Azərbaycanda ailə planlaşdırılması nə yerdədir? 

0

“Bölgələr heç, Bakıda belə reproduktiv sağlamlıq, hamiləlikdən qorunmaqla bağlı marrifləndirmə yoxdur”

23 yaşlı Nəcibə Nuriyevanın 3 uşağı var, dördüncüyə hamilədir. Deməsinə görə, 17 yaşında nişanlanıb, yaşı tamam olan kimi nikaha girib. 

Əri ilə arasındakı yaş fərqi ondur. Ailəsinin məsləhəti ilə evləndiyi şəxs uzaq qohumlarıdır. Uzun müddət Rusiyada yaşayan 28 yaşlı gənci ailəsi atasının xəstəliyi adı ilə, çətinliklə ölkəyə gətirə bilib. Elə gəldiyi həftə nişanlayıblar. Anası pasportunu gizlədib, deyib, “evlənməsən, qayıda bilməyəcəksən”. O da məcbur, razı olub. 

Mənbə: Karlee Lachapelle

“Ərə getməyi də, uşaq doğmağı da özüm istəməmişəm”

“Nə ərə getmək qərarını özüm vermişəm, nə də bu qədər uşaq doğmaq istəmişəm. Atamın yanında səsimi çıxara bilmirəm, hər şeyə gözüyumulu hə deməli olmuşam”. 

Bir ara ümidi yaranıb Nəcibənin. Düşünüb ki, bəlkə ərinə qoşulub Rusiyaya gedər, ailədən, qohumlardan qismən də olsa, uzaq həyat yaşayar. O planı da tam həyata keçməyib: 

“Evlilikdən 2 ay sonra böyük qızıma hamilə qaldım, indi 5 yaşın içindədir. Yoldaşım hamiləliyimin üçüncü ayında Rusiyaya döndü, düzü, Azərbaycanda iş də tapa bilmirdi. Məni aparmadı, dedi, hamiləsən, mən işdə, sən evdə tək, alınmaz. Qızım doğuldu, gəlmədi. Elə arada görüntülü danışırdıq. Sonra mən dərin depresiyaya girdim. Qaynanam dedi ki, belə olmaz, uzaqdan-uzağa ailənin axırı yoxdur. Həm də orda həyatında başqasının olmasından narahatlığı var idi. Bir sözlə, məni qaynatama qoşub, göndərdi Rusiyaya. Qaynatam bir müddət bizimlə qalıb, geri döndü. Elə 4 ay birlikdə yaşamışdıq ki, hamilə olduğumu öyrəndim. Qızım kiçik idi, çətin olacaq dedim, qorxa-qorxa uşağı dünyaya gətirmək istəmirəm dedim”.

İstəmədən üç uşaq anası olmaq

Nəcibənin sözlərinə görə, əri onunla o dəqiqə razılaşıb, “aldıraq, qızın 4-5 yaşı olanda ikinci barədə düşünərik”, – deyib. 

“O qədər bir-birimizi tanımırıq ki, reaksiyalarını da təxmin edə bilmirdim, sevindim. Sonra bacıma telefonda vəziyyəti dedim, tapşırdım ki, heç kimə deməsin. Nə isə onun da ağzından çıxıb, anam bilim, beləliklə, hamı xəbərdar olub. Zənglərin ardı-arası kəsilmədi, dedilər, ikinci uşağı aldırsanız, bir də heç vaxt uşağınız olmaz. Elə sözlər dedilər ki, ikimiz də özümüzü insan öldürürük kimi hiss etdik, axırda saxlamalı olduq. Bir müddət sonra əkiz olduqlarını öyrəndik – daha iki qız gəlirdi, onlarla birlikdə isə mənə Azərbaycan yolu görünmüşdü, yenə hamilə idim, körpə uşaqla evdə tək qala bilməzdim”.

Mənbə: theanxiety.clinic

“Oğlanı tapana qədər mən dünyaya uşaq gətirməli olacam”

Nəcibə deyir ki, üç uşaqdan sonra qaynatası ölüb. Ondan sonra da dirəniblər ki, bir oğlunuz olmalıdır, onun adını verməlisiniz: 

“Yoldaşım evin tək oğludur. Ən pisi də odur ki, bir əmisi var, onda da üç qızdır. İnanırlar ki, nəsil ondan davam etməlidir. Yenə hamiləyəm, saxlamışam, Allaha hər gün yalvarıram ki, oğlan olsun, canım qurtarsın. Yoxsa o oğlanı tapana qədər mən dünyaya uşaq gətirməli olacam, bilirəm”.

