Etnik gürcü və azərbaycanlı qadınların ortaq dərdləri 

8

Dil, təhsil və cəmiyyətə inteqrasiya problemləri 

Azərbaycanda yaşayan etnik gürcü qadınlar azərbaycanca necə bilir? Onlar universitetə qəbul ola, iş tapa, bir sözlə, Azərbaycan cəmiyyətinə qarışa bilirlərmi? 

Eləcə də sərhədin o tayına boylananda, Gürcüstanda yaşayan etnik azərbaycanlı qadınların həyatı, təhsili, dil bilgisi və cəmiyyətə inteqrasiyası nə yerdədir? 

“Femmekan” mövzuya ikitərəfli yanaşaraq, hər iki tərəfin vəziyyətinə güzgü tutub. 

26 yaşlı Gülgün Məmmədli Gürcüstanın Marneuli rayonunun Təkəli kəndində doğulub.

Ölkənin cənub şərqindəki Marneulidə əsasən, etnik azərbaycanlılar yaşayır.  

Gülgün Tbilisidə bakalavr təhsili alıb, kəndindəki məktəbdə müəllimədir. Eyni zamanda, Gürcüstanda yaşayan azərbaycanlı qadınların inkişafı üçün çalışır, eko könüllülük edir.

Adət-ənənələr qanunlarla toqquşanda

Gürcülər arasında qadınların təhsilə əlçatımlığı, sosial, siyasi fəallığı, iş imkanları yadırğanacaq hal olmasa da, bu, ölkədə yaşayan etnik azərbaycanlılar üçün keçərli deyil. 

Marneulinin mərkəzi sosial fəaliyyətlərə daha açıq olsa da, kəndlərdə əhali yalnız təsərrüfatla məşğuldur. 

Rayondakı azərbaycanlılar konservativ və mühafizəkar müsəlmanlardır, adət-ənənələr qanunlarla toqquşanda onların seçimi əsasən, ənənədən yana olur. 

“Orta məktəbdə oxuyanda bacımla erkən nikahla bağlı maarifləndirmə edirdik. Məktəbi bitirməmiş onu qaçırtdılar, təhsili yarımçıq qaldı”, – Gülgün Məmmədli danışır. 

“16 yaşlı arvadlar”

Gürcüstanda yetkinlik yaşına çatmayan azərbaycanlı qızların evləndirilməsi Azərbaycan mediasında da yayımlanır. Qızlar təhsildən yayındırılır, erkən ana olur, həyatını uşağa həsr edir. 

Gülgün kəndlərində baş verən hadisələrə səssiz qalmır. Onun erkən nikahlara diqqət çəkən “16 yaşlı arvadlar” adlı qısa sənədli filmi var. Film 2019-cu ildə “Depict” film yarışında qalib də olub. 

O, səkkizinci sinifdə oxuyanda məktəblərindən bir qız universitetə qəbul olub. Bu, onda təhsillə bağlı ümid yaradıb. 

“Məzun olmağa yaxınlaşdıqca, olimpiadalarda qalib olurdum. Zamanla atamda fərəh hissi yaratmağı bacardım. Sonra Tbilisi Dövlət Universitetini tam təqaüdlə qazandım. Heç bir pul ödəməyəcəkdim deyə, ailəm oxumağıma razı oldu”.

Universitet dönəmi və gürcü dili problemi

Gülgünün növbəti çətinliyi ailəsini sosial, ictimai fəaliyyətinə razı salmaq olub: 

“Hər gün zəng edirdilər ki, “hardasan?” Universitet həyatı mənim üçün stress dolu idi, çünki gürcü dilini gürcülər qədər yaxşı danışmırdım. Bütün günü universitetə get-gəl prosesində təcrid olunmuş hiss edirdim. Sonra “GİPA Medialab”-ın sənədli film çəkmək layihəsinə qoşuldum. Filmlərim yarışlarda qalib oldu və 3000 GEL (1800 manat) mükafat aldım. Həmin pulu ailəmə verdim. Bu, ailəmi sosial fəaliyyətlərimin faydalı olduğuna inandırdı. Başladılar məni dəstəkləməyə”.

Marneuli məktəblərində təhsil Azərbaycan dilindədir. Şagirdlərə gürcü dili fənn kimi keçirilir. 

