“Birşey-mirşey var?”

0

Altı il əvvəl Şahnaz Əhmədova nikaha girəndə dərhal uşaq mövzusu gündəmə gəlir.

29 yaşlı Şahnaz və əri Hüseyn hələ valideyn olmaq istəmirdilər – həm gənc idilər, həm də dünyaya yeni bir həyat gətirməyə hazır olduqlarını hiss etmirdilər. Bir-biriylə vaxt keçirməyə üstünlük verən iki nəfərlik ailəni yaxınlarından heç kim başa düşə bilmirdi.

“İlk bir il hamı uşaq gözləyirdi. Hətta toydan 1 ay sonra “birşey, mirşey var?” deyə, sual etməyə başlamışdılar. “Hazır deyilik” – birləşməsi onlara yad idi. Həm də yoldaşım evin tək oğludur. Bəs nəsli kim artıracaqdı?”

Şahnaz ailə qurduqları ilk il boyunca hər ikisinin böyük təzyiq altında olduğunu deyir. Yeni evlənənlər bu 12 ayı mübarizə ilə keçirib.

Sonra hər iki tərəfin valideynləri yanaşmalarını dəyişib: cütlüyün sonsuzluq problemi olduğunu zənn edib onları həkimə aparmağa çalışıblar.

“Yaxşı ki, iqtisadi baxımdan kimsədən asılı deyilik, nələrəsə etiraz edə bilirik. Ailəsindən asılı gənclər bunu edə bilmirlər. Həkimə getməkdən imtina etdim. 2-ci il gəldi. Basqılar başqa tərəfə yönəlmişdi. “Yəqin ümumiyyətlə, alınmır” – deyə, düşünürdülər. Ağıllarına gəlməyən tək şey hazır olmamağımız idi. Bu, onlar üçün qəbuledilməzdir, ola bilməz, günahdır”.

Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, qadınlara qarşı bu münasibət Azərbaycanda adi haldır. Qəbul edilmiş həqiqət budur ki, qadınlar uşaq doğmaq üçün yaradılıb. Ancaq Mehriban Zeynalova qeyd edir ki, heç kim qadına “ana olmaq istəyirsən?” sualını vermir.

“İnsanlar var ki, özünü uşaq sahibi olmağa hazır hiss etmir. Yaxud nəsil artırmaq üçün uşaq doğmaq istəmir. Bu adamlara qarşı cəmiyyət çox amansızdır”.

Mehriban Zeynalova ana olandan sonra bunun peşmançılığını yaşayanları da görüb. “Doğandan sonra görür ki, bu onun həyat tərzi, düşüncəsinə uyğun deyilmiş. Uşağı dünyaya gətirib, amma böyütməyə əziyyət çəkir. Bunu dilə gətirəndə isə linç olunur”.

Şahnaz Əhmədova deyir ki, vəziyyət həyat yoldaşının işə qarışmağınadək kritik olub.

“Məni həkimə dartmağa başlayanda yoldaşım sərt reaksiya verdi. Dedi, “sizin dərdinizə qalmayıb bizim həyatımız”. Şok yaşadılar. Alışmadıqları durum idi. Normalda qaynana gəlini alır yanına və başlayır həkim-həkim gəzməyə. Biz buna imkan vermədik”.

Kimsə Şahnazdan övladı olub-olmadığını soruşduqda o, qızı hesab etdiyi pişiyi Mianı göstərib, “var” deyir.

“Bəzən düşünürəm ki, ərim və mən Miaya özümüzdən daha yaxşı baxırıq. Heç vaxt həkim müayinəsinə aparmağı unutmuruq, ona ən yaxşı yeməkləri alırıq və bütün digər ehtiyaclarına cavab veririk”.

Nəticədə valideynlər görüblər ki, Şahnaza və ərinə uşaqla bağlı təzyiq göstərə bilməyəcəklər. Ancaq növbəti mərhələ qohumların müdaxiləsi ilə davam edib. Valideynlərə tez-tez “Siz necə valideynlərsiniz ki, uşaqların istəyinə razı gəlmisiz”, “Yəni siz övladlarınız üstündə söz sahibi deyilsiz?”, “Sizi saymır?”, – kimi suallar verilirdi.

Kənardan gələn qəzəblə mübarizə aparmaq Şahnaz üçün çətin idi – hətta sonsuzluq problemi olduğunu düşünərək onu təsəlli etməyə çalışan xeyirxahlar da onu acıqlandırırdı.

“Əvvəl “inşallah uşağınız olar”, “həkimə gedin”, “mütləq alınacaq”, “sizə də övlad qismət olsun”, – deyənlərə qıcıqlanırdım, əsəbiləşirdim. “Sənə kim deyib ki, olmur?” deyib, acılayırdım. Amma indi o qədər öyrəşmişəm ki, adi qarşılayıram, sağ ol deyib, keçirəm. Qulağım sakitdir”.

Şahnaz “özünüz nə zaman hazır olarsınız, onda övladınız olar” deyənlərlə çox az qarşılaşıb. Deyir ki, burada da söhbət birdəfəlik uşaq istəməməkdən getmir, bu, onsuz da birmənalı olaraq qəbuledilməzdir.

“Ailə quranda 23 yaşım vardı. Ana olmaq üçün çox tez idi. İndi 28 yaşım var. İndi bu fikir mənə çox yad gəlmir. Amma ana olmağı 30-dan sonra düşünürəm. Bu, planlı olmalıdır. Uşağın gələcəyini düşünmək lazımdır”.

Gender aktivisti Gülnarə Mehdiyeva Şahnaz və ərinin yaşadığı problemlərin və təzyiqlərin Azərbaycanda geniş yayıldığını deyir. O qeyd edir ki, uşaqsız cütlüklərin normal qəbul olunduğu cəmiyyətlərdən fərqli olaraq, Azərbaycanda bu mövzuda açıq danışılmır; çünki ölkədə hələ də qadının dəyəri onun “ana olmaq” qabiliyyəti ilə ölçülür.

