Düzgün qidalanma, yoxsa kortəbii edilən dietalar? 

0

Əsas olan sağlamlıqdır, yoxsa cəmiyyətin təlqin
etdiyi ideal bədən quruluşu?

“Olduğunuz çəkidə sağlam və xoşbəxtsinizsə, ən əsası, obez deyilsinizsə, “arıq olmalıyam” deyə düşünməməlisiniz. “Hamı maneken olmalıdır” deyə bir qayda yoxdur”. 

Bioloq Nərmin Axundova belə düşünür. Bildirir ki, bu gün cəmiyyət insanlara “ideal bədən quruluşunda olmalısan” fikrini sırıyır. Bioloq isə düşünür ki, bu fikrin şüuraltına işlənməsinə, ən əsası insanda narahatlıq yaratmasına imkan vermək olmaz. 

“Femmekan”ın budəfəki qonağı Nərmin Axundovadır. Onunla qidalanma, sağlıqlı yemə mədəniyyəti və ən əsası, xaricdə aldığı təhsili, bugünkü işləri barədə danışmışıq. 

Nərmin Axundova Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Departamentinin müdiridir. O, heyvan, bitki sağlamlığı və qida təhlükəsizliyi sahəsini araşdırır. Paralel olaraq elmi layihələr həyata keçirir, həm də risk qiymətləndirilməsi işi ilə məşğuldur. Bu sahədə həmçinin digər ölkələrin təcrübəsini də araşdırır. 

Bu yerə gələnədək hansı yollardan keçib, harada təhsil alıb, nə çətinliklər yaşayıb? Gəlin, Nərminin həyatına birlikdə göz ataq. 

Nərmin xaricdə təhsil almağı məktəb vaxtlarından arzulayıb. Deməsinə görə, ailəsi də buna qarşı çıxmayıb. Şəxsiyyət vəsiqəsini vaxtında ala bilməməsi onu Türkiyənin YÖS (Yabancı Öğrenci Sınavı) imtahanına gecikdirib. Beləliklə, Azərbaycanda imtahan verməli olub və Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsini qazanıb. 

“Təhsili qiyabi alacaqdım. Əvvəlcə üzüldüm, düşündüm ki, ürəyim istədiyi kimi tələbəlik yaşaya bilməyəcəyəm. Ancaq sonra anam mənə yaranmış vəziyyəti fürsətə çevirə biləcəyimi söylədi: “indidən işləsən, universiteti bitirəndən sonra iş tapmaq kimi bir dərdin olmaz” – dedi. Onun məsləhəti beynimə batmışdı. Beləliklə, oxuya-oxuya işləməyə də başladım”. 

Nərmin Axundovanın ilk iş yeri M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi olub. Deyir ki, burada çalışdığı müddət AzerMDS-lə (Həkimlər və Təbib Tələbələr İctimai Birliyi) tanış olub. Həmin birlik ona xarici ölkələrdəki proqramlara, kurslara qoşulmaq imkanı verib. Nərmin birliyin layihəsi ilə Almaniyanın Heydelberq Universitetinin tibbi labaratoriyasında təcrübə keçib: 

“Təcrübə proqramı 3 aylıq idi. Düzdür, BDU-da biologiya oxuyurdum, amma oradakı kimi böyük labaratoriya görməmişdim. Mənim getdiyim labaratoriya xərçəng xəstəliyini araşdırırdı. Onda biologiya oxuduğuma çox sevinmişdim. Düşünmüşdüm ki, əgər tibb oxusaydım, xəstələrlə işləməli olacaqdım. İndi isə labaratoriyada araşdırmalara qatılmaq imkanım yaranmışdı. Bu, çox maraqlı gəlirdi”.