Kənd sakinləri bildirir ki, oxumaq istəyənlər var, lakin gürcü dilində yaxşı bilmədikləri üçün əvvəllər bu, mümkün olmurdu. İndi isə Gürcüstan hökuməti etnik azlıqların yaşadığı ərazilərdə 2010-cu ildən həyata keçirdiyi “1+4” proqramı həyata keçirir. Proqrama əsasən, etniklər qəbul imtahanını ana dilində verir. İmtahandan keçənlər isə ilk bir il gürcü dilini öyrənir, sonra ixtisasları üzrə təhsil alırlar. 

Ümumilikdə isə Gürcüstanda yaşayan etnik azərbaycanlılar 33 il əvvəl Sovet vətəndaşı olub, orta təhsili ana dilində alıblar. Dövlət dili isə rusca olub. Ali təhsil almaq istəyənlər, Azərbaycandakı universitetlərə və ya texniki məktəblərə üz tutub. Həmin dövrdə fabrik, zavodlarda işləyən etniklər Sovetlər Birliyi dağıldıqdan sonra gürcücə bilmədikləri üçün işsiz qalıb. Bundan sonra kənd təsərrüfatının geniş yayıldığı bölgədə hər bir azərbaycanlının qazancı əkin-biçindən gəlib. 

Gürcüstanın müstəqil olduğu son 33 ildə etnik azərbaycanlı icma get-gedə izolyasiya olub. 

Oxumaq üçün Azərbaycana üz tuturlar

Təkəli kəndindəyik. Yağışlı yay günündə 75 yaşlı Zərifə Əliyeva iş başındadır – bitkilərin üstünü sellofanlamaqla məşğuldur. O, dördüncü sinfədək oxuyub, uşaqlıqdan əkin-biçinlə məşğuldur. 

Deməsinə görə, həyatını bu kənddən kənarda təsəvvür edə bilmir. Gün boyu işləyir, həmsöhbəti də ailə üzvləri, qohum-qonşusudur. Bugünədək nadir sayda gürcü ilə ünsiyyətdə olub. Onlardan biri Marneulidə torpaq sahibi olan gürcü qonşusudur. O, azərbaycanlıların içində yaşadıqca, yerli dilə aşina olub. Ara-sıra Zərifə Əliyevanın evinə qonaq gəlir. 

Zərifə Əliyeva hər iki qızını oxudub. Onları buna görə   Azərbaycanda yaşayan bibisigilə göndərib. İndi qızlarından biri tibb bacısı, digəri isə ibtidai sinif müəlliməsidir. 

“Qızımın biri Muğanlı kəndindədir, o biri isə Gəncədə. O vaxt işlədilər, sonra ərləri qoymadı. Heç biri gürcücə bilmir. Nəvələrim gürcücə bilir, biri işləyir, digərini son sinifdə qaçırdıblar”. 

  • Niyə geri gətirmədiniz?
  • Yaşı tamam oldu, getdi. Eləsi var ki, zorla qaçırdılır. Onu polis gücünə alırlar. Ancaq azərbaycanlılar qaçırılana pis baxır. İndi ərinə deyib, “icazə ver, oxuyum”. İki uşağı var. Cavabı “uşaqlar məktəbə getsin, sonra”, – olub. 

Qaçırılan qızların taleyi

Gülgün Məmmədli deyir ki, kəndlərdə qaçırılan qızların arxasında duran olmur. Sözünə davam edir, deyir, onu qaçırtsalar, polisə şikayət edər: 

“Ailəmi sevirəm, amma belə mövzuda heç kimin fikrinə qulaq asmaram. Onları tutduraram”. 

Kənd sakinləri son illər vəziyyətin cüzi də olsa, dəyişdiyinə sevinir. Deyirlər, əvvəllər direktorlar şagirdlərin toyuna gedərdi, polislər bu hadisələrə “ənənələridir deyib, laqeyd yanaşardı. Lakin son vaxtlar polis işə nəzarəti ciddiləşdirib. 

