Ədəbiyyatdakı, dərsliklərdəki qadın obrazları 

1

Onlar necə təsvir edilib? 

Azərbaycan cəmiyyətində qadının üzərinə böyük yük düşdüyü ilə bağlı fikirləri az qala hər gün eşidirik.  

Yaxşı, “qadın anadır” yaxud “gələcəyin anasıdır”, “filankəsin bacısıdır”, “həyat yoldaşıdır” və s. kimi fikirlər necə formalaşır? 

Qadınların şiddətə məruz qalması, öldürülməsi ilə bağlı xəbərlər daha çoxdur. Onların iqtisadi azadlıqları, təhsil imkanları qısıtlanır. “Qadın hüquqları” anlayışının olmasının özü belə çox şeydən xəbər verir. 

Daha öncə Azərbaycan incəsənətində qadın obrazlarından yazmışdıq. Bu dəfə də Azərbaycan ədəbiyyatındakı, dərsliklərə salınan qadın obrazlarına toxunmuşuq. 

Məqsəd qadınlarla bağlı cəmiyyətdə formalaşmış gözlənti və fikirlərin həm də ədəbiyyatdan, incəsənətdən qaynaqlandığına güzgü tutmaqdır. 

Ədəbiyyatın Leylisi, Sevili 

Ədəbiyyat müəllimi Afərim Abdulova deyir ki, keçmişdəki ənənəvi təhsildə uşağa qadın, ana mövzusunda hansısa şeiri əzbərlədirdilər, bu gün isə şagirdlər daha çox təhlilə cəlb edilir. Onun sözlərinə görə, bu, onların həm potensialını, həm də düşüncə tərzini üzə çıxarır. 

Müəllim bildirir ki, məsələn, məktəblərdə Nizami Gəncəvinin “Sultan Səncər və qarı”dakı üsyankar, darğanın saçından tutulub sürüdüyü qarıdan tutmuş, İlyas Əfəndiyevin qadın obrazlarınadək – hamısı tədris olunur: 

“Lakin bu gün o əsərlərdəki mövzular aktual deyil. Misal üçün Cəfər Cabbarlının “Sevil” əsəri geniş tədris olunmur. Çünki Sevil hüquqsuz, əri tərəfindən alçaldılan, yalnız evdə qulluqçu kimi işlədilən qadındır. Məncə, bu gün qadının ictimai həyatdakı mövqeyi daha yüksəkdir”.

Onun sözlərinə görə, XII əsrdə Nizami Gəncəvinin yazdığı “Leyli və Məcnun” əsəri məktəb proqramında bir cümlə ilə izah edilir: “Leyli zorla ərə verildiyi İbn Salama sillə vurur. 

Müəllimin fikrincə, bu sillə qadını alçaldan baxışlar sisteminə – antifeminizm cəmiyyətinə atılıb: 

“XIII əsrdə Nizaminin qələmə aldığı bütün antifeminizm cəmiyyətinə sillə vuran Leyli də, XX əsrdə hüquqsuzluqdan əziyyət çəkən, sonra guya təhsil alıb, Balaşı önündə diz çökdürən Sevil də var”.

Statistika: dərsliklərdəki obrazlarının 24 faizi qadın, 76 faizi kişidir

Sosial Elmlər Dərsliklərində Gender Rolları üzrə araşdırmaçı Aygün Dadaşova 5 və 9-cu sinif dərsliklərində gender stereotiplərini təhlil edib.

5-9 cu sinif ədəbiyyat dərsliklərində qadınlar daha çox ana, nənə, evdar qadın rollarındadır. Kişilər isə sərkərdə, padşah, hökmdar və s. kimi təsvir edilib. Beləliklə, önəmli (ixtisaslı peşələri təmsil edən) obrazlar arasında cəmi 14 qadın var. Lakin belə kişilərin sayı 127-dir.

