Feminist etika və jurnalistika

2

“Femsöhbətlər”in növbəti epizodunda hər birinizi xoş gördük. Keçən aylarda feminizmlə bağlı kitablardan, 2024-cü il üçün feminist planlardan danışmışdıq. Bu epizodumuz bir az fərqli olacaq: xüsusilə, media nümayəndələrini, jurnalistləri və jurnalistika tələbələrini epizodumuzu dinləməyə dəvət edirəm. 

Adından da göründüyü kimi, bu dəfə feminist etika və jurnalistikaya feminist yanaşmanın önəmindən bəhs edəcəyik. Müsahibimiz olmasa da, epizod ərzində boliviyalı jurnalist, onlayn feminist jurnal “Muy Vuazo”nun (MUY WASO) qurucusu Culia Mişel Noqalez Kardozonun (Jhulissa Michelle Nogales Cardozo) fikirlərini, eləcə də, araşdırmaçıların analizlərini eşidə biləcəksiniz. 

Yaxşı, bəs feminist etika, başqa adla qayğı etikası nədir? 

San Antonio Texas Universitetinin Siyasi Elmlər və Coğrafiya Departamentinin dosenti Deniyel Engster bu anlayışları belə açıqlayır: “Qayğı etikası digərlərinin bəsit ehtiyaclarını qarşılamağa kömək etməyə, problemlərini hörmətli, anlayışlı şəkildə anlamağa fokuslanır”.

Əsas nöqtə, feminist etikası araşdırmaçıları və alimləri iddia edirlər ki, hazırda mövcud olan etik qaydalar hər kəs üçün eyni mənaya gəlməyə və hamını əhatə etməyə bilir.
1982-ci ildə paylaşılan “Psixoloji nəzəriyyə və qadınların inkişafı” (“Psychological Theory and Women’s Development”) məqaləsi bu cərəyanın başlanğıcı hesab edilir. Təsəvvür edək: 41 ildir, feminist etika eyni şeylərlə mübarizə aparır.

Bəs feminist etikanın toxunduğu ən önəmli nüanslar nələrdir?

Qayğıya və digər individuallara dəstəyə fokuslanmaq; fərqli gender, irq, millət, təhsil səviyyəsi yaxud, sosial sinfə aid olan insanların perspektivlərini anlamaq və empatiya qurmağı bacarmaq; özümüzə aid olan sosial kontekstdə mövcud ola biləcək daxili qərəzə və xətalara ehtimal vermək, onları düzəltmək; empatik olmaq, başqalarının yanaşmalarına açıq olmaq; aparılan kommunikasiyanın yeni stereotiplər yaratmağa, hədəfə çevirməyə, diskriminasiya etməyə təşviq edərək, marjinallaşdırılmış qruplara zərər verməməyinə diqqət yetirmək.

Bu nüansları sadaladıqca, dünya üzərində kişi dominant olan medianın nə qədər zərərli narrativlərə və nifrət nitqlərinə istiqamətlənmiş olduğu ağlıma gəlir. Feminist etikanın illərdir mübarizə apardığı məsələnin bu qədər bəsit və sadə olmağına nəzərən haradasa bir yerlərdə gözdən qaçmış olmağı, doğrudan, dəhşətdir.

Feminist və qayğı etikasının fokuslandığı ən önəmli məsələlərdən biri aktiv və diqqətli dinləyici olmaqdır. Empatiya məsələsi elə burada gözümüzə daha ciddi görünür. Digər insanları dinləmək, onları stereotipikləşdirməmək, hekayələrini aşağılamamaq, hədəfə çevirməmək çox önəmlidir. Feminist etika hər hansı güc bərabərsizliyi və təzyiq problemini anlamaq və düzəltmək istəməkdən ibarətdir. 

Boliviyalı jurnalist Mişel Noqalez Kardozo Latın Amerikasından çəkdiyi misalda belə deyir: “Fəlakətlə bağlı onu yaşayan şəxslərdən müsahibə almaq özü də narrativləri dəyişdirməyə kömək edir. Biz hadisə ilə bağlı siyasətçilərdən müsahibələr alaraq yox, onu yaşamış insanların hekayələrinə nəzər yetirərək, əslində, feminist yanaşma ortaya qoyuruq”.