Düşünülərək verilən qərarlar

44 yaşlı Telman Məmmədovun isə bir qızı var. Qızı Solmaz on iki yaşın içindədir. Telman 28 yaşında evlənib, bir neçə il uşaq istəməyiblər, həyat yoldaşının hamiləliyini də, uşağın hansı ayda dünyaya gəlməyinə də özləri qərar veriblər: 

“Hər evlilikdə olduğu kimi, bizə də ailələr müdaxiləyə başladılar. Elə evliliyin iki-üçüncü aylarından. Amma biz hamını susdura bildik. Kirayə qalırdıq, yaxşı pul qazanmırdıq, necə olacaqdı? Vəziyyət biraz düzəldi, ondan sonra uşağa qərar verdik. Ailələr rayondadır çox yaxşı bilirdik ki, uşağa ikimiz baxacağıq və ona görə istədik ki, yayın əvvəli dünyaya gəlsin. Qışa baxanda, yayda uşağa baxmaq daha asandır”. 

Telman: “Yoldaşım işə çıxdı, uşağa iki ilə yaxın mən baxdım”

Telman deyir ki, hamiləliyin dördüncü ayında gözlənilmədən işini itirib, tezliklə başqa iş tapıb, amma maaşı əvvəlkindən aşağı. Beləliklə, oturub hesablayanda məlum olub ki, arvadının gəliri ondan çoxdur: 

“Yoldaşım dövlət işində çalışmır ki, uzunmüddətli dekret verələr. Ona yalnız üç ay güzəştə gedə biləcəklərini demişdilər. Qızımız dünyaya gələndən sonrakı üç ayı yoldaşım uşağa baxdı, mən də həm işlədim, həm də başqa iş axtarışında oldum. Tapmadıqda, qərara gəldik ki, o işə çıxsın, uşağa mən baxım. Beləliklə, yoldaşım işə getdi, mən evdə oturub, qızımıza baxdım. Bu, iki il davam etdi. Düzdür, evdən işləmək üçün bəzi işlər götürürdüm, lakin bu, əlbəttə ki, daimi iş deyildi. Qızımızın iki yaşını tamamlamağa az qalmış, tərcümələrinə kömək etdiyim şirkətdə daimi iş tapdım, uşağı da bağçaya qoyduq. İndi hər şey qaydasındadır, o, böyük qızdır. Doğru anlarda, verdiyimiz doğru qərarların sayəsində”. 

Uşağa baxmağın qazandırdığı vərdiş

Telman onu da deyir ki, bir ildən çox müddətə uşağa baxmağı ona yaxşı vərdişlər də qazandırıb. “Youtube” kanallarından yemək verilişlərinə baxıb, evdə bişirməyə başlayıb. Ağlına da gəlmədiyi halda, özündə yemək bişirmək bacarığını kəşf edib: 

“Növbəti dəfə işimi itirsəm, qorxulu heç nə yoxdur, aşpaz olaram”, – gülərək deyir, Telman. 

“Əksər insanlar üçün onun yerinə birinin qərar verməsi normal hala çevrilib”

Ginekoloq Təranə Həsənova az qala hər gün dünyaya uşaq gətirmək istəyən, buna hazırlaşan qadınlarla, onların ailələri ilə ünsiyyətdə olur. Odur ki, ailə planlamasının hansı səviyyədə olması ilə bağlı ondan da soruşduq. Deyir, ailələrin, qohumların istəyi ilə valideyn olmaq məsələsi Azərbaycanda bir az fərqlidir: 

“Baxır kim bu fikrə necə yanaşır. Əksər insanlar üçün bu, həyat normasıdır. Və o insanlar bundan qətiyyən əziyyət çəkmirlər. Ən azı mən müşahidəmə əsasən, bu qənaətə gəlmişəm. Ailə planlaması ilə bağlı maarifləndirmə isə aşağı səviyyədə deyil, sadəcə yoxdur”. 

“Nəinki bölgələrdə, Bakıda da maarifləndirmə yoxdur”

Ginekoloq deyir ki, maarifləndirmə işi nəinki bölgələrdə, heç Bakı şəhərində də aparılmır, yoxdur. Onun sözlərinə görə, hətta ali təhsil almış qadınların belə əksəriyyətində reproduktiv sağlamlıq barəsində anlayış olmur: 

“Elə qəribə fikirlər, sözlər eşidirəm ki, bəzən şok yaşayıram. Ən çox da reproduktiv sağlamlıq, hamiləlikdən qorunmaq üsulları ilə bağlı bilgi zəifdir. İnsanların əksəriyyəti abortu hamiləlikdən qorunma üsulu sayır. Bu, dəhşətdir”.