Afərim Abdulovaya görə, ədəbiyyatdakı qadın obrazlarının bəziləri heç də reallığı əks etdirmir. Onun fikrincə, Nizami Gəncəvinin “Sultan Səncər və qarı”dakı qarı obrazı həddən artıq üsyankardır və xalqı mübarizəyə səsləyir: 

“Cəfər Cabbarlının “Oqtay Eloğlu” əsərindəki Firəngiz müəyyən vaxtadək Aslan bəyin qorxusundan Oqtaya yazıdığı məktubları gizlədir. Axırda cəsarətli addım atıb, səhnəyə çıxır. Əsərin sonunda isə Oqtay tərəfindən öldürülür. Şagirdlərin də baxışı fərqlidir. Çoxu Firəngizin düşüncələrində ani dəyişiklik yaranmasına məəttəldir. Məncə də bir qədər romantikdir. Ümumiyyətlə, Firəngizlərin, Sevillərin, Leylilərin müasir dövrdə tədrisi aktual deyil”. 

“Azərbaycan qadınları əslində “Fitnə”dəki kimidir, daim yüklənirlər”

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli isə deyir ki, klassik Azərbaycan ədəbiyyatında qadın obrazları çox azdır:
“Məsələn, Nizami Gəncəvinin “Fitnə” əsərindəki qadın obrazı çox dərindir. Məncə, bütün Azərbaycan qadınları əslində “Fitnə”dəki kimidir. Özlərini həmişə yükləyirlər. Böyüdükcə onların yükü də böyüyür. Lakin buna öyrəşdiklərindən, özlərini normal, rahat hiss edir və yollarına bu cür davam edirlər”.

Gözlənti və reallıq 

Nigar Köçərlinin fikrincə, müasir Azərbaycan ədəbiyyatında vəziyyət daha da pisdir. Gözlənti qadınların daha sərbəst, dərin, qəşəng obrazlarda təsviridir, lakin reallıq belə deyil: 

“Yaxınlarda işlərini bəyəndiyim gənc, istedadlı bir yazar romanını mənə göndərdi. Əsəri oxudum və dərhal soruşdum: “Niyə bu romanda bir normal qadın obrazı yoxdur?”

“Problem qadının real cəmiyyətdə də obrazının normal olmamasıdır”

Nigar Köçərli düşünür ki, ədəbiyyatı real həyatdan ayırmaq olmaz, çünki o cəmiyyətin güzgüsüdür, olanı əks etdirir. Onun fikrincə, problem Azərbaycan qadınının real cəmiyyətdə də obrazının normal olmamasıdır: 

“Əslində təkcə, kişi yazarların yox, qadın yazıçıların da yaratdığı obrazlar aşağı-yuxarı eyni formadadır. Bu, mənə daha pis təsir edir. Çünki məntiqlə ədəbiyyatımızda qadın obrazlarının işlənməsi boşluğunu ən azından qadın yazarlar doldurmalıdır. Təəssüf ki, onların əsərlərində də qadın obrazları çox zəif işlənir. Ona görə də burada problem yazıçının qadın, yaxud kişi olması yox, cəmiyyətin vəziyyətindədir. Nəticə ədəbiyyatda əks olunur”.

“Fərqli düşüncə sahibləri bir gün fərqlənəcək…”

Afərim Abdulova isə düşünür ki, ədəbiyyatda fərqli qadın obrazlarına ehtiyac var. Elə Avropa ədəbiyyatında olduğu kimi: 

“Uşaqlara fərqli qadın obrazları tədris edib, müzakirəsini aparmalıyıq. Məsələn, yazıçı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ni tədris etmirlər. Onun yerinə proqrama “Keçən ilin son gecəsi” salınıb. Çünki Təhminə obrazı əxlaqsız adlandırılıb. Cəmiyyətin qəbul etmədiyi bir qadın baxışında qalıb. Təbii ki, Anar belə yanaşmır. Burada “beş” “əla” deməkdir. Anar deyir ki, əgər cəmiyyət beş mərtəbə səviyyəsindədir və hamının düşüncəsi eynidirsə, fərqli düşüncə sahibləri altıncı mərtəbədə, cəmiyyətin fövqündə duranlardır. Əsərin əsas ideyası fərqli düşüncə sahiblərinin bir gün fərqlənəcəyidir”.

