Azərbaycanda boşanmaq mifi…

0

“Elə ki, “boşanıram” deyirsən, toplanıb səni barışdırırlar”

“Bircə günün içində rəsmi nikaha girirsən, lakin bundan xilas olmağın rəsmi prosesi aylarla, o qərarı verə bilmək isə illərlə çəkir. Ən pisi də bu ayların hər gününün sənə bir il kimi görünməsidir. Çünki hər gün psixoloji sarsıntı, stress və cəmiyyətin basqısı ilə üzləşirsən. Bir sözlə, bir günlük prosesdən xilas olmaq səni 50 il dala atır, qocaldır, həyatını məhv edir”. 

38 yaşlı Gülnaz Kərimova 14 il əvvəl ailə qurub. Deməsinə görə, keçmiş həyat yoldaşı ilə illərlə bir-birlərini sevib, evlənsələr də, ailə həyatları uğurlu olmayıb. Gülnaz evliliyinin ikinci ilindən ayrılmaq qərarı versə də, 2 ay öncə boşanma prosesi yekunlaşıb.

Mənbə: rawpixel.com
Mənbə: rawpixel.com

Qadınlar boşanmağa necə qərar verir, sonrakı mərhələdə onları nə gözləyir? 

“Femmekan” bu dəfə boşanmaq mifinə toxunacaq. Azərbaycanda boşanmaq niyə faciə sayılır? A-dan Z-yə boşanma prosesindən danışacağıq.

Gülnaz Kərimova əslən Azərbaycanın cənub regionundandır. Məktəbin 7-ci sinfindən sevdiyi insanla ailə qurub və 14 illik evliliyindən 2 övladı var. Deməsinə görə, evlilik həyatında xoşbəxt olmadığından boşanmaq qərarı alıb və proses illərlə davam edib: 

“Ailəm konservativ olub. Düzdür, təhsil almağıma razı idilər, sadəcə ilk il imtahandan kəsiləndən sonra hazırlaşmağıma yaxın durmadılar. 20 yaşımda nişanlandım. Lakin toyumuz 4 il gecikdi. Hər iki tərəfdən ölənlər oldu və adətə görə il çıxmayınca toy etmədik. Əcnəbilər ona görə ailə həyatı qurur ki, var olan həyatı daha da gözəlləşsin, şəraiti yaxşılaşsın, qayğılar bölünsün. Bizdə isə toy axşamı “çətin günlərin başlayır” – deyib, qızı evdən yola salırlar”. 

Gülnaza görə, əslində doğru deyirlər, çünki əksəriyyət bu prosesdən keçib və zülm olduğunu yaxşı bilir: “Nə anam, nə də onun anası xoşbəxt olub. Mənsə düşünürdüm ki, sevdiyimlə evlənirəm, yaxşı olacaq, lakin alınmadı”. 

Boşanmağa aparan uzun illərdə yaşananlar

Gülnaz Kərimova deyir ki, evlilikdən 1 il sonra boşanmağa qərar verəndə səbəbi xəyanət olub. Lakin boşanmağa aparan uzun illərdə səbəblər birə beş artıb. İşin içinə şiddət, alçaltma, uşaqlarla təhdid də girib. 

“Elə bil illərlə sevdiyim insan deyildi. Birgə yaşayışda tamam fərqli biri olduğunu gördüm. Ən pisi də insanlar mənim əziyyət çəkdiyimi görürdü, elə atam, anam, qohumlarım, yoldaşımın yaxınları da, amma sakit dururdular. Sanki belə də olmalıdır. Səslər sən özünü xilas etmək üçün addım atmaq istəyəndə eşidilir. Elə ki, “boşanıram” deyirsən, hamı tökülüşüb səni barışdırmağa çalışır. Mənə elə gəlir ki, bizim cəmiyyətimiz, insanlar bədbəxtlikdən bəslənir. Ya da hamı bir quyunun dibindədir, çıxmaq istəyəni çəkib salırlar aşağı”.

“Bədbəxtliyi dibinəcən yaşadım”

Gülnaz hər boşanmağa qərar verəndə ailələr, yaxınlar işə qarışıb. Deyir, bəlkə də ildə 2 dəfə onların evlərinə toplaşıb, barışdırmağa çalışıblar: 

“Hər dəfə də – həm mən, həm də uşaqlarım daha ağır yaralar alırdıq. Pandemiya girəndə vəziyyət daha da ağırlaşdı. Bakıda yaşayırdıq, o zavodların birində çalışırdı. Evə qapandıq. Təsəvvür edin, axşamdan- axşama görmək istəmədiyim insanla 24 saat bir evin içində qalmalı idim. Üstəlik, 2 aydan sonra maaşını da almamağa başladı və maddi sıxıntılar onu daha da aqressivləşdirdi. Çətinliyə görə siqaretini azaltmışdı, əsəbi olurdu və onun da hirsini bizdən çıxarırdı. Pandemiyaya görə dalaşanda rayondan gəlib barışdıranların, öz fikirlərincə, “başımıza ağıl qoyanlar”ın da ayağı kəsilmişdi. Necə deyərlər, bədbəxtçiliyi dibinəcən yaşadım”.

