Evin çörəkgətirəni

0

“Evin çörəkgətirəni” ifadəsi Azərbaycan patriarxal cəmiyyətində yalnız kişi obrazında canlandırılır. Ailə qurduqdan sonra qadınlar daha çox məişət işləri ilə çərçivələnir, kişilər isə “gəlir mənbəyi” kimi təcəssüm edilir. Təkbaşına qadın cəmiyyətdə zəif və köməksiz bir fərd sayılır. Amma bu stereotipləri üstələyən və stiqmaları qıran, çətinliklərlə mücadilə edən qadınlar da az deyil. Bu foto layihə, üç  qadının təkbaşına apardığı həyat mübarizəsini, və təcrübəsini əks etdirməklə yanaşı, həm də  “Qadın olmaq nə deməkdir?” sualını onların simasında araşdırır.

“Ailə saxlamaq və güc” – yaşadığım mühafizəkar cəmiyyətdə bu ifadələr, adətən birbaşa kişilərə ünvanlanır. Evdəki “söz-söhbətlər”dən çəkinən ailəli qadınlar həmişə pulsuz, çörəksiz, “böyüksüz” qalmaqdan ehtiyatlanır və “bir gün ayrılsam məni, uşaqlarımı kim saxlayacaq?” özgüvənsizliyi ilə özlərini təcrid edirlər.  Azərbaycanda  ümumi mənzərə və ənənəvi yanaşma çox dəyişməsə də zaman keçdikcə qadınlar özlərini ifadə etməyi, qərar verməyi, tabuları qıraraq öz ayaqları üstündə dayanmağın öhdəsindən gəlməyi bacarırlar.  

Layihə üzərində işləyərkən bir-birindən fərqli həyat yaşayan, amma ortaq olaraq eyni statusu bölüşən müxtəlif qadın hekayələrini dinlədikdə çətinlik, güc, mübarizə və nəticə olaraq əldə edilən azadlığın insan həyatını necə dəyişdiyinin şahidi oldum. Mənim üçün bu hekayələr həm qadın kimliyini izah edir, həm də ənənəvi etiketlənmənin sərhədlərini aşır” – Gülər Abbasova.

Azadam, azadlığımı qazanmışam

Günel Ravilova: “O, mənə aşiq idi və qayğıma qalırdı. On il evli olduq, sonra maddi çətinliklər, şiddət… Bir  dəfə polis çağırmalı oldum. Durum artıq çox təhlükəli forma almışdı, dözə bilmirdim. Ona görə də evdən getməsini xahiş etdim”.

Günel deyir ki, ayrıldıqdan sonra başlanğıcda ona çətin olub: “Çünki o, mənimlə olanda özümü yalnız yaradıcılığa həsr edirdim. Yalnız rəsm çəkirdim. Həyat yoldaşım demək olar  ki, bütün ev işlərini görürdü və hətta uşaqlara da baxırdı”.

“Uşaqlıqda məni elə öyrətmişdilər ki, ev üçün bazara gedib alış-veriş etməyi yalnız kişilərin işi olduğunu düşünürdüm. Heç vaxt bu işlərlə məşğul  olmamışam. İndi tək qalanda dükana özüm gedirəm, hər şeyi istədiyim vaxt, istədiyim kimi edirəm. Azadam, azadlığımı qazanmışam. Əvvəllərsə çox qorxurdum, elə bilirdim bacarmaram”.

“Amma bir qadın olaraq yaşadığım çətinliklər də var. Maddi cəhətdən daha çox çətindir. Ev kirayəsini yalnız rəsmlərim satılanda ödəyə bilirəm və hər ay da bunun stressini yaşayıram”.

“Mən yaradıcı insanam, azadlığa ehtiyacım var. Çox stress keçirirəm, ancaq çətin anlarda heç kimdən heç nə istəmirəm. Çalışıram hər şeyi özüm həll edim”.

“Elə bil yarım kişidir, yarım qadın. Hər iksinin işini görürəm”

“Bu günlərdə boş kətana qırmızı zolaq çəkdim və bununla özümü sakitləşdirdim. Bilmirəm… ola bilər bu stress məni işləməyə sövq edir. Bəlkə hər şey yaxşı olsaydı heç  işləyə də bilməzdim”.

Oxumağıma icazə vermədi. İstəmədim ailəm dağılsın, düşünürdüm ki, ərimə itaət etməliyəm. Onun istədiyini edirdim.

Hicran Ağakişiyeva: “Qadın aşiq olanda və seviləndə əsl qadın olduğunu hiss edir. Çox qısa müddətdə özümü  xoşbəxt qadın kimi hiss etmişəm. Aşiq olmuşdum, sevilirdim. Təəssüf! Anam o adamla evlənməyimə icazə vermədi”.