Afərim Abdulova burada “Leyli və Məcnun”u misal çəkir. Deyir, Təhminə qədim dövrdəki Leylinin, Məcnunun – yəni fərqli düşüncə sahibi olan, özünü cəmiyyətə qarşı qoyan, amma cəmiyyətin “dəli” adlandırıb, qəbul etmədiyi insanların davamıdır. O, əsərin tədris olunmadığına təəssüf edir. 

“Əfəndiyevin əsələrini oxuyanda elə bilirsən qadın yazıb”

Afərim Abdulova İlyas Əfəndiyevin əsərlərində qadın obrazlarının çox gözəl təsvir olunduğunu deyir. Deyir, onun əsələrini oxuyanda elə bilirsən ki, qadın yazıb. Yəni o qədər qadın hisslərinə bələddir: 

“O, daha çox yeni sənət sahibi olan qadın obrazları yaradıb. “Mənim günahım”dakı aktrisa qadın obrazı, yaxud 60-cı illərdə “Körpüsalanlar” romanında Səriyyə, dövrünün  müasir qadın obrazlarıdır. Səriyyə ali təhsilli mühəndisdir. O, varlı sex müdiri olan həyat yoldaşını istəmir, ayrılır. Müəllif deyir ki, bu, şəxsin seçim hüququdur. Əvəzinə buldozerçi Qəribə qoşulub gedir”.

Belə obrazlar sovet dövrü üçün bir az fərqli hesab olunsa da, Afərim bu gün üçün tədrisinin elə də fərqli olmadığını bildirir. Çünki artıq belə qadınlar çoxdur. 

“Anarda qadın obrazı televiziya işçisidir. XX əsrdə qadın adətən kolxozda, təsərrüfatda çalışırdı. Ədəbiyyatda qadın obrazı barədə danışanda Hüseyn Cavidin “Qadın” şeirini də vurğulamaq vacibdir. O qadını azad, bəxtəvər və üsyankar ruhlu görmək istəyir”.

Müəllim düşünür ki, ədəbiyyata fərqli baxışlar lazımdır. Deyir, tək məktəbdə yox, elə universitetlərdə də eyni əsərlər tədris olunur: 

“Biz yenə İlyas Əfəndiyevi, Hüseyn Cavidi keçirik. Yenə ədəbiyyatda uşaqlara eyni cümlələri əzbərlətməklə məşğuluq”. 

Təzadlı qadın obrazları

Afərim Abdulova deyir ki, İlyas Əfəndiyevin “Xurşudbanu Natəvan” əsərində isə vətənpərvər və fədakar qadın obrazı görürük. O, vətənində Knyaz Xasaya ehtiyac olduğundan onunla ailə qurur. Sonra isə Knyazdan ayrılır. Lakin Qarabağda gəzən dedi-qodulara görə narahat olmağa başlayır: 

“Müəllimi Mirzə Ruhulla deyir ki, sənə arxa-dayaq lazımdır. Bəzi insanlar sənin haqqında söz-söhbət yayacaqlar”. Beləliklə, Xurşidbanu sırf Qarabağda gəzən söz-söhbətə və İran şahzadəsinə inad olaraq sevmədiyi Seyid Hüseynə ərə gedir. Müzakirə aparanda əsərin bu hissəsini uşaqlarla sorğulayaraq qalırıq. Məsələn, Natəvan sarayına gələn naçalniki qovur, ona sillə vurur, həyat yoldaşını heç danışmağa qoymur. Hökmüran bir qadın təsiri bağışlayır, amma adi söz-söhbətdən çəkinir”.

