Azərbaycan musiqisində gender

0

“Mahnılardakı gender stereotipləri təhsilin, intellektual səviyyəsinin artması ilə ortadan qalxacaq”

Bu gün gəlinsən, sabah bir ana

Yaşa ilk eşqinlə, sən yaşa, yana-yana

(“Ay təzə gəlin” mahnısı. Musiqisi: Ələkbər Tağıyev; Sözləri: Adil Babayev)

Gəl, gəl, gəl gözəlim, gəl, sevirəm səni

Əgər qismətim olarsan, alaram səni.

(Girdim yarın bağçasına – xalq mahnısı)

Azərbaycan mahnılarından nümunələrdir. Əksər mahnıların  sözlərində qadınlara – “səni alaram”, “mənə gəl”, “ana olasan” kimi seçimlər verilir. Yaxud onlar “kövrək”, “nazlı”, “küsəyən” kimi təqdim edilir. 

“Femmekan” bu dəfə sizin üçün əsrlər boyu sevilən Azərbaycan mahnılarını təhlil edib. 

Həmin mahnılarda qadınlarla bağlı hansı fikirlər yer alıb? Onlara hansı həyat yaraşdırılıb? 

Azərbaycan mahnıları: “Maral”, “Ceyran”, “Quzu”… 

Belə bir deyim var: “musiqi ruhun qidasıdır”. Dolayısı ilə mahnılarda, ədəbi əsərlərdə gender stereotiplərinin yayılması, istifadə olunması insanların düşüncəsinə təsir edir. Baxaq, bizim musiqilər ruhumuzu daha çox hansı formada qidalandırır?

“Musiqilərdə qadınlar əsasən məhəbbət subyekti, yar, sevgili kimi əzizlənir”, – musiqiçi Murad Arif belə deyir. Bildirir ki, əgər nəğmə kiçik sevgi hekayəsidirsə, oxuyarkən sevdiyini əzizləmək, oxşamaq, onu bəlağətli sözlərlə bəzəmək normaldır.

Azərbaycan mahnılarında musiqiçiyə qəribə gələn, onu təəccübləndirən məqam isə başqadır. Deyir, nədənsə mahnılarda sevgili müxtəlif heyvanlarla müqayisə edilir: “Maral”, “Ceyran”, “Quzu”…

“Görəsən niyə Lennon, yaxud Bob Dilan, ya da Qərb dünyasının ulduzlarından hər hansı biri nəğmələrində sevdiyini cütdırnaqlılarla müqayisə etmir? Niyə Puşkin, yaxud Şekspirdə (səhv etmirəmsə) belə xitablara rast gəlinmir?  Haradandır bu bənzətmələr, alleqoriya? Mənə çox maraqlıdır…”.

Facebook| Azərbaycan Xalq Mahnıları
Facebook| Azərbaycan Xalq Mahnıları

Xalq mahnılarını kimlər yazıb?

Bəstəkar Firudin Allahverdi isə düşünür ki, xalq mahnılarından danışanda öncə onların müəlliflərinin kimlər olduğuna baxmaq lazımdır. Məsələn, xalq mahnılarının əksəriyyəti 19-cu əsrin sadə insanları, necə deyərlər “qara camaat”, ən yaxşı halda isə toy musiqiçiləri tərəfindən yazılıb:

“Sırf onların dünya görüşünü əks etdirir. Yəni xalq mahnılarının əksəriyyəti 19-cu əsrdə Qafqaz dağlarından cənubda yaşayan insanların təsəvvürlərini canlandırır”. 

Ceyran bala – xalq mahnısı

Qara qaşlı, əyil öpüm qaşından,

Çadra sənə yaraşmır, at başından.

Oduna yanıram on beş yaşından,

Aman a ceyran, a ceyran balam.

Xalq mahnısı

Ovçu gəzər, maral qaçar

Ov axtaran dağlar aşar.

Qız yalvarsa ucuzlaşar,

Hünərin var, apar məni. 

“Atomu parçalaya bilərəm, stereotipləri yox”

Firudin Allahverdi deyir ki, xalq mahnılarına xas bir şey də var. Onların sözlərinə çox fikir verilmir. Onun fikrincə, bu, mühüm nüansdır. Mahnılarda əlaqə, məna itir, sözlər əhəmiyyət daşımır:

“Deyirlər, Eynşteyn “mən atomu parçalaya bilərəm, amma stereotipləri yox”, – deyib. Biz də 19-cu əsr azərbaycanlıların stereotiplərini xalq mahnılarında görürük. Dövr keçdikcə, ola bilsin ki, əsərlərdə, musiqilərdə qadın obrazı da dəyişər”.

“İnsanların təhsil səviyyəsi, dünya görüşü artdıqca…”

Bəstəkar bildirir ki, məsələn, Sovet dövrü mahnılarında qadınların “kolxozçu”, “pambıqçı” olduğu, vətəni sevdiyi qabardılırdı. Bu, o deməkdir ki, hər dövrün özünəməxsus stereotipləri olur, ona uyğun da sözlər yazılır, mahnılar bəstələnir:

“İnsanların təhsil səviyyəsi, dünya görüşü artdıqca stereotiplər azalacaq, mahnıların keyfiyyəti artacaq. Belə stereotiplərin əks olunduğu mahnıları yazan, bəstələyən insanları qınamaq olmaz. Çünki onlar dövrlərindəki cəmiyyətin düşüncəsini əks etdiriblər. Əsas problem təhsildə, cəmiyətin savadlanması, dünya görüşündədir”. 

