Ənənələrdən Uzaq. Qadınlar İş Başında

0

Patriarxal mühitdə qadınlara daha çox məişət və ənənəvi peşələr yaraşdırılır.  Qadın məişətdə bacarıqlı olmalı, ən yaxşı halda işləyəcək, karyera quracaqsa günlük standart iş saatı,  ən vacibi də qadının görə biləcəyi işlə məşğul olmalıdır – müəllim, həkim, ofis işçisi və təbii ki, günün, zamanın tələbinə uyğun yeni trendə düşmüş sahə də ola bilər. 

Bir sözlə XXI əsrin ikinci onilliyində belə Azərbaycanda qadınlar  cəmiyyətin onlar üçün ölçüb–biçdiyi “feminin” peşələrə daha çox layiq görülür. Mühafizəkar dünyanın adət etdiyi peşələrdən başqası isə qadınlara yaraşdırılmır. 

Femmekan-ın bugünədək dərc etdiyi məqalə və podkastlarda ənənəvilikdən kənara çıxan, tabulara qarşı gedən qadınların hekayələrində onların üzləşdiyi diskriminasiyalardan söz açmışıq.

Bu fotolayihə  partiarxalın qadınları uzaq görmək istədiyi bir sahə – əyləncə məkanları və orada çalışan, öz karyerasını quran qadınların hekayələri haqqındadır.

Femmekan

“Heç vaxt ağlıma gəlməzdi ki, mən nə zamansa pubda işləyə bilərəm”, – barmeyd Sevil Nadirova deyir.

Sevilin sözlərinə görə özü mühafizəkar xarakterli olub. Ənənəvi ofis mühitində çalışdığı mühasib vəzifəsindən pubda barmeydliyə gözlənilməz keçidi 10 ildən çoxdur ki, davam edir.

Onun üçün pub mühiti, içkilər tamamən fərqli bir dünya olub. Dostunun bu iş haqqındakı təklifi Sevili həm də özünü kəşf etdirib:

“Heç içkilərin adlarını belə bilmirdim. İngiliscəm də zəif idi. Düşünürdüm, öhdəsindən necə gələrəm?” özünə verdiyi bu suallardan sonra o, vaxt keçdikcə yeni Sevili kəşf etməyə başlayıb, puba asudə vaxtını keçirməyə gələn müştərilər sayəsində digər ölkələrin xüsusiyyətlərini, mədəniyyətini öyrənməyə başlayıb və ingilis dilini də təkmilləşdirməyi bacarıb.

“Müştərilərimiz arasında ingilislər və şotlandlar daha çoxdur. Onlar xüsusi ilə səhərlər “English breakfast” üçün ya da nahara gəlirlər. Axşamlar isə işdən sonra pivə və s. içkilər içib, istirahət edirlər. Bəzən olur müştəri barmeydi də dostlarıyla birgə içkiyə qonaq edir. Həmin vaxt əlbəttə, biz də onlara qoşuluruq. Bu da  bir mədəniyyətdir. İstəyirlər hamının əhvalı yaxşı olsun, danışıb gülsün”, – deyə Sevil əlavə edir.

Sevilin fikrincə iyirmi ilə əvvəl Azərbaycanda pub mədəniyyəti yox idisə, indi azərbaycanlı kişilər, qadınlar da istirahət etmək, söhbət etmək, içki içmək üçün bura gəlirlər.
“Pubda işləməyimə qarşı çıxan olmayıb”, – deyən Sevil onu da deyir ki, valideynləri müasir düşüncəli olublar: “Hər iki bacım xarici vətəndaşla evlidir və xaricdə yaşayırlar. Hətta kiçik bacım həyat yoldaşı ilə elə pubda tanış olub”.

Hazırda Sevilin çalışdığı məkan pub mühitində ikinci iş yeridir və onun üçün bura həm kollektiv, həm daimi müşətərilərinə görə doğma olsa da bir müddətdən sonra o barmeydlik işini buraxmağı, yenidən şirkətdə çalışmaq arzusunda olduğunu da gizlətmir: “Qırx yaşdan sonra düşünürəm ki, daha fərqli sahədə çalışmalıyam. Barmeydliklə isə gənc xanımlar məşğul olmalıdır”.

Qrupda hamı qadındırsa,  fikirləşirlər ki, bunlar təkbaşına necə bacararlar?

Gunay Süleymanova, Aytac Fərəc, Səma Xəlilzadə

“Azərbaycanda vokalist qadınlar çoxdur, amma məhz qadın musiqiçilərdən ibarət qrup halında çıxış edən isə yoxdur. Bu da bizim fərqimizdir”, – “Lumos Band”ın vokalçısı Aytac  Fərəc deyir.