Jurnalist kimi feminist etikadan nə öyrənə bilərik?

İnterseksionallıq – Feminist etika fərdlərin irq, sinif, cinsi kimlik, cinsi oriyentasiya və s. kimi amillərə əsaslanan, çoxsaylı və kəsişən təzyiq formalarını yaşadıqlarını qəbul edir. Jurnalistlər bu kəsişən şəxsiyyətləri nəzərə almalı və bütün fərdlərin müxtəlif təcrübələrini təmsil etməyə çalışmalıdır.

İnklüziv dil – Jurnalistlər təcrübə və şəxsiyyətlərin müxtəlifliyini əks etdirən inklüziv dildən istifadə etməyə çalışmalıdırlar. Uyğun olduqda gender baxımından neytral terminlərdən istifadə etmək və dil seçimlərinin müxtəlif qruplara necə təsir göstərə biləcəyini bilmək özü də inklüziv dil seçimində diqqətli olmağa bəs edir.

Mədəni həssaslıq Feminist etika mədəni həssaslığı və müxtəlif perspektivləri dərk etməyin vacibliyini vurğulayır. Jurnalistlər mədəni nüanslardan xəbərdar olmalı, cins və kimliklə bağlı xəbərlərə öz qərəzlərini göstərməkdən çəkinməlidirlər. Mişel Kardozo bunu belə qeyd edir: “İspan dilində “feminizm” ifadəsi yoxdur, “feminizmlər” ifadəsi var. Bu, o deməkdir ki, hazırda mövcud olan bütün feminizmləri nəzərə almalı, öz materiallarımızı ona uyğun genişləndirməliyik”.

Zorakılığa dair etik reportaj – Gender əsaslı zorakılıq kimi mövzularda reportaj hazırlayarkən jurnalistlər zərərçəkmişlərin təcrübələrinə həssas yanaşmalı, onları ittiham edən dildən qaçmalıdır. Təsirə məruz qalanların rifahı və məxfiliyinə üstünlük verilməlidirlər. 

Mişel Noqalez Kardozo qeyd edir ki, o, qurucusu olduğu jurnal və onun ətrafında yığdığı komanda ilə birlikdə qadın qətillərinin Boliviya mediasında “femisid” kimi qeyd edilməyinə nail olub. Yəni jurnalistlər əvvəllər “filan qadın əri tərəfindən qətlə yetirildi” yazırdısa, artıq “femisid törədilib” terminindən istifadə edirlər.

Həmçinin boliviyalı jurnalist onu da bildirir ki, jurnalistikaya feminist yanaşma dedikdə, insanlar bunun yalnız qadınlarla əlaqəli olduğunu düşünür, lakin bu, bütün təcrid olunmuş, diskriminasiya edilmiş, səsi eşidilməyən bütün icmaları və şəxsləri əhatə edən yanaşma tərzidir. Onun fikrincə, feminist yanaşma hətta öz dəyərlərini də tez-tez sorğulamağa imkan verir,  sabit fikirlərə əsaslanmır, davamlı inkişaf edir. Bu inkişaf da hər kəsi əhatələyə bilmək üçün vacibdir.

“Femmekan” podkastlarının 20-ci epizodunda sizinlə mən idim – Pəri Abbaslı. Feminist etika və jurnalistikaya feminist yanaşma haqqında danışdıq. Ümidvaram, danışdıqlarımız karyeranızda önəmli dəyişikliklər etmək üçün uğurlu bir başlanğıc olacaq.

“Femmekan”ı sosial media şəbəkələrində izləməyi unutmayın. Podkastlarımız haqda fikirlərinizi də məhz sosial şəbəkələr vasitəsilə bizə yazaraq, bildirə bilərsiniz. Bizdən isə bu qədər. Dinlənilmək ümidilə!

FEMMEKAN

Bağlı mesajlar

Bir cavab buraxın

Mənim Yeni Tarix