Azərbaycan qadınının qərarvericilikdəki söz haqqı

0

Gender eksperti: “Qadınların təmsil olunduğu sahələrin qərarvericilikdə rolu yoxdur”

“Azərbaycanda 15–24 yaş əhali arasında oxuma-yazma qabiliyyəti olmayanların təxminən 67 faizi, 25–64 yaş əhali arasında isə 77,5 faizini qadınlar təşkil edir (YUNESKO, 2021). Təkcə 2017-ci ildə 15 və ondan yuxarı yaş azərbaycanlılar arasında oxuma-yazma qabiliyyəti olmayan qadınların sayı (10,764) kişilərinkindən (5,015) iki dəfəyədək çox olub (YUNESKO, 2021). Nəzərə alın ki, burada söhbət oxuma-yazma kimi baza bacarıqlardan gedir”.

Foto Facebook Şəmsiyyə Mustafayeva

BMT-nin Bakı ofisinin müşaviri, bir sıra qadın inkişaf layihələrinin təşəbbüskarı Şəmsiyyə Mustafayeva belə deyir. O, rəqəmləri təhsil mütəxəssisi Abbas Abbasovun YUNESKO-nun məlumatlarına istinadən apardığı araşdırmasından götürüb.  

““Alim” –  deyəndə hamımızın ağlına ağsaçlı kişi gəlir”

Gender eksperti bölgələrdə qızların yuxarı siniflərdə məktəbdən çıxarılması və nikaha yönəldilməsindən də söz açıb:

“Qadınlar arasında 11 illik təhsili başa vurmayanlar kişilərə nisbətən qat-qat çoxdur. Ortalama tamamlanmış təhsil illəri qadınlar arasında 10.2-ə bərabər olduğu halda, kişilərdə bu rəqəm 10.9-a bərabərdir (YUNESKO, 2021). Təkcə 2018-ci ildə məktəbdən kənar qalan yeniyetmə qızların sayı (2,594) oğlanların sayından (639) dörd dəfəyədək çoxdur (YUNESKO, 2021). Valideyn düşünür ki, qız uşağı oxuyub nə edəcək, hara gedəcək. Bu yanaşma təhsilsizliyə, işsizliyə və daha acınacaqlısı, əlacsızlığa, başqalarına möhtac olmağa  gətirib çıxarır”. 

Elm sahəsinə gəlincə, burada da kişilər öndədir. Ekspert hesab edir ki, bu sahədə valideyn və müəllimlər oğlanları önə çəkir:

“Əksər ali məktəblərdə rəhbər vəzifələrdə çalışanlar və  elmi kafedraların rəhbərləri kişilərdir. Alimlərin çoxu kişi olduğundan oğlanların önündə örnək çoxdur. “Alim” –  deyəndə çoxumuzun ağlına ağsaçlı kişi gəlir. Çünki qızlara analar və atalar, nənələr və babalar, müəllimlər  “səndən alim olmaz”, “qızsan, müəllimlik bəsindir, nə edirsən, alim olacaqsan?”, – deyir. Bəzən professorlar belə “qızsan, laborant işlə, yetər, elmi dərəcəni neyləyirsən” – deyirsə, qadın alimlər  necə yaranacaq? Bir sözlə, bizdə sistem və dərinlərdə kök salmış təsəvvürlər qadınların elm dalınca getməsinə əngəl olur”. 

Erkən nikahlar, yeniyetmə analar 

“BMT-nin İnkişaf Proqramının İnsan İnkişaf İndeksi statistikasına əsasən, həm Gender Bərabərsizlik, həm də Gender və İnkişaf İndeksində Azərbaycanın göstəriciləri aşağıdır. Məsələn, Gender İnkişaf İndeksində 167 ölkə arasında Azərbaycanın balı 0.94-dür. Bu göstərici Azərbaycanı 3-cü qrupa salıb. Qazaxıstanın balı 0.98-dir. 

Statistikaya görə, Azərbaycanda 15-19 yaşlı qızların dünyaya uşaq gətirməsi göstəricisi də yüksəkdir – 55.8 faiz. Şəmsiyyə Mustafayeva deyir ki, bu rəqəm Qazaxıstanda 29.8 faizdir:

“Deməli, Azərbaycanda qızlar erkən evlənir ki, dünyaya uşağı da erkən gətirirlər”.

