Evdar qadınların əməyi neçəyədir? 

0

Ev işlərinin görünməyən üzü, evdar qadınların dəyərləndirilməyən əməyi…

Maaş almadan 7 gün 24 saat olan iş düşünün. Üstəlik, bu işin tətili də olmur, fasiləsi də…

Əksər hallarda qarşılığı ödənmir, önəmsənmir və qiymətləndirilmir. Onlar evdar qadınlardır. Həm aşpazlıq edir, həm uşağa baxırlar. Ütü, təmizlik, paltar yumaq, uşaqları bağçaya, məktəbə aparmaq da onların öhdəsindədir. 

Gördükləri işin bazar dəyərini araşdırdıq. Nə az, nə çox 1510 manata çatdı. Əvvəlcə saytlardakı dayə elanlarına baxdıq. Məlum oldu ki, bu işi ən ucuz görən 400-500 manat alır. Sonra aşpaz maaşları ilə maraqlandıq. Məlum oldu ki, bu işdə köməkçi kimi çalışan azı 500-600 manat alır. Təmizlik şirkətlərindən öyrəndik ki, orta böyüklükdə bir evin təmizlənməsi hardasa 70 manatdır. Üst-üstə gələndə 1510 rəqəmini aldıq. Bu, hələ ortalama qiymətdir, həmin işləri daha yüksək məbləğə görənlər də var.

Evdar qadının həyatı 

Mənbə: etsy.com

27 yaşlı Gülər Hacıyeva (ad şərtidir) Bakı Dövlət Sosial – İqtisad Kollecinin məzunudur. O, 21 yaşında ailə həyatı qurub. Evlilikdən öncə mağazaların birində mühasib işləyib. Elə ki, nişanlanıb, gələcək həyat yoldaşı ondan həm işdən çıxmağı, həm də təhsilini yarımçıq qoymağı tələb edib. Əvvəllər bunun müvəqqəti olduğunu düşünən Gülər deyir ki, 2019-ci ildə qızı dünyaya gəlib. Bundan sonra həyatının ev işi, uşağa baxmaq, təmizlik, yemək bişirməkdən ibarət olacağını qəbul edib:

“Hər şeyə pis baxır, əzir, alçaldır. Buna baxmayaraq, pis vərdişləri yoxdur. Nə qazanırsa, evə, uşağa və özünə xərcləyir. Mənə isə bir çöp də almır. Azmış kimi hər kəsdən uzaqlaşdırıb. Dostum, tanışım, qohumum qalmayıb… O qədər təkəm ki, bəzən güzgünün önündə öz-özümlə danışıram”.

Görülən iş və verilən dəyər…

Gülər Hacıyeva deyir ki, evləndiyi şəxs onun gördüyü işi önəmsəmir. Adi iş olduğunu düşünür. Deyir, “bunu hər bir qadın etməlidir, borcudur”. Beləliklə, minnətdarlıq hiss etmir: 

“Bu qədər saat hansısa bir işdə çalışsam, azı 1000 manat maaş alardım. Amma o mənə 10 manatlıq geyimi qıymır. 

Halbuki bu qədər enerji xərcləyirəm və maaş alsaydım, özümə istədiyimi satın ala bilərdim”. 

Həyat yoldaşı Güləri sosial şəbəkələrdən də uzaq tutur. Bəzən telefonuna gələn mesajlara da özü cavab yazır: 

“Onun gözündə mən heç nəyəm. Məsələn, bir yerə gedəndə ağzımı açmağa imkan vermir. Hər şeyə mənim yerimə cavab verir. Gələcəkdə övladımı götürüb, sakit həyat yaşamağı çox istəyərdim. İndi isə bu, mümkün görünmür”.

“Övladım olmasaydı…”

Mənbə: readwj.wordpress.com
Mənbə: readwj.wordpress.com

Gülərin uşaq dünyaya gətirməsinin də səbəbi təklik olub. Deməsinə görə, ikinci uşağı qəti istəmir. Çünki uşaq onun əl-qolunu bağlayır: “Övladım olmasaydı, bəlkə də çoxdan ayrılmışdım”.

