Ev İşləri: qadının məsuliyyəti, yoxsa bərabər iş bölgüsü?

0

Evdə iş bölgüsünün həm partnyorların, həm də uşaqların həyatına təsirləri 

Uşaq baxımı, yemək bişirmək, təmizlik – bir sözlə, ev işi deyəndə ağla ilk gələn qadınlar olur. Hətta kənd yerlərində əkinçilik də daxil olmaqla, heyvanlara baxmaq kimi ödənişsiz və görünməz işlərin böyük əksəriyyətini də qadınlar görür. 

Belə işlər ödənişsiz olsa da ev təsərrüfatı və iqtisadiyyat üçün vacib hesab edilir. Əksər hallarda dəyəri bilinməyən bu işlər əslində çox zəhmət tələb edir. 

Unwomen.org saytı yazır ki, qadınlar kişilərə baxanda 2.5 dəfə daha çox görünməz əməklə məşğul olur.

zərbaycandakı ailələrdə də vəziyyət fərqli deyil. Ev işlərinin çox hissəsi qadınların öhdəsindədir. 

Lakin elə Azərbaycan ailələri də var ki, orada iş bölgüsü partnyorlar arasında bərabər bölünüb. 

“Femmekan”ın budəfəki mövzusu birgə yaşayışda iş bölgüsü edən partnyorların təcrübəsi barədədir.

Mənbə: Freepik

“Almaniyada partnyorlar arasındakı iş bölgüsünü açıq hiss edirik”

Fatimə Sabirli və Rəcəb Cəfərov bir ildən artıqdır ki, birgə yaşayırlar. Əvvəlcə Bakıda, sonra isə Ukraynada yaşayıblar. Fevralda başlayan Rusiya-Ukrayna müharibəsindən sonra isə Almaniyaya köçməli olublar. 

Demələrinə görə, Almaniyada da partnyorlar arasında iş bölgüsü var və bu, açıq hiss ediləcək dərəcədədir. Onlara gəlincə, Fatimə deyir ki, yemək bişirməyi sevdiyinə görə ilk başdan bu işi öz üzərinə götürüb. Qab yumaq işinə isə hər zaman Rəcəb baxır. Qalan işləri isə tən yarı bölüblər. 

“Mən evi tozsoranlayıram, Rəcəb isə silir. Yatağı birgə yığırıq. Bizdə hər şey yarı-yarıyadır. Heç nəyi nə mən, nə Rəcəb tək başına edir”.

Rəcəb isə gülərək əlavə edir ki, elə Fatimənin yemək bişirməsi işlərin 70-80 faizidir. 

“Qadın evin süpürgəsidir”, yaxud keçmiş travmalar…

“Cütlük iş bölgüsü edəcəklərini əvvəlcədən planlaşdırıbmı?” –  sualına cavabda Rəcəb deyir ki, Fatimə ilə onlayn tanış olub. Elə həmin vaxtdan haraları gəzəcəklərindən tutmuş, nələri sevdiklərinə qədər hər şeyə, eləcə də bu məsələyə toxunublar: 

“Bu məsələləri də danışıb normal qəbul etdik. Deyirlər e “qadın evin süpürgəsidir, qadın elə, qadın belə…”. Bizdə elə şey yoxdur. Müasir ailəyik, elə indi də müasir dövrdür”.

Fatimə isə düşünür ki, müasirlikdən əlavə, məntiq deyilən bir şey var. Hər işin qadının öhdəsinə düşməsi ona görə məntiqsizdir:

“Bizim evdə atam anama heç vaxt kömək etməyib. Bu, həmişə mənə pis təsir edib. Atamla söhbət edəndə deyirdi ki, heç vaxt ola bilməz ki, azərbaycanlı kişi ilə birgə yaşayasan və onun düşüncələri fərqli (red: qeyri-konservativ) ola”.

Rəcəb isə söyləyir ki, onun ailəsində eyni hal olsa da, bunu travma kimi görməyib, sorğulamayıb və həyatına Fatimə girəndən sonra hər şey dəyişib: 

“Məncə, bu, daha yaxşı, daha ədalətlidir”.

Mənbə: Vexels
Mənbə: Vexels

“Partnyorun ev işi görməsi kömək sayılmamalıdır”

Məişət işlərinin çətinliklərinə gəlincə, Rəcəb deyir ki, bəli, asan deyil. Məsələn, qab yuyarkən səsli kitab, yaxud  musiqi dinləyir ki, başı qatılsın, işi tez bitsin. 