“Valideynlərin yola getmədiyi ailədə uşaq böyütməkdənsə…”

Gülnaz 2021-ci ilin aprelində dəqiq qərar verdib ki, boşanır. Proses uzun çəkib, amma bu dəfə geri addım atmayıb: 

“Düzdür, boşanmaq üçün maddi məsələləri həll etmək də asan başa gəlmədi. Amma həll etdim və 2 ay əvvəl proses tam bitdi. İndi nəfəs aldığımı hiss edirəm”.

Gülnaz deyir ki, boşanma dəqiq qərar verdiyi gündən 11 ay çəkib. İndi geriyə dönüb, həyatına baxanda düşünür ki, dava-dalaşlı, yola getməyən ana-atanın olduğu bir ailədə uşaq böyütməkdənsə, ayrılmaq yaxşıdır: 

“Gərək kimsəni dinləməz, 14 il bu ağrıya dözməzdim. Belə olsaydı, bəlkə təzyiq və nevroloji problemlərim də yaranmazdı. Amma uşaqlarımın gözünün içinin güldüyünü görəndə, xəstəlikləri unuduram. Evdə olanda mən çoxunu bildirməsəm də hər şeyi duyurdular və daim üzlərindən kədər yağırdı. Uşaqlar hər zaman hiss edir”.

Gülnazın boşanmasını istəməyən ana və atası hazırda onunla maraqlanmır. O, indi Bakı kəndlərindən birində, oğlu xaricdə yaşayan bir qadının evində yaşayır, ona kömək edir: 

“Boşanmağa qərar vermədən iş tapmışdım. Dondurma sexində gecə növbəsində işləyirdim. 3 aylıq maaşımı topladım, bir-iki qızılımı satdım və 2 aylıq ev tutdum. Uşaqlarımı da götürüb çıxdım. Maaşım növbəti ayların kirayə puluna yetməyəcəkdi, hiss edirdim. Sağ olsun, sexdə çalışan qadınlardan biri mənə indiki işimi tapdı və bir ilə yaxındır ki, biz çox yaxşıyıq. Evində qaldığımız və işlərini gördüyüm qadına uşaqlarım “nənə” deyirlər, qulluğunda dururlar. O da onları çox istəyir. Pensiyasından məktəb bazarlıqlarına kömək də etmişdi, çox yaxşı insandır. Oğlu da hər ay maaşımı vaxtlı-vaxtında göndərir. Bəzən 2-3 aylığı birdən verir. Evin bir otağında yaşayırıq, kirayə pulu vermirik. Allah o yaxşı insanları başımızın üstündən əskik etməsin”. 

Boşanmaq ərəfəsində 

33 yaşlı Sevinc Məmmədova (ad şərtidir) isə hazırda boşanma ərəfəsindədir. O da bu qərara asan gəlməyib. Deyir, vəkil prosesə başlayıb, amma həyat yoldaşı ondan boşanmaq istəmir və evlərinə gəlib-gedənlərin ardı-arası kəsilmir. 

Mənbə: vocal.media
Mənbə: vocal.media

“Mən sevməyib ailə qurmuşam. Bibim oğludur və hazırki proses təkcə, bizi yox, həm də ailəmizin – anamın, atamın həyatını dəyişib. Anam ömrü boyu baldızlarından qorxub. Hətta təzə gəlin olanda ona həm özləri əl qaldırıb, həm də atama az döydürməyiblər. Təsəvvür edin, mən həmin baldızlardan birinin oğlundan boşanıram”. 

Sevinc deyir ki, boşandığı insan ona 15 illik evlilik həyatında olmazın zülmünü edib. Döyüb, söyüb, təhqir edib, hətta uşağına əl qaldırıb. Lakin indiki mərhələdə bütün bunlar problem sayılmır, hamı boşanmaqdan danışır: 

“Anam bibimin (Sevincin qaynanası) qarşısında elə əzilir, elə utanır, elə başıaşağıdır ki, sanki mən onun oğluna zülm etmişəm. Hər gün qohumlar yığışıb gəlir, mənə elə gözlə baxırlar ki… Baxışları altında əzilirəm. Ən çox da qohum qadınların “bundan sonrakı həyatın çətin olacaq. Hamı sənə pis gözlə baxacaq, pis yola çəkəcəklər”, – demələri bütün əsəblərimi korlayıb. Sanki boşandınsa, sən heç nə etməsən belə əxlaqsız olacaqsan, başqa yolu yoxdur. Hamı bu fikirdədir”.

