“Bir gün qadınların limitsiz arzu qurması diləyi ilə…”

0

“Uşaq olanda kəndimizin üstündən keçən dərmansəpən təyyarələrə baxırdım. Düşünürdüm ki, vaxt gələcək, mən o təyyarələrin birində çox uzaqlara uçacağam. Mənə görə təyyarələrin hamısı uzaqlara aparırdı”. 

Bunlar Bərdədə yaşayan və Bərdə Qadın Klubuna rəhbərlik edən 32 yaşlı Ülviyyə Babasoyun uşaqlıq arzularıdır.

Zamanla onun tək arzusu səyahət, uzaqlara getmək olmayıb. Gördükləri, yaşadıqları ona “böyüyəndə qadınların səsi olacağam”, – dedirdib: 

“Çünki bizim kənddə qadınlar döyülür, söyülür, təhqir olunurdular. Bəziləri dözmür, intihar edirdi, bəziləri isə zorakılığa dözə-dözə yaşayır, bəzən xəstəlik tapır, erkən ölürdülər. Çox hallarda da həyatlarını zülmlə başa vururdular”.

“Qız uşağı doğulanda ailəyə təskinlik verirdilər”

Kiçik yaşlı Ülviyyəyə təsir edən qadınların bu həyatı, o böyüyəndən sonra da çox dəyişməyib: 

“Yuxarı siniflərdə oxuyurdum, Bərdədə şiddətdən bezən bir qadın özünü yandırmışdı. Hadisədən sarsılmışdım. Ancaq o qadının ölməsi heç kimin vecinə olmadı. Bir-iki gün müzakirə edildi, unuduldu. Hətta bir neçə ay sonra əri başqası ilə ailə qurdu. Görəsən bu hadisə təkcə mənə bu qədər təsir etmişdi? Uzağa getmirəm, qohumlarda dünyaya qız uşağı gəlirdi. Böyük faciə baş vermiş kimi, həmin ailəyə təskinlik verilirdi: “eybi yox, əsas əli-ayağı düzgündür”, – kimi cümlələr qurulurdu”.

Psixoloji zorakılıqdan qaçış

Ülviyyə deyir ki, zamanla qadınların gördüyü zorakılığın psixoloji növü ilə özü də üzləşib. Hər şey universiteti bitirəndən sonra başlayıb:

“Elə ki, 4-cü kursu bitirdim, “ərə get, vaxtın keçir”, “bir az da gözləsən, səni kim alacaq?”, – kimi söhbətlər başlandı. Düzdür, uşaqlıqdan “qız uşağısan, düz otur, səsin çıxmasın”, “qız uşağı ağıllı olar, sakit olar”larla böyümüşdüm, bu ayrı. Ancaq ailəmin, qohum-qonşuların “ərə getmək vaxtıdır” basqısı daha ağır gəlirdi. O qədər ki, 2013-cü ildə 1 illik Bakıya getmək qərarı verdim. İş tapdım, bununla yanaşı magistraturaya hazırlaşırdım”.

Qadınların döyülüb-söyülmədiyi cəmiyyət qurmaq arzusu

Bəli, bundan sonra Ülviyyə təhsil almaq üçün Türkiyəyə, oradan isə Litvaya yollanır. Elə uşaqlıqdan arzuladığı bir sahədə mütəxəssis olur. Diplomunu qadınların siyasi proseslərdə iştirakçılığı mövzusunda müdafiə edir və doğma şəhərinə geri dönür. Bu dəfə daha güclü və öz ayaqları üzərinə tam basa bilən biri kimi…

Özünün xəyalpərəst olduğunu düşünən Ülviyyə deyir ki, zamanla uçmaq arzusu dünyanın hər qarışını gəzmək istəyinə çevrilib. Bir xəyalı da var, qadınların döyülmədiyi, söyülmədiyi, təhqir olunmadığı bir cəmiyyət qurmaq:

“Təhsilimi başa vurandan sonra İstanbulda tələbə ikən çalışdığım şirkət qalıb işimi davam etdirməyimi rica etdi. İstəmədim. 2018-ci ildə Azərbaycana qayıtdım”. 

