Feminizm hərəkatı – cəmiyyətə tutulmuş güzgü

0

Kimdir feministlər? 

“Xaricdən qrant alırlar, məqsədləri Azərbaycanın ailə institutunu məhv etməkdir” və ya “bir qrup öyrədilmiş insandırlar, ailələri dağıtmaq, qadınları pis yola çəkməkdir fikirləri”. 

Bu, Azərbaycan cəmiyyətinin böyük hissəsinin feminizmə, feministlərə olan münasibətidir. 

Bu dəfə qadın hüquqları uğrunda mübarizə aparanların öz dillərindən dinləyək. Həqiqətən məqsədləri cəmiyyətin düşündüyü kimidirmi? Ümumiyyətlə, kimdir onlar?

Nərmin Şahmarzadə 

Gənc gender aktivisti Nərmin Şahmarzadə Bakı Dövlət Universitetində psixologiya təhsili alıb. Deyir, ixtisasını müxtəlif yollarla, dərslər alaraq, materiallar oxuyaraq, analizdən keçirərək, superviziyadan keçərək və s. təkmilləşdirməyə çalışıb və hazırda psixoloq kimi çalışır. 

“Universitetdə oxuduğum illərdə də bir neçə yerdə işləyirdim. Arada ödənişli materiallar da yazırdım. Daha çox müəllimlər üçün xarici ədəbiyyatlardan olan dərs materiallarını tərcümə edirdim. Hətta bir ara 5-ci və 9-cu sinif şagirdlərini riyaziyyatdan hazırlaşdırırdım. Ayağımın üstündə durmaq üçün çox işlər görmüşəm. Kurslarda bəzi psixoloji mözvularda seminarlar keçmişəm, jurnallar üçün materiallar hazırlamışam”.

“Adım “qara siyahı”da olmayanda hər şey daha rahat idi”

Nərmin könüllülük proqramlarında  da çalışıb. Məsələn, ASAN Xidmətdə, YARAT-da və başqa bir sıra layihələrdə. Həmin layihələrdən birində Bakı kəndlərindəki uşaq evi və internatlarda ödəniş almadan da keçib: 

“Ödənişli işlərimdən qazandığım pulun bir hissəsini bölgələrdə öz hesabıma təlim keçməyə ayırmışdım. Kəndləri araşdırırdım, oradakı insanlarla ünsiyyətə keçirdim və ora gedib yeniyetmələrlə, qadınlarla qısa müddətlik də olsa, sosial mövzularda işləyirdim. O dövrdə hələ adım qara siyahıda deyildi. Odur ki, əlaqələri çox sürətli və rahat qururdum”.

“Məqsədim feminist fəal olmaq olmayıb, bu, nəticədir”

Nərmin bir neçə dəfə televiziya kanallarına da dəvət edilib. Heç vaxt da “yox” deməyib. Həmişə çalışıb fürsət düşdükcə verilişlərə çıxsın, fikirlərini insanlarla bölüşsün. Deyir, heç vaxt məqsədi feminist fəal olmaq olmayıb. Bu, sadəcə nəticədir: 

“Biz həyatda müxtəlif təcrübələr toplayırıq və o təcrübələr hansısa formada özünü ifadə edir. Mənim təcrübələrimin, gördüklərimin, eşitdiklərimin ifadə forması feminizm oldu”.

“Feminist fəal kimi tanınmadan öncə daha çox qazanırdım, nəinki indi”

“Xaricdən qrant alıb, Azərbaycanın ailə institutunu dağıtmaq”, – düşüncəsinə gəldikcə, Nərmin deyir ki, cəmiyyət onu feminist fəal kimi tanımadığı zamanlarda onun qazancı daha çox olub, nəinki indi: 

“Yəni mənim qazanc əldə etməyim üçün feminist və ya hansısa “ist” olmağa ehtiyacım olmayıb. Ona görə ki, ixtisasımı yaxşı bilirəm və əlavə bacarıqlarım var, yəni feminist fəallıq mənim gəlir yerim deyil. Feminist kimi ictimailəşdirdiyim məsələlərin heç birində hər hansısa təşkilata müraciət etməmişəm. Etdiklərimizin də hamısı ianələr hesabına olub”.

