq olsa da, pandemiya dövründə elə korporativ mühitdə də qadınların daha həllyönümlü olduğu müşahidə edilib. Araşdırmaya görə, ABŞ-da pandemiyanın birinci rübündə qadın menecerlərin işçilərə motivasiya verməkdə, onları inkişaf etməyə cəsarətləndirməkdə güclü təsiri olub.

İqlim dəyişikliyinin qadınlara müxtəlif səbəblərdən daha çox zərər vura bildiyini də artıq müzakirə etdik. Böhran anlarında daha çox məsuliyyət almağa məcbur olan, lakin həm də ən çox ölüm təhlükəsi ilə üz-üzə qalan da qadınlardır.  Qanunvericilik və icraetmə proseslərində qadın liderlərin azlığı isə bu təhlükələrin aktual qalmağına təsir edir. İqlim dəyişikliyi ilə bağlı siyasət müzakirələrində və təbliğatlarda iştirak edən qadınlar isə bu kontekstdə həmcinslərinin və kənarda qalmış icmaların xüsusi ehtiyaclarını və zəifliklərini aradan qaldıran gender həssas siyasətlərin formalaşdırılmasına töhfə verir. 

Bu məqamda icma quruculuğunu qeyd etmək önəmlidir. Qadınlar icmaların böhrana qarşı davamlılığının yaradılmasında əsas rol oynaya bilərlər. İcma təşkilatçılığı, təhsil və sosial dəstək şəbəkələri vasitəsilə qadınlar iqlimlə bağlı fəlakətlərə daha yaxşı hazır ola və onlardan xilas ola bilən icmaların yaradılmasına töhfə verə bilərlər. Eyni şəkildə kənd təsərrüfatlarında və icmalarda davamlı təcrübələrin mənimsənilməsinə və təşviqinə qadınlar rəhbərlik edir. Onların kənd təsərrüfatı, su idarəetməsi və resursların bölüşdürülməsindəki rolları ekoloji cəhətdən daha təmiz və davamlı təcrübələrə kömək edir.

Uzun illərdir onlayn platformalarda “iqlim dəyişikliyi”, “iqlim dəyişikliyi və qadınlar”, “ədalət, kapitalizm”lə bağlı kontentlər yaradan müsahibimiz Nərgiz onu da qeyd edir ki, insanlıq olaraq heç vaxt bu qədər bir-birimizə yaxın olmamışıq. İnternetin gücünü nəzərə alaraq onlayn icmalar yaradaraq gücümüzdən istifadə edə bilər, dəyişiklik yarada bilərik. 

İqlim dəyişikliyi böhranı fonunda yeni terminləri də eşitməyə başlayırıq. Bu terminləri eko-feminist aktivistlər “İqlim ədaləti sosial ədalətdir!” kimi interpretasiya edə bilərlər.

İqlim ədaləti nədir və sosial ədalətlə nə əlaqəsi var?

İqlim ədaləti iqlim dəyişikliyinin etik aspektlərinə toxunaraq təcrid olunmuş icmalara qeyri-mütənasib təsirləri nəzərə alan ədalətli həlləri hədəfləyir. İqlim ədaləti gender perspektivlərini iqlim siyasətinə inteqrasiya edən inklüziv yanaşma təklif edir. 

Gender, irq, sosial sinif və s. daxil olmaqla sosial kimliklərin bir-biri ilə əlaqəli təbiətini nəzərə alan interseksional yanaşma iqlim dəyişikliyinin yaratdığı problemlərə hərtərəfli baxa bilmək üçün vacibdir. 

Azərbaycan Milli Məclisi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub. Bundan sonra regionlarda sosial-iqtisadi inkişafla bağlı bəzi proqramlar həyata keçirilib, yoxsulluğun azaldılması və davamlı inkişafla bağlı dövlət proqramı icra edilib. Həmçinin Prezidentin sərəncamı ilə 2024-cü il ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu minvalda olan bir çox tədbir və layihələrdən xəbərimiz olsa da, iqlim dəyişikliklərindən yaranan problemlər aktual olaraq qalır. 2024-cü ildə ev sahibliyi edəcəyimiz “COP29” tədbiri isə Azərbaycanın neft ixracı ilə tanınan ölkə olmağı ilə birlikdə güclü sensasiyalara səbəb olur.

