Böyük ölçülü geyimlər niyə tapılmır? 

0

“Stilinin olmaması özünü ifadə etməni əngəlləyir”

Bu dəfə sizinlə məşhur markaların böyük bədən geyimlərinin olmamasından danışacağıq. Bu, həmin marka geyimlərdən almaq istəyən, lakin bədəninə uyğun ölçü tapmayan insanlara necə təsir edir? 

Ümumiyyətlə, markaların böyük bədən geyim istehsal etməməsi cəmiyyətə ideal bədən forması aşılamaq sayılırmı? Bəs Azərbaycanda böyük bədən paltarlar geyinən qadınlar özlərinə uyğun geyimləri haradan əldə edirlər? 

“Zövqlə geyinmək, öz stilimi seçmək şansım olmayıb”

Mənbə: s.yimg.com
Mənbə: s.yimg.com

Son 2 ildə 60 kilo arıqlayan Gülzar Əliyeva (ad şərtidir) deyir ki, nə uşaqlığında, nə yeniyetməliyində, nə də gəncliyində yaşıdları kimi geyinə bilib. Zövqlə geyinmək, öz stilini seçmək şansı olmayıb:

“Yalnız 60 kilo arıqlayandan sonra başa düşmüşəm ki, bir insanın özünəməxsus stili ola bilər”.

“Yaşlı insanlar üçün nəzərdə tutulan, “qoca malı” adlandırdığım paltarlar alırdım”

Gülzarın deməsinə görə, kökəlməyə 10 yaşından sonra başlayıb. Səbəb isə hormonal disbalans olub. Ailəsi üstünə ciddi düşməyib, beləliklə, 30 yaşlarınadək 152 kiloyadək qalxıb. Bu çəki onun ən yüksək həddi olub. Sonradan çətinliklə də olsa, mədə kiçiltmə əməliyyatına getmək qərarına gəlib. Əməliyyatdan sonrakı 2 ildə 60 kilo çəki itirib: 

“Uşaq vaxtı düzdür, marka geyimlər almağa imkanımız yox idi. Anam məni “talkuçka” deyilən bazarlara, “Sədərək” Ticarət Mərkəzinə aparırdı. Sonradan bu yerlərdən də paltar tapmaq çətinləşdi. Bu dəfə anam Sumqayıtdakı “Karvan” Ticarət Mərkəzini kəşf etdi. Burada böyük bədən geyimlər satılan mağazalar çox idi. Lakin bu mağazalardakı geyimlər yaşlı nəsil üçün nəzərdə tutulmuşdu və əksəriyyəti tünd rəngli, zərli, güllü-bəzəkli olurdu. Öz aramızda “qoca malı” deyirdik və hər biri olduqca zövqsüz idi”.

“Yeni nəsə alanda deyirlər e “əynində cırılsın…””

Çox çətinliklə tapdığı paltarları Gülzar 5-6 il geyinməli olduğunu söyləyir. Cırılanları isə tikib, yenidən istifadə edib: 

“Yeni nəsə alanda deyirlər e “əynində cırılsın”. Məndə elə olurdu. Ayaqqabı, cins şalvar kimi geyimləri isə ümumiyyətlə, qadın bölümündən yox, kişilər üçün olan mağazalardan alırdım. Zamanla xarici şirkətdə çalışdım, yaxşı maaş aldım, lakin o gözəl marka mağazaların yaxınına düşə bilmədim. Çünki həmin yerlərdən əynimə heç nə tapa bilmirdim. Əvvəl yaxşı geyinə bilməməyimin bir səbəbi də kasıbçılıq idisə, indi ikinci bir səbəbi vardı – tapa bilməmək”.

Gülzar deyir ki, həmişə beynini yoran bir sual olub. Nə Azərbaycan, nə də Türkiyədə bütün qadınlar incədir. Bəs niyə bu markalar böyük bədən geyim istehsal etmir?

“Sualın cavabını heç vaxt tapa bilmədim və indi də markaları, yalnız kiçik bədən qadınlar üçün nəzərdə tutulan geyimlər istehsal edən, tikən insanları anlamayacağam”. 

“Önü bağlanmasa da, geyinirdim, deyirdim, belimi tutsun”

Gülzar deyir ki, istər “Mango”, “Zara”, “Pull&Bear”, “Bershka” olsun, istərsə də türk markası olan “Koton”, “De Facto” kimi mağazaların heç birindən əyninə olan geyim tapa bilməyib: 

“Hətta bəzilərinin XL razmeri də çox kiçik olurdu. Mənə 2 XL, 3 XL geyimlər lazım olurdu. Məsələn, bəzən əlacsızlıqdan XL geyimlər alırdım, önü bağlanmasa da, geyinirdim, deyirdim, belimi tutsun. Nəinki üst geyimi, kalqotka, alt paltarı da tapa bilmirdim. Anam kimi güllü-çiçəkli, uzun ayaqlı olan “qoca malları” geyinirdim”.