“Azərbaycanda feminizm haqqında son 3 ildə düşünülməyə başlanıb”

Nərmin Şahmarzadə bildirir ki, Azərbaycanda feminist hərəkatdan əvvəlki dövrdə də müxtəlif insanlar özlərini feminist bəyan ediblər. Onların tənqidlərində feminizmin bəzi yanaşmalarından istifadə olunub. Şahmarzadə düşünür ki, cəmiyyət feminizmi onlarla yox, məhz son 3 ildəki Feminist Hərəkatı ilə tanıyıb: 

“Azərbaycanda feminizm haqqında son 3 ildə düşünülməyə başlanıb. Fikir verin, son illərdə insanların statuslarında, videolarında feminizm haqqında müzakirələr, tənqidlər gedir”.

“Azərbaycanda “8 Mart”  son dövrlərə qədər “qadınların bayramı” kimi qeyd olunurdu”

Şahmarzadə düşünür ki, istənilən ideologiya daha çox insanlarla və onların etdikləri ilə assossasiya edilir. Yəni yaranan hər hansısa ideoloji cərəyan, hərəkat ancaq nəzəriyyədən ibarət olanda kütlənin marağını çəkmir. O düşünür ki, insanlar o nəzəriyyələri yalnız öz həyatlarında görəndə onlar üçün nə isə məna daşıya bilir:

“Məsələn Azərbaycanda “8 Mart”  son dövrlərə qədər “qadınların bayramı” kimi qeyd olunurdu. İnsanlar bu günün real yaranma səbəbindən agah deyildilər. Əslində bu haqda kitablar, məqalələr doludur. Sadəcə onlara bunun tarixini, yaranmasının əsl motivini araşdırmaq maraqlı deyildi. Bir sözlə, 8 Mart sadəcə hədiyyə alınmalı bayramlardan biri idi. Lakin 2019-cu ildən etibarən biz “8 Marş” aksiyalar etməyə və burada qadınların üzləşdiyi problemləri dilə gətirməyə başladıq. Həmin aksiyalar 3 il ərzində cəmiyyətdə alternativ fikir yarada bildi”.

“Problem var və bu aydınlığa çıxmadığı üçün də başqa problemlər yaradır”

Nərmin Şahmarzadə düşünür ki, bu aksiyalardan sonra insanlarda suallar yaranmağa başlayıb: “8 Marş” nə deməkdir, bu qadınlar küçəyə çıxıb nə deyirlər, nə istəyirlər, onlar gül-çiçəkdən başqa şeylər tələb edirlər, bu tələblər nədir? 

“Beləliklə, insanlar bu suallarına cavab tapmaq üçün bizim şüarlarımıza, plakatlarımıza, çıxışlarımıza, yazılarımıza diqqət etməyə başladılar. Oradakı fikirlər cəmiyyətdə qadınların çox işlətdiyi ifadələr deyildi. Onlara yad idi. Adətən yad olan şey də təhlükə hesab edilir. Ona görə bu fikirlərə qarşı çıxmağa başladılar”.

Nərmin düşünür ki, əslində bu fikirlərin cəmiyyətə yad olması, problemin olmaması demək deyil. Deyir, “problem var və bu aydınlığa çıxmadığı üçün də başqa problemlər yaradır”.

“Feministlər patriarxal sistemi yıxmaq istəyir”

Nərmin deyir ki, onlar, yəni feministlər patriarxatın təsirindən görünməyən, amma qadınlar tərəfindən hiss edilən problemləri göstərirdilər. Amma o, həm də psixoloq olaraq yaxşı anlayır ki, insan yaratdığı, öyrəşdiyi sistemi asan-asan tərk edə bilmir. Əksinə, onu qorumaq üçün əlindən gələni etməyə çalışır: 

“Feministlər patriarxal sistemi yıxmaq istəyir. Bu da müqavimətlə qarşılanır. İstər cəmiyyətin böyük hissəsinin, istərsə də vətəndaş cəmiyyətinin bəzi nümayəndələrinin tez-tez işlətdiyi ifadələri xatırlayıram: “siz qurmaq əvəzinə dağıdırsınız”. Bu cümlə çox yaxşı mayakdır. Hər eşidəndə doğru yolda olduğumuza əmin oluram. Biz stereotiplərlə, stiqmalarla, zorakılıqla hibrid feminizm istəmirik. Biz köklü şəkildə qadınlara yönəlmiş stereotipi, stiqmanı, məişət zorakılığını və başqa şeyləri yox edib, yeni bir dəyərlər sistemi formalaşdırmaq istəyirik. Bunu da tənqid etdiyimiz köhnənin üzərində qursaq, hibrid olacaq. Məncə,  dağıtmaq yaxşıdır. Çünki bu, yaratmağın ilkin mərhələsidir”.