Fatimə iş bölgüsünün həyatlarını asanlaşdırdığını düşünür. Belə olanda birgə keçirmək, özünü inkişaf etdirmək üçün çox vaxtlarının qaldığını söyləyir: 

“Meditasiya etməyi, yoqanı çox sevirəm, qısaca, hobbilərimə daha çox zamanım olur. Məncə, partnyorun ev işi görməsi kömək sayılmamalıdır. Məntiqli insan anlamalıdır ki, öz tökdüyünü yığışdırmalıdır. Evdə hər kəs özünə aid işləri görməlidir, hətta vaxtı qalsa, onda kömək də edə bilər. Məsələn, Rəcəb saçımı darasa, onda mənə kömək etmiş olar. Çünki bu, onun işi deyil”.

Kim daha yaxşı bacarırsa…

Beş il birgə yaşayan, bir il öncə evlənən Aysel və Emil də  (adlar şərtidir) ev işlərini bölür. Bunu əsasən günlük edirlər. Yəni bir gün işləri Aysel, növbəti gün isə Emil görür. Demələrinə görə, bu, həmişə belə olmayıb:

“Təzə-təzə başlayanda işləri xüsusi qayda olmadan edirdik. Zamanla gördük ki, belə alınmır, günlük rejimə keçdik” – deyən, Aysel əlavə edir ki, kiminsə yazısı, ev tapşırığı, imtahanı olursa, həftənin işini bir nəfər üzərinə götürür .

Emil tələbəlik illərində Ayselin ev işlərinə borclandığını, daha çox işin onun üzərinə düşdüyünü bildirir. Deyir, bəzən Aysel imtahanlara hazırlaşıb yorulduğundan, növbəti həftəni də işləri üzərinə götürməli olub. 

Cütlük işləri daha çox “kim hansı işi daha yaxşı bacarır, o edir” – əsaslanaraq bölüb:

“Yer silməyə çox vaxtım gedirdi, Emil isə bu işi daha keyfiyyətli və tez edir. Odur ki, əksər vaxtlarda o edir. Yeməklərdən də kim hansını daha yaxşı bişirirsə, o yeməyi həmişə özü bişirir”, – Aysel vurğulayır. 

“Hərə öz roluna girir”

Bərabər iş bölgüsü ilə yaşasalar belə, ailələrindən belə görməyiblər. Gördükləri analarının ev işləri ilə məşğul olması, atalarının işə getməsi olub. Aysel deyir ki, birgə yaşayışda hərə öz roluna girsə belə, atasının tək yaşama təcrübəsi olub deyə daha sərbəst imiş:

“Atam paltarlarını həmişə özü ütüləyib. Yaxud kömək etməsə belə, başqa işlərində hər an anamı axtarmayıb. Otağında nə haradadır, bilir. Lakin bu, kifayət deyil. Məncə, evdə iş bölgüsü mütləqdir, əks halda, bir adamın üzərinə böyük yük düşür. Əsasən də hər iki tərəfin işlədiyi mühitdə…”.

Aysel deyir ki, əvvəlki nəslə, eləcə də valideynlərinə bunu başa salmaq çox çətindir. Bəzən inciyə də bilirlər:

“Məsələn, lazım deyil, bu işi görmə – deyəndə, küsə bilərlər. Məncə, özlərini bu işlərdə tapıblar deyə bunu deməyimiz onları incidə bilir”.

Mənbə: nmdesign_ua
Mənbə: nmdesign_ua

“Evdə işləyənin də maliyyə azadlığı olmalıdır”

Emil üçün isə məişət işi həm yorucu və ağır, həm də dəyəri verilməyən əməkdir. Onun fikrincə, bir nəfər işləyir, digəri məişət işləri görürsə, burada əmək haqqının ədalətli bölgüsü də olmalıdır: 

“Bu, öncədən partnyorlar arasında müəyyənləşdirilməli məsələdir. Məsələn, qazanılarn 1500 manatdan 800-ü evin xərcidirsə, 700 manat yarı-yarıya bölünməlidir. Hər bir halda evdə işləyənin maliyyə azadlığı olmalıdır”.