Gülər Hacıyevanın işi səhər tezdən başlayır. Əvvəlcə, həyat yoldaşını işə yola salır, sonra yemək bişirir. Ardınca,paltarları yuyub, ütüləyir. Deməsinə görə, çöldəki həyata yalnız pəncərə arxasından baxa bilir: 

“Ayda bircə dəfə aptekə gedirəm, 2-3 aydan bir 1-2 saatlıq harasa gəzməyə çıxıram. Çölə çox az çıxdığım üçün normal yerimə qabiliyyətimi də itirmişəm. İnsanlar çöldə yerişimin dəyişdiyini deyəndə, yorğunluqdandı deyib, keçirəm. Bir sözlə, gün axşamacan əlim işdən ayrılmır. Fikrim isə tamamilə başqa yerdə olur. Suallarımı basdırıb bununla barışmağa çalışdıqca, hər şey daha da çətinləşir”.

“Yoldaşım yemək barəsində kaprizlidir deyə…”

29 yaşlı Bəsti Gülal 9-cu sinfədək təhsil alıb və 2015-ci ildə ailə həyatı qurub. Bəsti də evdar qadındır və gününün tamamı ev işləri ilə məşğul olmağa gedir. Deməsinə görə, səhəri 6 yaşlı oğlu ilə açılır. Səhər yeməyi hazırlayıb, yeyirlər. Bundan sonra isə ev işləri başlayır: 

“Sonra oğluma və özümə yemək hazırlayıram. Yoldaşım yemək barəsində kaprizlidir deyə, ona ayrı yemək bişirirəm. Xasiyyəti yaxşıdır, məsələn, evdə olanda hər işimə kömək edir. Ayaqyolunu, hamamı təmizləməkdən tutmuş, həyəti səliqəyə salmağa qədər… Evi süpürür, paltarları maşına atır, amma heç vaxt sərmir. Deyir, “birdən kimsə görər”. Oğlumu həftənin 5 günü məktəbə aparmaq isə mənə baxır”. 

Bəstinin deməsinə görə, yoldaşı son iki ayı fasiləsiz işləyib. Odur ki, ona ev işlərində kömək edə bilməyib: 

“O işdə olanda mən bütün işləri tək həll edirəm. Bayramlarda bir neçə günlük istirahət verirlər . Onda da ev işlərində kömək edir. Belimdə yırtıq olduğundan ağır qaldırmağıma heç vaxt izin verməyib”.

“Qadın deyəndə ağla ilk gələn ev işi olur”

Sosial işçi olan Afaq Aqil deyir ki, cəmiyyyətdə evdarlıq adi, yüngül bir iş kimi qarşılanır. Onun fikrincə, bu, keçmiş dövrlərdən bəri cəmiyyətə yeridilmiş bir tabudur. Çünki maskulinlik cəmiyyətdə daim üstün, qadın olmaq isə zəif görülüb: 

Afaq Aqil
Afaq Aqil

“Qadınlara həmişə “yüngül” işlər tapşırılıb. Ev işlərini də qadınlar gördüyü üçün insanlar düşünüb ki, evdarlıq daha yüngül işdir və bunu qadın etməlidir. Halbuki ev işləri kifayət qədər ağırdır və fiziki güc tələb edir. Qadın deyəndə cəmiyyətdə ağla gələn ilk şey ev işi olur. Düşünülür ki, qadınsansa, sən ev işinin bütün növlərini bacarmalısan. Bacarmayanda da “sən necə qadınsan ki, ev işini bacarmırsan?” – kimi fikirlər səsləndirilir”.

Afaq Aqil yada salır ki, kişi “ev işlərini bacarıram” deyəndə, bu, insanlar tərəfindən möhtəşəm bir şey kimi, qeyri-adi qarşılanır: 

“Başqa bir reaksiya isə “qadınsan?” olur. Lakin qadın “ev işlərini bacarıram” deyəndə bu, adi qarşılanır. Həmin işlər qadının öhdəliyiymiş kimi alqılanır”. 

Qadına və kişiyə yaraşdırılan rollar

Onun sözlərinə görə, insanların beyninə yeridilən bir fikir var: Bioloji olaraq kişisənsə, fiziki, ağır işləri görə bilərsən. Yox, qadınsansa, fiziki güc tələb edən işləri görməyə gücün çatmaz: 

“Halbuki elə qadınlar var ki, fiziki gücü kişilərdən daha çoxdur və ondan daha ağır işlər görə bilir. Hətta cəmiyyətdə bəzi peşələr də var ki, o işlərdə “qadın çalışa bilməz” – deyirlər. Əslində isə o sahədə işləmə potensialına malik bir çox qadın var”.