“İnsan hüquqlarının necə zəruri olduğunu anlayanlar da olur”

Nərmin Şahmarzadə deyir ki, onların bu istəkləri Azərbaycan cəmiyyətində normal qəbul edilmir. İnsanlar düşünür ki, feminizm onların dəyərlərini dağıtmağa çalışır Bu da təbiidir: 

“Deyərdim ki, bunu inkar etmək əvəzinə, onlara indi yaşadıqları dəyərlərin necə əzabverici olduğunu göstərməli və yenidən sağlam dəyərlər formalaşdırmağın zərurətini çatdırmalıyıq”. 

Qadın hüquqları uğrunda mübarizə aparanlara cəmiyyətin münasibətinə gəlincə, Nərmin Şahmarzadə deyir ki, müxtəlif baxışlar var. Daha çox destruktiv olduqlarını iddia edirlər: 

“Lakin dəstəkləyən, yavaş-yavaş feminizmin dəyərlərinin vəd etdiyi insan hüquqlarının necə zəruri olduğunu anlayanlar da olur”.

“Bəli, feministlərin içində travma alanlar var”

Nərmin Şahmarzadə cəmiyyətin feministlər barəsində işlətdiyi bir fikirlə qismən razıdır. Deyirlər, “feministlər travma alıblar, ona görə belədirlər”.

“Məncə, bu ifadədə həqiqət payı var. Əgər bir insan problemsiz, qayğısız, insan hüquqlarına hörmət edilən şəraitdə böyüyürsə, ona izah edə bilməzsən ki, qonşusu arvadını necə döyür və arvadı nələr hiss edir. Amma mən o şiddətləri gözümlə görərək böyümüşəm. Bir ailədə, bir nəsildə yox, bir neçə ailədə, müxtəlif nəsillərdə. O şiddət fiziki, psixoloji olub… Özü də bunu edənlərin və buna dözənlərin hamısı cəmiyyətin təbiri ilə desək, “oxumamış cahil” şəxslər olmayıb. Ona görə də kimsə şiddət görəndə onun ağrısını hiss edirəm”.

“Bir silləyə, bir təpiyə, bir yumruğa boşanmırlar”

Nərmin deyir ki, adətən ailələr öz problemini görmür. Ailə içində döyürlər, söyürlər, söyülürlər, döyülürlər –  bir sözlə, toksik nifrət yayırlar, amma bunları ayrılmaq səbəbi kimi görmürlər: 

“Nəticədə daha betər travmalı nəsillər yaranır. Feministlər bu ailələrin toksikliyini, o evlərdə insan hüquqlarına hörmət edilmədiyini görürlər və ifadə edirlər. Eyni zamanda, bu ailələr qarşısında dövlətin öhdəlikləri olduqlarını vurğulayırlar və dövlətin yaxasından da yapışırlar. Azərbaycanda qadınlar çox zaman bir silləyə, bir təpiyə, bir yumruğa boşanmırlar. Onlar psixoloji və ya fiziki ölümlərinin nəfəsini hiss edəndə boşanmağa başlayırlar. Bu yaxınlarda həyat yoldaşının öldürdüyü Sevinc də onlardan biri idi. Təbii o tək deyil, onun kimi başqa qadınlar da var”. 