Müəllimə düşünür ki, İsmayıl Şıxlının “Dəli Kür” əsəri daim böyük rezonans yaradır. Cahandar ağanın evə Mələk adlı qadını qaçırıb gətirməsində həyat yoldaşı mütidir. Günlərlə dərd çəkir, söz deyə bilmir. Digər tərəfdən isə oğlunu qızışdırır ki, o qadını öldürsün, evdə qan tökülsün. 

“Cahandar ağa dövrün yetirdiyi obrazdır. Namus simvolu olmağa çalışır. Bacısını meyxanə toruna salan Molla Sadıqgilə görə öldürür, amma özü başqasının həyat yoldaşını qaçırdır”. 

19-cu əsr Azərbaycan ədəbiyyatındakı qadınlar

Avropa Universiteti İnstitutunun doktorantı və Bakı Araşdırmalar İnstitutunun üzvü Türkay Qasımova araşdırma mövzusunu 19-cu əsr Azərbaycan ədəbiyyatı üzrə edib. Deyir, ümumiləşdirici bir obraz yaratmalıyıqsa, bu, mövcud dini-sosial məhdudiyyətlər ucbatından taleyi ailəsindəki kişilər tərəfindən müəyyən edilən, lakin bu vəziyyətlə barışmayan qadın olmalıdır:
“Əlbəttə bəhs edilən dövrdə qadınların bu gün başa düşdüyümüz mənada tam azad olub, siyasi və digər hüquqlara sahib olmasından söhbət getmir. Hətta məişət mövzularında belə fikirlərinin dinlənilməsi, nəzərə alınması ön plandadır. Həmin dövr digər iki mühüm məsələ: qadına qarşı zorakılıq və zorla ərə vermə məsələsidir. Misal üçün Axundovun əsərlərində, hətta dövrü mətbuatda məhs kişi müəlliflər qadınların içində olduqları acınacaqlı vəziyyətə etiraz edirdilər. Sonrakı dövrlərdə bu məsələ daha da ön plana çəkildi və məncə, sırf qadın hüquqları baxımdan Əhməd bəy Ağayevin “Sərbəst İnsanlar Öləkəsində”(1930-cu ildə nəşr edilib) adlı əsəri çox gözəldir”.

“19-cu əsr ədəbiyyatı: qadın obrazları çox realdır”

İstəmədikləri və yaşca özlərindən böyük kişilərə zorla ərə verilmək, heç bir şəkildə özlərini ifadə imkanlarının olmaması, təhsilsizlik… 

Türkay deyir ki, Axundovun “Sərgüzəşti Vəziri xani Lənkəran” əsərindəki Nisə xanım obrazı çox maraqlıdır:

“Vəzir baldızı Nisə xanımı öz mənafeləri üçün xana ərə vermək istəyir. Xandan çox cavan olan Nisə onun ikinci arvadı olacaqdı. Əsərin sonunda Nisə əlbəttə xanla yox, öz sevdiyi insanla evlənir. Əslində Axundovun əsərləri bu mənada çox radikaldır:ilk dəfə qadın kişi üzərində qalib gəlir! Baxmayaraq ədəbi obrazdır və sadəcə məişət məsələsindən bəhs edir, lakin çox mühüm fakt odur ki, Axundov əslində mətnaltı verdiyi mesaj qadınların daha taktikal, ağıllı və uzaqgörən olduğunu göstərir. Qadın və kişi obrazlar arasında kontrast yaradır və oxucu artıq bilir əslində kimin haqlı tərəf olduğunu”. 