Nərmin Axundova həmin vaxt BDU-nun ikinci kurs tələbəsi olub. Və universiteti bitirəndən sonra ikinci ixtisas kimi molekulyar biologiyanı seçmək qərarı verib. Sonra AzerMDS-in imtahanlarına girib. Bu dəfə isə Türkiyədəki Ege Universitetində 1 aylıq mübadilə proqramı qazanıb: 

“Burada da molekulyar biologiya labaratoriyasına düşmüşdüm. Bu labaratoriya isə şizofreniya ilə bağlı araşdırma aparırdı. Çox maraqlı idi. Üstəlik, tələbə yataqxanasında qalırdıq və burada hər ölkədən tələbələrlə tanış olmuşdum. Braziliyadan, Misirdən və başqa ölkələrdən gələnlər var idi. Həmin vaxtdan 12 il ötüb, amma bu gün də həmin qrupun uşaqları ilə danışırıq. Bir-birimizdən, işlərimizdən xəbərdarıq”. 

Nərminin Türkiyə səfəri ona həm həyat, həm də işlə bağlı yaxşı təcrübə qazandırıb: 

“Təcrübə keçdiyim labaratoriyaların hər biri bizdən xeyli öndə idi. Kifayət qədər ciddi araşdırmalar aparırdılar”.

Nərmin Axundova universiteti bitirəndən sonra sənədlərini magistr təhsilinə hazırlayıb. Bu dəfə təhsilini xaricdə davam etmək qərarına gəlib və ilk il molekulyar biologiya üzrə İspaniyanın Barselona şəhərindəki universitetlərdən birinə qəbul alıb. Lakin təqaüd ala bilmədiyi üçün gedə bilməyib. Bu, onu çox pis sarsıdıb: 

“Günlərlə özümə gələ bilmədim, ağladım, üzüldüm. Hətta təqaüdlə bağlı “yox” cavabını alanda iş yeməyində idim. Nə hala düşdümsə, hamı hiss etdi. Oradakı qadınlardan biri mənə dedi ki, əgər nə isə olmursa, deməli, səni daha yaxşı nələrsə gözləyir. Lakin həmin zaman bu sözlərin heç biri mənə təsəlli deyildi. Bu il olsun, indi olsun, daha yaxşısı lazım deyil – deyə, düşünürdüm. Sonradan o qadının sözlərini  çox xatırladım və haqlı olduğu qənaətinə gəldim”.

Bir il sonra Nərmin yenidən imtahan verir və seçdiyi bütün universitetlərdən qəbul alır. O isə Böyük Britaniyanın Essex Universitetinin molekulyar biologiya fakültəsini seçir. Nərmin deyir ki, əslində xaricdə təhsillə bağlı yola risk edib çıxıb. Çünki təqaüd almayacağı təqdirdə oxuya bilməyəcəyini bilib: 

“Ailəmin mənim xaricdə təhsilimi maliyyələşdirəcək imkanı yox idi. İndi geriyə baxıb düşünəndə bu tərəfini fikirləşmədiyimi görürəm. Bəlkə yenidən təqaüd ala bilməyəcəkdim, alınmayacaqdı, üzüləcəkdim. Risk etdim, amma oldu”. 

Nərmin magistr təhsilini başa vurduqdan sonra PhD təhsili almaq şansı yaranıb, eyni zamanda, İngiltərədə qalıb işləyə də bilərmiş. Lakin bunları düşünməyib və Azərbaycana dönüb. Deyir, o zaman da bilirmiş, Azərbaycanda onun sahəsi üzrə iş imkanlarının az olduğunu, lakin bu haqda çox düşünməyib və geri dönüb: 

“Əslində molekulyar biologiya sahəsində kadra ehtiyac var. Lakin bizim ölkə üçün eynisini demək çətindir. Məsələn, dönəndən sonra ilk getdiyim yer Milli Onkologiya Mərkəzi oldu. Orada molekulyar biologiya labaratoriyası var. Onlar araşdırma ilə yox, diaqnostika ilə məşğul idilər. Bir həftə getdim-gəldim, lakin orada işləməyin yaxınından keçə bilmədim”.

Bundan sonra Nərmin Qafqaz Universitetində müəllim olmaq təklifi alıb. Bir müddət orada dərs deyib, amma çox davam edə bilməyib. Deməsinə görə, yolu çox uzaq olub və gedib-gəlməklə bağlı problem yaşayıb. Ən son isə Qida Təhlükəsizliyi İnstitutundan dəvət alıb və hazırda da burada çalışır. 