“Yolumdan dönmək fikrim yoxdur”

Sevinc boşanmasın deyə hər gün evlərinə gələn insanlardan yorulub, dayısı ilə yaşayan ana nənəsinin yanına sığınıb. Deməsinə görə, burada ona təzyiq yoxdur. Çünki nənəsi azheimer xəstəliyindən əziyyət çəkir və hazırki mərhələdə yalnız keçmişi xatırlayır: 

“Dayım isə ailə qurmayıb. Birinci Qarabağ müharibəsi iştirakçısı olub və aldığı kontuziyadan sonra evlənməməyə qərar verib. Mən uşaq olanda yadımdadır, hamı tökülüşüb, evləndirməyə çalışırdı. Lakin o ətrafına qalib gələ bildi. Yəni hazırda uşaqlarımla sığındığım bu evdə başım-beynim dincdir və mənə təzyiq yoxdur. Yolumdan isə dönmək fikrim yoxdur”. 

“Sənin nə yaşadığın heç kimin vecinə belə deyil”

Sevinc deyir ki, vəkili ona qarşıda uzun yolunun olduğunu deyib. Uşaqlarının da özündə qalmağını istəyirsə, proses bir az da uzun çəkə bilər: 

“Mən bu dərdə 15 il dözmüşəm, onun qarşısında 4-5 ay nədir ki? Təkcə fiziki şiddət görməmişəm, bu gün vəkilim deyir ki, sən demə məni aşağılamağı həm də psixologiyama təsir edib. 

Mənbə: behance.net
Mənbə: behance.net

“İnək boyda olmusan, bir az arıqla”, “sənin tayların az qalır sənə “xala” desin”, “zövqsüzsən, sənə yaraşmayan geyimlər seçirsən”, “insan içinə çıxarmağa utanıram” və s. Bu, hələ dediklərinin bir qismidir. Elə şeylər var ki, demək olmur”.

Sevinc deyir ki, ətrafdan təzyiq edənlər olmasa, qalan hər şey yaxşıdır, atdığı addımın arxasındadır: 

“Bir də yoldaşım əvvəl boşanma ilə razılaşdı, sonra nə dedilər, bilmirəm, məni təhdid etməyə başladı ki, səni öldürərəm. İndi yenə uzlaşmışıq. O da başa düşür ki, alınmır. Ümid edirəm, ətrafı onu bu fikrindən yenə döndərməz və sağ-salamat prosesi başa vurarıq”.

Uşaqları məktəbə qoyub, tək, gəzə-gəzə evə dönəndə Sevincin düşünmək imkanı olur. Fikirləşir ki, ətrafın fikrini yeritmək, insanların işinə qarışmaq kimi həvəsi olmasa, hamı xoşbəxt yaşayar: 

“Nədənsə, hamının gözü başqasının həyatındadır. Hamı canıyananlıq edir, amma dərinə getsək, sənin nə yaşadığın heç kimin vecinə belə deyil”. 

Boşanan qadın nələrdən keçir?

“Qadın üçün” təşəbbüs qrupunun təsisçisi Zümrüd Yağmura görə, qadınların boşanma prosesi bir neçə yöndən dəyərləndirilməlidir. Stereotiplər, kənardan basqılar və iqtisadi azadlıq. Hər üç amil çox önəmlidir. 

“Birincisi ən böyük basqıdır. Çünki qadınlar uşaqlıqdan ana olmaq, ailə qurmaq üçün böyüdülür. Kariyerasının ən yüksək zirvəsində olan, uğurlu qadın haqqında danışanda belə “nə olsun, yazığın ailəsi ki, yoxdur”, – deyirlər. Bəli, bizdə qadın ailə qurmayıbsa, “yazıq” kimi dəyərləndirilir”.

Zümrüd Yağmur deyir ki, bu zaman heç kim həmin qadının fikrini soruşmur: “Sən nə istəyirsən, ailə qurmamısan, özünü əskik hiss edirsənmi?” 

“Cəmiyyət qadına birbaşa öz qiymətini verir. Dünyanın ən yüksək işində olsa belə, “yazıqdır”. Bu da qadınları həmişə çətinliyə salır. Düşünürlər ki, nə olur, olsun ailə qurmalıyam”.

Xoşbəxt olmadığı ailəni qorumaq…

Zümrüd Yağmur bildirir ki, gün gəlir həmin ailə qurmuş, uşaq doğmuş qadın boşanmaq istəyir. Bu dəfə statusu dəyişir. Dünənə qədər “yazıq” olan qadın, indi cəmiyyətin gözündə “bədbəxt” olur: 

“Üstəlik, bu, cəmiyyətin yanaşmasının ən mərhəmətli formasıdır. Qadın güclüdürsə, baxımlıdırsa və ayaqları üzərində dura bilirsə, o zaman damğa yeyir – “saxlayanı var” deyirlər. Nəticədə, bütün bu yanaşmalar bir çox qadını xoşbəxt olmadığı ailəni qorumağa məcbur hiss etdirir”.