Mənbə: thecurvyfashionista.com
Mənbə: thecurvyfashionista.com

“Londonda böyük bədən ölçüsü satan mağaza gördüm, bütün pulumu geyimə xərclədim”

Gülzar işə düzələndən qısa zaman sonra şirkətin xətti ilə İngiltərənin paytaxtı Londona göndərilir. İş səyahəti zamanı bu şəhərdə rastına “Evans” adlı mağaza çıxır. Həmin mağazanın geyimləri arasında 4-5 XL bədən ölçüləri tapır, çox sevinir: 

“Həmin səfərimdə bütün pulumu həmin mağazanın geyimlərinə xərclədim. Qəşəng alt paltarları, üst geyimləri aldım. Hamısı da ürəyimcə, elə xoşbəxt olmuşdum ki… Onları 5 ildən çox geyindim, çünki Bakıda tapa bilmirdim”.

“Bilirdim ki, heç bir mağazada mənə uyğun paltar yoxdur”

Gülzar onu da deyir ki, böyük bədən ölçüsü geyinən qadınlar daim istismara məruz qalır. Çünki onların ölçüləri digərlərindən qat-qat baha qiymətə satılır:

“Məsələn, rəfiqələrimlə bəzən mağazaya girirdik. Onlar nəyəsə baxırdılar, mən isə onlara baxırdım. Artıq axtarmırdım. Bilirdim ki, heç bir mağazada mənə uyğun paltar yoxdur. Əməliyyata da əlacsızlıqdan qərar verdim. Artıq psixoloji cəhətdən də dalana dirənmişdim. Əməliyyatdan sonra 152 kilodan 97-yə düşdüm. Bundan sonra bir çox marka mağzaların qapısı mənim də üzümə açıldı”.

Gülzarın hazırki bədən ölçüsü L və XL-dir. Deyir, düzdür, indi də ölçüsünə uyğun geyimlər məhduddur, lakin əvvələ baxanda yaxşıdır: 

“Məsələn, H&M-dən aldığım L əynimə olur. Lakin “Zara” və “Mango”nun XL bədəni belə əynimə gəlmir. İndi də belə problemlər var. Amma ən azı bircə markanın da olsa, geyimlərinin əynimə olması möhtəşəm hissdir”.

“Kimsə başqalarından fərqlənmək istəməz”

Gülzar arıqlayandan sonra bir müddət qazandığı pulların böyük əksəriyyətini geyimə xərcləyib. Deməsinə görə, o qədər istədiyini ala bilməyib ki, bu müddətdə hətta zövqündə olmayan, lazımsız geyimləri belə almağa başlayıb. Onun üçün əsas olan geyinməsi yox, əyninə olması olub: 

“Az qala hər evdən çıxanda nəsə geyim alırdım. Ciddi alış-veriş asılılığım yaranmışdı. Hazırda bunun üstündə işləyirəm və alış-verişi azaltmağa çalışıram”. 

“Heç vaxt geyim markalarını anlamayacağam” – deyən, Gülzar əlavə edir ki, insanlar arasında ayrı-seçkilik etmək olmaz. Belə çıxır ki, çəkisi artıq olanları insan yerinə qoymurlar:

“Bilməlidirlər ki, hər kəsin anatomiyası fərqlidir. Heç kim keyfindən kökəlmir və ya kimsə başqalarından fərqlənmək istəməz. Bunu qəbul etmək lazımdır”.

Gülzar deyir ki, indi bütün dünyada yeni trend yaranıb. “Bütün bədənlər gözəldir”, – deyirlər. Bu istiqamətdə kampaniyalar aparırlar. Bu prosesdən sonra bir çox markalar böyük bədən geyimlər istehsal etməyə başlayıb: 

“Bundan əvvəl də nəsə addım ata bilərdilər,  çünki stil insanın özünü ifadə tərzidir. Sənin özünə məxsus stilini yaratmağa imkanın yoxdursa, deməli, özünü ifadə edə bilmirsən. Bu da səni cəmiyyətdən təcrid edir və normal bir hal deyil”.

Gözəl olmaq ancaq ideal bədən ölçülərinə sahib olmaq deməkdir?