“Burda qalıb, nələrsə etməliydim”

Deməsinə görə, illər sonra Azərbaycan ona asan başa gəlməyib. Bir müddət depressiyada olub: 

“Hətta arada İstanbula qayıtmağı da ağlımdan keçirdim. Tezliklə fikrimdən daşındım. Burada qalıb, nələrsə etməliydim. Bir müddət sonra Alman Əməkdaşlıq Cəmiyyətinin (GİZ) iş elanını gördüm, müraciət etdim və seçildim. Əvvəlcə təlimçi kimi başladım, indi icmanın inkişafı üzrə kiçik ekspert vəzifəsində çalışıram. Bununla yanaşı, sırf siyasi proseslərdə, ümumiyyətlə, cəmiyyətdə baş verənlərə qadın iştirakçılığı mövzusunda layihələr yazıram. Həmin layihələrdə gənc, orta yaşlı, fərq etmir, xanımlar iştirak edirlər, öyrənirlər. Hətta onlardan bəziləri bu gün öz layihələri üzərində işləyir”.

“Onlara kompüterdə işləməyi öyrədirik”

Bərdə Qadın Klubu da Ülviyyənin layihələrindən biridir. Deməsinə görə, gününün çox hissəsini burada keçirir. Qadınların cəmiyyətdə özlərinə yer tapa bilməməsi, inkişafdan kənar qalması kimi narahat olduğu problemin öhdəsindən gəlməyə çalışır:

“Onların həm siyasi, həm iqtisadi proseslərdə iştirakçılığının normal səviyyədə olmasını istəyirəm. Təkcə istəməklə kifayətlənmirəm, bu yöndə əlimdən gələni edirəm. Layihə əsasında qadınlara kompüterdən istifadə qaydaları öyrədirik, onlarla maarifləndirici görüşlər keçirir, sırf genderlə bağlı təlimlər təşkil edirik. Bundan əlavə, şəxsi inkişafla bağlı təlimlərimiz də çox olur, müharibədən sonra psixoloji dəstək də göstərməyə başlamışıq. Ehtiyacı olanlara hüquqi yardım dəstəyi də veririk. Zorakılıq görən, aliment almaqla bağlı problemi olan, yaxud hər hansı bir hüquqi dəstəyə ehtiyacı olan qadınlardan da kömək əlimizi əsirgəmirik”. 

Sülh quruculuğunda qadınların rolu

Ülviyyəyə görə, bu gün Azərbaycanda ən ağrılı mövzulardan biri də uzun illər müharibə şəraitində yaşayan qadınların sülh quruculuğu prosesindən kənar qalmasıdır. Sırf qadınların sülh quruculuğunda iştiraklarını təmin etmək məqsədilə onları Almaniyanın Berghof Fondunun Qarabağ müzakirələrinə cəlb edirlər: 

“Başda nifrət püskürən insanlar içində bu gün qarşı tərəfin analarını düşünənlər var. Belə halları görəndə sevinirəm. Demək ki, qəlblərə toxuna bilirik”.

Bərdə Qadın Klubundan yolu keçənlər sonradan da ofisə gələ bilirlər. Ülviyyə Babasoy deyir ki, onların burada asudə vaxtlarını keçirmələri üçün hər şərait var:

“Oyun oynayırlar, arada yarışlar təşkil edirik. Düzdür, rayon yeridir, bəzən evdən izin vermirlər, ora nə yerdir, niyə gedirsiz, nə edirsiz orada deyənlər də olur. Buna da çarə tapmışıq. Həyat yoldaşınız, qardaşınız, valideyniniz də gəlib bura ilə tanış ola bilər deyirik. Başda o qədər qardaşı, atası, yoldaşı ilə gələnlər olub ki… Güvənilir yer olduğunu görəndən sonra bura gəlmələrinə bir söz deyən olmur”. 

“Son kursları keçən 4 nəfər özünə iş tapıb, hazırda çalışır”

Bərdə Qadın Klubunun sonuncu hesabatına görə, avqustda xidmətlərindən 85 qadın yararlanıb. İstər hüquqi, psixoloji, istərsə də təlim və tədris üçün gələnlər olsun. Hətta kursları bitirəndən sonra müzakirələrə, müəllimlərini, təlimçiləri görməyə gələnlər də olur. 