“Maddi maraq olmadan kiməsə kömək etmək cəmiyyət üçün anlaşılmazdır”

Nərmin deyir ki, kiməsə təmənnasız saatlarını, günlərini ayırmaq heç də asan olmur. Həm işləməlisən, həm də başqalarına kömək etməlisən: 

“Bu, çox ağırdır, mənəvi olaraq çöküşlərə, öz münasibətlərimizin dağılmasına gətirib çıxara bilir. Yəni hər hansısa bir maddi maraq olmadan kiməsə kömək etmək cəmiyyət üçün anlaşılmazdır. Onlar düşünür ki, bizim burada başqa maraqlarımız var, yoxsa bunu niyə edək. Əslində düzdür, marağımız var: biz də bu cəmiyyətdə böyüyüb qadın olmuşuq və yuxarıda qeyd etdiyim kimi, o şiddətləri görərək böyümüşük. Yenidən o şiddətlərin qurbanı olmamaq üçün maksimum güclü olmağa çalışırıq. Amma bunu edə bilməyənlər də var. Onlar böyüyüb yenidən şiddət görəcəklər, sonra onların uşaqları o mühitdə böyüyəcək. Beləcə, bu, həmişə davam edəcək”.

“İndiyədək bizə bir nəfər də olsa, sevgidən bezərək müraciət etməyib”

Nərmin düşünür ki, əslində cəmiyyətdə şiddət varsa, hamının təhlükəsizliyi sual altına düşür. Onun qarşı çıxdığı da əslində budur:

“Başqalarına da kömək etmək istəyirik ki, onlar da o çarxdan çıxsınlar və bu, qartopu effekti kimi yayılsın. O halda proses maksimum sürətli gedər. Gördüyüm isə odur ki, azərbaycanlıların ailə dediyi şeyin içində sevgi çox azdır. Hələ indiyədək bizə bir nəfər də olsa, sevgidən bezərək müraciət etməyib. Əksinə, sevgisizlikdən, ölümdən qaçmaq üçün yardım istəyiblər”.

Gülnara Mehdiyeva

Gender aktivisti Gülnara Mehdiyevanın isə ilk təhsili ətraf mühitin mühafizəsi sahəsində olub. Bu istiqamətdə bakalavr və magistr təhsili alıb. Deyir, “açığı, həyatından bu təhsil illərini silsələr, indiki Gülnarədən nəsə əskilməz”. 

Gülnara Mehdiyeva təhsilinin keyfiyyətsiz olduğunu düşünür. Keçmişə geri dönsə, dəyişəcəyi tək şey ixtisası olar – deyir: 

“Azərbaycan və ya ispan dilləri üzrə filologiya ixtisasını seçərdim. İkinci təhsilim isə Media və kommunikasiya üzrə olub. Türkiyənin Anadolu Universitetində distant təhsil almışam. Bu dəfəki təhsilim maraqlı və keyfiyyətli idi, lakin başa düşdüm ki, axtardığım şey bu deyil”.

Gülnaranın uzun illər əsas gəlir mənbəyi rus dilindən Azərbaycan dilinə yazılı tərcümələr etmək olub. Rusiya və Ukraynanın tərcümə şirkətləri ilə çalışıb. Deyir ki, bu zaman əlinə çox maraqlı sənədlər düşüb:

“Azərbaycanlıların bu ölkələrdəki sərgüzəştlərinə aid cinayət işlərini maraqla oxuyurdum”.

Əvvəlcə LGBTİQ+ hüquqları, sonra qadın haqları 

İndiki həyatının bir parçası olan aktivizmə gəlincə, deyir, bununla təsadüfən tanış olub. Rusdilli mənbələrdə LGBTİQ+ insanların həyatı haqqında oxuyurmuş və öz ölkəsində onların necə yaşadığını öyrənmək qərarına gəlib:

“2014-cü ildə bir gün “Nəfəs” Təşkilatının sədri Cavid Nəbiyevə yazdım ki: “Sizə dəstək olmaq istəyirəm”. O da məni müxtəlif tədbirlərə aparmağa başladı, icma ilə tanış etdi. Özü Almaniyaya mühacirətə gedəndən sonra isə təşkilat mənim üzərimdə qaldı və demək olar ki, bir müddət təkbaşına idarəçilik etdim”.

“İnsanları tanıdıqca, insan haqları sahəsində çalışmaq cəzbedici gəlirdi”

Gülnara Mehdiyeva deyir ki, 2014-cü ilədək gördüyü bu işlə bağlı ailəsini bilgiləndirməyib. Həmin ilin avqustunda atası vəfat edib. Bundan sonra gördüyü işləri açıq şəkildə həyata keçirməyə başlayıb: 

“Aktivizmə açıq şəkildə qoşulmağa başladım. Əslində türklərin bir ifadəsinə uyğun olaraq, hər şey “corab söküyü” kimi bir-birinin ardınca gəldi. Yeni insanlar tanıyırdım. Onlar isə məni öz çevrələrindəki hüquqşünaslarla, siyasi fəallarla tanış edirdilər. Onların mübarizəsini, yaşadıqlarını dinlədikcə, dünyaya baxışlarına nəzər saldıqca bu cür fəaliyyət mənə daha da cəlbedici gəlirdi”.