Mənbə: rawpixel.com
Mənbə: rawpixel.com

Nərmin Axundova bu gün əksər qadınların dərdinə çevrilmiş köklük problemindən də danışıb. Deyir, tarix boyu insanlar heç vaxt arıq olmayıb. Həmişə balıq ətli olublar:

“Əvvəllər arıqlığa çox önəm verilmirdi. Düzdür, obezlik indi bütün dünyada problemə çevrilib. Bunun səbəbi isə təkcə qida deyil, həm də yaşam tərzidir. Fiziki əmək azalıb, insanlar oturaq həyata keçib. Bizim qadınlarda da aşağı yuxarı durum budur. Ev işlərində texnikadan istifadə edirlər. Paltaryuyan, qabyuyan, tozsoran və s. Getdikcə fiziki əmək azalır. Bu da təbii, əhvalımıza və bədən quruluşumuza təsir edir”. 

Nərmin düşünür ki, əslində hamının arıqlamaq istəməsi doğru deyil. Deyir, “sanki cəmiyyətdə bir qəlib var, hamı o qəlibə girməyə çalışır”. Bunu edərkən kimsə sorğulamır: 

“Məncə, sağlamsansa, normal çəkidəsəndə illa ki, hamı maneken olacaq deyə bir şey yoxdur. Qadınlar nəyi səhv edir? İnanırlar ki, dieta hər şeyi düzəldəcək. Halbuki bu, sadəcə qısamüddətli həll yoludur. Dieta müddəti bitəndən sonra yenə hər şey əvvəlki halına dönür”.

Nərmin Axundova bildirir ki, bu gün əksəriyyətin etdiyi dieta kortəbiidir. Bu da ən böyük yanlışdır. Çünki insan kortəbii dietadan sonra aşırı aclıqdan daha çox yeməyə başlayır: 

“Bu da orqanizmin balansını pozur. Əgər arıqlamaq istəyirsinizsə, bu, uzunmüddətli proses olmalıdır. Dietoloq, həkim nəzarətində edilməlidir. 3 ay dieta götürdüm, arıqladım, sonra yenə davam edirəm şəklində olmamalıdır. Bunun sosial tərəfləri var. Hər kəs belədir, mən də belə olum fikirlərinin içinə girəndə adam batdıqca, batır”.

Azərbaycan mətbəxinə gəlincə, Nərmin düşünür ki, yeməkləri çox kalorili deyil. Ancaq tam sağlam da sayılmaz:

Mənbə: dribbble.com
Mənbə: dribbble.com

“Daha kalorili yeməkləri olan mədəniyyətlər də var. Məncə, insan öz ərazisində nə yetişirsə, onu yeməlidir. Normalında, qədərində yemək seçim ola bilər. Balanslı qidalanmanı saxlamalıyıq, normadan artığa qaçmamalıyıq. Düzdür, başqa regionlarda yetişən qidaların da dadını bilməliyik. Ara-sıra yemək olar, amma gündəlik qida rasionuna salmağın mənası yoxdur. Məsələn, son zamanlar çia toxumu dəbdədir. Hamı istifadə etməyə çalışır. Tamam, səni xəstə etməyəcək. Onun tərkibindəki maddələr orqanizmə lazımdır. Amma o maddələri biz öz coğrafiyamızda yetişən məhsullardan da ala bilirik. İnsanın yaşadığı yerlə orqanizmin təbii ehtiyacları arasında bir balans var. Bunların bir qismi elmlə də sübuta yetirilib”.

Bir də, Nərmin düşünür ki, insanlar nəyi nə üçün etdiklərini bilməlidirlər. Bizim insanlarımızda isə  sorğulama deyə bir şey qalmayıb: 

“Hamı edir, mən də edim tipli düşüncələr formalaşıb. Bəlkə ehtiyac yoxdur, bəlkə o qədər pul xərcləməyə gərək yoxdur? Bunu kimsə düşünmür”. 

Yazdı Gülər Mehdizadə

Bağlı mesajlar

Bir cavab buraxın

Mənim Yeni Tarix