Əmək bazarında qadınların yeri 

BMT-nin açıqladığı sonuncu statistikaya əsasən, Azərbaycan qadınlarının əmək bazarında iştirakı kişilərə nəzərən çox aşağıdır. Əmək bazarında qadınların iştirak payı 48.1 faiz, kişilərinki isə 51.9 faizdir. 

Gender eksperti hesab edir ki, bu, kifayət qədər böyük fərqdir. Səbəbləri isə müxtəlifdir: 

“Bəzi sahələrdə qadınlar cüzi təmsil olunur. Bunlar dəqiq elmlər, texnologiya, mühəndislik və riyaziyyatdır. Bu sahələrdə təmsil olunmaq önəmlidir. Çünki bunlar yüksək gəlirli sahələrdir. Təəssüf ki, gəlirli sahələrdə daha çox kişilər çalışır. Qadınların çalışdığı işlər isə daha çox kənd təsərrüfatı, ticarət, təhsil, səhiyyə və qida emalı sahələridir. Bunlar birlikdə Azərbaycanda Ümumi Daxili Məhsulun (ÜDM) 27 faizini təşkil edir. Deməli, qadınlar əmək bazarında az maaşlı yerlərdə çalışır və qərarverici mövqedə deyil”.

“Dünyadakı əksər sistemlər kişilər tərəfindən kişilər üçün qurulub”

“Məsələn, avtomobilləri götürək. Adicə təhlükəsizlik kəməri orta statistik kişi üçün hazırlanıb. Statistika var: qəza zamanı kəməri taxan qadınlar kişilərə baxanda daha çox zədə alıb. Bir sözlə, dünyadakı hər şey kişi üçün qurulub. Belə davam etsə, biz qadınlar gələcəkdə də kənarda qalacağıq” – deyir, Şəmsiyyə Mustafayeva. 

Ekspert bildirir ki, qadınların texnologiya sahəsində  təmsil olunmamasının böyük fəsadları olacaq. Bundan sonra da sistemlər kişilər tərəfindən kişilər üçün yaradılacaq:

“Bu səbəbdən qadınların dəqiq elmlər və texnalogiya ilə məşğul olması önəmlidir. Onu da deyim ki, bu, təkcə, Azərbaycanın yox, dünyanın problemidir”. 

Səhiyyəyə əlçatımlılıq 

Şəmsiyyə Mustafayeva deyir ki, Azərbaycan qadınının səhiyyə sahəsindəki ən böyük problemi reproduktiv sağlamlıqla bağlıdır. Əksər qadınlar öz bədənləri haqqında qərar verməkdən məhrumdur: 

“Halbuki bu, böyük bir şey deyil, reproduktiv sağlamlıq ilkin səhiyyə xidmətlərə daxildir. Məsələn, istəmədiyi halda, qadınlara uşağı olması üçün basqı edilir, eynilə, qız uşaqlarının abort olunması da problemdir. Bir sözlə, qadın qız anası olmaq, öz bədəni haqqında qərar vermək səlahiyyətində deyil. Əksər hallarda reproduktiv sağlamlıqla bağlı zamanında  həkimə getmir. Özünün və uşağının sağlamlığını təhlükəyə atır”.

Ekspert ailə planlamasında da problemlərin olduğunu söyləyir: 

“Ailə planlaşdırması çox zəifdir. Dünyaya uşaq gətirməyə hazırıqmı? Burada söhbət həm mənəvi, həm də maddi durumdan gedir. Ata analar buna ciddi yanaşmalı və birlikdə, başqalarının müdaxiləsi olmadan  qərar verməlidirlər”. 

“Kişiyə “qadını döymə”, – deməklə də iş bitmir”

Şəmsiyyə Mustafayeva gender sahəsində görülmüş işlərin effektsizliyinin səbəblərini də bölüşüb. Deyir, istər beynəlxalq təşkilatların nümayəndələri olsun, istər yerli ekspert və QHT-lərin əməkdaşları bölgələrə gedib zorakılığa məruz qalmış, təhsildən və səhiyyədən kənar qadınlarla görüşürlər: 

“Bir növ zorakılıq qurbanlarını yığıb onlara zorakılıqdan danışırıq. Nəticə effektsiz olur. Məncə, işə kompleks yanaşmaq lazımdır. Məsələn, işə təhsil adamlarını, ictimai xadimləri cəlb etmək faydalı olardı. Eyni zamanda, kişilərlə, qızların ailələri ilə də danışmaq vacibdir.  Onu da deyim ki, kişiyə “qadını döymə”, – deməklə də iş bitmir. Emosiyalarını idarə edə bilməyən, qəzəbinin əsiri olan birini sözlə yola gətirmək asan iş deyil. Bizim edəcəyimiz ən effektiv iş qadını döyməyən, ona şəxsiyyət kimi yanaşan nəsil yetişdirmək olar”. 

