Danışılmayan “məhrəm aybaşı” söhbətlərinin gətirdiyi sağlıq problemləri

0

“Həkim anama: “Sən bugünədək hara baxmısan?” – deyəndə yenə günahkar mən oldum”

Sual: valideyn qızı ilə arasındakı bağa sərhədlər qoya bilərmi? 

“Femmekan” bu dəfə qızların valideyni ilə rahat-rahat danışa bilmədiyi mövzulara toxunub. Məsələn, aybaşı prosesi. Bu barədə danışılmaması gələcəkdə hansı problemlərə səbəb ola bilər? Ana və qız belə mövzuları müzakirə edə bilməlidirmi? 

Qəhrəmanımız anasına problemləri barədə danışa bilmədiyi üçün, ümumiyyətlə, menstruasiya prosesindən az məlumatlı olduğundan səhhətində ciddi problemlər yaranıb. Ən pisi isə odur ki, yaşadığı problemdən uzun müddət xəbərsiz olub və bu da ağırlaşmaya gətirib çıxarıb.  

Mənbə: creativemarket.com
Mənbə: creativemarket.com

Sual: stereotiplər, yoxsa övladının sağlığı? 

Türkan Əliyevanın (ad şərtidir) 21 yaşı var. O, bu il Bakı Dövlət Universitetində (BDU) sonuncu kursu başa vurur. Bədən quruluşuna görə yaşıdlarından fərqlənir, hətta bunu özünə dərd etdiyi zamanlar da olub. Uzunmüddətli terapiya və psixoloq yardımlarından sonra artıq əvvəlki kimi düşünməsə də, ətrafın “məsləhətləri” onu bu gün də qıcıq edir: 

“Rəfiqələrim, evdəkilər, hətta qohumların uşaqlarına baxıram – ən iştahsızı, az yeyəni mənəm. Lakin kənardan baxanda belə deməzsən. Onların da payını mən yemişəm kimi görünürəm. Məsələn, anam həmişə deyir ki, “sən yemirsən, yeməyə işgəncə verirsən”. Di gəl ki, anlamadan, dinləmədən, müəllimlərim, qrup yoldaşlarım, qohumlar, qonşular, ətrafım həmişə yeməyimi azaltmağımı məsləhət görürlər. Mən yeməyimi bir az da azaltsam, belə çıxır ki, heç nə yeməməliyəm”.

“Məktəb illərim adicə bir şənliyə getmək üçün mübarizə ilə keçib”


Türkanın kökəlmə səbəbi bədənindəki hormonal disbalansdır. Deməsinə görə, ailəsinin 12 ildən sonra, müalicə, əziyyətlə dünyaya gələn övladıdır. Düşünür ki, aralarındakı uçuruma səbəb də elə anası ilə arasındakı yaş fərqinin çoxluğudur. Həm də anası kifayət qədər sərt xarakterli biridir: 

“Əlində olsa, məni məktəbə qoymazdı ki, tərbiyəm pozula bilər. Atamın təkidi ilə məktəbə getmişəm. Anam deyirdi ki, “adı getsin, özü evdə təhsil alsın”. Daim mənə ətrafı təhlükə kimi təqdim edirdi. Məktəb illərim adicə bir şənliyə getmək üçün mübarizə aparmaqla keçib”. 

“Aybaşı barədə məktəbdəki 45 dəqiqəlik bir dərsdə məlumatlanmışam”

Türkan deyir ki, anası ilə gündəlik məişət qayğıları xaricində müzakirə edə bildikləri hər hansı mövzuları yoxdur. Adicə bütün sinif yoldaşlarının analarından öyrəndiyi menstruasiya prosesi barəsində o, ilk dəfə məktəbdəki 45 dəqiqəlik dərsdə məlumatlanıb: 

“Bu dərs cəmi bircə dəfə oldu və məlumatlandırma xarakterliydi. Sağ olsunlar, yenə bir anlayışım oldu ki, yaxın gələcəkdə məni nə gözləyir. Sonradan öyrəndim ki, hamı bu barədə anası ilə rahat danışır. Dərsdən sonra söhbət zamanı məlum oldu ki, sinifdəki qızların bəzilərində artıq aybaşı başlayıb. Mən 7-ci sinfi bitirəndə oldum. Yay tətilində, nənəmgildə idim. İndi düşünəndə deyirəm ki, nə yaxşı orada olmuşam. Yoxsa, anama bu barədə demək mənə çox çətin olardı. Kiçik xalam o vaxtlar subay idi. Ona dedim.  Mənə bez verdi və hər şeyi izah etdi. Nəyi, necə edəcəyimi söylədi”.

