Fəlsəfəyə yeni baxış: ənənəvi dərs metodundan qaçış

0

Onlarla fəlsəfi kitabın müəllifi və tərcüməçisi Çinarə Məhəmmədi tanıyaq

Fəlsəfədən dərs deyən, bu sahədə onlarla kitab yazan və tərcümə edən Çinarə Məhəmməd düşünür ki, müasir insanı köhnədənqalma dərs metodları, kitablarla təəccübləndirmək olmaz. Odur ki, o, tələbələrinə fəlsəfəni fərqli formada tədris edir. Həmçinin sahəsi ilə bağlı oxuduğu maraqlı kitabları azərbaycancaya tərcümə edir ki, bu sahədə dərs vəsaiti seçimi bol olsun. 

Deyir, fəlsəfəni neyro-cərrahiyə, kvant fizikası kimi müxtəlif sahələrlə əlaqələndirir, yaxşı bilir ki, köhnə kitabları oxumağı tapşırmaq əbəsdir, əməl etməyəcəklər: 

“Universitetlərdə fəlsəfəni adətən uzun müddət öncə yazılmış kitablardan tədris edirlər. Lakin kimsə onları oxumaq istəmir. Tələbələri fəlsəfədən soyutmamaq üçün elmi onlara maraqlı olacaq şəkildə çatdırmağa çalışıram. Çünki 21-ci əsr insanını qalın kitablarla, ənənəvi dərs metodları ilə həvəsləndirib, təəccübləndirə, onlarda dərsə maraq yarada bilməyəcəyimi yaxşı bilirəm”.

Təhsil həyatı və fəlsəfəyə yönlənmə

Çinarə Məhəmməd 2003-cü ildə Bakı Dövlət Universitetinin (BDU) fəlsəfə ixtisasına qəbul olub. Deyir, məktəbli olanda klassik elmlərin cavab verə bilməyəcəyi suallarla çox qarşılaşıb. Belə suallar onu fəlsəfəyə gətirib. Deməsinə görə, əvvəlcə suallarına cavabı tarix fənnində axtarsa da, tapa bilməyib. Doqquzda oxuyanda professor Cəmil Əhmədlinin məktəblilər üçün yazdığı “İnsan və Cəmiyyət” adlı dərsliyində onu maraqlandıran xeyli mövzu görüb: 

“Dərslikdə elementar formada da olsa, məni maraqlandıran ümumbəşəri, sosial, siyasi, psixoloji və s. məsələlərə toxunulmuşdu. Bundan sonra BDU-nun fəlsəfə ixtisasına getməyi qərara aldım. Sonradan məni ora aparan kitabın müəllifi Cəmil Əhmədli mənə dərs də deyəcəkdi”. 

Cavabını gözləyən suallar

Çinarə Məhəmməd həm dərs deyərkən, həm də özü təhsil alarkən üzləşdiyi bir sıra çətinliklər olub. Deyir, bunlardan ən önəmlisi Azərbaycan dilində ədəbiyyatın olmamasıdır: 

“Bir neçə dənə kitab var, deyərdim, “yola vermək” xatirinə yazılıb. Tələbələrə verməyə material yoxdur. “Vikipedia” isə faciəvi haldadır. Bəli, bədii əsərlər tərcümə olunur,  on il əvvələ nisbətdə nəşriyyat sahəsində addımlarımız var, amma məsələyə geniş baxanda bu, kiçik görünür”. 

Kitab yazmağa və tərcüməyə aparan yol

Çinarə Məhəmməd fəlsəfə ilə bağlı ədəbiyyat qıtlığından yola çıxaraq hind fəlsəfəsi, klassik alman fəlsəfəsi və müasir fəlsəfəyə dair araşdırmalara başlayıb, əldə etdiyi məlumatları kitab şəklində çap edib. Bununla yanaşı, fəlsəfə ilə bağlı xarici dillərdə olan kitabları azərbaycancaya çevirib:

“İlk kitabım 2016-cı ildə nəşr olunub. Pandemiya səbəbilə işlərimə biraz ara vermişdim. 2022-2023-cü illərdə  fəaliyyətimi bərpa etdim və bu müddətdə beş kitabım nəşr olundu. Bunlardan biri hind fəlsəfəsinə girişdir, 500 səhifədir. Çalışmışam ki, kitabın dili rahat, fəlsəfi terminalogiyası anlaşılan olsun. Digər kitablar alman filosofları Martin Haydeqqer və Artur Şopenhaura həsr olunub. İngilis yazıçısı Paul Strathernin “90 dəqiqə fəlsəfə” adlı kitab seriyası var: 19 kitabdan ibarətdir. Oxuculara fəlsəfə o qədər də çətin deyil demək üçün hazırda o seriyanı tərcümə edirik. Kitablardan beşini mən tərcümə edirəm. Başqa İudaizm və Budduzimə aid kitabım da çap edilib”.