Türkay Qasımova “Müsyö Jordan və dərviş Məstəli Şah” komediyasında Şərəfnisə obrazı ilə Axundovun sonuncu dram əsəri “Mürafiə vəkillərinin hekayəti”dəki Səkinə xanım obrazlarının çox maraqlı kontrast yaratdığını düşünür:

“Birinci çox saf, avamdır və buna görə də nişanlısının Parisə getməyini istəmir. İkinci obraz isə çox güclü və iradəli qadındır. İkinci əsərin ən maraqlı cəhəti əslində iki qadının qarşı-qarşıya qoyulmasıdır. Yəni “Mürafiə vəkillərinin hekayəti”ndə baş qəhrəmanlar Səkinə və Zeynəb xanımdır. Zorla ərə vemə məsələsi bu əsərdə də var. Misal üçün bibisi Səkinəni istəmədiyi Ağa Həsənə ərə vermək istəyir. Ancaq o, bibisinin bu niyyətinə qarşı çıxaraq deyir: 

“Yaxşı deyil, bibi! Sənə mən nə zaman izin vermişəm ki, məni Ağa Həsənə verəsən? Mənim bu saatda nə atam var, nə anam, nə qardaşım; özüm öz vəkiliməm”. 

Yazıldığı dövrü nəzərə alsaq, (1855-ci il) çox güclü ifadələrdir”. 

Keçmiş əsərlər bugünkü Azərbaycan qadını ilə uyğunluq təşkil edirmi? 

Türkay Qasımova deyir ki, keçmiş əsərlərdəki qadın obrazlarının təəssüf ki, müasir dövr qadınları ilə bənzərlikləri var:
“Təbii ki, 19-cu əsr bəddi obrazları ilə müqayisədə müasir qadınlar daha çox hüquqlara, azadlığa sahib görünürlər. Amma bunlar özü ilə birlikdə yeni çətinliklər,  öhdəliklər gətirib. Bu gün işləyən qadınlar heç də ev işlərində digər öhdəliklərdən azad deyillər. Bəlkə işləmək hüquqları var, amma bu, bütün sahələrə aid deyil və ən əsası, sosial stiqmalar və tabular qadınların özlərini tam ifadə etməklərinə manedir. Ən əsası isə mövcud siyasi mühitdə cəmiyyətin bütün fərdləri ifadə və digər fundamental azadlıqlardan məhrumdur”. 

“Real qəhrəmanların təsviri həmişə daha maraqlıdır”

Türkaya görə, istər ədəbiyyat olsun, istərsə də digər sahələr – real qəhrəmanların təsviri həmişə daha maraqlıdır. Şişirdilmiş, bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən obrazlar həm maraqsız, həm də həqiqətlə əlaqəsi olmadığı üçün yanıldıcı olur: 

“Dövründən aslı olmayaraq, zamanının bütün reallıqlarını göstərən, qadınların üzləşdikləri bütün çətinlikləri öz sözləri ilə dilə gətirən obrazlar daha önəmlidir”.

“Ədəbiyyatda qadın azad deyil”

Müstəqil ekspert Əfsanə Tahirova öz oxuduqlarından yola çıxaraq deyir ki, Azərbaycan ədəbiyyatında qadın daha çox “ana”, “həyat yoldaşı”, qız isə “sevgili”, “sevilən”, “yar” obrazındadır. Yəni onu hansısa kişi seçib, sevib və evlənmək istəyir:

“Bu, o deməkdir ki, qadın azad deyil. Deməli, qadın həmişə hansısa dinamikadan asılıdır. Ədəbiyyatımızda qadınlar eyni peşələrdə təsvir edilir. Maliyyə azadlıqlarının olduğunu, iqtisadi cəhətdən bir fəaliyyətlə məşğul olduqlarını görmürük. Azərbaycan ədəbiyyatında qadın adətən fədakar, dözümlü və sadiq təsvir edilir. Məsələn, “Kitabi Dədə Qorqud”da əksər qadın obrazları sadiqlik və fədakarlıq, kiminsə anası və həyat yoldaşı olmaqları ilə tanınırlar”.