Üç qadın musiqiçi – vokalçı Aytac Fərəc, gitarist Günay Süleymanova və pianoçu Səma Xəlilzadənin əsas istəyi Azərbaycanda qadın musiqiçi qrupuna diqqəti yönəltməkdir. Qrupun yaranması da Aytacın dediyi kimi feminist təşəbbüsdən irəli gəlib. O,  Günayla feminizmə həsr olunan tədbirlərin birində tanış olduqdan sonra düşünüb ki, birgə fəaliyyət göstərsinlər. Bir qədər sonra qrupa Səma qoşulub və nəticədə “Lumos Band” yaranıb:

“Lumos” latıncada “işıq” anlamını verir. Biz üçümüz də “Harri Potter” heyranıyıq. Orada yola işıq saçan sehrli çubuq da “Lumos” adlanır. Biz də istəyirik ki, çıxış edəndə tamaşaçılar bizi “Lumos” deyə çağırsınlar. O an səhnədə işıqlar yansın və bizi işıq kimi görsünlər”.
Gənclər deyir ki, səhnədə hələ yenidirlər deyə ciddi çətinliklərlə üzləşməyiblər. Amma tək qadınlardan ibarət qrup olduqları üçün işlərinə inamsız yanaşanlar da az olmur. Aytacın fikrincə bu cür yanaşmalar patriarxatlıqdan irəli gəlir:

“Qrupda hamı qadındırsa,  fikirləşirlər ki, bunlar təkbaşına necə bacararlar? Düşünürlər, təşkilatçılıqda idarəçi qüvvə kimi mütləq bir kişi olmalıdır. Bunu sözlə ifadə etməsələr də bədən dili, üz ifadələri bunu göstərir. Amma işin yaradıcı tərəfinə, ifalara gəlincə maraq daha çox olur”.

… gitara evdən çölə çıxmayacaq.

Femmekan

Mühafizəkar münasibətdən söz açınca qrupun gitaçaçısı Günay söhbətə qoşulur. Deyir ki, onun musiqiyə gəlişi o qədər də asan olmayıb. Ailəsi onun musiqiçi olması, xüsusilə də gitaraçı kimi fəaliyyətini dəstəkləməyib: “Tələbə təqaüdümü toplayıb gitara almışdım. Ailədən bir şərtlə razı olmuşdular ki, gitara evdən çölə çıxmayacaq. Bir dəfə dostlardan birinin ad günü məclisində ifa etdim. Ondan sonra davamı gəldi”.

“Lumos Band” indi Azərbaycanın bölgələrində gənclər üçün keçirilən düşərgələrdə, paytaxtda fərqli əyləncə məkanlarında, tədbirlərdə çıxış edir.  Dinləyiciləri arasında 25-30 yaşlı gənclər əsas yer tutur. Gənclər deyir ki, indi özlərinə daha çox yatırımlar edərək tanınmaq istəyirlər və hazırda onlar üçün ən vacibi eyni məqsəd üçün çalışmaqdır.

“Repertuarımızda retro mahnıları, “slow” rok və daha çox sevgi mövzusunda mahnılar ifa edirik, tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır. Amma məni musiqiyə və bu qrupa bağlayan feminizmdir. İstəyirəm, bir qadın kimi qarşımızda duran baryerləri aşaq və qadın musiqiçi kimi tanınaq. Üçlük olaraq bir olmağı bacarsaq, o zaman səhnədə işıqları da birgə yandıra biləcəyik”, – vokalçı Aytac Fərəc deyir.

Femmekan

Burada insanlar müğənniyə qoşulmağa maraqlı deyillər. Ailəvi restoranlarda insanlar daha çox yemək yeməyə gəlirlər.

“Sevdiyim işlə məşğul oluram, amma bəzən yuxusuz qaldığım günlər də olur. Tamaşaçılar mahnı sifarişi verdikcə məclis davam edir.  Mənsə səhnədə gecə saatlarına kimi çıxış etməli oluram”, – Bakıda restoranların birində mahnılar ifa edən 22 yaşlı gənc müğənni Sara Mehdizadə deyir.

Dediyinə görə, musiqiyə marağı uşaq yaşlarından başlayıb. Xanəndəlik üzrə aldığı təhsildən və çıxış etdiyi müxtəlif tədbirlərdən sonra musiqi onun həyatının ayrılmaz hissəsinə çevrilib.

On səkkiz yaşına çatanda dostları Saraya pub səhnəsində çıxış etməyi təklif ediblər.

“Rok, “R&B”, pop janrında mahnılar ifa edirdim, gənclər də mənə qoşulub oxuyurdu, alqışlayırdı. Belə məkanda çıxış etmək çox xoş idi”, – deyən Sara bu kimi səhnələrdə mühitin dinamik və fəal olduğunu vurğulayır. Amma qapalı məkanlarda havasızlıq olduğundan o, bir müddət sonra pub səhnəsindən uzaqlaşmalı olub. Sara hazırda Bakıda fərqli restoranların səhnəsində çıxış edir, bundan razı olduğunu desə də restorandakı dinləyici mühitinin fərqli olduğunu da gizlətmir:

“Burada insanlar müğənniyə qoşulmağa maraqlı deyillər. Ailəvi restoranlarda insanlar daha çox yemək yeməyə gəlirlər. Həm də burada rok, “R&B” də oxuya bilmirəm, insanların musiqi istəyi fərqlidir”.