Ülviyyə Əli də böyük bədən geyimlər tapmağın çətinliyindən danışıb. Deyir, geyim markalarının reklamlarına da daim incə qadınlar çəkilir:

“Avtomatik olaraq düşünürsən ki, gözəl olmaq ancaq ideal bədən ölçülərinə sahib olmaq deməkdir. Bununla da adamda kompleks və özünəinamsızlıq yaradırlar”.

Ülviyyə Əli bildirir ki, əvvəl geyim alarkən ölçülərini tapa bilməyəndə böyük stress yaşayırmış. Çünki əksər markalar böyük ölçülü geyimlər istehsal etmirlər: 

“Ya da XL ölçüsünün əslində ölçülərimə uyğun gəlməli olduğu halda, görürdüm ki, əynimə olmur. Bunun səbəbini sonradan öyrəndim, çünki bəzi markaların gözündə hətta XL ölçülü qadın da həmin “gözəllik standartları”na uyğun tipdə olmalıdır. Məsələn, sinəsi normadan böyük olmamalıdır, beli incə, qarnı isə dümdüz, yəni “qüsursuz” bədən formasına sahib olmalıdır. Yenə də diskriminasiya ilə üzləşirsən və yenə də səni hansısa qəlibə soxmağa çalışırlar”.

“Ehtiyacın olduğu halda, nəsə ala bilmirsən”

Ülviyyə qeyd edir ki, burada standartlar “ideal” bədən formalarından götürülür, ancaq real ölçülər kənarda qalır və nəzərə alınmır: 

“Bu isə insanı həvəsdən salır və özünə ehtiyacın olduğu halda, nəsə ala bilmirsən. İnsanı elə düşünməyə vadar edirlər ki, sanki sən standart ölçülərə sahib deyilsənsə, dəbli geyinməyə haqqın yoxdur. Beləliklə, özünü günahlandırmağa başlayırsan. Ən böyük problemlərdən biri də böyük ölçüdə olan paltarların çoxunun zövqümə xitab etməməsi, gənc qadına yox, daha çox orta yaşlı və yaşlı qadınlara uyğun olması idi. Burada da elə bir görüntü yaranır ki, sanki ancaq 40 yaşdan yuxarı qadınlar dolu bədənli ola bilərlər, cavanlar isə yox”.

Ülviyyə deyir ki, digər problem isə qiymətlərdədir. Türkiyədən “online” alış-verişə başlayandan sonra işi nisbətən rahatlaşıb: 

“Mən əsasən geyimlərimi “Mango”, “H&M”, “LC Waikiki”, “Defacto” və yaxud da “Trendyol”dan alıram. Burada zövqümə və ölçülərimə uyğun paltarlar tapa bilirəm, amma digər markalara nisbətən mənim aldığım paltarlar baha olur. Kobud desək, sanki piylərin üçün əlavə pul ödəməyə məcbur edilirsən. Amma təcili bir şey lazım olanda Azərbaycanda almağım mümkünsüz hala gəlir, çünki sadaladığım markaların paltarlarını bizdə ikiqat baha satırlar”.

“Kiminsə müəyyən etdiyi “standart” bədən ölçülərinə sahib deyillər deyə…”

Ülviyyə yəqin edir ki, arıq qadınlara paltar tikmək daha asandır və onların ölçüləri üçün parça sərfiyyatı daha az tələb olunur. Odur ki, markalar böyük bədən paltarları tikməkdən imtina edirlər:

“Çünki XS ölçüdə paltarı da, XL ölçülü paltarı da eyni qiymətə satmağa məcburdurlar. Bu isə istehsalçının ziyana işləməsi deməkdir. Lakin bütün bunlar o demək deyil ki, kiminsə müəyyən etdiyi “standart” bədən ölçülərinə sahib deyillər deyə, həmin insanlar diskriminasiyaya məruz qalmalıdırlar. Tarixə də nəzər yetirsək “gözəllik standartları” öz dövrünə görə dəyişib, yəni konkret bədən ölçüsünü ideal adlandırmaq absurddur. “Gözəllik standartları” adlandırılan şey isə qadın bədənini əmtəəyə çevirməyə çalışan və bədənimiz vasitəsiylə özünə sərmayə yaradan kapitalist sistemin standartlarıdır”.