Emil düşünür ki, bölgünün əsas tərəfdarı qadınlar olmalıdır, çünki yük onların üzərindədir. Deməsinə görə, əgər bir nəfər digər əmək fəaliyyəti ilə məşğuldursa və bu, gəlir gətirirsə, digəri ev işləri görə bilər. Amma məişət işləri görən şəxs partnyorundan ayrıla bilər, yaxud partnyorunun başına iş gələ bilər. Bununla da artıq ev işləri görən şəxsin kvalifikasiyası olmayacaq və o, əmək bazarında lazımsız qalacaq: 

“Ona görə evdə iş bölgüsü lazımdır ki, hər iki şəxs öz üzərində peşəkar olaraq da çalışa bilsin. Məsuliyyəti, bacarığı da bölmək lazımdır ki, stabillik olsun”, – o əlavə edir.

“Qadın gərək çöldə də işləsin, sonra gəlsin evin işini də çatdırsın”

Sosioloq Sənubər Heydərova düşünür ki, Azərbaycanda yer salmış kult qaydalar, dəyərlər nəzəri olaraq var olsalar da, çox aktiv deyillər. Dəyərlərin laxlamasına evdəki iş bölgüsü də daxildir: 

“Əvvəllər necə idi?  Evin ağır işini kişi görərdi. Qadının işi isə yumaq, geyindirmək, doyuzdurmaq, uşaqlara baxmaq idi. İndi elə deyil. Qadınların iqtisadi aktivliyi daha çoxdur. Təəssüf ki, əksər insanlar hələ də köhnə fikirlə yaşayır. Nəticədə, qadın həm evdə, həm də çöldə işləməli olur.  Bu da onun istismar olunmasına gətirib çıxarır. Yükü ikiqat artır”. 

“Cəmiyyətin ev işlərinin bərabər bölünməsinə münasibəti birmənalı deyil”

Sosioloq deyir ki, xarici təcrübə görmüş müasir, gənc ailələrdə ev işlərinin bərabər bölgüsünə daha çox rast gəlinir. Buna baxmayaraq, cəmiyyətin ev işlərinin bərabər bölünməsinə münasibəti birmənalı deyil: 

“Onlar gənc ailələrin işlərinə qarışa bilir, müdaxilə edirlər.  Hətta özünə durub qulluq edən kişilərin bəziləri bunu valideynlərin yanında edə bilmir”.

Gender bərabərliyinin uşaqların münasibət qurmağına təsiri

“Valideynlərin işləri paylaşdığı ailədə uşaqlar necə böyüyür” – sualına cavabda Sənubər Heydərova deyir ki, belə hal uşaqların tərbiyəsinə çox yaxşı təsir edir. Onlar görürlər ki, heç də qadın ya kişi işi deyə bölgü yoxdur, kimin əlindən nə gəlirsə, yaxud kimin nəyə vaxtı çatırsa, o işi görür: 

“Bir sözlə, evdə işlər bərabər bölünür. Uşaqların ailədə həm sevginin, həm də iş bölgüsünün açıq müzakirə olunduğunu görmələri və razılığın şahidi olmaları çox önəmlidir”.

İş bölgüsünün ailədəki uşaqların gələcək həyatına təsiri

Sənubər Heydərova düşünür ki, valideynlər arasında iş bölgüsünün olduğu ailələrdə böyüyən uşaqlar gələcəkdə gender bərabərliyini nəzərə alaraq böyüyür. Bu da gələcək münasibətlərinə yaxşı təsir edir. Üstəlik, belə uşaqlar daha sərbəst və müstəqil olur:

“Lakin bu bacarıqları öyrənməyən uşaqlar gələcəkdə  müstəqilləşməkdə çətinlik çəkirlər. Məsələn, oğlanlar böyük yaşlarına qədər heç vaxt özünə qulluq bacarıqlarına tam yiyələnə bilmir. Əsgərlik zamanı, yaxud xaricə gedən zaman çox əziyyət çəkirlər. Həmçinin necə münasibət quracaqlarını bilməmələri onların həyatını çətinləşdirir”.

“Cəmiyyətin müqaviməti güclüdür”

Sənubər Heydərova deyir ki, cəmiyyətin ev işləri bölgüsünə münasibəti yaxşı deyil. Amma bu, dəyişməyə davam edir: 

“Yəni hər bir sosial rolda biz mütləq tarixi ardıcıllığı nəzərə almalıyıq. Tarixdə iqtisadi azadlıq nə yerdə idi,  sosial rollar necə bölünmüşdü, buna uyğun olaraq da ailəiçi rolları bölünüb. Getdikcə bu sosial rollar dəyişsə də, cəmiyyət köhnə, öyrəşdiyi fikirlərdə qalır”. 

