Cəmiyyətdə zorakılığın normallaşdırılması necə baş verir?

0

“Tək əl qaldırmaq yox, səsini ucaltmaq, aqressiv davranış da zorakılıqdır”

Maddi imkanların qısıtlanması, iş imkanlarının əldən alınması da zorakılıqdır, insana heç bir işə yaramadığını demək də, ona əl qaldırmaq da… 

Fiziki, psixoloji, iqtisadi zorakılıq – biri digərindən daha az zərərli deyil. Lakin Azərbaycan cəmiyyətində zorakılıq deyəndə, ağla əl qaldırmaq, döymək gəlir. Digərləri zorakılıq hesab edilmir və normallaşdırılır.

Universiteti qırmızı diplomla bitirən Sədaqət Məmmədova bir gün də müəllim ola bilməyib. Ailə qurduğu kişi imkanının yaxşı olduğunu və onun işləməyinə gərək qalmadığını deyib: 

“Nişanlı olanda iş söhbəti açılmışdı, “əlbəttə, bu qədər əziyyət çəkirsən və işləyəcəksən” desə də, sonradan fikrini dəyişdi. Hər söhbət açılanda isə qışqırıb, bağırmaqla ört-basdır etdi. Mən də evdə söz-söhbət, dava-dalaş, qanqaraçılıq olmasın deyə, bu məsələnin üstündən xətt çəkdim”. 

Mənbə: ru.freepik.com

“Özü yoxdur, zəhmi üstümdədir sanki…”

Sədaqət deyir ki, nəticədə 30 illik evlilik həyatında bir il belə işləməyib. Əri 10 ildir ki, həyatını itirib və bundan sonra işləmək istəsə də, addım atmaq ona çətin gəlib: 

“Özü yoxdur, zəhmi üstümdədir sanki… İşləməyə, addım atmağa cəsarətim çatmadı. Həm də açığı, öyrəndiklərimi unutduğumun fərqində idim. Nəticədə, o boyda təhsil alsam da, ömrü boyu başqalarından asılı, qorxu içində yaşadım” – deyir, buna görə təəssüflənir. 

Əksər hallarda insanlar aqressiv, xırda söhbətdə belə səsini ucaldan, qarşı tərəfi dinləməyən insana zorakı kimi baxmır. Əksinə, ailəsinin ehtiyaclarını qarşılayan kişi “yaxşı ər” nümunəsidir. Qarşı tərəfin imkanlarını bloklamaq isə iqtisadi zorakılıq kimi görülmür. 

“Patriarxal normaların əsasında zorakılıq dayanır”

Travmalar üzrə araşdırmaçı Əfsanə Tahirova deyir ki, patriarxal normaların əsasında zorakılıq dayanır, çünki patriarxat özü zorakı dəyərlər sistemidir. Bir tərəfi digərindən üstün sayır, resursları tək tərəfdə cəmləyir, digər tərəfi hər şeydən məhrum edir. Nəticədə, iyerarxiyanın üstündə olan tərəf cəmiyyəti idarə edir, qərar verir: 

“Təməlində zorakılıq olan sistem “oğlan uşağı aqressiv olar”, “oğlan uşağı davakar olar”, “rəqabət ruhlu olar”, “başqalarını əzər” – deyib, bu normaları normallaşdırır”.

Cəmiyyət əslində nə edir?

Araşdırmaçı deyir ki, əslində oğlan uşağına sinir sistemilə baş etməyi öyrətmirlər. Bununla da travmatik uşaqlar böyüdülür, cəmiyyətə travmatik kişilər yetişdirilir: 

“Bir növ deyirik ki, kişisən, aqressiv ola bilərsən, normaldır. Əslində aqressiya idarə edilə bilməyən duyğuların partlama anıdır. Məsələn, qəzəb aqressiya deyil. Qəzəbin təsirindən sonra aqressiya gələ bilər. Təəssüf ki, cəmiyyət aqressiyanı patriarxal normaların təsiri altında normallaşdırıb”. 