“O qədər ağrının qarşılığında hər ay olmadığıma sevinirdim”

Türkan deyir ki, 9-cu sinifdə hər ay olan aybaşı prosesində gecikmələr başlayıb. Lakin o, bunun normal olub, olmamasını müəyyən edə bilməyib. Bəzən isə ümumiyyətlə, dərslərin çoxluğundan vaxtını da unudub: 

Mənbə: Jenn Woodall
Mənbə: Jenn Woodall

“İlk olaraq belimdə səpkilər çıxmağa başladı. Özü də elə-belə səpkilər deyildi, əvvəlcə şişirdi, sonra içindən irin gəlirdi. Sonra həmin səpkilər çiynimdə, boynumda və beləliklə, üzümdə artmağa başladı. Bütün günü əlim üzümdə olurdu”.  

İki-üç aydanbir baş verən menstruasiya prosesi isə Türkan üçün əzaba çevrilib, ağrılı olub. Sonra yenə fasilələr başlayıb. Bəzən o qədər ağrının qarşısında hər ay olmadığına sevindiyini söyləyir: 

“Qəti şəkildə mən bunun normal olmadığını düşünmürdüm. Kimsə deməmişdi, qızlardan da soruşmağa üzüm gəlməmişdi. Zamanla çiynimdə, boynumda və çənəmdəki tüklər qalınlaşdı və artdı. Universitetə hazırlıq dönəmlərində isə kökəlmə başladı. Anam düşünürdü ki, bütün günü kitabxanada oluram və orada nə gəldi alıb, yediyim üçün çəkim artır. Bir müddət evdən yemək üçün nələrsə götürürdüm, amma kökəlmə dayanmırdı. Bir gün xalam dedi ki, “üzündəki tüklər coddur, universitetə girəndə gərək səni lazerə aparaq”. Onda söz açıldı, sorğu-sual nəticəsində başa düşdülər ki, illərdir mən iki-üç, bəzən isə dörd aydanbir aybaşı oluram”.

Əsəb, stress, gərginlik…

Türkanın deməsinə görə, bundan sonra onu həkimlərə aparıblar. Analizlər nəticəsində məlum olub ki, hormonları qaydasında deyil. Bunun da daha çox əsəb, stress, gərginliyə bağlı olduğunu söyləyiblər: 

“Yadımdadır, həkim anama “sən hara baxırsan ki, bu uşaq illərdir bu vəziyyətdədir”, deyəndə də, anam məni günahlandırmışdı. Halbuki mən nə baş verdiyindən xəbərsiz idim, nəyin normal, nəyin qeyri-adi hal olduğunu bilsəydim, necəsə bir yol tapıb, anamla danışa bilərdim. İndiki dövrdə ümumiyyətlə, belə insanlar qalıb? Nə bilim, mənə elə gəlir ki, müasir dövrdə belə hallar yaşanmır, insanlar valideynləri ilə hər şeydən danışırlar. Amma görürsünüz də bizim kimilər də hələ qalır”. 

“Əsas olan sağlamlıqdır”

Türkan universitet dönəmində daim dietoloqlara gedib. Müəyyən qədər arıqlayıb, lakin tez bir zamanda yenidən kökəlib. İndi də yeməyinə diqqət edir, idmanla məşğuldur, amma yenə də istədiyi bədən görünüşünə sahib deyil:
“Psixoloji seanslardan sonra anlamışam ki, əsas olan sağlamlıqdır. Özümü sağlam, yaxşı hiss edirəmsə, arıqlamaq ikinci plandadır. Amma yenə insan istəyir ki, normal bədən quruluşunda olsun. Məsələn, mən indi 85 kiloyam, heç olmasa, 65 olsam, sevinərəm”.

“Anaların övladı ilə düzgün münasibət qura bilməməsi ciddi problemdir”

Ginekoloq Təranə Həsənova deyir ki, əgər yeniyetmə menstruasiya prosesindən xəbərsizdirsə, burada günah valideyndədir. Ana öz övladı ilə dostluq münasibəti qura bilsəydi, uşaq problemlərini ona deməkdən çəkinməzdi. 

Mənbə: scontent.xx.fbcdn.net
Mənbə: scontent.xx.fbcdn.net

“Nəinki menstrual problem, ola bilər ki, onun həyatında kiçik, yolunda getməyən nələrsə daha var və ya böyük haqsızlığa uğrayıb. Bütün bunları da ana ilə bölüşməyəcək. Yaxşı olar ki, analar uşaqlara bölüşmək güvənini versinlər. Bizdə analarımızın övladı ilə düzgün münasibət qura bilməməsi ciddi problemdir”.

“Ona menstruasiya barədə məlumat verməliyəmmi?”