Başqasının qərarı ilə valideyn olmağın nəticəsi 

Təranə Həsənova əlavə edir ki, Azərbaycanda əksər gənc ailələrin əvəzindən qərarları başqaları verir. Bunun da nəticəsində bir çox uşaqlar iqtisadi cəhətdən güclü olmayan ailələrdə doğulur: 

Mənbə: simplycharlottemason.com

“Bunun da əziyyətini elə birinci uşaq çəkir, dünyaya gəldiyi ilk gündən. Ailənin gəliri stabil olmadığından uşağa normal həyat, təhsil, sevgi, qayğı verə bilmir. Üstəlik, bir çox ailələr dünyaya uşaq gətirmədən öncə onu necə saxlayacağını düşünmür. Bir fikir formalaşıb: “Uşağın nə ziyanı var, qoy olsun”, – deyirlər. Çox mənasız fikirdir, lakin, izah edə bilmirsən. Dəfələrlə iqtisadi baxımdan vəziyyəti ağır, növbəti uşağa hazırlaşan ailələrə sual vermişəm: Necə böyüdəcəksiz? Hamilə olanlara yox, növbəti uşaqları istəyənlərə izah da etmişəm. Demişəm, baxa bilməyəndə, uşağın özünə də ziyandır, zülm içində böyümək kimə xoş olar? Ona lazım olan təhsili, məhəbbəti, qayğını göstərə bilməyəcəksiz. Tez cavab verirlər ki, dədə-babadan necə olub? Biri digərinin yamaqlı corabı ilə böyüməyib? Biz də elə edəcəyik. Bu, sadəcə dəhşətlidir”.

“Ailə planlaması ilə bağlı birgə iş görülməlidir, plan hazırlanmalıdır”

Həkim düşünür ki, reproduktiv sağlamlıq, hamiləlikdən qorunmaq üsulları ilə bağlı dövlətlə qeyri hökumət təşkilatları birgə iş görməlidirlər. İlkin mərhələdə iş maarifləndirmə səviyyəsində olmalıdır: 

“Amma onu da bilirik ki, maarifləndirmə bəzən işə yaramır, özünü doğrultmur. Bunun üçün başqa yollar da tapılmalıdır. Bu iş çox düşünülmüş şəkildə mərhələli şəkildə aparılmalıdır, əks təqdirdə, biz nəinki yerimizdə sayırıq, arxaya doğru gedirik, deyərdim”. 

Qanun yoxdur

Səhiyyə Nazirliyinin müəssisəsi olan İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssisi Afət Məmmədova BBC-yə deyib ki, Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırması haqqında qanun qəbul olunsa, bu yöndə olan problemlər “daha tez həllini tapar və qadınların uşaqlıqdaxili vasitələrə, o cümlədən, kontraseptivlərə çatımlılığı artar”.

Azərbaycanda bu qanunun indiyədək nə üçün qəbul olunmayıb? – sualına isə deputat Məlahət İbrahimqızı “bu qanun təcili, “pojarnı” deyildi” – deyə, cavab verib.

BMT-nin Azərbaycanda cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə saziş qurumlarının tövsiyələrinin icra vəziyyətinin qiymətləndirilməsi sənədində deyilir ki, “sənəd Milli Məclisdə təqdim olunarkən opponentlər hesab ediblər ki, qanun layihəsində əks olunmuş süni mayalanma, surroqat analıq və sperma donorları “milli mentalitetə” ziddir”.

“Azərbaycanda 2004-cü ildən beynəlxalq təşkilatlar tərəfindən qadınlara verilən kontraseptiv vasitələr dayandırılıb”, – bu barədə Azərbaycanda cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə saziş qurumlarının tövsiyələrinin icra vəziyyətinin qiymətləndirilməsi sənədində (2015-ci il) deyilir.

Sənəddə, həmçinin Azərbaycanda abortların ailə planlaşdırılmasının əsas üsulu kimi istifadə edilməsindən narahatlıq ifadə edilib.

Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırması haqqında qanun qəbul olunsa, mütəxəssislər də düşünür ki, vəziyyət normallaşa bilər. İnsanlar həm arzuolunmaz hamiləliklərdən qaçına, həm də ailə planlaması ilə bağlı məlumatlı olarlar. Ən azından hər on ailədən üçün bu haqda düşünməyə başlayar, zamanla say daha da artar. 

Nəcibə Nuriyeva isə hazırda İmişlidə qaynanası ilə yaşayır. Yoldaşı isə Rusiyadadır, ildə bir-iki dəfə gəlib-gedir. Deyir, özünün seçmədiyin, çətinliklərinə hazır olmadığın həyatı yaşamaq asan deyil. 

“Biologiya dərsini də, müəlliməmi də çox sevirdim. Mən də biologiya müəlliməsi olmaq istəyirdim, əvəzində dörd uşaq anası oldum. Çox ümid edirəm ki, bununla bitəcək”. 

Yazdı Gülər Mehdizadə

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

Cəmiyyətdə zorakılığın normallaşdırılması necə baş verir?

