Başqasının həyatını planlaşdırmaq olarmı?

0

Yaxud valideynlərin uşaqlara mükəmməllikçilik basqısı nələrə səbəb olur?

– Bu gün şahmatla neçə saat məşğul olmusan? 

– Həftə sonudur, kimya imtahanına hazırlaşıram

– Sənə kimya lazımdır? 

– Həkimlik üçün önəmli fənndir

– Şahmatçı üçün önəmli deyil…

“Yəni sən saydığını say… Bu, bizdəki valideynlərin uşaqlarına yol, peşə, dəqiq desək, həyat seçmək həvəsinin nümunəsidir”. 

33 yaşlı Nərminə Süleymanovanın hekayəsi əsasında “Femmekan” bu dəfə valideynlərin uşaqların arzularını gözardı etməsi, onların yerinə qərar verməsi nüansına toxunub.

Nərminə deyir ki, həkim olmaq uşaqlıq arzusu olub. Nənəsi ilə bir evdə yaşayıblar. Onun tez-tez xəstələnməsi, ailə həkiminin daim evə gəlib-getməsi onda tibbə həvəs oyadıb.  

“Həkim çox mülayim və zövqlü geyinən xanım idi… Həmişə də əllərimi əlinin içinə alır, “əsl həkim əlidir” deyərdi. Bilmirəm, onun kimi olmaq istəyi idi, yoxsa həqiqətən marağım var idi… Özümü ağ xalatda xəyal edirdim. Lakin ailəm, əsasən də atam imkan vermədi. Həkimlik söhbəti evdə hər açılanda, mənə “sən təsir altındasan, bu, öz fikrin deyil” – deyərək, etiraz edirdi. Halbuki 9-cu sinifdə artıq təsir altında olmaq olmazdı. Həkimlərlə bağlı xarici serialları sevib, izləməm də atamda mənim təsir altında olduğum fikrini yaratmışdı. Təsir deyildi, arzu idi və hətta məktəbdəki müəllimlərim də həkim olacağımı gözləyirdi”.

“Öz qazana bilmədiyi uğuru mənim qazanacağıma fokuslandı”

Mənbə: creativemarket.com
Mənbə: creativemarket.com

Nərminə deyir ki, bəlkə də indiki ağlı olsaydı, qarşı çıxardı, lakin o vaxt belə bir lüksü olmayıb: 

“Atam özü gəncliyində şahmatla məşğul olub. Detallarını bilmirəm, nəsə haqsızlığa uğrayıb, xarici ölkədə olan yarışa gedə bilməyib. Bununla da küsüb və uzaqlaşıb. Odur ki, qardaşlarıma da, mənə də kiçik yaşlardan şahmat öyrətməyə başladı. Onların hər ikisinin fikri dağınıq olduğundan, onun qazana bilmədiyi uğuru mənim qazanacağıma fokuslandı. Mənim də ki, özümün arzum, xəyalım var idi. Bir sözlə, hamısından uzaqlaşmalı oldum”.

“Çox yaxşı həkim ola bilərdim”

Nərminə Süleymanova 26 yaşında ailə qurub. O vaxtadək Bakıdakı şahmat məktəblərinin birində dərs deyib, evdə fərdi tələbə hazırlaşdırıb. Evliliyin ilk ilində də işini davam etdirib, sonra ard-arda dünyaya uşaq gətirməsi onu şahmatdan da uzaqlaşdırıb: 

“Lakin həkimlik arzumdan uzaqlaşdırmadı. Yadımdadır, uşaq olanda atam məni hətta Avropada yarışlara da aparırdı, bəzən borcla xərclərimi qarşılayırdı. Amma mən heç vaxt şahmat üzrə dünya çempionu olmadım. Amma ürəyimdə qaldı, bəlkə də çox yaxşı həkim ola bilərdim. Nə isə qaynanam və həyat yoldaşımın təkidi ilə 6 aydır ki, qəbul imtahanına hazırlaşıram. Tibb üzrə təhsil almaq düşüncəsi məni həyəcanlandırır. Qaynanam çox dəstək olur. Uşaqları hazırlığa, bağçaya da özü aparıb-gətirir, evin bütün işləri onun üzərindədir. Mən isə yalnız oxumaqla məşğulam və girdiyim bircə sınaq imtahanından gözlədiyimdən yaxşı nəticə göstərmişəm”.

Uşaqlara mükəmməllikçilik basqısı

Uşaq psixoloqu Aysel İsgəndərli deyir ki, təkcə peşə seçiminə qarışmaq problemi deyil, valideynlərin uşaqlara mükəmməlikçilik basqısı da bu gün çox böyük problemdir. Məsələn, idmançı olmaq istəyən uşağın kimya imtahanından 3 alması böyük problemə çevrilir. Yaxud musiqiçi olmaq istəyən uşaq bədən tərbiyəsindən aşağı qiymət alır, danlanır.