“Dözürəm, çünki ədəbiyyatımızda da qadın fədakar və dözümlüdür”

Əfsanə deyir ki, onların bu cür təsvir edilməkləri əslində çox da müsbət bir rol modeli deyil. Qayğıkeşlik, mərhəmət, ailəsinə sevgi göstərmək gözəldir. Amma bunu qadından daim tələb etmək onu normal təbii insan rolundan çıxarır. Hətta obraz belə artıq özünə qayğı göstərməyi buraxır: 

“Necə ki, analarımız özlərini unudub, daim başqalarının ehtiyacları ətrafında həyatlarını qururlar. İnanırlar ki, fədakar, dözümlü, sadiq olmalıdırlar. Buna görə də ona zərər verən, hətta zorakılıq göstərən mühiti heç vaxt tərk edib, getmirlər”.

Əfsanə Tahirovaya görə, reallıqda olduğu kimi ədəbiyyatda da eyni rol modelini görürük. Deyir, bu yaxınlarda bir qadından yaşadığı çətin mühit barədə müsahibə alıb. Müsahibi ədəbiyyatı çox sevdiyini bildirib:

“Onunla danışanda mənə təxminən belə dedi: “Mən yaşadığım mühitə dözürəm. Çünki ədəbiyyatımızda da görürəm ki, qadın fədakar və dözümlü olmalıdır. Mən özümü ən yaxşı qadın rolunda görmək istəyirəm”. Əslində, bu o deməkdir ki, biz ədəbiyyatda çox zərərli rol modelləri vermişik. Qadınlar və gənc qızlar oxuduqca da görürlər ki: “Aha, deməli, qadın ailə qurdusa, getməz. Uşaqları varsa, onlar üçün dözər, fədakar olar”. 

“Qadınları həm real həyatda, həm də ədəbiyyatda səlahiyyətdən məhrum etmişik”

Əfsanə bildirir ki, nəticə olaraq qadın kimisə tərk etmək istəsə, özünü həddindən artıq çox günahkar, qeyri-sadiq hiss edir. Onun sözlərinə görə, “səlahiyyət” sözü bu mənada vacibdir. Yəni qadın həyatının necə olacağına özü qərar verməlidir: 

“Biz isə qadınlarımızı həm real həyatda, həm də ədəbiyyatda bu səlahiyyətdən məhrum etmişik. Elə bu problemlərə görə cəmiyyətdə zorakılıq halı normallaşıb. Çünki cəmiyyət bütün sadaladığımız xüsusiyyətləri qadına o qədər yükləyib ki, sabah bir şey baş verəndə, zorakılıqda da yaşasa, heç yerə getməyəcək. “Mən fədakar, dözümlüyəm və bu yaxşı şeydir” – deyə, düşünəcək”.

Yazdı Dinara Zeynalova

Sadəcə məlumat verməklə cinsiyyəti və adı dəyişmək mümkün olacaq

Yeni qanun Almaniyada qəbul edilib Almaniya Bundestaqı gender kimliyinin təsdiqlənməsi ilə bağlı yeni qanun qəbul edib.  Qanun insanların qeydiyyatda olduqları cinsiyyətlərini dəyişdirmələrini asanlaşdıracaq.  Bundan sonra Almaniyada gender kimliyini dəyişmək istəyən insanlar bunu açıq bəyan etməklə cinsiyyətini və adını dəyişmək hüququna malik olacaq.  Qanun sonuncu oxunuşdan keçərək, təsdiqlənib.  Buna qədər insanlar yalnız iki psixiatr tərəfindən müayinə...

Qadınları hədəf alan siyasi mübarizə

Azərbaycanda qisas məqsədilə şəxsi həyatın ictimailəşdirilməsi Son illər Azərbaycanda siyasətçiləri cəmiyyətin gözündən salmağın məşhur yolu şəxsi həyatının ictimailəşdirilməsidir. Nəticədə, hakimiyyətlə müxalifət arasındakı çəkişmələrdə bəzən qadınlar təhdid vasitəsi olur, bəzənsə birbaşa təhdidlə üzləşirlər.  Məsələn, “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahid və direktoru Azər Əhmədovun şəxsi həyatlarındakı qadınlarla “şantaj” edildikləri bildirilir. 2021-ci ildə siyasi mövqeyinə görə qızının intim...