“Qız evdə, oğlan çöldə işləməlidir”

“İşinin adı nədir?”, “Bütün gün evdə oturursan”, “Etməlisən də, işindir” – kimi düşüncələrin yaranma səbəbi yenə patriarxal cəmiyyətdir. 

Afaq Aqil deyir ki, bu düşüncələrin kökü evdə qızla oğlan arasında qoyulan fərqdən başlayır: 

“Oğlan özünə çay süzəndə ona “yox, yox, sən otur, mən gətirərəm” ya da qızlara “dur qardaşına çay gətir”,  “ev işlərində kömək et” kimi tələblər qoyulur. Oğlan isə ev işlərinə yox, çöl işlərinə yönləndirilir. “Get atana kömək et” kimi. Düşünürəm ki, bunun yaranma səbəbi uşaqların patriarxal rejimə uyğun böyüdülməsidir. Kişisənsə, güclüsən və buna uyğun, ağır işləri sən görməlisən. Cəmiyətdə oğlan uşaqları hansısa ev işini görərsə, ona qarşı “qadınsan, qadın olacaqsan” kimi ifadələr işlədirlər. Bir sözlə, cinslərə vəzifələri uşaqlıqdan yeridilir. Qız evdə, oğlan isə çöldə işləməlidir, vəssəlam – deyilir. Ona görə də cəmiyyət indiki kimi formalaşır”. 

“Patriarxal rejim kişinin üstünlüyünü qoruyur”

Müəllif Matthias Pflügner
Müəllif Matthias Pflügner

“Maddiyyat güclü bir şeydir. Onu təmin edən insan həmişə güc faktoru olub. Odur ki, evə pul gətirən də güclü sayılır”, – deyən Afaq Aqil əlavə edir ki, indiki dövrdə həm qadın, həm kişi işləyir. Hətta bəzən qadın kişidən daha çox pul qazanır, lakin yenə də evə gələndə patriarxal rejim üstünlüyü kişiyə verir: 

“Qadınlar var ki, işləyirlər, amma qazandıqları pulu kişiyə verirlər. Sən qadınsansa, nə olur, olsun kişiyə tabesən. Pul qazanan güc faktoru hesab olunsa da, patriarxal rejim kişinin üstünlüyünü qoruyur. Burada “pul gətirənin sözü keçərli olur” – qanunu da işləmir”.

Afaq Aqil düşünür ki, evdar qadınlara münasibət  qanunvericiliklə tənzimlənməlidir. Skandinaviya ölkələrində olduğu kimi ya qadına ayrıca əmək haqqı verilməli, ya da işləri görmək üçün xüsusi adam tutulmalıdır: 

“Bunlardan əlavə, reklam çarxları, televiziyalar, sosial şəbəkələr, saytlarda qadın kişi arasındakı iş bölgüsü barədə danışılmalıdır. Yaxud xalq tərəfindən sevilən, cəmiyətdə sözü keçərli olan insanlar “görünməyən əmək hesablanmalıdır”, “evdar qadının işləri görünməz əmək hesab olunmamalıdır” – kimi fikirlər səsləndirməli, təbliğat apararaq cəmiyyətin düşüncəsini dəyişməlidirlər.

İşin hüquqi tərəfi 

Hüquqşünas Səməd Rəhimli də düşünür ki, evdar qadınların hüquqları yetərincə qorunmur. Deyir ki, düzdür, Azərbaycanın ailə qanunvericiliyi qadın və kişinin hüquq bərabərliyinə əsaslanıb. Bu bərabərlik prinsipinə uyğun olaraq qadınlar nikah çərçivəsində əldə etdikləri maddi və qeyri-maddi hüquqlarla bərabər hüquqlara malikdirlər:

Səməd Rəhimli
Səməd Rəhimli

“Problem odur ki, Ailə Məcəlləsi hüquq bərabərliyini təsbit etsə də, praktikada problemlər var. Səbəbi isə Ailə Məcəlləsinin təminatlarının praktikada tətbiq edilməməsidir”.

Hüquqşünas deyir ki, məsələn, bəzi ailələr rəsmiləşdirilmədən qurulur. Onların sadəcə toyu olur, nikah bağlamırlar: 

“Belə halda qadınlar rəsmi nikah olmadığı üçün Ailə Məcəlləsinin verdiyi təminatlardan istifadə edə bilmir. Bu, geniş yayılmış problemdir”. 