Femmekan

Sara deyir ki, əyləncə məkanlarındakı səhnələrdə qadın müğənnilərlə bağlı stereotiplər hələ də qalmaqdadır: “Bəziləri düşünür ki, qadın müğənnisənsə, sənlə necə istəsələr elə də davrana bilərlər. Məsələn, restorandakı məclislərdə içkili kişilər olur. Bəzən olur,  yaxınlaşıb mahnı sifariş edirlər və vərəqə telefon nömrəsini də yazırlar. Bu, əlbəttə ki, xoş deyil”.

Bütün çətinliklərə rəğmən Sara düşünür ki, səhnədə olmaq onun üçün əvəzedilməzdir. Dinləyiciləri ona qoşulub mahnı ifa edirlərsə, bu ona yorğunluğunu unutdurmuş olur. Ən böyük istəyi isə tezliklə pul toplayıb yeni mahnılar yazdırmaq və böyük səhnələrdə yer almaqdır.

İnsanın sabit halında belə rəqs etmək bacarığı olduğunu anladım – gözləri ilə, ruhu ya da adi toxunuşu ilə.

Fəridə Qaziyevə üçün rəqs etmək təkcə səhnədə performansla bitmir, o tamaşaçı ilə ünsiyyətin önəmli olduğunu, rəqs sənətini də məhz buna görə sevdiyini etiraf edir. Öz performansı zamanı bir toxunuşla və ya göz kontaktı ilə tamaşaçının rəqsə qoşulmasının ona böyük zövq verdiyini deyir.

İxtisasca filoloq olan Fəridə ali təhsilindən sonra özünü heç vaxt bu sahədə görmədiyini deyir. Tələbəlik illərində rəqs bacarıqlarını univeristetdəki dərnəklərdə inkişaf etdirib, milli, salsa, Latın Amerikası rəqslərini öyrənib. Daha sonra o, bu həvəsini əsas işinə çevirməyə qərar verib.

Fəridə son bir ildə davamlı olaraq Azərbaycanda keçirilən festivallar, əyləncə məkanlarında solo və kompozisiya şəklində performanslar göstərir. O, salsa, vals, hip-hop janrında rəqslə məşğul olsa da, indi özünü ekstatik-müasir rəqslərdə kəşf edib. Dediyinə görə, bu rəqs sənətini isə “Dance Ability” (red. inklyuziv rəqs metodu) sayəsində kəşf edib.

Femmekan

“Rəqs rəhbərimiz bizə tapşırıq verirdi, biz də öz hekayələrimizi qururduq. Məsələn, deyirdim ki, Ayın işığı mənə ilham verir, onu görmək üçün ayağa qalxıram. Bunu ya musiqisiz, ya musiqi ilə təsvir etməli idik. Mənim yanaşmam isə daha spiritual idi. Bir qədər araşdırdıqdan sonra ekstatik rəqs haqqında öyrəndim. Bu rəqs zamanı insan ekstazi yaşayır, özünü unudur. İnsanın sabit halında belə rəqs etmək bacarığı olduğunu anladım – gözləri ilə, ruhu ya da adi toxunuşu ilə”, – Fəridə məhz bu rəqsin onun ruhunu ifadə etidyini deyir.

Gənc rəqqas inanır ki, hər kəs öz musiqisini duymalı və bu musiqinin sədaları altında rəqs etməlidir. Bu musiqi təbiətdə duyduğu ritmlər də ola bilər. 

Ekstatik rəqs insan ruhuna azadlıq gətirdiyinə görə, Fəridə düşünür ki, əgər bir gün bu rəqslə maraqlanan insanlarla öz biliklərini paylaşmaq qərarına gələrsə, bunu təbiət qoynunda edəcək: “Eksatik rəqsin təməli təbiətlə, öz ruhunla, ritmlərlə əlaqə qurmaqdır”.

Fəridə də deyir ki, cəmiyyətdə rəqqaslara münasibət birmənalı deyil və hələ də bu peşəyə qeyri-ciddi yanaşanlar da var. Buna səbəb isə tamaşaçıların daha çox ənənəvi olaraq video kliplərdə, tədbirlərdə ya milli rəqsləri, ya da müasir rəqsləri gördüklərindən və insanların düşüncələrinin bununla məhdudlaşdığında görür.

“Tamaşaçıların rəqslə bağlı təəssüratları ənənəvdir. Buna görə də rəqqasların digər məkanlardakı çıxışları kölgədə qalır. Əslində insanların istirahət etdiyi əyləncə məkanlarında da rəqqaslara ehtiyac var”, – deyən Fəridə son zamanlar bu mədəniyyətin formaşaldığının şahidi olduğunu da bildirir.

Yazdı və çəkdi Gülər Abbasova

Bağlı mesajlar

Bir cavab buraxın

Mənim Yeni Tarix