Toxunma qız ürəyinə

Toxunma qız ürəyinə,

Tez kövrəlib sına bilər.

Bəzən soyuq bir baxışdan

Qız ürəyi dona bilər.

(Musiqisi – Oqtay Rəcəbov

Sözləri – Famil Mehdi)

Tacir Şahmalıoğlunun ifasındakı bir mahnı 

Oğluna gəlin gətirib

Yaman şad oldu qaynana

Həftəsi tamam olmamış

Tamam yad oldu qaynana.

“Dünya dəyişsə də, keçmiş və folklor dəyişməz qalır”

Murad Arifcəmiyyətdə qadınların rolunun artması ilə incəsənətdə stereotiplərin azalacağına ümid edir. Deyir, hazırki mədəniyyətin üzərində dayandığı kök, ənənələr patriarxal dünyanın mirasıdır. Bir çox halda, dünya dəyişsə də, keçmişi və folkloru dəyişmək mümkün olmur: 

“Yeni dövranda matriarxal cəmiyyət yaransa, nəğmələr də dəyişəcək. Hələ ki, dünya “bərabərlik” mərhələsini işləyir. Əsl sərt dönüşlər isə güclü dövlətlərə qadın başqanlar gələndə yaşanacaq. ABŞ, yaxud bir Rusiya və ya başqa güclü şərq dövlətlərinə qadın prezidentlər gəlsə, mədəniyyətlərdə, mentalitetlərdə, cəmiyyətlərdə ritorikalar, adətlər də dəyişər. Hazırda bu, utopik görünür”. 

Ana kimi mehriban, varmı gözəl bir insan

Gün olsun sən özün də, böyük ana olasan.

(Arzu qızım mahnısı – Musiqisi – Ələkbər Tağıyev; 

Sözləri – İsgəndər Coşquna aiddir)

Hər evdə açılar qızıl gül kimi,

Ətrini bahardan alar bacılar.

Ataya, qardaşa arxalansa da,

Mehrini anaya salar bacılar.

Bu günün, bu günün sonası bacılar,

Sabahın, sabahın anası bacılar.

(Bacılar mahnısı – Musiqisi – Bəhram Nəsibov; Sözləri Dəmir Gədəbəyliyə aiddir). 

“Müəllif sağlam təfəkkür və dəyərin insanı olmalıdır”

Murad Arif deyir ki, böyüdüyü mühitdə qadınlar təhsil alıb, çalışıb, öz ayaqları üzərində durub. Lakin bunu bütün ailələrə şamil etmək olmaz. 

Araşdırmalar isə göstərir ki, folklor, musiqi kiçik qruplara yox, çoxluğun fikrinə, zövqünə xitab edib:

“Gəlin baxaq, folklor bizə nə diqtə edir? “Gəlin qaynananın süpürgəsidir”, “əgər mənə gəlməsən, səni qaçırdaram”,  “qızını döyməyən, dizini döyər”, “qızım, səni (qoca kişiyə) ərə verim” və s. Belə bir cəmiyyətin yaradıcılığında hansı gender bərabərliyi axtarırsınız? Məncə, insanlar, müəlliflər sağlam təfəkkürə, dəyərə malik olmalıdır ki, sənət də bunun üzərində qurulsun”, – Murad Arif belə düşünür. 

“Ay qız, oyan, deyilsən külkedisi…”

Murad Arif deyir ki, Azərbaycanda bu günədək yazılmış ən feminist mahnının müəllifidir. “Ay qız, oyan” mahnısını Türkiyənin feminist müğənnisi Nil Karaibrahimgil alıb, oxuyub.  

Murad Arif deyir ki, mahnının sözlərində qadınlara xeyli mesajlar verib: 

Ay qız, oyan, deyilsən külkedisi,

Çalış, qazan, bişir öz aşını

İstərsə qadınını, adam olsun o zaman.

“Selektiv abortlar, analara şiddət, kişilərin ailədən getməsi…”

Murad Arifin daha bir mahnısı var – “Qızım”. Deyir, klipində yalnız ataları çəkib. Məqsədi isə şüurlara mədəni zərbə vurmaq olub: 

“Selektiv abortlar, analara şiddət, kişilərin ailədən getməsi, boşanmalar – bəzən ölkəmizdə “qız uşaqlarının doğulması” zəminində baş verir. Bunun da təşəbbüskarı cahil kişilər, atalardır. Klipdə xalqın məşhur kişiləri çəkilib. İstədim onların timsalında xalqa cəmiyyətə mesaj verək, onlara təsir edək, ürəklərə toxunaq. Onlara ata və qız sevgisinin gözəlliyini göstərdik. Gördülər ki, necə kişilər, çempionlar, xalq artistləri öz qızlarını oxşayır, sevir”.