“Dövlət orqanları Ailə Məcəlləsini dolğun tətbiq etməyə meyilli deyil”

Səməd Rəhimli bildirir ki, nikah rəsmiləşdirildiyi hallarda da əmlak bölgüsü ilə bağlı problemlər yaranır. Bunun isə səbəbi bir çox şəxsin nikaha girdikdən sonra öz əmlakını (ev, avtomobil kimi) yaxın qohumlarının adına rəsmiləşdirməsidir: 

“Həmin şəxslərin evləndiyi qadınlar daha sonra əmlak əldə edə bilmir. Digər problem isə odur ki, dövlət orqanları Ailə Məcəlləsini dolğun tətbiq etməyə meyilli deyil. Dövlət orqanları (məhkəmələr daxil olmaqla) daha çox şablon qərarlar qəbul edir və əlverişsiz qrup kimi qadınların hüquqları məsələsinə ehtiyatla yanaşmırlar”.

Hüquqşünas bildirir ki, xüsusilə məişət zorakılığına dövlət orqanlarının reaksiyasında bunu müşahidə etmək mümkündür. Eyni zamanda, boşanmış qadınlara münasibətdə uşaqlara baxılması üçün alimentin ödənilməsində də çətinliklər var: 

“Evdar qadınların qanunvericiliklə xüsusi statusu nəzərdə tutulmayıb. Onların hüquqları Ailə Məcəlləsi çərçivəsində digər qadınlarla eyni təminatlara malikdir və eyni qaydada mühafizə olunur. Yuxarıda qeyd etdiyim kimi bununla bağlı problem ondan ibarətdir ki, Ailə Məcəlləsinin praktikada tətbiqi ilə bağlı problemlər  var”.

““Yad qızı”na əmlak verməmə tərəfdarlığı var”

Azərbaycan Ailə Məcəlləsi əmlak bölgüsünün iki qaydasını müəyyən edir. Bu, ya qanuna, ya da müqaviləyə əsaslanır. 

Səməd Rəhimli bildirir ki, qanuna əsaslanan qaydada  nikaha girdikdən sonra əldə edilən əmlak tərəflər arasında bərabər bölünür. Müqaviləyə əsaslanan qaydada isə tərəflər nikah müqaviləsi bağlayır. Həmin müqavilə əsasında hansı əmlakın kimə aid olacağı təyin edilir:

“Boşanma baş verdikdə əmlak bölgüsü həmin müqavilədə nəzərdə tutulan qaydaya uyğun olaraq həyata keçirilir. Praktikada problem ondan ibarətdir ki, bir çox kişilər qadınla yarı-yarıya əmlak bölgüsü baş verməsin deyə nikahdan sonra əldə etdikləri əmlakı başqa qohumlarının adına rəsmiləşdirir. Bir sözlə, cəmiyyətdə yanaşma ənənəvidir: “yad qızı”na əmlak verməmə tərəfdarlığı var”.

Hüquqşünasın sözlərinə görə, bir çox işləyən kişilər evdar qadının işləmədiyi üçün əmlak bölgüsündə haqqı olmadığına inanır. Buna görə də qanunun tələblərindən yayınmaq üçün müxtəlif addımlar atır: 

“Çünki həmin şəxslər ənənəvi düşüncəyə uyğun olaraq evdar qadının əmlak üzərində haqqının olmamasına inanır. Eyni zamanda, evlilikdən sonra alınan mülklərin başqasının adına rəsmiləşdirilməsi də qadınları əmlak bölgüsündən məhrum edir”.  

Yazdı Nərgiz Abbasova

Qadınları hədəf alan siyasi mübarizə

Azərbaycanda qisas məqsədilə şəxsi həyatın ictimailəşdirilməsi Son illər Azərbaycanda siyasətçiləri cəmiyyətin gözündən salmağın məşhur yolu şəxsi həyatının ictimailəşdirilməsidir. Nəticədə, hakimiyyətlə müxalifət arasındakı çəkişmələrdə bəzən qadınlar təhdid vasitəsi olur, bəzənsə birbaşa təhdidlə üzləşirlər.  Məsələn, “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahid və direktoru Azər Əhmədovun şəxsi həyatlarındakı qadınlarla “şantaj” edildikləri bildirilir. 2021-ci ildə siyasi mövqeyinə görə qızının intim...