“Qadın haqları üzrə aktivizm yenə də hadisələrin təsadüfi gedişatı nəticəsində baş tutdu”

Aktivist deyir ki, gender mövzusunda mütaliəsi artandan sonra 2017-ci ildə özünün feminist olduğunu bəyan edib:

“Çünki qadın təcrübəsi mənə LGBTİQ+ təcrübəsindən daha yaxın idi. Qadın haqları, feminist optika ilə tanış olanda başa düşdüm ki, bu sahəyə daha çox töhfə verə bilərəm. Çünki öz həyat təcrübəm buna imkan verirdi. Amma məhz qadın haqları üzrə aktivizm yenə də hadisələrin təsadüfi gedişatı nəticəsində baş tutub. Zərərçəkən qadınlar var idi və onlara dəstək ola bilmək üçün spontan yaranmış təşəbbüs qrupunun (“Ağ Zolaq”) içinə düşdüm”.

“Bizim feminist marşlarımız da tam təsadüfən təsis edilib”

Gülnara bildirir ki, bundan sonra o və ətrafındakılar ianələr hesabına qadınlara yardım ediblər. Nətəcədə, hadisə hadisələri gətirib: 

“Bu gün hakimiyyət barəmizdə “qərbdən maliyyələşən”, müxalifət isə “hakimiyyətdən maliyyələşən”, – desə də, əslində belə deyil. Onu deyim ki, bizim feminist marşlarımız da tam təsadüfən təsis edilib”.

“Feministlər ailə anlayışının indiki quruluşuna qarşıdır”

Feministlərin dağıtmaqda ittiham edildikləri Azərbaycanın ailə institutuna gəlincə, Gülnara Mehdiyeva deyir ki, bütün feministlərin adından danışmaq doğru olmaz. Xüsusən də sol ideoloji yönümlü feministlər ümumiyyətlə, ailə anlayışının indiki quruluşuna qarşıdır:

“Onlar kiminləsə birlikdə yaşamaq üçün dövlətin icazəsini almağı doğru hesab etmirlər. Mən özüm ailə institutuna qarşı olmasam da, onun Azərbaycanda mövcud formasına qarşıyam: kişi hakimiyyəti, ailədəki kişi üzvlərin qadınlar üzərində idarəçiliyi, qadınların ailədə ən az söz sahibi olması, onların hər addımına nəzarət, eləcə də, yerli qanunvericilikdə ailə üzvlərinə qarşı cinayətlər törətdikdə bunun ağırlaşdırıcı hal sayılmamasına, ailələrdə qadınların və uşaqların qorunması üçün heç bir işlək mexanizmin olmamasınadır etirazım”.

“Sağlam münasibətlər əsasında qurulan ailələrlə işim yoxdur”

Aktivist deyir ki, bu cür şərtlər daxilində qurulan ailələr dağılmağa məhkumdur. Deyir, “sağlam münasibətlər əsasında qurulan ailələrlə işim yoxdur”.

“Hə, bir də deyirlər ki, guya feministlər qərbdən qrant alır və bunun müqabilində ailələri dağıdırlar. Qrantların pis bir şey olduğunu yalnız Azərbaycan hökuməti təbliğ edir. Halbuki qrantı demonizə etmək olmaz. Sosial layihələr, QHT-lər qrantlarla çox gözəl işlər görə bilər. Bütün dünyada qrant layihələri ilə cəmiyyətə, ətraf mühitə ciddi töhfələr verilir, maarifçilik işləri aparılır, insanlara müxtəlif bacarıqlar öyrədilir. Azərbaycan hökumətinin özünün də Gənclər Fondu vasitəsilə açıq qrantları var. Sözümün canı odur ki, qrantı almaq pis deyil, alıb cibinə qoymaq, nəzərdə tutulan işə xərcləməmək pisdir və əclaflıqdır”. 