Əfsanə Tahirova sözünə əlavə edir, deyir, duyğularını idarə edə bilməyən kişi bunu həzm də edə bilmir. Hisslərini doğru, sağlam şəkildə idarə edə bilmədiyi üçün də qarşı tərəfi əzmək, qorxutmaq, hədə-qorxu gəlmək hesabına nəyəsə nail olmağa çalışır: 

“Bu, anormal bir cəmiyyət deməkdir. Çünki zamanında kişi aqressiv olar, zəhmli olar, ona hər şey olar deyib, hərəkətlərini normallaşdırmışıq. Üstəlik, buna etiraz edən az sayda insanı anormal saymışıq. Ən yaxşı halda qadına məsləhət verilib ki, əsəbidir, kənar gəz. Kişiyə isə bunu etməyə haqqın yoxdur deyən olmayıb. Əksinə, bir çox hallarda zorakılığa etiraz edənlərə qarşı çıxılıb”.

Televiziya və oyunların aqressiyaya xidməti

Amerika Pediatriya Akademiyasının apardığı araşdırma üzə çıxarıb ki, 18 yaşınadək orta amerikalı gənc təkcə televiziyada 200.000 zorakılıq aktının şahidi olur. 

Mütəxəssislər düşünür ki, həmçinin, zorakılıq məzmunlu video oyunlarına məruz qalma da yeniyetmələr arasında aqressiyanı artırır. 

Zorakılığın normallaşdırılmasına gəlincə, tədqiqatlar bunda siyasi diskursun və ritorikanın rolunun olduğunu deyir. 

Gələk zorakılıq qurbanlarına, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada hər 3 qadından biri həyatı boyu fiziki və ya cinsi zorakılığa məruz qalır. İçlərində intim partnyor zorakılığı isə ən çox yayılmış formadır. 

Uzun müddət zorakılığa məruz qalanda nə olur?

Psixoloq Sabina Nəzərova deyir ki, uzun müddət zorakılığa məruz qalan və ya bunun şahidi olan şəxslərdə travma sonrası stress, dissosiativ şəxsiyyət, bipolyar şəxsiyyət pozğunluğu kimi bir sıra psixoloji problemlər inkişaf edə bilər. Belə şəxslər sosial və emosional bacarıqlarını inkişaf etdirə bilmədiklərindən, onlarda təşviş, aqressiv davranış, empatiya əskikliyi, depressiya, alkoqol və maddə asılılığı riski olur: 

Mənbə: domestika.org

“Zorakılığın normallaşdırılması isə fərdlər arasında aqressiv davranışın artmasına səbəb olur. Zorakılıq hallarının zamanla gündəlik həyat normasına çevrilməsi fərdlərin bu mözvu barədə hüdudlarının irəli getməsi səbəbindən baş verir. Beləliklə, zamanla insanlar zorakılıq qurbanlarına qarşı daha az empatik olur, aqressiv davranışa normal baxırlar”. 

“Zorakılığın normallaşdırılması aqressiv davranışı artırır”

Psixoloq bildirir ki, sonda zorakılığın normallaşdırılması fərdlər arasında aqressiv davranışın artmasına səbəb olur. Bu isə həm cəmiyyətə, həm də psixi sağlamlığa zərbədir: 

“Həmçinin cəmiyyətdə nəticələri kəskin olur: sosial birlik pozulur və fərdlərin fundamental hüquqları təhlükə altına düşür. Zorakılığın normallaşması münaqişə, qeyri- bərabərlik və təzyiq dövrlərini davam etdirir, tərəqqi və innovasiyaları boğur. Zamanla bu normallaşmanın vurduğu psixoloji yaralar dərinləşir, fərdlərin sağlam münasibətlər qurmaq, münaqişələri idarə etmək və xoşbəxt həyat sürmək qabiliyyəti məhdudlaşır”.

Psixoloq çıxış yolunu medianın cəmiyyəti maarifləndirməsində, həmçinin zorakıların qanunla cəzalandırılmasında görür.