Fərqindəlik və atılan addım

Çinarə Məhəmməd deyir ki, “on il idi fəlsəfə ilə məşğul idim, amma bir yerdə anladım ki, mən sadəcə məşğulam, lakin bu məşğulluqda fəlsəfə yoxdur”.

Məhz bundan sonra o, real addımlar atmağa başlayıb. Sahəsinin ən böyük problemi, maraqlı dərs vəsaitlərinin olması üçün qollarını çirmələyib, işə başlayıb. 

Bundan əlavə, təhsilini ölkə xaricində davam etdirmək qərarı da alıb.  

“Anlamışam ki, burada təhsilimi davam etdirə bilmək artıq müşkül məsələdir. Bəlkə də başqalarına nələrsə öyrədə bilirəm, lakin özüm yeni heç nə öyrənmirəm. Odur ki, doktorantura pilləsini tamamlamaq üçün ölkədən ayrılmağı qərara almışam:

“Elmi işlərimi tamamlamaq üçün Avropaya köçəcəyəm. Doktoranturada alman və hind fəlsəfəsinin müqayisəli təhlilini götürmüşəm. Azərbaycanda alman fəlsəfəsi- Qərb fəlsəfəsinə aid mütəxəssislər olsa da, hind fəlsəfəsi ilə bağlı eyni şeyi demək mümkün deyil. Təəssüf  ki, “Artur Şopenhauer fəlsəfəsinin Şərq qaynaqları” adlı elmi işiniAzərbaycanda mənimlə birlikdə işləyəcək elmi mühit yoxdur. Biz hazırda elmi işlərdə “copy&paste” mərhələsindəyik”.

Çinarə Məhəmməd fəlsəfədə dil bilgisinin və fəlsəfi lüğətlərin də önəmli olduğunu deyir. Odur ki, o, dünyanın ən çətin dilini öyrənməyə çalışır.

“Azərbaycanda fəlsəfi lüğətlərin və terminalogiyanın, vahid sistemin olmaması kimi problemlər var. Başqa dillərdən hərfi tərcümə olunan sözlər fəlsəfədə fərqli mənanı ifadə edir. Hər müəllif tərcümədə fərqli lüğətdən istifadə edir. Bu da oxucularda suallara səbəb olur. Mən ingilis, rus, latın dillərini bilirəm, indi isə sanskript dilini öyrənirəm”.

Qazanılan uğur, fəlsəfəyə sevgi

Çinarə bütün bu işlərlə bərabər, ölkə xaricində təşkil olunan bir çox konfranslarda və formlarda da iştirak edir. 

“Məqalələrim Yunanıstanda, Pekində və Yaponiyanın Osaka şəhərində yerlər tutub. Dəfələrlə bu ölkələrə çıxış üçün dəvət almışam. Bu il isə Romaya, fəlsəfə konqresinə gedəcəm”. 

Bu yolda Çinarənin əsas motivasiyası qazandığı uğurlar və fəlsəfəyə qarşı sevgisi olub.

“Müəyyən müddət sonra artıq hər etapda bu sənə zövq verməyə başlayır. Məsələn, Yaponiyaya məni dəvət edəndə məqaləm 400 məqalə içərisindən ilk onluğa düşmüşdü. Şəfqət hissi barədə yazmışdım. Yəni onun verdiyi həzzi heç bir pulla, bahalı hədiyyə ilə əldə edə bilməzsən”.

Cəmiyyətin fəlsəfəyə yanaşması 

Ailəsi, dostları onu hər zaman dəstəkləyir, motivasiya verir, lakin düşünür ki, cəmiyyətdə fəlsəfəyə yanaşma birmənalı deyil:

“Mən şəxsən cəmiyyətdə olan stereotiplərlə qarşılaşmamışam, amma ürəyiaçıqlıqla da üzləşməmişəm. Cəmiyyətdə fəlsəfəni iki cür qiymətləndirirlər: Ya çox yüksək, super bir sahə kimi baxırlar, ya da deyirlər ki, “boş-boş işlərlə məşğulsan”. Bu kimi yanaşmaların səbəbini insanların bu sahəni anlamamasında görürəm”.