Təkəli sakini Güllü Namazova tibb bacısı olsa da, kənd təsərrüfatı ilə məşğuldur. Toyuq-cücəsini hinə salandan sonra bizimlə söhbət edir. Deyir, iki oğlu var, məktəbi 9-cu sinfə kimi oxuyublar:

“Nə Azərbaycan, nə gürcü dilini akademik səviyyədə bilirlər. Kənddə usta, usta köməkçisi işləyirlər. Çox istəyərəm gürcücə bilsinlər. Amma öyrənməyə istəkləri yoxdur”. 

  • Gürcü dostları var?
  • Haradan olacaq, burada hamı azərbaycanlıdır. 

Təkəlidə əhali müsahibəyə maraqlı deyil. Qadınlar media nümayəndəsi olduğumuzu eşidib, danışmaqdan yayınır, lakin 75 yaşlı Telli Aslanova video-çəkiliş etmədiyimizə əmin olandan sonra ayaqüstü müsahibəyə razılaşır:

“Bizə deyirlər, “Gürcüstanda yaşayırsan, gürcü dilini öyrənməlisən”. Biz sovet vaxtında oxumuşuq, o vaxt gürcücə lazım deyildi. İndi alver edirik. Əkirik, ticarətçilər malı qapıdan götürür. Gürcücə bilmirik deyə, bəzən aldadılırıq. Çətinə düşəndə, kənddə gürcücə bilən cavanları çağırırıq. Vaxtları olanda gəlirlər, yoxdursa, ziyana düşürük”. 

Dil bilməmə çətinliyi

Telli Aslanova Azərbaycanın Gəncə şəhərində mühasibatçılıq oxuyub. Sovet dövründə ixtisasına uyğun işləyib. İndi isə həkimə gedəndə, dərdini başa salmaq üçün gərək gürcücə bilən birini tapa: 

“Burda kənd həkimləridir, azərbaycanca anlayırlar. Tbilisiyə, Marneuliyə gedəndə, düşürük çətinə. Gərək kənddən tərcümə edən aparam, tapmasam, ümid qalır xəstəxanada dil bilən birini tapmağa”. 

Öz dili ilə desək, gözünü açandan bəri kənd təsərrüfatı ilə məşğul olan 53 yaşlı Zərnişan Süleymanova da nə gürcü dilində bilir, nə də sosial həyata qaynayıb, qarışır. Qızı isə həkim olmaq istəyir. Anası onun arzusuna şərikdir. Deyir, ərə getsə və əri “təhsil alma” desə, ailədaxili məsələ olduğu üçün qarışmayacaq.  

Kənd sakinlərindən xəbər alırıq: Onların inteqrasiya, erkən nikah, təhsil problemlərinin həlli üçün hansısa addımlar atılırmı?

Qadınlar bir-birindən “bizim deputatımız kimdir?” – deyə, soruşur. Cavab isə tapılmır.

“Tanımırıq, amma kişilər bilər”, – Güllü Namazova deyir.

– Gürcü dilini öyrənməyinizlə bağlı deputatınızın hansısa təşəbbüsü olub?

– “Onun nə vecinədir mənim dil öyrənməyim? Hamı öz işindədir, maraqlanan yoxdur”, – Güllü Namazova cavablayır. 

“Hədəfləri olan, iddialı qadınların şəxsi həyatını ictimailəşdirirlər”

Gülgün Məmmədli deyir ki, qadınların tək problemi təhsil almaq, işləmək deyil. Kariyera qurmaq istəyən qadınlar əvvəlcə öz etniklərindən olan rəqiblərinin maneələri ilə qarşılaşır.

“Azərbaycanlı kişilər qadınların uğur qazanmasına mane olur. Onların üsulu Azərbaycanda (https://femmekan.com/qadinlari-hedef-alan-siyasi-mubarize/) da məhşur variantdır – hədəfləri olan, iddialı qadınların şəxsi həyatını ictimailəşdirir, onları gözdən salmağa çalışırlar”. 

Azərbaycanın maliyyələşdirdiyi gənclər mərkəzi 

Marneulinin mərkəzində nadir gürcücə sözlər eşitmək olur. Üç müxtəlif banka daxil oluruq. Çalışanlar arasında həm gürcü, həm azərbaycanlılar var.