“Cəmiyyətin uğur anlayışı dəyişməlidir”

Əfsanə Tahirova deyir ki, Azərbaycan cəmiyyətindəki bu qəbildən olan bir problem də güc, uğur anlayışı ilə bağlıdır. Bunlarla bağlı münasibət dəyişdirilməlidir: 

“Patriarxal normalara görə, əzən, aqressivlik edən, uğurlu olandır. Əvvəla cəmiyyətin uğur anlayışı dəyişməlidir. Uğur nədir? Bizdə adətən bütün resursları əlində toplayıb, dünyanı istismar edən adamlara uğurlu deyilir. Məsələn, bəzən ədəbiyyatda, tarixdə sərkərdələr uğurlu insanlar kimi təqdim edilir. Halbuki qan töküb, insan öldürüblər. Məhz bu anlayışlar dəyişməlidir”. 

Araşdırmaçı bildirir ki, güc başqalarını əzmək, incitmək, onları istisimar etmək olmamalıdır. Güclü insan isə resursları əlinə yığan şəxsə deyilməməlidir: 

“Bunlar zorakılıqdır. Lakin patriarxal strukturda mərhəmət duyğusu zəiflik sayılır. Məsələn, qadınlara deyirik ki, çox mərhəmətli və emosional olduqları üçün idarəetməyə yararsızdırlar. Əslində isə əksinə, kişilər idarəetməyə yararsızdır. Onların güc anlayışı zorakılıq üzərində qurulub. Zorakılıq edən insan isə əslində, hamıdan çox qorxan, daxilində özünü dəyərsiz hiss edən insanlardır”.

Araşdırmaçı düşünür ki, əvvəlcə bütün bu düşüncəli insanlar sağalmalıdır. Bundan sonra cəmiyyətin düşüncəsində zorakılığın nə olduğu yavaş-yavaş formalaşdırılmalıdır. 

Sədaqət Məmmədova da deyir ki, zorakılığın normallaşdırılması kollektiv şüurda kök salana qədər incə yollarla, nəzərəçarpmayan şəkildə irəliləyib. Bu prosesin yüz illərlə uzun yolu var, əksini göstərmək də zaman alacaq bir prosesdir. Lakin o ümidlidir, deyir, bundan danışmaq, müzakirə etmək, marrifləndirmə zamanla bu normallaşmanın izlərini silə, insanların gözünü aça bilər. 

FEMMEKAN

Şiddətə gedən yol: zorakılıq özünüifadə vasitəsinə çevrilir?

Uşaqların yerinə danışmağın, onların sözünü kəsməyin nəticələri  Böyüyəndə niyə kosmonavt olmaq istəyirsən? Yox, əmisi, kosmonavt olmayacaq, oğlum həkim olacaq, anası-atası xəstələnəndə, müalicə edəcək Uşaqlarla böyüklər arasındakı belə dialoqlara tez-tez rast gəlirik. Valideynlər uşaqlara verilən sualları cavablayır, azyaşlılara fikirlərini çatdırmağa icazə vermirlər.  “Hərdən mənə nədənsə danışmağa çalışır. Fikrini ifadə etməkdə çətinlik çəkdiyi üçün cümlə qura bilmir,...

Fransada yol qəzalarına diqqət kampaniyası: “Qadın kimi sür”

Fransada yol qəzalarında həyatını itirən və ya yaralananların haqlarını müdafiə edən “Victimes et Citoyens” (Qurbanlar və vətəndaşlar) dərnəyi “Qadın kimi sür” adlı kampaniya başladıb.  Kişilərin daha yaxşı sürücü olduğuna dair davam edən “qadın düşməni” qavrayışıyla mübarizə aparmaq istəyən dərnək “bu qərəzli fikrin heç bir əsası olmadığını göstərmək üçün rəqəmlərə baxmaq kifayətdir” deyərək, yollarda ölümlə nəticələnən...