“Problem qrant almaqda yox, onu aidiyyatı üzrə xərcləməməkdədir”

Gülnara Mehdiyeva bildirir ki, o öz kiçik layihələri üçün qrantlar ala bilər, burda yanlış yoxdur:

“Lakin bizim etiraz aksiyalarımızın guya qrant naminə olduğunu qəti şəkildə qəbul etməyəcəm. Bu, sadəcə böhtandır. Hərçənd dəfələrlə biz feministlər öz aramızda ianələr toplayaraq, öz cibimizdən xərc çəkərək, çoxlu sayda zərərçəkən qadınlara yardım etməyə çalışmışıq”. 

Zümrüd Yağmur 

Yazar Zümrüd Yağmur son illər Azərbaycanda yaranan feminizm hərəkatından, ona qarşı dövlətin və cəmiyyətin münasibətindən danışıb. Deyir, Azərbaycanda gənc Feminizm Hərəkatı iki mərhələdən keçib. İkinci mərhələ “8 Marş” yürüşündə Aysel Ələkbərzadənin məlum plakatı qaldırması ilə başlayıb:

“Plakat barəsində danışmıram. Azərbaycanın “qız mənimdir, kimə istəsəm verərəm”, – deyiminə inad olaraq yazılmışdı. Ancaq hakimiyyət o plakatın qaldırılmasından çox məmnun oldu və ondan məharətlə istifadə etdi. Beləliklə, hərəkatı cəmiyyətin böyük hissəsinin dəstəklədiyi birinci mərhələ bitdi”.

“Hakimiyyət feminizm hərəkatını özünə təhlükə gördü”

Zümrüd Yağmur deyir ki, bu hərəkat daha çox hakimiyyəti qorxuya salıb. Çünki onlar bu hərəkatın onlara çətinlik yaradacağını düşünürdülər. Nəticədə, bu, təşkilatlanmış, siyasi ambisiyaları olan bir hərəkat deyildi: 

“Dolayısı ilə hakimiyyətin apardığı ideoloji savaşın içində deyildi. Ona qədər hakimiyyət öz opponentlərini cəmiyyətə “görürsüz, hakimiyyətə gəlmək istəyirlər, bunların düşündüyü xalq deyil, öz mənafeləridir və s.” kimi göstərirdi. Amma hakimiyyətin bu şablonlaşmış ittihamı feminizm hərəkatına qarşı keçərsiz idi. Bu baxımdan hakimiyyət üçün daha böyük problem yaradan, sürətlə böyüyən, kontrola ala bilməyəcəyi hərəkat halına gələ bilərdi. Odur ki, daha hiyləgər və daha çirkli yola əl atdı. Bir sözlə, plakat yerinə düşdü”. 

Yazar deyir ki, o plakatın qaldırılmasından öncə keçirilən aksiya hər kəs tərəfindən müəyyən mənada dəstəklənmişdi. 

Necə oldu ki, cəmiyyət feministlərə qarşı bu qədər nifrətlə doldu?

“Azərbaycanda böyük bir kəsim var ki, ailə institutu dediyimiz şey üzərində diktatura qurublar. Bunu edənlər patriarxal düşüncənin sahibi olan kişilərdir. Onların ən zəifi belə evində diktatordur. Dünyanın heç bir yerində diktatorlar öz hakimiyyətlərini bu qədər asanlıqla əldən vermək istəmirlər. Ailə diktaturası da qadına basqı, onu hüquqsuz saxlamaq üzərində qurulub. Elə həmin plakat əslində müəyyən mənada mühafizəkar, qadının bütün hüquqlarını əlindən alan cəmiyyətin üzünə bir sillə idi. “Qız mənimdir, kimə istəsəm verərəm”, – anlayışına zərbə endirmişdi. Silkələnən cəmiyyət başa düşdü ki, əgər mən bunlara dəstək versəm, bundan sonra “arvad mənimdir, söyərəm də, döyərəm də”, – deyə bilməyəcəyəm. Nəticədə “canavar qardaşlığı” yarandı. İqtidarla mühafizəkar toplum qardaşlaşdı”.