Ülviyyə Babasoy bildirir ki, onların kompüter kurslarını bitirib bu yöndə iş tapanlar da az deyil. Ən son kursları keçən 4 nəfər özünə iş tapıb, hazırda çalışır: 

“Zorakılığa məruz qalan qadınlar da olur, müraciət edirlər. Düzdür, çoxu konkret “zorakılığa məruz qalmışam”, – demir. Ancaq hüquqi yardım təkliflərimizdən yararlanırlar. Ən çox boşanma və aliment, əşyaların bölünməsi məsələlərinə görə müraciət edirlər. Hüquqşünaslarımız onların ərizə yazmalarına, məhkəməyə müraciət etmələrinə yardım edir”.

Empatiya qurmağı öyrənmək

Bərdə Qadın Klubunun bir məqsədi də ilk başda qadınların qadınlara qarşı fikirlərini dəyişməkdir. Ülviyyənin deməsinə görə, bunun üçün ilk növbədə hər baş verən bədbəxt hadisədə qadını günahkar görməməyi, onun nə yaşadığı, nələr çəkdiyi barədə empatiya qurmağı öyrədirlər:

“Yaxşı geri dönüşlər alırıq. Ötən həftələrdə şəxsi inkişaf və karyera planlaması mövzusunda bir təlimimiz oldu. Gözləmirdim, amma maraqla qarşılandı. Gələndə özünü ifadə edə bilməyən iştirakçı müəyyən vaxtdan sonra fikir mübadiləsi edir, müzakirələrdə çıxış edir, sözünü deyir”.

“Qadınların həyatına rəng qatmaq istəyirəm”

Bu gün Ülviyyənin ən çox nail olmaq istədiyi şey qadınların həyatına qismən də olsa, rəng qatmaqdır. Deyir, əlində sehrli çubuğu olsaydı, bunu bir göz qırpımında gerçəkləşdirərdi. Ancaq gözəl işlərin asan başa gəlmədiyini də yaxşı bilir:

“Bizim qadınların həyatı çox ağ-qara, standartdır. Azərbaycanda bir qadın doğulur, müəyyən stereotiplərlə böyüyür, 6-7-ci sinfə çatanda cehizləri toplanır, bəxti varsa oxuyur, diplom alır, sonra ərə gedir, uşaq doğur, onu böyüdür. Məncə, qadının həyatı bu olmamalıdır. Hər bir insanın özünü rahat hiss edə biləcəyi bir mühitin olması vacibdir. İstənilən insan sıxılanda yorulanda, deyək ki, bezəndə kənar mühitə çıxa bilməlidir”.

“Kaş qadınların həyatlarının sükanı öz əllərində ola”

Ülviyyənin qadınlarla bağlı arzuları çoxdur. Deyir ki, kaş onlar da bu arzuların heç deyilsə, 5 faizini özləri üçün istəyələr: 

“İstəyirəm, qadın özünə həyat yoldaşı seçə bilsin, istədiyi peşəyə yiyələnsin, öz ayağı üstdə dursun, istədiyi vaxt ailə qursun, uşaq dünyaya gətirsin. Bir sözlə, həyatının sükanı öz əlində olsun. Əslində bu dediklərimin heç biri qeyri-adi bir şey deyil, olması gərəkənlərdir. Təəssüf ki, bizim qadınlar adicə arzulamağı, xəyal qurmağı da bacarmırlar. Bunu bilmək üçün şansları olmayıb. Odur ki, arzunu, xəyalı belə limitli qururlar. Bir gün limitsiz, sərhədsiz xəyal qurmaq diləyi ilə…”.

Yazdı Gülər Mehdizadə

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Həyatını uşaqların küçədə qalmamasına həsr etmiş qadın

Azərbaycanda ilk uşaq sığınacağının yaranması tarixçəsi “Həssas qruplarla işləmək üçün ən vacib şərt peşəkarlıq, məsuliyyət və səbrli olmaqdır”, – söhbətə belə başlayır, Kəmalə Ağazadə. O, Azərbaycanda uşaq hüquqları müdafiəçisidir. Rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin (AUB) tabeliyində sığınacaq yaradıb. Təşkilat hər il zorakılıqla üzləşmiş, tərk edilmiş yüzlərlə uşağa hüquqi və psixoloji yardım edir. “Müvəffəqiyyətə gedən yol...