Hicran deyir ki, o, hələ gənc yaşlarından işləyən olub – tarlada pambıq yığıb, pul toplayıb ki,  ali təhsil alsın. Arzusu isə Aviasiya Akademiyasına qəbul olub orada təhsil almaq olub: “Gözlənilmədən gələcək həyat yoldaşımla tanış oldum. Evləndik. Səhəri günü mənə dedi ki, əgər oxumağa getsən səndən ayrılacam. Oxumağıma icazə vermədi. İstəmədim ailəm dağılsın, düşünürdüm ki, ərimə itaət etməliyəm. Onun istədiyini edirdim. Təhsilim üçün yığdığım pulu kirayə evlərdə qala-qala tamamilə xərcləyib bitirdik, çünki həyat yoldaşım işləmirdi. Boşanmış qadınlara cəmiyyətdə yaxşı baxmadıqlarına görə, dözməyə məcbur oldum”.

“Evliliyimiz cəmi iki il davam etdi. Sonra  şiddət, pis münasibət .. Sonda o, məni iki uşaqla tək buraxdı. Bütün bunlardan sonra bir il depressiyaya düşdüm”.

“Atasız böyümüşəm. Anam da evliliyimə qarşı idi. Ondan heç bir dəstək almadım, əksinə mənə dedi ki, “Səni tək  böyütmüşəm, indi uşaqlarını da özün saxla”, şokda idim, doğma ana da qızına belə edər?”

“Qarşıma məqsəd qoymuşdum ki, uşaqlarım öz evimizdən məktəbə gedəcək. Teatrda səs operatoru, təmizlikçi, restoranda kloun, qabyuyan kimi işləyirdim, gah qonşuların paltarlarını yuyurdum, gah televiziya verilişləri üçün tamaşaçıları, gah da flmlərin kütləvi səhnələri üçün aktyorları təşkil edirdim”.

“Bacardığım qədər çox iş görürdüm ki, pul qazanım. Gündə iki-üç saat yata bilirdim. On il belə çalışdım, pulumu yığdım və nəhayət o evi aldım. Özümə söz verdiyim kimi, uşaqlarım da məktəbə öz evimdən getdi”.

“Bəzən uşaqlarımı tədbirlərə kloun kimi aparıram. Onlara başa salıram ki, bir gün yanlarında  olmasam özlərini təmin etmək, pul qazanmaq üçün bir işləri olsun”.

…çətin sualdır. Onu deyə bilərəm ki, qadınlar kişilərdən daha güclüdür.

Aytən Yusifova: “Sevmədiyim bir adam məni qaçırtdığından məcburi evlənmişdim. Qısqanc idi, xarakteri, davranışları da heç uyğun gəlmirdi. On ildən sonra  münasibətlərimiz bitdi, ayrıldıq”.

Aytən Bakıya ailəsi ilə birgə 1993-cü ildə Füzulidən məcburi köçkün olaraq gəlib. Bir müddət sonra o, atasını da itirib: “Anam üç qızını Bakıda təkbaşına böyütməli oldu. Bir neçə qohumla birgə məcburi köçkünlərin sığındığı binada yerləşdik”.

“Anam bizi dolandırmaq üçün binanın girəcəyində  balaca otaqda bir mağaza açdı, ərzaq malları  satmağa başladı. Gecə-gündüz o mağazada bacılarım və anamla birgə işləyirdik. Çətinliklə də olsa anam qazandığı pulla bizi böyütdü. O, güclü bir qadındır. Düşünürəm ki, mən də gücü anamdan almışam”.

Aytən də ali təhsil almaq arzusunda olub. Lakin universitet imtahanlarından keçə bilməsə də o, kollecdə Sosial Psixologiya kursu üzrə təhsil ala bilib: “Mən heç zaman pul qazanmaqdan narahat olmamışam. Fikirləşməmişəm ki, həyat yoldaşımdan ayrılsam, mənim üçün iş olmayacaq, ya həyatım çətin olacaq. Məktəb vaxtında da toxuyub pul qazanırdım. Dərzilik  etmişəm, mağazada satıcı işləyib anama da kömək etmişəm. Hansı işlə məşğul olsam, bilirdim ki, qazancım olacaq”.

“Şirniyyat bişirməyi bilirdim. Qərara gəldim ki, öz işimi qurum. Tanışlardan sifarişlər alırdım, tort hazırlayırdım. Anama bir gün dedim ki, daha yaşlıdır, işləməsin. Bundan sonra mən işləyib onu da saxlaya bilərəm. Mağazadan və şirniyyat bişirməklə qazandığım pulu toplayıb birlikdə mənzil aldıq, təmir də etdik”. 

“Qadın olmaq nə deməkdir? Bu mənim üçün çox çətin sualdır. Onu deyə bilərəm ki, qadınlar kişilərdən daha güclüdür. Qadın anadır!”

“İlk övladım dünyaya gələndə mən hiss etdim ki, dünyanın ən xoşbəxt insanıyam. Uşaqlarım mənim üçün hər şeydən vacibdir. Bu dünyada onlar mənim üçün  çox dəyərlidirlər. İstəyirəm, övladlarımı hər şeylə təmin edim ki, gələcəkdə əziyyət çəkməsinlər”.

