Eyni İşi görən kişi və qadınların maaşı necə, eynidirmi?

0

“İstənilən mikroiqtisadi araşdırmalarda qadınların maaşının kişilərinkindən az olduğu görünür”

Qadın və kişi maaşları arasındakı fərq (Gender Pay Gap) bərabərhüquqlu olmanın önəmini göstərən vacib şərtdir. Təhsili, iş yükü kişi ilə eyni, ancaq maaşı aşağı alan qadınlar var. Bu, daim müzakirə mövzusu olub. Ancaq bəzən insanlar bu fərqin olduğuna belə inanmır.

“Dünyada qadınlar kişilərdən 20 faiz az maaş alır”

Paris Universitetinin professoru, Rusiya Ali İqtisadiyyat Məktəbinin təsisçisi Sergey Quriyev bu barədə “Wonderzine” internet dərgisinə müsahibə verib. Müsahibədə qadın-kişi maaşı arasındakı fərq və bunun səbəblərindən danışıb. 

Segey Quriyevə görə, dünyanın əksər ölkələrində olan “Gender Pay Gap” əslində qeyd-şərtsiz faktdır:

 “Ancaq Beynəlxalq Əmək Təşkilatının bazasına baxsanız, dünyanın bütün ölkələrində var olduğunu görərsiniz. İstənilən individual gəlir üzrə aparılan mikroiqtisadi araşdırmalarda qadınlara verilən əmək haqqının kişilərinkindən az olduğunu görmək olur”. 

Sergey Quriyev deyir ki, bu fərqi müxtəlif şəkildə ölçmək mümkündür. Məsələn, bunu kişi və qadın maaşlarının median göstəricisi ilə hesablamaq olar (red: “Median əmək haqqı” – Bir maaş alanın əmək haqqının 50 faizi ilə digərinin aldığının 50 faizlik hissəsinin kəsişdiyi nöqtə). İqtisadçı deyir ki, belə hesablayanda məlum olur ki, orta hesabla dünyada qadınlar kişilərdən 20 faiz az maaş alır.

Qadın-kişi maaşı arasında ən çox fərq olan ölkələr hansılardır?

İqtisadçının sadalamasına görə, maaş fərqinin ən çox olduğu ölkələr Cənubi Koreya və Estoniyadır – 30 faiz. Bu fərq Avropada 10, Rusiyada 20-25 faiz arasında dəyişir. Ən aşağı göstərici isə Belçika və Lüksemburqdadır – 4 faiz. 

Bəs Azərbaycanda vəziyyət necədir?

Dövlət Statistika Komitəsinin (DSK) 2019-cu ilə dair hesabatından görünür ki, Azərbaycanda kişi və qadın maaşları arasında iki dəfəyə qədər fərq var. Elə həmin il, 2019-cu ildə qadınların maaşı ilə kişilərin maaşı arasındakı fərq 58 faiz olub. Yəni kişilər qadınlardan ortalama 58 faiz çox əmək haqqı alıb. 

DSK-nın məlumatına görə ötən il Azərbaycanda qadınların sayı kişilərdən üç fəaliyyət növündə çoxluq təşkil edir. Bunlar  səhiyyə və sosial xidmətlərin göstərilməsi (54,8faiz), təhsil (47,6 faiz) və istirahət, əyləncə və incəsənət (23,8 faiz) sahələridir. 

Ölkə üzrə iqtisadi fəal və məşğul əhalinin tərkibində kişilərin sayı 51.8, qadınların sayı isə 48.7 faizdir.

İqtisadçı Toğrul Maşallı deyir ki, Azərbaycanda qadın və kişi arasında təkcə maaş fərqi yoxdur. Elm sahəsində çalışmalarına görə də kişilər üstünlük təşkil edir: 

“Qadınların elmi fəaliyyətləri zəifdir. Onlar əsasən, müəllim kimi çalışırlar. Nəticədə İqtisadiyyat İnstitutunda çox nadir hallarda laborantdan yuxarı vəzifələrdə qadın görmək olur. Səbəblər müxtəlifdir: ailəm var, elmi fəaliyyətə vaxt lazımdır və s. Hətta qadınların çoxu PhD-ni 40-50-yaşlarında edirlər. Belə deyək, universitetlərdə çalışan kişi və qadınlar say cəhətindən bərabərdir, amma aparıcı elmi vəzifələrə dair qeyri-bərabər”.

Bəs kvota tətbiq edilsə necə?

İqtisadçı elmi sahələrdə kvotanın tətbiqinin ciddi dəyişiklərə səbəb olacağını düşünmür. Deyir, “bu, mənasızdır və heç bir nəticəyə gətirməyəcək”. Toğrul Maşallıya görə, məsələ sosial və iqtisadi vəziyyətlə bağlıdır:

“Bu sistemin dəyişilməsi üçün, ümumiyyətlə, Azərbaycanda bütöv gender sistemini dəyişdirmək lazımdır. İqtisadiyyat da bu sistemin bir hissəsidir. Eyni vəziyyət coğrafiyada, geologiyada, fizikada və digər sahələrdə də var. Kvotanın tətbiqi isə ən yaxşı halda inzibati vəzifələrə aid edilə bilər. Məsələn, 2 direktor müavini varsa, burada biri kişi, digəri qadın ola bilər”. 

Əsl problem nədir?