Sosioloqa görə, cəmiyyətin fikri tarixən də daha asta dəyişən proses olub. Bu gün yeni qərarlara müqavimətinə səbəb də budur: 

“Hamımız beləyik: inandığımız şeylərə bağlıyıq və çoxumuz yeni informasiyaya müqavimət göstəririk. Bir sözlə, cəmiyyətin müqaviməti güclüdür. Çünki onlar daha çoxdur”.

Elə Aysel və Emil cütlüyü də düşünür ki, Azərbaycanda əksər ailələrdə uşaqlara doğru istiqamət verilmir. Məsələn, hər adama, qız, oğlan fərq eləmədən arxasınca yığışdırmaq öyrədilsə, hamı öz işini bilər. Çünki sonradan öyrənmək çətin və əziyyətli olur. 

Yazdı Ayan Şamçı

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

Cəmiyyətdə zorakılığın normallaşdırılması necə baş verir?

“Tək əl qaldırmaq yox, səsini ucaltmaq, aqressiv davranış da zorakılıqdır” Maddi imkanların qısıtlanması, iş imkanlarının əldən alınması da zorakılıqdır, insana heç bir işə yaramadığını demək də, ona əl qaldırmaq da…  Fiziki, psixoloji, iqtisadi zorakılıq – biri digərindən daha az zərərli deyil. Lakin Azərbaycan cəmiyyətində zorakılıq deyəndə, ağla əl qaldırmaq, döymək gəlir. Digərləri zorakılıq hesab edilmir...

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik. 8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli...

Seçdiyin, yoxsa sənə yaraşdırılan peşə? 

Zirvələri fəth edən qadının hekayəsi  Azərbaycan cəmiyyətində insanlara cinsindən asılı olaraq peşə yaraşdırmaq adi haldır. Məsələn, mühəndis, arxitektor, sürücü, pilot, alpinist kimi peşələr kişilərə, həkim, müəllim, tibb bacısı kimi peşələr isə qadınlara uyğun görülür. “Qız uşağısan”, “sən kişisən”, – ifadələrilə başlanan cümlələrin sonu şəxsi həyata, arzulara, istəklərə müdaxilə ilə bitir.  Götürək alpinizmi – Azərbaycanda qadınların...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Hamiləlikdən qorunma: Niyə ağla yalnız qadın bədəni gəlir?

Kişilər qorunmaq üçün nələr edir? Azərbaycan cəmiyyətində hamiləlikdən qorunmaq deyəndə, ağla gələn ilk üsullar qadın bədəninə müdaxilədən keçir. Halbuki bu, qadınların olduğu qədər, həm də kişilərin məsuliyyətidir.  Qorunma deyəndə, mütləq, düşünülür ki, qadın hansısa addım atmalıdır, kişilərin isə bu məsələlərdə məsuliyyəti daha az vurğulanır.  Məqalədə yaranmış vəziyyətin səbəblərini araşdırmışıq.  40 yaşlı Sevil Məlikova (ad şərtidir)...

Həyatını uşaqların küçədə qalmamasına həsr etmiş qadın

Azərbaycanda ilk uşaq sığınacağının yaranması tarixçəsi “Həssas qruplarla işləmək üçün ən vacib şərt peşəkarlıq, məsuliyyət və səbrli olmaqdır”, – söhbətə belə başlayır, Kəmalə Ağazadə. O, Azərbaycanda uşaq hüquqları müdafiəçisidir. Rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin (AUB) tabeliyində sığınacaq yaradıb. Təşkilat hər il zorakılıqla üzləşmiş, tərk edilmiş yüzlərlə uşağa hüquqi və psixoloji yardım edir. “Müvəffəqiyyətə gedən yol...

“Cəmiyyət qadınların daha azad olduğu zaman dəyişəcək” 

Özünü bir çox sahədə sınayıb, “nude” fotoqrafiyada tapan qadın “Femmekan”ın budəfəki qonağı fotoqraf Şərəf Nağıyevadır. O, zaman-zaman sevmədiyi işlərdə çalışıb, hətta universitetin ingilis dili müəllimliyi fakültəsinə qəbul olub, bitirsə də, bu sahədə özünü rahat hiss etməyib.  Deyir, uzun illərdən sonra fotoqrafiya ilə məşğul olmağa başlayıb. Son yeddi ildir “nude” fotolar çəkir. Deyir, özünü yaradıcı işdə...

Mənim Yeni Tarix