“Feminizm hərəkatı müəyyən mənada cəmiyyətə tutulmuş güzgüdür”

Zümrüd Yağmur bildirir ki, bu qardaşlaşma müəyyən mənada hər iki qüvvənin eqosunu tətmin edib. Hakimiyyət tanımadığı qurumu gözdən salmış olub, mühafizəkar toplum isə patriarxal dəyərlərə söykənən, varlığını sürdürmək üçün təhlükə bildiyi feminist hərəkatına sipər çəkib:

“Azərbaycanda hər kəs özü haqqında yüksək fikirdədir. Ətrafı da daim dünyanın ən yaxşı adamı olmasına inandırmağa çalışır. Buna misal kimi, bəzən dindar olmasını, namaz qılmasını, insanlara yardım etdiyini göstərir. Birdən feminist hərəkatı çıxır və ailəcanlı, yaxşı kişi obrazına güzgü tutur. Ona güzgüdə əsl üzünü göstərir. Nəticədə onun min illərlə inandığı “namuslu Azərbaycan kişisi”, “ailəcanlı Azərbaycan kişisi” obrazı yerə çırpılır. Özünü düzəltmək yerinə, vurub güzgünü sındırır. Feminizm hərəkatı müəyyən mənada cəmiyyətə tutulmuş güzgüdür”. 

Yazar deyir ki, bəli, feminizm hərəkatını dəstəkləməyən qadınlar da var: “Sərt olacaq, amma kölə edilmiş qadınlardır onlar. “Adama azadlıq verəndə, o həmin azadlıqla nə edəcəyini bilməz”. Bu, məşhur frazadır. Azərbaycanda da min illik patriarxal dəyərlərlə idarə olunan, haqqı əlindən alınan bir qadın obrazı var. Onlar başqa obraz tanımırlar. Odur ki, onlara təqdim olunan azad qadın obrazını indiyə qədərki qadın obrazına təhdid görürlər”. 

“Zorun, əzabın girdiyi yerdə dəyər olmur”

Zümrüd Yağmur bildirir ki, haqları əlindən alınan Azərbaycan qadınının beyninə yeridilib ki, “sən bu halınla əxlaqlı və ağıllısan”. 

“Sənin haqqını əlindən alıram, sənə xəyanət edirəm, dözürsənsə, sən ağıllı qadınsan, ailəni dağıtmırsan. Bütün günü döyürəm, söyürəm, evinin sözünü kənara çıxarmırsansa, ailəni qoruyan, ağıllı qadınsan. Azərbaycan qadınına görə, ağıllı qadın dözümlü qadındır. Nədənsə beyinlərinə yeridilib ki, “azad qadın fahişədir”. Nəticədə Azərbaycan qadını da özünü fahişə və əxlaqsız kimi görmədiyi üçün keçir indiyə qədərki ağıllı qadın obrazını qorumağa”. 

Yazar bildirir ki, Azərbaycanda ömür boyu fəxr edilib ki, bizdə ailə institutu, uzunömürlü ailələr var. Amma ailənin içinə baxan olmayıb. Çünki baxanda görmək olur ki, əslində burada ailə yoxdur. Zümrüd Yağmur düşünür ki, ailə hər iki tərəfin hüzurlu ola biləcəyi bir yer olmalıdır. Orada bir tərəf əzilən bir tərəf əzəndirsə, orada dəyər qala bilməz:

“Çünki zorun, əzabın girdiyi yerdə dəyər olmur. Bu baxımdan düşünürəm ki, Azərbaycanda insanların öyündüyü ailə institutları qadınların əzabı, dözümü üzərində qurulub”.

“Qadın haqları deməyə məcburuqsa, deməli, ortada ciddi problem var”

Yazar düşünür ki, ümumiyyətlə, “qadın haqları”, – termini özü də dünyada qadınların halının pis olduğundan xəbər verir. O düşünür ki, termin özü diskriminativdir: 

“Qadın da insandır, ayrıca bir cinsə sahib deyil ki… Amma qadın haqları deməyə məcburuqsa, deməli, ortada ciddi problem var. Qadın haqları dünyada lazımi şəkildə bərqərar olmayıb. Azərbaycandakı feminist hərəkatı da qadın hüquqsuzluğuna, gender bərabərsizliyinə qarşıdır”.

Yazdı Gülər Mehdizadə

Bağlı mesajlar

Bir cavab buraxın

Mənim Yeni Tarix