“Bizdə gənclər valideyn olmadan təsəvvür edilmir. Qızlar hələ uşaqlıqdan ana olmağa hazırlaşdırılır. Gənclər üçün nəinki valideynlikdən birdəfəlik imtina, hətta planlı uşaq dünyaya gətirmə də problemdir. Evlilikdən sonra valideyn namizədi olmayan cütlüklərə kənardan ciddi müdaxilələr və təzyiqlər başlayır”.

44 yaşlı Rövşanə Babayeva da ana olmaq istəməyənlərdəndir. O və ərinin planında uşaq yoxdur – uşaqları əlavə və lazımsız bir məsuliyyət hesab edirlər.

Bu seçimlərində xoşbəxt olmalarına baxmayaraq, qohumlar, tanışlar və qonşular onları başa düşmürlər.

“Ərə getmisənsə, qoy biri olsun”, “Mütləq bir uşaq doğ ki, qocalanda tək qalmayasan”, – deyirlər. Özü də qınayanların əksəriyyəti həyatda özünü tapmayan, xoşbəxt olmayan, uşağına zorakılıq göstərən, nəsil artırmaq naminə uşaq dünyaya gətirən, nə bilim, məcburi evliliyə girən insanlardır. Onlar kimi olmaq istəməmək günahdır sanki”.

Rövşanə deyir ki, ailəsindən gələn iradlar onu hələ də məyus edir, xüsusən ana olmaq üçün “vaxtın keçdiyi” xəbərdarlığını eşitdikdə.

“Ən çox da yaş məsələsini qabartmaları qıcıq yaradır. “Yaşın keçir, tələs”, “indi doğmasan, sonra çətin olacaq” və s. Bu, adamı ikiqat stresə salır”.

Hətta uşaq dünyaya gətirməkdən tamamilə imtina etmək fikrində olmayan cütlüklər də nənə və baba olmaq istəyini bildirən valideynlər tərəfindən müəyyən dərəcədə təzyiq hiss edirlər. 

33 yaşlı Rübabə Quliyeva və Ülvi Həsənli beş ildir evlidirlər və özlərini hazır hiss etmədikləri üçün hələ uşaqları yoxdur. Rübabə deyir ki, ata-anası müasir dünyagörüşünə sahib olduğu üçün heç vaxt onu nəyəsə məcbur etməyiblər. Uşaqla bağlı da hər hansı xüsusi təzyiq görməsələr də, valideynləri vaxtaşırı nənə və baba olmaq istəklərini dilə gətirir.

Gülnarə Mehdiyevaya görə, yaşlı nəslin “nəvə oynatmaq arzusu” nə qədər bayağı səslənsə də, övladlar üzərində ciddi təsir gücünə malikdir. Evlənib, lakin uşaq istəməyən ailələr cəmiyyət tərəfindən qəbul edilmirlər. Mehdiyeva vurğulayır ki, bu gün Azərbaycanda yaşayan çox az sayda qadın öz bədəni üzərində – uşaq istəyib-istəməməkdə, yaxud ümumiyyətlə istəməməkdə – ixtiyar sahibidir.

Bu tendensiya, yavaş sürətlə də olsa, dəyişməkdədir. Rübabə qeyd edir ki, gənc nəsil, dost-tanış çevrəsi onların övladsız həyat sürmələrinə daha normal yanaşırlar.

“Valideyn olmaqla bağlı belə təəssüratım var ki, uşaq dünyaya gətirmək çox ciddi məsuliyyətdir. Sən bir şəxsiyyət, fərd böyütməlisən. Erkən yaşda valideyn olmağın tərəfdarı deyiləm, çünki erkən yaşda adam özünü dərk etmir, nə istədiyini bilmir. Özü hələ tam formalaşmamış şəxs necə uşaq böyüdə bilər?”, – Rübabə deyir.

Gülnarə Mehdiyeva isə bildirir ki, tanıdığı hər on cütlükdən biri uşaq istəmir, bir çoxu isə ailə qurmağı da təxirə salır.

“Bunlara rəğmən, öz ətrafımda “childfree” olmaq qərarı verən xeyli insan var və onlar təkcə qadınlar deyil”.

Rübabə Quliyeva əlavə edir ki, evliliklərinin ilk illərində özünün də, həyat yoldaşının da fərqli prioritetləri olub.

“Özümü dərk etmək, nə istədiyimi bilmək istəyirəm. İş, karyera, əyləncə, səyahət. Sadaladığım bu şeylərlə uşaq böyütmək eyni anda mümkün deyil, mənim fikrimcə. Ülvi ilə də bu baxımdan fikirlərimiz üst-üstə düşür. Bu beş ildə uşaq istəməmişəm, amma yaxın gələcəkdə planlaşdırıram”.

Rübabə dizaynerdir və onun yaradıcı baxışı həyatınln qalan hissəsinə də təsir edir. O, həyatını yaxşılaşdıracaq gözəl şeylər yaratmağa dərindən bağlı olduğunu deyir. Gözəl əşyalar onun yaradıcılığına ilham verir. “Özümü olduqca xoşbəxt hiss edirəm və deyərdim ki, heç nədən asılı olmamağı sevirəm. Gözəl şeylərin əhatəsində yaşamağı xoşlayıram”. Rübabə Budda fiqurlarını toplamağı sevir. Kolleksiyasında Budda başlarından ibarət 17 heykəl var.

Mənbə Chai-Khana

Yazdı Gülər Mehdizadə

Fotolar Aygün Rəşid

Mənim Yeni Tarix