“Azərbaycanda standart olmayan bədən ölçülü insanların da geyim tapması çətindir”

Adaptiv geyim dizayneri Rəşidə Əliyeva da düşünür ki, markaların böyük bədən geyim istehsal etməməsinin səbəbi daha çox qazanc əldə etmək istəmələridir. Az parçadan istifadə edib, çox pul qazanmaq mümkündürsə, niyə əlavə parça sərfiyyatına getsinlər? Belə düşünürlər: 

“Təkcə böyük bədən geyimlər yox, Azərbaycanda standart olmayan bədən ölçülü insanların da geyim tapması çətindir. Məsələn, əlilliyi olan insanlar da hər mağazadan özlərinə geyim ala bilmirlər. Bu da mənə elə gəlir ki, tələbata görədir. Daha çox tələb nəyədirsə, onu istehsal edib, tez satıb, çox və tez bir zamanda pul qazanmaq istəyirlər”. 

“Məqsəd əlavə pul xərcləməmək və tez pul qazanmaqdır”

Rəşidə Əliyeva bildirir ki, görünür, marka geyim istehsalçıları daha çox tələbə yönəlib. Düşünürlər ki, kilosu çox olan qadınlar azlıq təşkil edir. Odur ki, daha asan gəlir əldə etmək üçün böyük bədən geyimlərin istehsalına önəm vermirlər: 

“Beləliklə, böyük bədən geyim istehsalına pul xərcləmirlər, əsas enerjilərini böyük əksəriyyətin olduğu bədən quruluşlarına yönəldirlər. Məqsəd əlavə pul xərcləməmək və tez pul qazanmaqdır. Misal üçün tanıdığım markalardan “H&M”, “Mango”da L və XL bədən geyimləri tapmaq mümkündür. Daha böyüyünü bəli, Azərbaycanda tapmaq çətindir”.

“Markaların əksəriyyəti daha tez və çox pul qazanmağa fokuslanıb”

Mənbə: boredpanda.com
Mənbə: boredpanda.com

Rəşidə Əliyeva qeyd edir ki, “Pull&Bear”, “Stardivarius”, “Bershka” kimi markalarda bədən ölçüsü maksimum L-dir. Bu markalar 14-50 yaşlarında insanlar üçün nəzərdə tutulub və əsas bazarları da Avropa ölkələridir: 

“Doğrudur ki, Azərbaycandakı heç bir alış-veriş mərəzində böyük ölçülü geyim satan mağaza yoxdur. Varsa da maksimum oradan XL bədən ölçüsü tapmaq olar. Çünki markaların əksəriyyəti daha tez və çox pul qazanmağa fokuslanıb”.  

“Arıq məşhurun ​​geyindiyi hər şey modaya çevrilir, lakin…”

Təkcə Azərbaycanda yox, dünyanın bir çox ölkəsində qadınlar böyük ölçülü geyim tapa bilməməkdən şikayətçidir. 

Moda sənayesi ölçüləri əhatə etmir. Bu, onların təqdim etdiyi geyim kolleksiyalarında özünü göstərir”, – deyirlər.

Bu cür şikayətlərin önündə verilən cavablar isə birdir: “Marka böyük bədən geyimlər üçün çox pul xərcləyir və eyni qiymətə satmaq sərfəsizdir”. 

Böyük ölçülü alt paltarı markası “Hey Mavens”-in qurucusu Annika Chaloff  deyir ki, arıq olan bir məşhurun ​​geyindiyi hər şey modaya çevrilir, lakin eyni qaydalar plus qadınlara şamil edilmir: 

“Velosiped şortları, geniş tişörtlər, cins şalvarlar və qalın idman ayaqqabıları, ümumiyyətlə, yalnız incə bədənlərdə qəbul edilən tendensiyaların yaxşı nümunələridir”. 

“Yaşadığımı hiss etməyə başlamışam”

Gülzar Əliyeva deyir ki, bütün ömrü boyu qohumlarındakı yaşıdları, sinif yoldaşları, rəfiqələri kimi olmayıb. Bunun onun mental sağlamlığına nə dərəcədə təsir etdiyini həmin problemi yaşamamış birinə izah edə bilməz: 

“Məncə, həmin problemi yaşamamış insanlar üçün “arıqla” demək çox asandır. Düzdür, mən hazırda o mərhələni geridə qoymuşam. Artıq geyim sarıdan daha xoşbəxtəm. Az da olsa, əynimə olan nələrsə tapa bilirəm. Yoxsa daim kişi geyimləri geyinməkdən qadın olduğumu unutmuşdum. Az qala, mənliyimi itirirdim. Rəngsiz, yorucu bir varlığa çevrilmişdim. İndi isə yaşadığımı hiss etməyə başlamışam”. 

Yazdı Gülər Mehdizadə

Bağlı mesajlar

Bir cavab buraxın

Mənim Yeni Tarix