“Bəzən iş yaradıcılıqla bitmir”

Bu təşəbbüs Murad Arifdən gəlib, uğurlu da alınıb. Lakin musiqiçi deyir ki, bir çox hallarda iş yaradıcılıqla bitmir. Gərək cəmiyyəti maarifləndirəcək kampaniyalar aparıla. 

“Valideyn basqısıyla körpə qızların təhsildən yayınmasına, məcbur nişanlanmasına, ərə verilməsinə müdaxilə olmalıdır. Ata, ər, qardaş şiddətinə qarşı kampaniyalar aparılmalı, proqramlar yazılmalıdır. Qızlarımızı, qadınlarımızı qoruyan sığınacaqlar, strukturlar sözdə yox, özdə işləməlidir. Bir sözlə, görüləcək iş çoxdur”.

Görüşə yarın gecikib oğlan,

Özündən çıxma, özündən çıxma.

Sənə naz üçün yubanır, inan

(Musiqisi Tofiq Quliyev; Sözləri Seyfəddin Dağlınındır)

Gəl eyləmə bu qədər naz,

Hər söz üstə küsmək olmaz,

Kim nə deyib, söylə sənə,

Təbəssümün donub yenə.

(“Dindir məni” – Məmmədbağır Bağırzadə ifa edir)

“Cəmiyyət elmi və intellektual səviyyədə inkişaf etdikcə…”

Folklor institutunun dosenti Fəxrəddin Salimə görə, qadın və ya kişinin, ümumiyyətlə, insanın mentalitet çərçivəsində bədii təsviri yanlışdır. O düşünür ki, Azərbaycan incəsənətində qadına münasibət, onların təsviri ürəkaçan deyil: 

“Əslində Azərbaycandakı qadınla Avropadakı qadının bir fərqi yoxdur. Cəmiyyət elmi və intellektual səviyyədə inkişaf etdikcə, bu problem qloballaşacaq və gücünü itirəcək”. 

Bu günün şən körpəsi,

Sabahın sonasısan.

Analı dünyamızın sən də bir anasısan

(“Göyçək qızım” mahnısı. Musiqisi Məmmədbağır Bağırzadə, sözləri – Zivər Ağayevanındır).

“Təcrübəsiz musiqiçilər sözlərlə publikaya işləyir”

“Azərbaycan musiqilərində qadınlar mənəvi və xarici görünüş olaraq gözəl, bununla yanaşı, bəzi hallarda xoşa gəlməyən təsvirlərlə əks olunub”. 


Sosioloq Əhməd Qəşəmoğlunun müşahidələridir. Deyir, musiqiçilərin özlərilə bu barədə söhbətləşəndə “əşi, bu xalq mahnısıdır, olar”, – deyirlər:


““İkimiz bir köynəkdə, yaxası dar olaydı”, “belin ağrıyır, belinə qurban, ay bala gəlin” “gedib anama deyim, gəlim qalım yanında” “bacısı gözələ qardaş olaydım”
– kimi nümunələr var. Məncə, bu konteksdə mahnıların yayılması düzgün deyil”.

“Gələcək uğrunda mübarizə həm də mənəvi inkişafla getməlidir”

Sosioloq düşünür ki, olduqca zəngin Azərbaycan musiqisindən arzuolunan səviyyədə bəhrələnmirik. Onun fikrincə, mahnıların yaranmasında professionallar işləməlidir:
“Bu sahədə olan təcrübəsiz musiqiçilər sözlərlə publikaya işləyir. Onda da sənətkarlıq arxa plana keçir. Biz isə gənc nəslin keyfiyyətli yetişməsinə önəm verməliyik. Gələcək uğrunda mübarizə təkcə top-tüfənglə yox, həm də mənəvi inkişafla getməlidir”.

Əhməd Qəşəmoğlu deyir ki, qızlar 12-13 yaşına çatanda məişətdə, bir sıra mahnılarda onlara stereotiplər yaradılır. Buna görə də onlar əks cinsdən hürkür, özlərini “zəif məxluq” hesab edirlər:

“Mahnılardakı gender problemləri, stereotiplər yalnız təhsilin, cəmiyyətin intellektual səviyyəsinin artması ilə ortadan qalxacaq”.

“İnsanlar haradan tapır belə mövzuları, məqamları?”

“Femmekan” bu məqaləni hazırlayarkən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun daxilindəki musiqi şöbəsinə müraciət edib. Azərbaycan musiqisində gender təsvirləri ilə bağlı onların da fikirlərini öyrənməyə çalışıb. 

Şöbədən “insanlar haradan tapır belə mövzuları, məqamları? Bizdə ta qədimdən qadınların musiqidə əksi o qədər məşhur olmayıb. Təkcə, laylalarımızda qadınlar ana kimi təsvir olunub. Bir də gəlinlərlə bağlı toy mahnıları var, vəssəlam. Başqa sırf qadınların təsvir olunduğu mahnılar yoxdur”, – deyilib. 

Yazdı Selcan Hacı

Bağlı mesajlar

Bir cavab buraxın

Mənim Yeni Tarix