“Cəmiyyət qadınların daha azad olduğu zaman dəyişəcək” 

Özünü bir çox sahədə sınayıb, “nude” fotoqrafiyada tapan qadın “Femmekan”ın budəfəki qonağı fotoqraf Şərəf Nağıyevadır. O, zaman-zaman sevmədiyi işlərdə çalışıb, hətta universitetin ingilis dili müəllimliyi fakültəsinə qəbul olub, bitirsə də, bu sahədə özünü rahat hiss etməyib.  Deyir, uzun illərdən sonra fotoqrafiya ilə məşğul olmağa başlayıb. Son yeddi ildir “nude” fotolar çəkir. Deyir, özünü yaradıcı işdə...

“Qadın güclü olanda, kölə yox, qəhrəmana çevrilir”

Stilist, dizayner və xeyriyyəçi Vəfa İsazadənin hekayəsi “Qadının ayağı üzərində dayana bilməsi üçün iqtisadi azadlığı olmalıdır. Qadın güclü olanda stereotipləri qırmağı bacarır”, – söhbətə belə başlayır, Vəfa İsazadə.  O, stilist, dizayner kimi bir çox məşhurlarla çalışır. Kolleksiyaları bəzi xarici ölkələrdə də maraqla qarşılanıb. Vəfa həm də, xeyriyyəçi kimi tanınır. “Femmekan”ın budəfəki qonağı 2017-ci ildə yaradılan...

Həyatı animasiyalarla göstərən qadının hekayəsi 

Az inkişaf etmiş, çoxunun məlumatsız olduğu çətin yola işıq tutmaq Nəzrin Ağamalıyeva beş yaşından rəsm çəkir. İlk ali təhsilini Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, biznes idarəedilməsi sahəsində alıb, lakin ilk gündən bu sahəni sevə bilməyib.  Zamanla rəsmə olan marağı onu qrafik dizaynerlik, animasiya sahəsinə aparıb. Bu sahəni öyrənəndən sonra bir müddət “Azərbaycan Coca-Cola Bottlers LTD” şirkətində...

Fəlsəfəyə yeni baxış: ənənəvi dərs metodundan qaçış

Onlarla fəlsəfi kitabın müəllifi və tərcüməçisi Çinarə Məhəmmədi tanıyaq Fəlsəfədən dərs deyən, bu sahədə onlarla kitab yazan və tərcümə edən Çinarə Məhəmməd düşünür ki, müasir insanı köhnədənqalma dərs metodları, kitablarla təəccübləndirmək olmaz. Odur ki, o, tələbələrinə fəlsəfəni fərqli formada tədris edir. Həmçinin sahəsi ilə bağlı oxuduğu maraqlı kitabları azərbaycancaya tərcümə edir ki, bu sahədə dərs...

İdmandan tibbə, oradan xeyriyyəçiliyə, sonda turizmə açılan uzun yol 

Niderlandda turizm şirkəti açan Zərifə Quliyevanı tanıyaq  “Hər uğurlu işin arxasında zəhmət dayanır.  Çətini işə başlamaqdır” – belə deyir, Zərifə Quliyeva. O, Azərbaycan Tibb Universitetini bitirsə də, özünü müxtəlif sahələrdə sınayıb. Deməsinə görə, kiçik məbləğlə yaratdığı şirkətlər, həyata keçirdiyi layihələr məhz əziyyəti hesabına uğurlu alınıb. “Femmekan”ın budəfəki qonağı 5 ildir Niderlandda yaşayan, Amsterdamda “JASMİN” adlı...

Qızının yarımçıq qalan arzusunu reallaşdıran ana 

Onun adına yayın evi açıb, gələn gəliri isə leykemiyadan əziyyət çəkən uşaqların müalicəsinə verir Qızının yayın evi açmaqla bağlı xəyalını gerçəkləşdirən Məlahət Həsənova həmin müəssisəyə elə onun adını verib – “Nərmin” yayın evi.  Məlahət Həsənova kitablara bağlı, öz deyiminə görə, “kitabla nəfəs alan” qızı Nərminin vəfatından sonra yayın evi açmağa qərar verib. Çünki bu, qızının...

Mənim Yeni Tarix