Psixoloq qeyd edir ki, təkcə bunlar da deyil, valideynlərin uşaqlarına hər şeyi etmələri ilə bağlı basqısı həm də öz üzərlərində böyük təzyiq hiss etmələrinə gətirib çıxarır: 

Mənbə: culturainquieta.com
Mənbə: culturainquieta.com

“Məsələn, uşağı iradəsi xaricində həm rəsmə, həm rəqsə, həm şahmata, həm idmana, həm tikiş kursuna qoyurlar. Bu sayı artırmaq da olar. Sanki istəyirlər ki, onun hər şeydən xəbəri olsun. Hər şeyə qaçan uşaq da arzularını unudur, avtomatik ana və atasının istədiyi kimi yaşamağa məhkum olur”.

“Uşaqdan soruşmaq lazımdır: marağı varmı, istəyirmi?”

Psixoloq deyir ki, bütün bunlar ailədə problemlərin yaranmasına səbəb olur. Bir çox hallarda hər şeyi qucaqlayan uşaq gələcəkdə hər hansı bir sənətə, peşəyə fokuslana bilmir. Bu da zamanla ana-ata, uşaq-valideyn münasibətlərində problemlərin yaranmasına gətirir: 

“Uşağın məşğuliyyətlərinin olması pis deyil. Sadəcə onu bu sahələrə yönləndirəndə özündən də soruşmaq lazımdır; marağı varmı, istəyirmi?”

“Mən mükəmməl valideyn olmalıyam”

Aysel İsgəndərli düşünür ki, bu gün valideynlərin mükəmməllikçilik basqısının altında həm də sosial media dayanır. Blogerlər və ayrı ayrı şəxslər tərəfindən yaradılan “mükəmməl valideyn” imici valideynlərin uşaq üzərində təzyiqini gücləndirir. Bu da “mən mükəmməl valideyn olmalıyam” düşüncəsinə gətirib çıxarır: 

“Mükəmməl valideyn olmaq düşüncəsi valideynlərin özlərini yormaqla bərabər, uşaqlarda da müxtəlif problemlərin yaranmasına səbəb olur. Müvəffəqiyyət əldə etmək üçün hər şeyi qurban vermiş mükəmməlliyyətçi validenlər eynisini övladından gözləməyə başlayır. Digər qrup valideynlər isə həyatda əldə etmədiyi uğuru övladının üzərinə köçürərək, onlardan mükəmməl olmağı gözləyir. Hər iki halda valideyn uşağın istək və bacarıqlarını nəzərə almır. Öz doğrularının uşaq tərəfindən həyata keçirilməsini tələb edir”.

Peşələrin insanlara yaraşdırılması

Azərbaycan cəmiyyətində “qız sənəti”, “oğlan peşəsi” anlayışı da var. Adətən qızlara müəllimlik, həkimlik, oğlanlara isə polis olmaq, mühəndislik və ya memarlıq kimi peşələr yaraşdırılır. Rəssamlıq, rejissorluq və ya incəsənət sahəsində isə qızlara baxanda, oğlanlara qarşı basqılar daha azdır. 

Sosioloq Sənubər Heydərova deyir ki, Azərbaycan kimi cəmiyyətlərdə uşağa basqı edən valideyni belə qınamaq çətindir. Məsələn, valideyn ömür boyu aztəminatlı olur, yaxşı yaşaya bilmir, düşünür ki, bəlkə də gömrük sahəsində təhsil almış olsaydım, daha çox gəlir əldə edərdim. Yaxud, həkim olsaydım, çox qazanardım və s. Bir sözlə, sosioloq deyir ki, aztəminatlılıqdan gələn arzular, istəklər, bəzi hallarda peşmançılıqlar çoxdur: 

“Odur ki, belə cəmiyyətlərdə uşağı pul olan sahələrə yönəldən valideynləri qınamaq olmur. Məsələn, tanıdığım bir qadın var idi, o vaxt əla eskizlər, rəsmlər çəkirdi. Lakin valideynləri ona dedilər ki, rəssamlıq peşə deyil. Xüsusən də qız peşəsi deyil. Get gömrük oxu. Qız da onların dediyini etdi, başqa çarəsi də yox idi. Lakin bu gün evdə oturub, dırnaq üzərinə rəsmlər çəkir. Axır-əvvəl öz istədiyi şeyin yaxınında bir sənətə qayıdıb”.

“Azərbaycanda futbol var?”