Qadınların yetişdirdiyi kişi niyə ona əl qaldırır? 

Ekspert bildirir ki, problemlərdən biri də cəmiyyətin içindəki batil inanclardır. Məsələn, ana oğlunu “kişisən, ağlama”, “kişi belə etməz” – deyə, böyüdür: 

“Eyni zamanda, oğlanlar söyüş söyür, bu, hamının xoşuna gəlir. Balaca uşağa “əmiyə söy”, “dayıya söy” – deyib, əylənirlər. Uşaqlıqdan oğlan qızı vuranda “qardaşındır, vurur, kəs səsini”, yaxud “sən dinmə, qızsan, o, oğlandır”, – deyilir. Oğlanlar gözünü açandan özünə öyrədilmiş qaydaları olduğu kimi qəbul edir. Araşdırmadan, düzgün nəticə çıxarmadan növbəti nəsillərə ötürür. Məncə, qadınlar bir yerdə dayanmalı, bu zorakılıq zəncirini qırmalıdır. Heç kim qızının döyülməsini istəmir, amma qadına əl qaldırmayan oğul yetişdirmək haqqında da düşünmür”. 

Şəmsiyyə Mustafayeva deyir ki, əksər hallarda zorakılıq törədən kişini ailədə, bağçada, məktəbdə qadın yetişdirir: 

“Tərbiyə üsuluna fikir verməyin vaxtı yetişib, böyüklərin qıza və oğlana fərqli münasibəti uşaqların davranışına, dünya görüşünə hopur. Uşaq gözünü açır ata və anasının münasibətlərini görür: Atası anasını vurdu və ana ağladı, amma heç bir yardım, dəstək almadı. Sonra ailə heç nə olmamış kimi həyatına davam etdi. Uşaq bunu bir qayda, norma kimi qəbul edir. Bunlar dəyişmədikcə, proseslər göz yaşı, qan bahasına irəliləyəcək. Müsbət nəticə isə travma bahasına əldə olunacaq. Bu da arzulanan deyil”. 

Məişət zorakılığı 

Azərbaycanda Məişət Zorakılığı Haqqında Qanun 2010-cu ildə qəbul edilib. Ancaq həmin qanunun fəaliyyət planı 2020-ci ilin noyabrında təsdiqlənib. 

Həm qanun olmasına, həm də fəaliyyət planı təsdiqlənməsinə baxmayaraq, Şəmsiyyə Mustafayeva deyir ki, yenə çatışmazlıqlar var:

“Bu sahədə görüləcək işlər hədsiz çoxdur. Tutaq ki, ucqar kənddə bir qadın zorakılığa məruz qalıb. Getməyə yeri yoxdur, nə etməlidir? Ailəsinə üz tutur, müdafiə olunmur, polisə gedir, bir çox hallarda “evinə qayıt”, – cavabını eşidir. Əslində isə döyülmüş, əzilmiş qadına sadəcə həmin ərazidən də, zorakılıq törətmiş insandan da uzaqlaşmaq lazımdır. Ancaq qadını yerləşdirməyə sığınacaq belə yoxdur. Həmin qadının gələcək həyatı, psixoloji durumu, uşaqlarının vəziyyəti, iş tapması, cəmiyyətə qazandırılması üçün dövlət strukturları və vətəndaş cəmiyyəti birgə iş görməlidir”. 

Oğlan övladı niyə önəmlidir? 

Şəmsiyyə Mustafayeva hesab edir ki, valideyinlər oğlan övladına özlərinin sosial müdafiəsinin (qocalanda bizə baxar) qarantı kimi baxırlar. Qız ərə gedir, amma oğlan həmişə valideynlərin yanındadır və onlara baxmaq məcburiyyəti var. Bu durum da gündəmə selektiv abortlar problemini gətirir: 

“Analar, atalar, bibilər, qaynanalar, qaynatalar oğlan övladı istəyir. Çünki əsrlərlə hamının beyninə oğlanın qızdan dəyərli olduğu yeridilib. Bu batil inanclar da əslində oğlanın cəmiyyətdə tutduğu yerlə assosiasiya olunur. İqtisadiyyatda oğlanlar ön plandadır, vəzifədədir, ölkəni idarə edirlər. Bir sözlə, hər yerdə idarəçilik kişilərin əlindədir. Parlamentdə qadınlar 17 faiz təmsil edilir. Görünən odur ki, bu ölkənin müqəddəratını kişilər təyin edir. Odur ki, bu cəmiyyətdə qız övladı olanlar peşman olur. Oğlan övladı isə gələcəyə dayaq kimi qəbul edilir”.