İdeal övlad gözləntisinin uşaqlara təsiri

Uşaqdan mükəmməl olmağı gözləmək onda travma yaradır?  Uşaq böyütmək, tərbiyəsi ilə məşğul olmaq valideynlərin böyük qayğısıdır. Təbii hər valideyn övladının sağlam böyüməsini, hərtərəfli inkişaf etməsini arzulayır. Çoxları mükəmməl, ideal övlad yetiştirmək istəyir. Bu zaman bilərəkdən və ya bilməyərəkdən onları psixoloji və mənəvi yükləyir, gələcək həyatında travmalara yol açır.  İdeal övlad istəyinin uşağın gələcək həyatına təsirindən...

Qeyri-sağlam münasibət nədir və ondan necə qurtulmaq olar? 

“Psixoloji təzyiqin zorakılıq qədər zərərli olduğu qəbul edilməlidir” Bu dəfə qeyri-sağlam, son zamanlar barəsində çox danışılan toksik münasibət, toksik partnyordan danışacağıq.  Toksik münasibətin nə olduğunu çoxu bilsə də, toksik insandan uzaqlaşmaq və həmin münasibəti bitirmək asan olmur.  Münasibətin qeyri-sağlam olduğuna dair siqnallar nələrdir?  Toksik münasibətin içində olduğunu necə anlamaq olar, hansı addımlar atılmalıdır?  42 yaşlı...

Şahmat: güclü oyun, zəka, yoxsa yaradılan şərait, verilən şans hesabına qazanılır?

“Şahmat üzrə dünya çempionu kişiyə 1.2 milyon, qadına 300 min avro mükafat verilib” “Şahmatda qadınlar kişilərdən zəifdir” – сümləsini azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov qursa da, səslənən fikir uzun illərdir dünyada müzakirə olunur.  Şəhriyar Məmmədyarov isə daha irəli gedərək, qadın zehninin və bacarıqlarının kişilərdən az olduğunu iddia edib.  Qadınların şahmatda zəif olması ilə bağlı oxşar fikirləri...

Sadəcə məlumat verməklə cinsiyyəti və adı dəyişmək mümkün olacaq

Yeni qanun Almaniyada qəbul edilib Almaniya Bundestaqı gender kimliyinin təsdiqlənməsi ilə bağlı yeni qanun qəbul edib.  Qanun insanların qeydiyyatda olduqları cinsiyyətlərini dəyişdirmələrini asanlaşdıracaq.  Bundan sonra Almaniyada gender kimliyini dəyişmək istəyən insanlar bunu açıq bəyan etməklə cinsiyyətini və adını dəyişmək hüququna malik olacaq.  Qanun sonuncu oxunuşdan keçərək, təsdiqlənib.  Buna qədər insanlar yalnız iki psixiatr tərəfindən müayinə...

Qadınları hədəf alan siyasi mübarizə

Azərbaycanda qisas məqsədilə şəxsi həyatın ictimailəşdirilməsi Son illər Azərbaycanda siyasətçiləri cəmiyyətin gözündən salmağın məşhur yolu şəxsi həyatının ictimailəşdirilməsidir. Nəticədə, hakimiyyətlə müxalifət arasındakı çəkişmələrdə bəzən qadınlar təhdid vasitəsi olur, bəzənsə birbaşa təhdidlə üzləşirlər.  Məsələn, “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahid və direktoru Azər Əhmədovun şəxsi həyatlarındakı qadınlarla “şantaj” edildikləri bildirilir. 2021-ci ildə siyasi mövqeyinə görə qızının intim...

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

Cəmiyyətdə zorakılığın normallaşdırılması necə baş verir?

“Tək əl qaldırmaq yox, səsini ucaltmaq, aqressiv davranış da zorakılıqdır” Maddi imkanların qısıtlanması, iş imkanlarının əldən alınması da zorakılıqdır, insana heç bir işə yaramadığını demək də, ona əl qaldırmaq da…  Fiziki, psixoloji, iqtisadi zorakılıq – biri digərindən daha az zərərli deyil. Lakin Azərbaycan cəmiyyətində zorakılıq deyəndə, ağla əl qaldırmaq, döymək gəlir. Digərləri zorakılıq hesab edilmir...

Mənim Yeni Tarix