“Biz də dözüb, arvad olmuşuq”

Zümrüd Yağmur Azərbaycanda qadının ən yaxının belə onu anlamadığı fikrindədir. Məsələn, qadın gedib anasına deyəndə ki, boşanmaq istəyirəm, xoşbəxt deyiləm, zorakılığa məruz qalıram, əksər hallarda – “biz də dözüb, arvad olmuşuq”, – cavabını alır. 

Onun deməsinə görə, bu, ən yayğın düşüncə tərzidir. Ana heç vaxt düşünmür ki, çətinliklə böyütdüyü qızı niyə kimsə döyməli, incitməlidir. Fikirləşdiyi o olur ki, qız uşağı döyülməli, elə arvad olmalıdır. Səbəb isə özünün bu düşüncə ilə böyüməsi, o cür həyat yaşamasıdır: 

“Həmin analar əlbəttə uşağını sevir, sadəcə ailə saxlamaq modelinin döyülmək, söyülmək, dözmək və susmaqdan keçdiyini düşünürlər. Qadın anadan dəstək görməyəndə də zorakının yanına dönür”.

“Azərbaycanda qadın döyülməkdən zövq aldığı üçün yox, şəraitə görə boşanmır”

Mənbə: columbiachronicle.com
Mənbə: columbiachronicle.com

İqtisadi azadlığa gəlincə, Zümrüd Yağmur deyir ki, boşanmaq istəyən qadınlar arasında bəzən ailənin, cəmiyyətin nə deyəcəyini kənara qoyanlar olur. Belə olanda da yolu iqtisadi azadlıq kəsir:

 
“Özüm də bu prosesdən keçmişəm. Müraciət edənlərə də həmişə deyirəm ki, iqtisadi çətinlik olacaq. Lakin zamanla çalışdıqca hər şeyin öhdəsindən gəlmək mümkündür. Azərbaycanda qadın döyülməkdən zövq almadığı üçün yox, şəraitə görə boşanmır”. 

Zümrüd Yağmur deyir ki, boşanmağa qərar verən qadın o nə deyər, bu nə deyərə də fikir verməməlidir. Özünə hədəf müəyyənləşdirməli və ona çatmalıdır: 

“Mən özüm də sosial şəbəkələrdən, ətrafdan çox təzyiqlər alırdım. İlk vaxtlar bunlar məni silkələdi, sonra düşündüm ki, hədəfim bu adamlara cavab vermək deyil. Onların eqosunu tətmin etməməliyəm. Əsas mənəm, nə istəyirəm, hədəfim nədir və Zümrüd Yağmuru harada görmək istəyirəm. Müraciət edənlərə də bu məsləhəti verirəm”.

Rəsmi prosedur

Boşanma prosesinin rəsmi hissəsinə gəlincə, Zümrüd Yağmur deyir ki, Azərbaycanda bu da çox uzun çəkir: 

“İndi bir də Mediasiya İnstitutu formalaşıb. Onun altyapısı tam oturmadığı, mütəxəssislər formalaşmadığına görə o da prosesi yubadır. Qanuni uzadılmadan əlavə, “aqsaqqallıq və ağbirçəklik institutu” rolunu da oynayırlar. Bunu həm mediasiyada, həm də məhkəmədə edirlər. İcra hakimiyyəti yığışır zorakını və zərərçəkəni barışdırmağa çalışır. Nəticədə proses həm uzun, həm də psixoloji ağır keçir”. 

Böyük hədəflər uğrunda

Çətinliklərə gəlincə, Zümrüd Yağmur deyir ki, bəli, boşanma prosesi çox çətindir. Həmin proses qadın bir zorakının əlindən çıxarıb, cəmiyyət boyda, daha böyük zorakının əlinə salır. Bu zaman qadın başa düşməlidir ki, kənardakı səslərə əhəmiyyət verməməli, sadəcə özünə inanmalıdır: 

“İnananda iqtisadi problemlər də həll olur. Amma qadın gözə almalıdır ki, bir müddət savaş halında olacaq. Bilməlidir ki, bu, ən böyük hədəflər uğrunda olmalıdır. Məsələn, bizə müraciət edən keyslər arasında çox ağırları var. Zorakılıq nəticəsində övladını itirmiş qadın tanıyıram. Lakin çoxu yaşadıqlarına rəğmən güclüdür. Onları görəndə ümidlənirəm, çox qorxaq halda gələnin belə gözünün içi gülür, deməli, bunu hamı bacara bilər”.

Yazdı Gülər Mehdizadə

Bağlı mesajlar

Bir cavab buraxın

Mənim Yeni Tarix