Rayonda “Tea House” adlı məkan gözə dəyir. Bura çayxana yox, SOCAR-dan maliyyələşən gənclər mərkəzidir. Mərkəzdə gürcü dili, ofis proqramları, xalçaçılıq, piano, rəqs və başqa bir neçə fəaliyyətlər pulsuz tədris edilir. İnteqrasiya mərkəzi də Azərbaycandan maliyyələşir. Mühafizəçi mərkəz rəhbərliyindən müsahibə üçün xüsusi izin lazım olduğunu söyləyir. 

Gülgün Məmmədli mərkəzlərin önəmini vurğulayaraq deyir ki, həyətlərindəki kiçik tikilini sosial məkan etməyi planlayır. 

Yay tətili başlayıb, Gülgün şagirdləri ilə sağollaşıb, yayda məşğul olacağı sosial fəaliyyətlərə fokuslanıb. Yaşıdları isə eyni kənddə uşaq böyüdür, evdən çıxmaq üçün ərindən necə izin alacağını düşünür.

Azərbaycanda yaşayan etnik gürcülərin həyatı

Bura isə Azərbaycanın Qax rayonunun Qaxingiloy kəndidir. Kənddə daha çox etnik gürcülər yaşayır. Həftə sonu hava günəşlidir deyə, onlar yaxınlıqdakı kilsəyə gedir, niyyət tutub, şam yandırırlar. 

Kilsə Qaxingiloy və Qaxbaş kəndi arasındadır. İki kəndin bir-biri ilə məsafəsi üç kilometrdir. Kilsəyə gedən Zaza Poladaşvili və həyat yoldaşı Elnarə İbrahimova Qaxbaş kəndində yaşayırlar.

İbadətdən sonra Zaza və Elnarə ilə birlikdə Qaxbaş kəndindəki parka gedib, çay içirik. Ətrafda gözə yalnız kişilər dəyir. Elnarə İbrahimovanın 44 yaşı var, deyir, 16 yaşı olanda əri Zaza onu gürcü dostları ilə birgə qaçırıb, Qaxbaşa gəlin gətirib: 

“Bu kəndlərdə azərbaycanlılarla gürcülər mehriban yaşayır. Azərbaycan bayramında gürcülər, gürcülərin bayramına isə azərbaycanlılar qonaq edilir”. 

Həmsöhbətimiz deyir, kənddəki yerli qadınları təkbaşına hansısa kafedə, parkda görə bilməzsən. Onların demək olar ki, sosial həyatı yoxdur: 

“İşləyən qadınların sosial həyatı ev və iş arasındadır. Bazar günləri kilsəyə ibadətə gedirlər. Yalnız xüsusi günlərdə qadınları ailəsi ilə birgə hansısa kafedə görmək olar. Rəfiqəsi və ya iş yoldaşı ilə kafedə, parkda oturmaq kənddə xoş qarşılanmır”. 

Elnarə İbrahimova Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Qax rayonu üzrə qadınlar şurasının sədridir. Deməsinə görə, rayondakı işsizlik problemi qadınların həyatını çətinləşdirib. O, ərindən şiddət görən çox qadın tanıyır: 

“Boşanmaq üçün şəraitləri yoxdur. Necə boşansınlar? Kirayə çıxmağa pulları yoxdur. Şiddət görən qadınlara rayonda bir dənə sığınacaq açılmır. Odur ki, döyülür, söyülür, dözüb, otururlar. Zavod, fabrik də yoxdur ki, işləyib, pul qazansınlar. Ancaq fındıq-qoz mövsümü gələndə, yığıma gedirlər. İşsizlik səbəbindən qadınlar ərlərinə dəstək olmaq üçün restoranlarda qabyuyan, aşbaz, xadimə kimi çalışırlar. Mən də gürcü xəngəli hazırlayıb, restoranlara satıram. İndi havalar isinib deyə, heç onu da almırlar”. 

Erkən evlilik problemi

Elnarə İbrahimova danışır ki, Qaxda aktual problemlərdən biri də yeniyetmə gürcü qızların qaçırılması məsələsidir.  Deyir, illərdir yaşadığı kənddə 14-16 yaşlı qızların qaçırılmasına şahid olur. 

Avropa İttifaqı, “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi, UNDP-nin (United Nations Development Programme) 2024-cü ildə birgə hazırladığı hesabata görə, Azərbaycanda 2022-ci ildə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 2011 olub. 