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

Cəmiyyətdə zorakılığın normallaşdırılması necə baş verir?

“Tək əl qaldırmaq yox, səsini ucaltmaq, aqressiv davranış da zorakılıqdır” Maddi imkanların qısıtlanması, iş imkanlarının əldən alınması da zorakılıqdır, insana heç bir işə yaramadığını demək də, ona əl qaldırmaq da…  Fiziki, psixoloji, iqtisadi zorakılıq – biri digərindən daha az zərərli deyil. Lakin Azərbaycan cəmiyyətində zorakılıq deyəndə, ağla əl qaldırmaq, döymək gəlir. Digərləri zorakılıq hesab edilmir...

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik. 8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli...

Hamiləlikdən qorunma: Niyə ağla yalnız qadın bədəni gəlir?

Kişilər qorunmaq üçün nələr edir? Azərbaycan cəmiyyətində hamiləlikdən qorunmaq deyəndə, ağla gələn ilk üsullar qadın bədəninə müdaxilədən keçir. Halbuki bu, qadınların olduğu qədər, həm də kişilərin məsuliyyətidir.  Qorunma deyəndə, mütləq, düşünülür ki, qadın hansısa addım atmalıdır, kişilərin isə bu məsələlərdə məsuliyyəti daha az vurğulanır.  Məqalədə yaranmış vəziyyətin səbəblərini araşdırmışıq.  40 yaşlı Sevil Məlikova (ad şərtidir)...

Feministlər Bakıda aksiya keçirib: bu gün də üsyandayıq, haqlara israrlıyıq!

Aksiyada qadın jurnalistlərin həbsinə, erkən nikahlara, bulinqə, zorakılığa etiraz edilib “Qız xeylağı özünü azad aparar”, “Masa arxasında olmalıyıq, menyuda yox”, “Cəsarətli qadın inqilabdır”, “Patriarxat sağlamlığa ziyandır”, “Hər kəsi adı ilə çağıracağıq”, “Sağ qalmaq da etirazdır”. Bu şüarlar martın 8-də Bakının mərkəzində Feminist Hərəkatının “8 MARŞ – Duruş sərgiləyirik” adlı piketində səsləndirilib. Qadınlar Xurşudbanu Natəvanın Bakının...

“Mənim bədənim, mənim seçimim”

Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə oldu Fransa Parlamenti konstitusiyada abort (hamiləliyi sonlandırmaq) hüququnu təsdiqləyən qanunvericilik əlavəsini qəbul edib. Beləliklə, Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə olub. Bu ölkənin prezidenti Emmanuel Makron və onun partiyasının təklif etdiyi təşəbbüsün lehinə 780 deputat səs verib. Qanunvericilik əlavəsinə 72 deputat “yox” deyib. Makron sosial...

Adət-ənənə “vərəsəlik hüququna meydan oxuyur”

“Valideyndən qalan var-dövlətdə qız övladın da payı var, lakin çoxunun bundan xəbəri yoxdur” Dünyadakı əksər cəmiyyətlərdə mülkiyyət hüquqları, mədəni normalar ənənələrlə qarışıb. Üstəlik, bu ənənələr kişilərə üstünlük verir. Məsələn, valideynlərdən qalan bütün mal-mülk birmənalı oğlan uşağına bağışlanır. Nəticədə, cinslər arasında mülkiyyət və miras fərqləri, ayrı-seçkilik yaranır. Tarix boyu üstünlük təşkil edən mədəniyyət normaları mülkiyyətin kişi...

FEMSÖHBƏTLƏR | Feministlərin 2024-cü ildən gözləntiləri nələrdir?

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Məncə, yeni ilə yeni feminist təqvimdən baxmaq üçün gözəl gündür. Bu gün müxtəlif qonaqlarla birgə 2024-cü ildən danışacağıq. Dəqiq desək, feministlərin 2024-cü ildən nələr gözlədiklərini, yaxud qadın haqları üçün mübarizədə qarşıdakı ildə planlarını müzakirə edəcəyik. 2023-cü il Azərbaycan da daxil olmaqla bir çox ölkə üçün həm daxili, həm...

Mənim Yeni Tarix