Ginekoloq deyir ki, çox rastlaşıb. Valideynlər tez-tez ona müraciətlə “qızımın yaşı yaxınlaşır, ona menstruasiya barədə məlumat verməliyəmmi?” deyə, soruşurlar. Hətta “mən deməsəm, bu barədə başqa haradan məlumat ala bilər?” soruşanlar da olub: 

“Bu barədə düşünməyənlər də olur. Bir qızdan eşitmişdim. Yeniyetmə vaxtı özündə menstrual qanı görəndə məlumatsız olduğu üçün çox pis qorxub. Çəkinə-çəkinə anasına bu barədə danışanda, üzünə sillə vurub. Deyib, “vəssalam daha sən qız uşağı deyilsən, hamıdan birisən, murdar olmusan”. Ananın qıza verdiyi travmanı görürsünüzmü? Təbii hamı belə etmir. Bu, sadəcə bir misal idi. Amma o da həqiqətdir ki, bizim cəmiyyətdə anaların övladları ilə dostluq qura bilmə, münasibət yaratma baxımından ciddi problemləri var. Ən pisi də budur ki, kimsə bunun fərqində deyil, elə bilirlər, belə də olmalıdır”.

Çəkinin artması, üzdə tüklənmə baş verməsi...

Təranə Həsəvova əslində olması gərəkənlərdən də danışıb. Deyir, analar mütləq məktəbdən öncə qızlarına aybaşı barədə məlumat verməlidirlər. Lakin nəinki bunu edirlər, hətta onların istənilən problemini də birgə həll etmək qabiliyyətləri yoxdur: 

“Menstruasiya barədə anaya bir kəlmə deyə bilməmək ümumi problemlərin yanında kiçik qalır bəlkə də. Baxmayaraq ki, ciddi sağlıq problemlərinə gətirib çıxarır”.

Ginekoloq qeyd edir ki, yeniyetmənin çəkisinin artması, üzdə tüklənmə baş verməsi klassik əlamətlərdir. Yumurtalıqların polikistoz sindromunun göstəricisidir, menstrual fuksiyanın pozulmasıdır: 

“Polikistoz yumurtalıq problemidir, hormonal balansın pozulması deməkdir. Hormonlarda ciddi çatmazlıq olduğunu göstərir, bu zaman yumurtalıq üzərində qalın təbəqə əmələ gəlir. Bu təbəqə folekulların normal şəkildə yetişib, partlaya bilməsinə əngəl yaradır. Nəticədə hormonal balans pozulduğuna görə qızlarda piylənmə, tüklənmə və menstrual funksiyanın pozulması baş verir. Əgər ana münasibətləri doğru qura bilsəydi, qız bunu vaxtında deyərdi və problem aradan qalxardı”.

Çıxış yolu varmı? 

Həkim bildirir ki, müasir tibb kifayət qədər inkişaf etdiyindən polikistozu olan qızları laparoskopik əməliyyat edirlər. Əməliyyatla yumurtalıqlar üzərindəki qalın pərdə xaçvari kəsilir və nəticədə folekullar daha rahat şəkildə yetişib, partlaya bilir. 

Ginekoloq əlavə edir ki, belə durumlarda ana qızına çarə axtarmalıdır, onu qınamamalıdır. Uşağa ikinci bir travma yaşatmaq olmaz: 

““Uşağın olmayacaq”, “xəstəsən”, “problemlisən” və s. demək olmaz. Həmçinin bu prosesdə uşağı günahlandırmaq da düzgün deyil”. 

Düzgün məlumatlanma

Təranə Həsənova deyir ki, menstruasiya barədə nə qədər düzgün, dəqiq və çox məlumat verilsə, bir o qədər yaxşıdır. Düzgün maarifləndirmə yayılan mənasız şayiələri də ikinci plana atar: 

“Əvvəla bilmək lazımdır ki, aybaşı zamanı birinci növbədə şəxsi gigiyenaya fikir verilməlidir. Bu barədə qızlar proses başlamazdan öncə məlumatlandırılmalıdırlar. Beləliklə, bu vəziyyətdə necə davranmaq lazım olduğunu bilməlidirlər. Bəli, bezlər tez-tez dəyişdirilməli, ilıq duş alınmalı və təmizliyə fikir verilməlidir. 21-28 gündənbir təkrarlanan proses gecikərsə, bu barədə ana məlumatlandırılmalı və çox gec olmadan həkimə müraciət edilməlidir”. 

“Anamla aramda uçurum qədər məsafə olmasaydı…”

Türkan bütün bu başına gələn neqativ hadisələri stereotiplərə bağlayır, deyir, “əgər anamla aramda uçurum qədər məsafə olmasaydı, vaxtında problemimi bilib, üstünə düşərdim, müalicəm gecikməzdi. Beləliklə, kökəlməzdim, üzümdəki tüklər codlaşmazdı. Eyni zamanda, bugünkü kimi dərim ləkə-ləkə olmazdı”.

Yazdı Gülər Mehdizadə

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

Cəmiyyətdə zorakılığın normallaşdırılması necə baş verir?