2022-ci ildə bu rəqəm 361 nəfər artıb. 2023-cü ildə Komitə erkən nikah hadisəsi ilə bağlı 29 fakt üzrə monitorinq-ailə səfərləri təşkil edib, 25 erkən nikaha əngəl olunub. 

Azərbaycandakı etnik gürcülər daha çox Qax, Zaqatala, Balakən bölgəsində məskunlaşıb. Gürcü dilində orta təhsilini başa vuran qızlar ali təhsil üçün Gürcüstana üz tutur, çox vaxt orada qalıb, işləyirlər.  

Demələrinə görə, gürcü ailələrin bir ayağı Gürcüstanda, bir ayağı Azərbaycandadır. Son dörd ildir Azərbaycanın quru sərhədlərini bağlı saxlaması elə bu baxımdan gürcü ailələrin həyatına mənfi təsir edib. 

“Gürcüstanı unutmuşuq. Qohumlarımızın nə xeyrinə, nə şərinə gedə bilirik. Ölkəmizin, övladlarımızın vəziyyətini ancaq telefondan izləyə bilirik”, – Jenia Papiaşvili deyir. 

Gulo Poladaşvili də Qaxbaş kəndində doğulub. Orta məktəbi elə burada bitirib. Ali təhsilini Tbilisi Tibb Universitetində alıb. Hazırda isə Qax Mərkəzi Xəstəxanasında çalışır. Deyir, Gürcüstanda yaşayan qızlarını ziyarət etmək üçün azı bir aylıq maaşından keçməlidir: 

“İki qızım, bir oğlum var. Qızlarım tibb ixtisası üzrə Gürcüstanda təhsil alıb. Hər ikisi orada həkimdir. Pandemiyadan əvvəl Qaxbaşdan Gürcüstana avtobusla 8 manata gedirdim. İndi yol xərci yüz qat artıb”.

Azərbaycanda yaşayan etnik gürcülərin iş və təhsil həyatlarında digər çətinliklərindən biri də dil bariyeridir. 

Etnik gürcülərin dil bariyerini aşması üçün dövlət hansı addımlar atır? 

Sakinlər deyir, Azərbaycanda ali təhsil müəssisələrində gürcü sektorunun olmaması, məktəblərdə keçirilən dərslərin Gürcüstan dövlətinin tədris proqramına uyğunlaşdırılması səbəbindən abituriyentlər ali təhsil üçün Gürcüstana üz tutmalı olur.

Elm və Təhsil Nazirliyindən deyilib ki, tədrisin digər dillərdə aparılan bölmələrində oxuyanların dövlət dilini bilmə səviyyəsini artırmaq üçün “Azərbaycan dili” fənninə ayrılan saatların miqdarı V – VIII siniflərdə 3 saata çatdırılıb.

Əlavə edilib ki, tədrisi gürcü dilində aparılan məktəblərdə də təhsil ölkədə tətbiq edilən təhsil proqramları əsasında aparılır:

“Hökumətlərarası razılaşmaya əsasən, “Gürcü dili” və “Ədəbiyyat” dərslikləri Gürcüstandan gəlir. Digər dərsliklər isə Azərbaycanda hazırlanmış dərsliklərin gürcü dilinə törəmə (tərcümə) nəşrləridir. Dərsliklər yeniləndikcə, onların törəmə nəşrləri də yenilənir”. 

Dövlət Statistika Komitəsinin açıqladığı ən son (2019-cu il) məlumata görə, Azərbaycanda təxminən 8 min 400 nəfər gürcü, 2 minə yaxın ingiloy yaşayır. 

Elm və Təhsil Nazirliyindən “Femməkan”-a bildirilib ki, 2023-2024-cü tədris ilində respublika üzrə (Balakən, Qax, Zaqatala) 10 ümumtəhsil məktəbində gürcü bölməsi olub. Onlardan altısında tədris ancaq gürcü dilində, üçündə azərbaycan və gürcü dilində, birində isə azərbaycan, rus və gürcü dilində aparılıb.

FEMMEKAN

Bağlı mesajlar

Bir cavab buraxın

Mənim Yeni Tarix