Mənbələr:

United Nation: Climate Change

United Nations

One Earth – Why women are key to solving the climate crisis

UN Women – Explainer: How gender inequality and climate change are interconnected

BBC Azeri – Azərbaycanda keçiriləcək COP29 nədir, xərcini kim çəkəcək, kimlər gələcək? 10 suala cavabda

BBC Azeri – Tənqidlərdən sonra Azərbaycanın COP29 siyahısına qadınlar da əlavə edilib

Hazırladı Pəri Abbaslı

Sadəcə məlumat verməklə cinsiyyəti və adı dəyişmək mümkün olacaq

Yeni qanun Almaniyada qəbul edilib Almaniya Bundestaqı gender kimliyinin təsdiqlənməsi ilə bağlı yeni qanun qəbul edib.  Qanun insanların qeydiyyatda olduqları cinsiyyətlərini dəyişdirmələrini asanlaşdıracaq.  Bundan sonra Almaniyada gender kimliyini dəyişmək istəyən insanlar bunu açıq bəyan etməklə cinsiyyətini və adını dəyişmək hüququna malik olacaq.  Qanun sonuncu oxunuşdan keçərək, təsdiqlənib.  Buna qədər insanlar yalnız iki psixiatr tərəfindən müayinə...

Qadınları hədəf alan siyasi mübarizə

Azərbaycanda qisas məqsədilə şəxsi həyatın ictimailəşdirilməsi Son illər Azərbaycanda siyasətçiləri cəmiyyətin gözündən salmağın məşhur yolu şəxsi həyatının ictimailəşdirilməsidir. Nəticədə, hakimiyyətlə müxalifət arasındakı çəkişmələrdə bəzən qadınlar təhdid vasitəsi olur, bəzənsə birbaşa təhdidlə üzləşirlər.  Məsələn, “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahid və direktoru Azər Əhmədovun şəxsi həyatlarındakı qadınlarla “şantaj” edildikləri bildirilir. 2021-ci ildə siyasi mövqeyinə görə qızının intim...

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

Cəmiyyətdə zorakılığın normallaşdırılması necə baş verir?

“Tək əl qaldırmaq yox, səsini ucaltmaq, aqressiv davranış da zorakılıqdır” Maddi imkanların qısıtlanması, iş imkanlarının əldən alınması da zorakılıqdır, insana heç bir işə yaramadığını demək də, ona əl qaldırmaq da…  Fiziki, psixoloji, iqtisadi zorakılıq – biri digərindən daha az zərərli deyil. Lakin Azərbaycan cəmiyyətində zorakılıq deyəndə, ağla əl qaldırmaq, döymək gəlir. Digərləri zorakılıq hesab edilmir...

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik. 8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli...

Hamiləlikdən qorunma: Niyə ağla yalnız qadın bədəni gəlir?

Kişilər qorunmaq üçün nələr edir? Azərbaycan cəmiyyətində hamiləlikdən qorunmaq deyəndə, ağla gələn ilk üsullar qadın bədəninə müdaxilədən keçir. Halbuki bu, qadınların olduğu qədər, həm də kişilərin məsuliyyətidir.  Qorunma deyəndə, mütləq, düşünülür ki, qadın hansısa addım atmalıdır, kişilərin isə bu məsələlərdə məsuliyyəti daha az vurğulanır.  Məqalədə yaranmış vəziyyətin səbəblərini araşdırmışıq.  40 yaşlı Sevil Məlikova (ad şərtidir)...

Feministlər Bakıda aksiya keçirib: bu gün də üsyandayıq, haqlara israrlıyıq!

Aksiyada qadın jurnalistlərin həbsinə, erkən nikahlara, bulinqə, zorakılığa etiraz edilib “Qız xeylağı özünü azad aparar”, “Masa arxasında olmalıyıq, menyuda yox”, “Cəsarətli qadın inqilabdır”, “Patriarxat sağlamlığa ziyandır”, “Hər kəsi adı ilə çağıracağıq”, “Sağ qalmaq da etirazdır”. Bu şüarlar martın 8-də Bakının mərkəzində Feminist Hərəkatının “8 MARŞ – Duruş sərgiləyirik” adlı piketində səsləndirilib. Qadınlar Xurşudbanu Natəvanın Bakının...

“Mənim bədənim, mənim seçimim”

Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə oldu Fransa Parlamenti konstitusiyada abort (hamiləliyi sonlandırmaq) hüququnu təsdiqləyən qanunvericilik əlavəsini qəbul edib. Beləliklə, Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə olub. Bu ölkənin prezidenti Emmanuel Makron və onun partiyasının təklif etdiyi təşəbbüsün lehinə 780 deputat səs verib. Qanunvericilik əlavəsinə 72 deputat “yox” deyib. Makron sosial...

Adət-ənənə “vərəsəlik hüququna meydan oxuyur”

“Valideyndən qalan var-dövlətdə qız övladın da payı var, lakin çoxunun bundan xəbəri yoxdur” Dünyadakı əksər cəmiyyətlərdə mülkiyyət hüquqları, mədəni normalar ənənələrlə qarışıb. Üstəlik, bu ənənələr kişilərə üstünlük verir. Məsələn, valideynlərdən qalan bütün mal-mülk birmənalı oğlan uşağına bağışlanır. Nəticədə, cinslər arasında mülkiyyət və miras fərqləri, ayrı-seçkilik yaranır. Tarix boyu üstünlük təşkil edən mədəniyyət normaları mülkiyyətin kişi...

Mənim Yeni Tarix