***Fotolayihə Invisible Festivalı çərçivəsində ABŞ Səfirliyi və Salaam Cinemanın dəstəyi ilə hazırlanıb.

Hazırladı Gülər Abbasova

Please install and activate the "Master Slider" plugin to show the slides.

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Həyatını uşaqların küçədə qalmamasına həsr etmiş qadın

Azərbaycanda ilk uşaq sığınacağının yaranması tarixçəsi “Həssas qruplarla işləmək üçün ən vacib şərt peşəkarlıq, məsuliyyət və səbrli olmaqdır”, – söhbətə belə başlayır, Kəmalə Ağazadə. O, Azərbaycanda uşaq hüquqları müdafiəçisidir. Rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin (AUB) tabeliyində sığınacaq yaradıb. Təşkilat hər il zorakılıqla üzləşmiş, tərk edilmiş yüzlərlə uşağa hüquqi və psixoloji yardım edir. “Müvəffəqiyyətə gedən yol...

“Cəmiyyət qadınların daha azad olduğu zaman dəyişəcək” 

Özünü bir çox sahədə sınayıb, “nude” fotoqrafiyada tapan qadın “Femmekan”ın budəfəki qonağı fotoqraf Şərəf Nağıyevadır. O, zaman-zaman sevmədiyi işlərdə çalışıb, hətta universitetin ingilis dili müəllimliyi fakültəsinə qəbul olub, bitirsə də, bu sahədə özünü rahat hiss etməyib.  Deyir, uzun illərdən sonra fotoqrafiya ilə məşğul olmağa başlayıb. Son yeddi ildir “nude” fotolar çəkir. Deyir, özünü yaradıcı işdə...

“Qadın güclü olanda, kölə yox, qəhrəmana çevrilir”

Stilist, dizayner və xeyriyyəçi Vəfa İsazadənin hekayəsi “Qadının ayağı üzərində dayana bilməsi üçün iqtisadi azadlığı olmalıdır. Qadın güclü olanda stereotipləri qırmağı bacarır”, – söhbətə belə başlayır, Vəfa İsazadə.  O, stilist, dizayner kimi bir çox məşhurlarla çalışır. Kolleksiyaları bəzi xarici ölkələrdə də maraqla qarşılanıb. Vəfa həm də, xeyriyyəçi kimi tanınır. “Femmekan”ın budəfəki qonağı 2017-ci ildə yaradılan...

Həyatı animasiyalarla göstərən qadının hekayəsi 

Az inkişaf etmiş, çoxunun məlumatsız olduğu çətin yola işıq tutmaq Nəzrin Ağamalıyeva beş yaşından rəsm çəkir. İlk ali təhsilini Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, biznes idarəedilməsi sahəsində alıb, lakin ilk gündən bu sahəni sevə bilməyib.  Zamanla rəsmə olan marağı onu qrafik dizaynerlik, animasiya sahəsinə aparıb. Bu sahəni öyrənəndən sonra bir müddət “Azərbaycan Coca-Cola Bottlers LTD” şirkətində...

Fəlsəfəyə yeni baxış: ənənəvi dərs metodundan qaçış

Onlarla fəlsəfi kitabın müəllifi və tərcüməçisi Çinarə Məhəmmədi tanıyaq Fəlsəfədən dərs deyən, bu sahədə onlarla kitab yazan və tərcümə edən Çinarə Məhəmməd düşünür ki, müasir insanı köhnədənqalma dərs metodları, kitablarla təəccübləndirmək olmaz. Odur ki, o, tələbələrinə fəlsəfəni fərqli formada tədris edir. Həmçinin sahəsi ilə bağlı oxuduğu maraqlı kitabları azərbaycancaya tərcümə edir ki, bu sahədə dərs...

İdmandan tibbə, oradan xeyriyyəçiliyə, sonda turizmə açılan uzun yol 

Niderlandda turizm şirkəti açan Zərifə Quliyevanı tanıyaq  “Hər uğurlu işin arxasında zəhmət dayanır.  Çətini işə başlamaqdır” – belə deyir, Zərifə Quliyeva. O, Azərbaycan Tibb Universitetini bitirsə də, özünü müxtəlif sahələrdə sınayıb. Deməsinə görə, kiçik məbləğlə yaratdığı şirkətlər, həyata keçirdiyi layihələr məhz əziyyəti hesabına uğurlu alınıb. “Femmekan”ın budəfəki qonağı 5 ildir Niderlandda yaşayan, Amsterdamda “JASMİN” adlı...

Qızının yarımçıq qalan arzusunu reallaşdıran ana 

Onun adına yayın evi açıb, gələn gəliri isə leykemiyadan əziyyət çəkən uşaqların müalicəsinə verir Qızının yayın evi açmaqla bağlı xəyalını gerçəkləşdirən Məlahət Həsənova həmin müəssisəyə elə onun adını verib – “Nərmin” yayın evi.  Məlahət Həsənova kitablara bağlı, öz deyiminə görə, “kitabla nəfəs alan” qızı Nərminin vəfatından sonra yayın evi açmağa qərar verib. Çünki bu, qızının...

Mənim Yeni Tarix