Sosioloq deyir ki, məsələn, futbolda kifayət qədər yüksək maaş olmasına baxmayaraq, kimsə deyəndə ki, futbolçu olmaq istəyirəm. Ona “Azərbaycanda futbol var? – deyirlər:

“Ölkədə xeyli uşaq var ki, heç vaxt istifadə etməyə-etməyə, marağı olmaya-olmaya illərlə musiqi məktəblərinə gedib-gəliblər. Bəlkə də adi vətəndaş kimi musiqini nə zamansa sevəcəkdilər, amma istedadı olmayan sahəyə məcbur getdiyi üçün gələcəkdə nifrət belə edə bilərlər”. 

“İnsanın həyatı ilə harmoniya təşkil edən işlə məşğul olması çox vacibdir”

Sənubər Heydərova bildirir ki, Azərbaycanda uşaqları yönəltmək üçün mərkəzlər də yoxdur. Hansı ki, onların nəyə qabiliyyəti olduğunu müəyyən etsinlər. 

Sosioloq deyir ki, Avropada uşaqların hansı sahəyə yönlənməsi ilə bağlı valideynlər, müəllimlər, yaxud psixoloq və bu sahənin mütəxəssisləri, uşaq inkişafı ekspertləri onlarla söhbətlər aparır. Uşağın marağı olan sahədə seminarlarda iştirakına və s. şərait yaradılır:

Mənbə: leviouusa!
Mənbə: leviouusa!

“Bizdə isə bu şərait yoxdur. Hətta məktəb psixoloqları belə çox zəifdir. Yaxud heç çoxunun ixtisası psixologiya deyil. Danışanda da deyirlər ki, biz təkik, məktəbdə yüzlərlə uşaq var, hansına çataq? Pedaqoqların içində də uşaqları müşahidə edənlər azdır. Qayğılarının çox olmasını əsas gətirir, işdən yaxalarını çəkirlər. Məncə, insanın həyatı ilə harmoniya təşkil edən işlə məşğul olması çox vacibdir. Odur ki, bacardığımız qədər uşaqları bacarıqları olan sahəyə yönləndirməliyik”.

Ailə tərəfindən mükəmməl olmağa məcbur edilən uşaqlar…

Aysel İsgəndərli deyir ki, ailə tərəfindən mükəmməl olmağa məcbur edilən uşaqlar böyüdükcə məktəbdə yaşıdları ilə özlərini müqayisə etməyə başlayır. Özlərini əskik gördükdə isə yoldaşlarına qarşı aqressiv olur, özlərinə qapanırlar: 

“Valideynlər düşünür ki, normal yaşamaq üçün yalnız müəyyən ixtisaslara yiyələnmək lazımdır. Bu ixtisaslar həkim, müəllim, mühəndis, memar, polis və s. Bəzən uşağın marağı idmana, incəsənətə olur. Valideyn onun “yaxşılığını düşünərəkdən” onun bu istəyini dəf edir. Nəticədə, mükəmməl uşaq kimi böyüdülən insan gələcəkdə depressiya, təşviş və qida pozuntuları yaşamaları cəhətdən risk altında olur”.

“Əmr, məcburiyyət bildirən sözlərdən qaçılmalıdır”

Psixoloq düşünür ki, ümumiyyətlə, öz arzularından, maraqlarından uzaqlaşdırılaraq hansısa peşəyə yönələn uşaqlar gələcəkdə öz peşələrini sevgi ilə icra etmir. Nəticədə, daha gərgin, yorğun və professionallıqdan uzaq olurlar: 

“Bunların olmaması üçün valideynlər ilk öncə uşaqları ilə düzgün ünsiyyət qurmalıdır. Onları dinləməli, danışarkən işlətdikləri cümlələrə diqqət etməlidirlər. Əmr, məcburiyyət bildirən sözlərdən qaçılmalıdır. Başda uşağın maraq və istəklərinin nəzərə alınması gəlməlidir. Ən əsası, uşaqlara səhv etməyə imkan verilməlidir. Onlar etdikləri səhvlərdən nələrsə öyrənməyin mümkünlüyünü görməlidirlər”. 

Aysel İsgəndərli deyir ki, bütün bunları edərkən sosial mediadan bacardıqca uzaq durmaq lazımdır. Beləliklə, göstərilənlərə, cəmiyyətə sırınan fikirlərə yox, uşağın düşüncə və istəklərinə yönələrlər.

“33 yaş da arzularına çatmaq üçün gec deyil”

Nərminə düşünür ki, 33 yaş heç də gec deyil. Gec, ya da tez, fərqi yoxdur, özünü xəyal etdiyi yerdə görmək üçün əlindən gələni edəcək: 

“Sadəcə zamanımı aldılar, indi bəlkə də həkim kimi işləyirdim, lakin mən oturub qəbul imtahanına hazırlaşıram. Yenə də şükür, şərait yarandı, arzuma yaxınlaşıram. Bunu düşünəndə sevinirəm, gələcəyə ümidim artır”. 

Yazdı Gülər Mehdizadə

Bağlı mesajlar

Bir cavab buraxın

Mənim Yeni Tarix