“Tək əl qaldırmaq yox, səsini ucaltmaq, aqressiv davranış da zorakılıqdır” Maddi imkanların qısıtlanması, iş imkanlarının əldən alınması da zorakılıqdır, insana heç bir işə yaramadığını demək də, ona əl qaldırmaq da…  Fiziki, psixoloji, iqtisadi zorakılıq – biri digərindən daha az zərərli deyil. Lakin Azərbaycan cəmiyyətində zorakılıq deyəndə, ağla əl qaldırmaq, döymək gəlir. Digərləri zorakılıq hesab edilmir...

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik. 8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli...

Hamiləlikdən qorunma: Niyə ağla yalnız qadın bədəni gəlir?

Kişilər qorunmaq üçün nələr edir? Azərbaycan cəmiyyətində hamiləlikdən qorunmaq deyəndə, ağla gələn ilk üsullar qadın bədəninə müdaxilədən keçir. Halbuki bu, qadınların olduğu qədər, həm də kişilərin məsuliyyətidir.  Qorunma deyəndə, mütləq, düşünülür ki, qadın hansısa addım atmalıdır, kişilərin isə bu məsələlərdə məsuliyyəti daha az vurğulanır.  Məqalədə yaranmış vəziyyətin səbəblərini araşdırmışıq.  40 yaşlı Sevil Məlikova (ad şərtidir)...

Feministlər Bakıda aksiya keçirib: bu gün də üsyandayıq, haqlara israrlıyıq!

Aksiyada qadın jurnalistlərin həbsinə, erkən nikahlara, bulinqə, zorakılığa etiraz edilib “Qız xeylağı özünü azad aparar”, “Masa arxasında olmalıyıq, menyuda yox”, “Cəsarətli qadın inqilabdır”, “Patriarxat sağlamlığa ziyandır”, “Hər kəsi adı ilə çağıracağıq”, “Sağ qalmaq da etirazdır”. Bu şüarlar martın 8-də Bakının mərkəzində Feminist Hərəkatının “8 MARŞ – Duruş sərgiləyirik” adlı piketində səsləndirilib. Qadınlar Xurşudbanu Natəvanın Bakının...

“Mənim bədənim, mənim seçimim”

Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə oldu Fransa Parlamenti konstitusiyada abort (hamiləliyi sonlandırmaq) hüququnu təsdiqləyən qanunvericilik əlavəsini qəbul edib. Beləliklə, Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə olub. Bu ölkənin prezidenti Emmanuel Makron və onun partiyasının təklif etdiyi təşəbbüsün lehinə 780 deputat səs verib. Qanunvericilik əlavəsinə 72 deputat “yox” deyib. Makron sosial...

Adət-ənənə “vərəsəlik hüququna meydan oxuyur”

“Valideyndən qalan var-dövlətdə qız övladın da payı var, lakin çoxunun bundan xəbəri yoxdur” Dünyadakı əksər cəmiyyətlərdə mülkiyyət hüquqları, mədəni normalar ənənələrlə qarışıb. Üstəlik, bu ənənələr kişilərə üstünlük verir. Məsələn, valideynlərdən qalan bütün mal-mülk birmənalı oğlan uşağına bağışlanır. Nəticədə, cinslər arasında mülkiyyət və miras fərqləri, ayrı-seçkilik yaranır. Tarix boyu üstünlük təşkil edən mədəniyyət normaları mülkiyyətin kişi...

FEMSÖHBƏTLƏR | Feministlərin 2024-cü ildən gözləntiləri nələrdir?

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Məncə, yeni ilə yeni feminist təqvimdən baxmaq üçün gözəl gündür. Bu gün müxtəlif qonaqlarla birgə 2024-cü ildən danışacağıq. Dəqiq desək, feministlərin 2024-cü ildən nələr gözlədiklərini, yaxud qadın haqları üçün mübarizədə qarşıdakı ildə planlarını müzakirə edəcəyik. 2023-cü il Azərbaycan da daxil olmaqla bir çox ölkə üçün həm daxili, həm...

FEMSÖHBƏTLƏR | İqlim dəyişikliyinin qadınlara təsiri və onların bu prosesdəki rolu

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Qarşıdakı dəqiqələrdə iqlim dəyişikliyinin qadınlara təsiri və onların bu prosesdəki rolu haqqında danışacağıq. Epizodumuz ərzində “Chicks for Climate” təşəbbüsünün qurucusu, “Planeti xilas etməyin 365 yolu: dayanıqlı həyat tərzi üçün günlük bələdçi” kitabının yazıçısı Nərgiz De Baere-ın da fikirlərini səsləndirəcəyik. Uzun illərdir bu mövzuda sosial mediada fərqindəlik yaradan peşəkar...

Mənim Yeni Tarix