“Azərbaycan cəmiyyətinin qadına dəyər verməsi üçün müəllimlərdən, ailədən, təhsildən başlamaq lazımdır” – deyir, Şəmsiyyə Mustafayeva:

“Müəllimlər gərək “qızsan, otur, saçını dartdı-dartdı da, oğlandır”, – deməsinlər. Uşaqlara kiçik yaşlarından konfliktləri çözmək bacarığı öyrətsinlər: 

“Bu bacarığı millət kimi biz hamımız öyrənməliyik. Bunun üçün yaxşı sosial müdafiə sistemi, çağdaş bağçalar, orada çalışan yeni vizyonlu müəllimlər, psixoloqlar, sosioloqlar, alimlər, professorlar lazımdır. Bunlar kompleks şəkildə olmayınca, problemin öhdəsindən gəlmək çətin olacaq”. 

Sülh quruculuğunda qadınların yeri

Şəmsiyyə Mustafayeva deyir ki, sülh quruculuğu sahəsində də qadınların rolu demək olar ki yoxdur. Amma 30 il müharibə şəraitində olan bir ölkənin vətəndaşları kimi onlar da müharibədən zərər görüb və bunun qurbanına çevriliblər. Buna baxmayaraq, qadınların sülh və əminamanlıq, təhlükəsizlik işlərində iştirakçılığı sıfırdır: 

“Qadınlar bu sahədə zərərçəkən tərəf olsalar da, münaqişənin həllində qərarverici deyillər. Hətta indi Qarabağın böyük hissəsi azad edilib. Orada hər şey yenidən qurulur. Ancaq yenə də prosesdə qadınların iştirakçılıq payı yoxdur. Yenidənqurma komissiyalarında, qərargahlarda işləri görənlərin hamısı kişilərdir. Deməli, yeni sistem də kişilər tərəfindən kişilər üçün qurulacaq”. 

Foto Facebook Şəmsiyyə Mustafayeva

Çətinliklə qazanılmış şəxsi uğur hekayəsi

Şəmsiyyə Mustafayeva Amerikada iki magistr dərəcəsi alıb, BMT-də çalışır. Deyir, bura qədər gəlmək onun üçün asan olmayıb. Valideynləri ənənəvi ailə rollarına inanan olub: 

“Mənim xaricdə oxumağa getmək, öz həyatımı qurmaq, pulumu qazanmaq istəyimi valideynlərim, xüsusilə də atam üçün qəbul etmək çətin idi. Adicə tələbə vaxtı işləməyimi atam dəstəkləmirdi. “Belə çıxır, mən səni saxlaya bilmirəm və sən işləmək məcburiyyətində qalmısan”, – deyirdi. Xaricdə oxumaq istəyimi isə əvvəlcə anama dedim. Cavabı “mən bunu atana deyə bilmərəm”, – oldu. Axırda söhbəti atama çox çətinliklə aça bildim”. 

Şəmsiyyə Mustafayeva deyir ki, bir qadının təhsil alması, işləməsi, öz ayağı üstdə durması, öz həyatı, öz  bədəni haqqında qərar verə bilməsi Azərbaycan üçün böyük uğurdur və çox böyük çətinliklər bahasına başa gəlir.  Əslində isə sadə insan haqqlarıdır: 

“Mənim uğur əldə etməyim o demək deyil ki, böyüdüyüm Mingəçevir şəhərində məndən başqa savadlı, bacarıqlı qızlar olmayıb. Hesab edirəm ki, mənim sadəcə bəxtim gətirib. Qarşıma  anlayış göstərən, dinləyən anam, yaxşı müəllimlər, müdrik insanlar çıxıb. Məmləkətdə mənim kimi milyonlarla qız var, sadəcə onlar mənim qədər şanslı olmayıblar”.

Yazdı Gülər Mehdizadə

Mənim Yeni Tarix