Fəlsəfədə olan insanların az bir hissəsinin dərinliklərə gedərək öyrənməsi də Çinarə Məhəmmədi narahat edən məqamlardandır. Deyir, bu sahədə olan insanların üzləşdiyi çətinliklər var, lakin qadınların qarşısına çıxan bariyerlər daha çoxdur: 

“Mənimlə birgə doktaranturaya qəbul olanların 70-80 faizi qadınlar idi. Müəllimlərdən biri istehzayla “doktorantlarımızın yarısı qadındır, onların da 70 faizi yəqin ki, elmi davam etdirməyəcək”, – dedi. Bu, mənə pis təsir etmişdi”.

Mənbə: vecteezy.com

Çinarə deyir ki, o zaman bu ifadə onun feminizim ideyaları ilə toqquşub. Amma zaman keçdikcə o reallığı görüb və buna təssüflənib: “Azərbaycan reallığında qadınların ailə, təhsil üçün xaricə getmək, ailə həyatı qurmaq bariyeri və s. onların elm arxcasınca getməsinə mane olur. Nəticədə, 70 faiz doktorant qadının 30-35 faizini itiririk. Bu da elmimizə ziyan vurur”.

Onun sözlərinə görə, kişilər isə maddi gəlirləri az olduğu üçün bu sahədən uzaqlaşır. Deyir, burada ortaq olan sosial təminat problemidir.

“Öz adıma deyim ki, mənim yaxşı təmin olunmuş bir universitet fəaliyyətim olsa, günlərlə kitabxanalardan çıxmaram. Məqalə yazaram, hansısa elmi iş üzərində işləyərəm. Lakin bilirəm ki, bütün günü kitabxanalarda olsam, zəruri ehtiyaclarımı qarşılaya bilməyəcəm”. 

“Qadınların cəmiyyətdə iştirakçılığı məni qane etmir, amma bunun səbəbi ikitərəflidir…”

Azərbaycan cəmiyyətinin vəziyyəti də Çinarə üçün ürəkaçan deyil. Deyir, 90-cı illərdən sonra yaranmış boşluğun nəticəsində mənəvi dəyərlər itib. Bundan sonra insanlar, xüsusən də qadınlar özlərini harada tapacaqlarını bilmir: “Hamı axtarışdadır, məncə, biz cəmiyyət olaraq dibə dəyməliyik ki, sonra yenidən qalxa bilək”.

“İnkişaf üçün əkslərin mübarizəsi vacibdir…” 

Çinarə Məhəmməd ziddiyyətləri Fəlsəfə qanunlar toplusunda olan “Əksliklərin mübarizəsi və vəhdəti”  qanunu ilə izah edir. 

Deyir, Yaponiyada bahalı balıq növü var. Avropalılar bu balığı akvariumda saxlayaraq, yetişdirir. Balıqları yeyənlər Yaponiyadakının dadını ala bilmədiklərini deyir, bəyənmirlər. Avropalılar bunun səbəbini araşdırmaq üçün bir yaşlı yapona müraciət ediblər. O izah edib ki, Yaponiyada balıqların yaşadığı ərazidə yırtıcı heyvanlar çoxdur. Balıqlar daim yırtıcılardan qaçır, lakin sizin akvariumdakılar sakit, mübarizəsiz yaşayır”.  

Gələcəklə bağlı planlar 

Çinarə düşünür ki, insan özünü tanıdıqca, cəmiyyəti öyrəndikcə, bu əksliklər daima olacaq. Əksliklər olmasa və ya biri tamamilə üstün olsa, biz o dadı olmayan balıqlar kimi olarıq.   

Çinarə Məhəmmədin gələcəklə bağlı planları çoxdur. Deyir, doktorluq təhsilini tamamlayıb, nüfuzlu universitetlərin birində fəlsəfi fəaliyyət ilə məşğul olmaq istəyər:

“Həmçinin Azərbaycanda fəlsəfənin “copy&paste”-dən azad olması üçün çalışacaq”.

Yazdı Nərgiz Abbasova

Bağlı mesajlar

Bir cavab buraxın

Mənim Yeni Tarix