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

Cəmiyyətdə zorakılığın normallaşdırılması necə baş verir?

“Tək əl qaldırmaq yox, səsini ucaltmaq, aqressiv davranış da zorakılıqdır” Maddi imkanların qısıtlanması, iş imkanlarının əldən alınması da zorakılıqdır, insana heç bir işə yaramadığını demək də, ona əl qaldırmaq da…  Fiziki, psixoloji, iqtisadi zorakılıq – biri digərindən daha az zərərli deyil. Lakin Azərbaycan cəmiyyətində zorakılıq deyəndə, ağla əl qaldırmaq, döymək gəlir. Digərləri zorakılıq hesab edilmir...

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik. 8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli...

Hamiləlikdən qorunma: Niyə ağla yalnız qadın bədəni gəlir?

Kişilər qorunmaq üçün nələr edir? Azərbaycan cəmiyyətində hamiləlikdən qorunmaq deyəndə, ağla gələn ilk üsullar qadın bədəninə müdaxilədən keçir. Halbuki bu, qadınların olduğu qədər, həm də kişilərin məsuliyyətidir.  Qorunma deyəndə, mütləq, düşünülür ki, qadın hansısa addım atmalıdır, kişilərin isə bu məsələlərdə məsuliyyəti daha az vurğulanır.  Məqalədə yaranmış vəziyyətin səbəblərini araşdırmışıq.  40 yaşlı Sevil Məlikova (ad şərtidir)...

Feministlər Bakıda aksiya keçirib: bu gün də üsyandayıq, haqlara israrlıyıq!

Aksiyada qadın jurnalistlərin həbsinə, erkən nikahlara, bulinqə, zorakılığa etiraz edilib “Qız xeylağı özünü azad aparar”, “Masa arxasında olmalıyıq, menyuda yox”, “Cəsarətli qadın inqilabdır”, “Patriarxat sağlamlığa ziyandır”, “Hər kəsi adı ilə çağıracağıq”, “Sağ qalmaq da etirazdır”. Bu şüarlar martın 8-də Bakının mərkəzində Feminist Hərəkatının “8 MARŞ – Duruş sərgiləyirik” adlı piketində səsləndirilib. Qadınlar Xurşudbanu Natəvanın Bakının...

“Mənim bədənim, mənim seçimim”

Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə oldu Fransa Parlamenti konstitusiyada abort (hamiləliyi sonlandırmaq) hüququnu təsdiqləyən qanunvericilik əlavəsini qəbul edib. Beləliklə, Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə olub. Bu ölkənin prezidenti Emmanuel Makron və onun partiyasının təklif etdiyi təşəbbüsün lehinə 780 deputat səs verib. Qanunvericilik əlavəsinə 72 deputat “yox” deyib. Makron sosial...

Adət-ənənə “vərəsəlik hüququna meydan oxuyur”

“Valideyndən qalan var-dövlətdə qız övladın da payı var, lakin çoxunun bundan xəbəri yoxdur” Dünyadakı əksər cəmiyyətlərdə mülkiyyət hüquqları, mədəni normalar ənənələrlə qarışıb. Üstəlik, bu ənənələr kişilərə üstünlük verir. Məsələn, valideynlərdən qalan bütün mal-mülk birmənalı oğlan uşağına bağışlanır. Nəticədə, cinslər arasında mülkiyyət və miras fərqləri, ayrı-seçkilik yaranır. Tarix boyu üstünlük təşkil edən mədəniyyət normaları mülkiyyətin kişi...

Mənim Yeni Tarix