“Tək əl qaldırmaq yox, səsini ucaltmaq, aqressiv davranış da zorakılıqdır” Maddi imkanların qısıtlanması, iş imkanlarının əldən alınması da zorakılıqdır, insana heç bir işə yaramadığını demək də, ona əl qaldırmaq da…  Fiziki, psixoloji, iqtisadi zorakılıq – biri digərindən daha az zərərli deyil. Lakin Azərbaycan cəmiyyətində zorakılıq deyəndə, ağla əl qaldırmaq, döymək gəlir. Digərləri zorakılıq hesab edilmir...

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik. 8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli...

Hamiləlikdən qorunma: Niyə ağla yalnız qadın bədəni gəlir?

Kişilər qorunmaq üçün nələr edir? Azərbaycan cəmiyyətində hamiləlikdən qorunmaq deyəndə, ağla gələn ilk üsullar qadın bədəninə müdaxilədən keçir. Halbuki bu, qadınların olduğu qədər, həm də kişilərin məsuliyyətidir.  Qorunma deyəndə, mütləq, düşünülür ki, qadın hansısa addım atmalıdır, kişilərin isə bu məsələlərdə məsuliyyəti daha az vurğulanır.  Məqalədə yaranmış vəziyyətin səbəblərini araşdırmışıq.  40 yaşlı Sevil Məlikova (ad şərtidir)...

Feministlər Bakıda aksiya keçirib: bu gün də üsyandayıq, haqlara israrlıyıq!

Aksiyada qadın jurnalistlərin həbsinə, erkən nikahlara, bulinqə, zorakılığa etiraz edilib “Qız xeylağı özünü azad aparar”, “Masa arxasında olmalıyıq, menyuda yox”, “Cəsarətli qadın inqilabdır”, “Patriarxat sağlamlığa ziyandır”, “Hər kəsi adı ilə çağıracağıq”, “Sağ qalmaq da etirazdır”. Bu şüarlar martın 8-də Bakının mərkəzində Feminist Hərəkatının “8 MARŞ – Duruş sərgiləyirik” adlı piketində səsləndirilib. Qadınlar Xurşudbanu Natəvanın Bakının...

“Mənim bədənim, mənim seçimim”

Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə oldu Fransa Parlamenti konstitusiyada abort (hamiləliyi sonlandırmaq) hüququnu təsdiqləyən qanunvericilik əlavəsini qəbul edib. Beləliklə, Fransa abortu hüquq kimi qəbul edən ilk ölkə olub. Bu ölkənin prezidenti Emmanuel Makron və onun partiyasının təklif etdiyi təşəbbüsün lehinə 780 deputat səs verib. Qanunvericilik əlavəsinə 72 deputat “yox” deyib. Makron sosial...

Adət-ənənə “vərəsəlik hüququna meydan oxuyur”

“Valideyndən qalan var-dövlətdə qız övladın da payı var, lakin çoxunun bundan xəbəri yoxdur” Dünyadakı əksər cəmiyyətlərdə mülkiyyət hüquqları, mədəni normalar ənənələrlə qarışıb. Üstəlik, bu ənənələr kişilərə üstünlük verir. Məsələn, valideynlərdən qalan bütün mal-mülk birmənalı oğlan uşağına bağışlanır. Nəticədə, cinslər arasında mülkiyyət və miras fərqləri, ayrı-seçkilik yaranır. Tarix boyu üstünlük təşkil edən mədəniyyət normaları mülkiyyətin kişi...

FEMSÖHBƏTLƏR | Feministlərin 2024-cü ildən gözləntiləri nələrdir?

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Məncə, yeni ilə yeni feminist təqvimdən baxmaq üçün gözəl gündür. Bu gün müxtəlif qonaqlarla birgə 2024-cü ildən danışacağıq. Dəqiq desək, feministlərin 2024-cü ildən nələr gözlədiklərini, yaxud qadın haqları üçün mübarizədə qarşıdakı ildə planlarını müzakirə edəcəyik. 2023-cü il Azərbaycan da daxil olmaqla bir çox ölkə üçün həm daxili, həm...

FEMSÖHBƏTLƏR | İqlim dəyişikliyinin qadınlara təsiri və onların bu prosesdəki rolu

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Qarşıdakı dəqiqələrdə iqlim dəyişikliyinin qadınlara təsiri və onların bu prosesdəki rolu haqqında danışacağıq. Epizodumuz ərzində “Chicks for Climate” təşəbbüsünün qurucusu, “Planeti xilas etməyin 365 yolu: dayanıqlı həyat tərzi üçün günlük bələdçi” kitabının yazıçısı Nərgiz De Baere-ın da fikirlərini səsləndirəcəyik. Uzun illərdir bu mövzuda sosial mediada fərqindəlik yaradan peşəkar...

Mənim Yeni Tarix