İqtisadçı düşünür ki, elmi sahədə kvotanın tətbiqi keyfiyyətin artmasına yox, korrupsiya və mənasız bürokratiyanın genişlənməsinə xidmət edər. Deyir, hazırda qadınların elmi fəaliyyət növünün müzakirəsini ictimailəşdirən yoxdur, ancaq bir çox hallarda universitetlərdə müəllim heyətində qadın işçilər çox olmasına çalışırlar:

“Yaxud onların işlədikləri sahələrin geniş və müxtəlif olmasına səy göstərirlər. İşlədiyim dövrlərdə müşahidə etmişəm. Bir çox kafedralar vardı ki, orada adətən kişi müəllimlərin sayı daha çox olurdu. Xüsusən nəzəriyyə tələb edən sahələrdə bu normaldır. Amma həmin sahələr üzrə qəbul edilən tələbələr arasında qadınlar sayca daha çox olur. Sadəcə burada məsələyə yanaşma düzgün deyil. Qadınlara “ona qazanmaq lazım deyil”, “bu gün-sabah ailə quracaq, gedəcək, fəaliyyətini dayandıracaq”, – yanaşması var. Bərbad düşüncədir. Ancaq ümumən elm sahəsində qadın heyətinin artımı daim gündəmdə olub”.

“Analıq cəriməsi” yoxsa analıq məzuniyyəti?

Dünyada “analıq cəriməsi” – deyə, bir termin də var. Buna əsasən, qadın ilk doğulan uşağa baxmaq üçün yarım iş qrafikində çalışmalı olur. Analıq məzuniyyəti uzun çəkənlər işə dönəndən sonra daha az maaşı olan sahədə çalışmağa məcbur qalır. Növbəti mərhələlərdə əmək bazarında rəqabəti azalır və o, bundan sonrakı həyatında daim aşağı maaşlı işlərdə çalışmağa məhkum olur. 

Atalıq məzuniyyətinin olduğu ölkələr:

Sergey Quriyev deyir ki, doğulan hər uşaq qadının maaşının həcmini bir az da aşağı salır və bu, ömürlük qalıcı ola bilir. Ancaq dünyada valideynlik funksiyasını bərabərləşdirən ölkələr də var. Məsələn, Skandinaviya ölkələri (İsveç, Norveç və Danimarka) bu problemin həllini tapa bilib:

“Həmin ölkələrdə atalıq məzuniyyəti var. Məzuniyyət uşağa qayğı üçün nəzərdə tutulsa da, araşdırmalara görə, atalar bu məzuniyyəti daha çox böyük idman tədbirləri üçün istifadə edirlər” – deyə, iqtisadçı bildirir. 

O düşünür ki, atalıq məzuniyyətindən istifadə etmək üçün stereotipləri dəyişmək lazımdır. Nəticədə hər iki valideynin uşağa vaxt ayırıb, qayğısını çəkəcəyi bir model yaradılmalıdır. Məsələn, qadın yarım illik analıq məzuniyyəti götürəndə, sonrakı mərhələdə kişi də 6 aylıq məzuniyyətə çıxmalıdır. 

100 illik boşluq

“Heç birimiz ömrümüzdə cinsi bərabərləyi görməyəcəyik. Böyük ehtimal ki, övladlarımız da bunun şahidi olmayacaq. Bu, Qlobal Cinsi Boşluq Hesabatı 2020-nin ən çox şoka salan bir tapıntısıdır ki, ona əsasən cinsi bərabərliyə yalnız 99.5 il ərzində nail olmaq mümkün olacaq” – bu sitat, Dünya İqtisadi Forumunun rəsmi internet səhifəsində sözügedən hesabatın altında qeyd edilib.

14 ildir açıqlanan “Qlobal Gender Boşluğu Hesabatı” 153 ölkəni əhatə edir. Hesabat həmin ölkələrdə eyni peşədəki işinə görə qadın və kişilərə verilən əmək haqları, rəhbər vəzifələrdə nə qədər qadının işləməsi, nə qədər qızın təhsil alması, il ərzində doğulan oğlan və qızların say nisbəti və digər statistik məlumatları açıqlayır. Azərbaycan qızların təhsilə əlçatımlılıq indeksinə görə 60, iqtisadi imkanlar baxımından isə 33-cü yerdədir.  

Eyni işi görən qadın və kişilərə verilən əmək haqlarının həcmi, rəhbər vəzifələrdə nə qədər qadının işlədiyi göstəricilərində isə Azərbaycan 94-cü yerdə qərarlaşıb. Bu göstərici üzrə Gürcüstan 74, Ermənistan isə 98-ci yerdədir.

Səhiyyə xidmətlərinə çatımlılıq: Azərbaycan 153 ölkə arasında 152-cidir

Azərbaycan qadınların siyasi fəallığının ən pis olduğu ölkələrdəndir – 140-cı yerdə qərarlaşıb. Ondan pis göstərici isə ölkədə səhiyyə xidmətlərinə əlçatımlıq səviyyəsidir. 153 ölkə arasında 152-ci yeri tutub. 

Cinsi bərabərliyin ən mükəmməl olduğu ölkə İslandiyadır. 11 ildir ki, 1-ci yeri əldən vermir. Burada gender boşluğu 88 faiz qapadılıb. Bu göstərici üzrə növbəti yer 84.2 faizlə Norveçindir. Finlandiya 83.2 faizlə 3-cü, İsveç isə 82 faizlə 4-cü yerdədir. 

Hazırladılar Gülnar Səlimova və Gülər Mehdizadə

Mənbə:

https://www.wonderzine.com/wonderzine/opportunities/glass-ceiling/249721-pay-gap?from=readmore

https://www.stat.gov.az/menu/6/statistical_yearbooks/source/WM_2020.zip

http://www3.weforum.org/docs/WEF_GGGR_2020.pdf

https://www.adb.org/sites/default/files/institutional-document/546166/azerbaijan-country-gender-assessment-2019.pdf

Mənim Yeni Tarix