Bakıda polis “8 MARŞ – Haqlarımız Uğrunda” yürüşə mane olub

0

Martın 8-də polis Feminist Hərəkatı fəallarının Bakının Fəvvarələr Meydanında “8 MARŞ – Haqlarımız Uğrunda” yürüşü keçirməsinə izin verməyib. 

Yürüş başlamazdan öncə iştirakçıların çoxu polis tərəfindən saxlanılıb. Az sayda iştirakçı Fəvvarələr Meydanına gələ bilib. Onlara da polis plakat açmağa və şüar səsləndirməyə imkan verməyib.

Yürüş iştirakçılarının tələbləri nə idi?

Aksiyadan əvvəl təşkilatçıların yaydığı bəyanatda bildirilirdi ki, ötən 8 Mart aksiyasından bu günədək ölkədə qadın haqlarının vəziyyəti daha da pisləşib: 

“Pandemiya dönəmində zorakı şəxslərlə birlikdə evlərə həbs olunan qadınlar üçün heç bir dövlət proqramı həyata keçirilməyib”. 

Təşkilatçılar bildirir ki, pandemiyanın ardınca müharibə və sosial-iqtisadi problemlər gəlib. Bunların qadınların həyatına necə təsir etdiyi məsələsi diqqətdən kənarda qalıb. Bunun nəticəsidir ki, qadınlar intihar edib, öldürülüb. 

Yürüş təşkilatçılarının əsas tələbi İstanbul Konvensiyasının qəbul edilməsi olub. 

“Qadınlara qarşı baş verən cinayətlər qanunauyğun və ədalətli şəkildə araşdırılsın. Cinayətkarlar məsuliyyətə cəlb olunsun. Qadınlara qarşı zorakılıq və qətllərin qarşısını almaq üçün effektiv tədbirlər həyata keçirilsin. Qadınların şəbəkələşməsi, birləşməsi və mübarizəsi üçün bütün maneələr aradan qaldırılsın”.

Qətllərə və intiharlara diqqət!

Gender aktivistlərinin bugünkü yürüşlərinin məqsədi gender əsaslı zorakılıq, qətllərə və intiharlara diqqəti çəkmək idi. Əsas şüarları isə “Qadın qətlləri siyasidir!”, “Qadın kimi savaş, qadın kimi dağıt, qadın kimi yarat!” – idi. 

Yürüş təşkilatçıları aksiyada saxlanılanların olduğunu açıqlayıb. Onlar arasında Sevgi İsmayılbəyli, Nərgiz Absalamova, Aytac Ağazadə, Vəfa Nağı, Zəhra Kələndərova, Aytac Tapdıq, Gülnarə Mehdiyeva, Jalə Bayramova, Əminə Məmmədova, Rəbiyyə Məmmədova, Samir Bayramov, Ayla Əhədova, Səadət Abdullazadə, Aygün Aslanlı, Səbinə Rəhimova, Aysel Umudova, Cəmilə Quliyeva, İzolda Ağayeva və başqaları olub. 

Saxlananlara güc tətbiqi 

Sosial şəbəkələrdə polisin saxlanılma zamanı aksiya iştirakçılarına güc tətbiq etdiyi ilə bağlı videolar da yayılıb. 

Daxili İşlər Nazirliyindən (DİN) isə Turan İnformasiya Agentliyinə bildirilib ki, aksiyaya məhz şəhər rəhbərliyi izin vermədiyindən polis onun qarşısını alıb və saxlanan yoxdur. 

Aksiya təşkilatçıları bir neçə gün öncə Bakı Şəhər İcra Hakimiyyətinə yürüşün keçiriləcəyi ilə bağlı xəbərdarlıq məktubu təqdim etsələr də, qurum onların müraciətini qəbul etməyib. 

“Patriarxal məğlub olanacan mübarizəmizi davam etdirəcəyik”

Saxlanılanlar qısa zamanda müxtəlif polis bölmələrində siyahıya alınıb və sərbəst buraxılıblar. 

Sərbəst buraxılan aksiya təşkilatçısı Gülnarə Mehdiyeva yürüşün bəyanatını səsləndirib. Bildirib ki, ifadə və sərbəst toplaşmaq azadlıqlarının qarşısını heç bir qüvvə ala bilməz: 

“Patriarxal məğlub olanacan mübarizəmizi davam etdirəcəyik. Biz yürüş iştirakçıları dövlətdən İstanbul Konvensiyasının qəbul edilməsini tələb edirik. İstəyirik ki, qadınlara qarşı olan cinayətlər ədalətli araşdırılsın, cinayətkarlar məsuliyyətə cəlb olunsun”. 

Saxlanılandan sonra sərbəst buraxılan yürüş iştirakçıları Bakının mərkəzi parklarının birində aksiya keçiriblər. Bu dəfə şüarlarını səsləndirib, plakat qaldıra biliblər. Ancaq yenə də polis prosesə mane olub və yürüşü dağıdıb.

Qadınlarla bağlı vəziyyət nə yerdədir? 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə Azərbaycanda məişət zəminində 42 qadın öldürülüb. Ölümlə nəticələnməyən 873 məişət zorakılığı faktı qeydə alınıb.

2019-cu ildə isə qadın qətllərinin sayı 37 olub. Ümumilikdə isə 1038 ailədaxili zorakılıq törədilib. 

World Economic Forum Təşkilatının 2020-ci il hesabatına əsasən, Azərbaycan gender bərabərsizliyinə görə dünyanın 153 ölkəsi arasında 94-cü yerdədir.

Dünya Səhiyyə Təşkilatının ən son açıqladığı məlumata görə, bu gün dünyada hər 3 qadından 1-i fiziki və ya seksual zorakılığa məruz qalır.

İstanbul Konvensiyası nədir?

Bütün bunların qarşısını almaq üçün Avropa Şurası 2011-ci il mayın 11-də İstanbul Konvensiyasını qəbul edib. Konvensiyanı Avropa Şurasına üzv 34 ölkə imzalayıb. Azərbaycan hələlik, imzalamayanlar sırasındadır. 

İstanbul Konvensiyasını imzalayan ölkələr qadına qarşı zorakılığın qarşısının alınması və zorakılıqla mübarizə aparmaqda hüquqi öhdəlik götürür. Bu dövlətlərin zorakılığın qarşısını almaq, zorakılığa məruz qalmış qadınları müdafiə etmək və təqsirkarı cəzalandırmaq öhdəliyi olur. 

2021-ci il girəndən, 2 ay ərzində Azərbaycanda çoxsaylı qadın qətlləri və intiharları olub. Təşkilatçılar bildirirlər ki, yürüş həm də qadın intiharları və qətllərinə diqqət çəkmək məqsədi daşıyıb. 

8 Mart Beynəlxalq Qadınlar Günü 163 il əvvəl qadınların  kişilərlə müqayisədə daha aşağı əməkhaqqına, uzun iş saatlarına, seçib-seçilmək hüququnun məhdudlaşmasına etirazı ilə başlayıb. Bəzi ölkələrdə hələ də müxtəlif formalarda davam edir.

Son 3 ildir ki, 8 Mart günü azərbaycanlı gender aktivistləri də Bakının mərkəzi küçələrində qadın hüquqları ilə bağlı yürüşlər keçirməyə cəhd edir. Hər dəfəsində də polis yürüşə mane olur, plakatları cırır, şüar səsləndirilməsinin qarşısını alır və iştirakçıları saxlayır.

Yazdı Gülər Mehdizadə

Bağlı mesajlar

Bir cavab buraxın

Mənim Yeni Tarix