Azərbaycan filmlərində qadın obrazları necə təsvir edilib?

0

“Filmlərimizdə yalnız kişilərin hekayələri danışılıb”

“Bir-ikisini çıxmaqla əksər Azərbaycan filmlərində orijinal qadın obrazı yoxdur”.

Kino tənqidçisi və “FimAç” kanalının təsisçisi Hacı Səfərov belə düşünür. Vurğulayır ki, “Özgə vaxt” “Nabat”filmlərində klassik Azərbaycan qadını tiplərindən daha orijinal obraz yaradılıb. 

1996-cı ildə Hüseyn Mehdiyev tərəfindən çəkilən “Özgə vaxt” filminin qəhrəmanı atasının təzyiqlərinə məruz qalır. O, həyatını atasına həsr edir. Kino tənqidçisi düşünür ki, bu, Azərbaycanın ailə modelinə yaxın filmdir. 

“Nabat” filmi isə 2014-cü ildə Elçin Musaoğlu tərəfindən ekranlaşdırılıb. Filmin qəhrəmanı Nabat fədakar, əzmli obrazdır və ətrafındakı insanlar üçün əlindən gələni edir. Hacı Səfərov deyir ki, Nabatı digər obrazlardan fərqləndirən də elə fədakarlığıdır. Onun fikrincə, Azərbaycan qadınlarının əksəriyyəti zəhmətkeşdir və ailəsi üçün fədakarlıq edir:

“Bu iki filmdən başqa qalan hamısı qadın obrazını orijinal yox, ümumiləşdirilmiş tip üzərindən yaradır”.

1971-ci ildə Arif Babayevin yazıçı Anarın “Gürcü familiyası” hekayəsi əsasında çəkdiyi “Gün keçdi” filmi iki gəncin nakam məhəbbətindən bəhs edir. Kino mütəxəssisləri bu filmi “iki aktyorla rejissor işi” adlandırır. Kinonun ərsəyə gəlməsinə bir il vaxt sərf edilib.

“Əsmər 1960-1980-ci illərin ən orijinal obrazıdır”

Hacı Səfərov deyir ki, digər obrazlardan fərqli olaraq Əsmər öz azad iradəsi ilə hərəkət edir. Bu azad iradə isə onun filmdə geri qayıtması ilə əlaqəlidir: 

“Filmdə Əsmərin həyat yoldaşı ilə elə də xoşbəxt olmadığını hiss edirik. Əsmərin geri dönməsinin əsas səbəbi itirilmiş bir xoşbəxtliyi, uşaqlığını axtarmasıdır. Bunun üçün də o geri qayıdıb yenidən həmin xoşbəxtliyi əldə etməyə çalışır. Lakin çox gec olduğunu anlayır. Çünki hər şey dəyişmişdi, Oqtayla onları bağlayan heç nə qalmamışdı”. 

Filmdə vəziyyətin nə yerdə olduğunu anlayan Əsmər təyyarəyə minib geri dönür. Bu zaman Oqtaya telegram göndərir. Telegramda “nickname” olaraq “Kamikadze”-dən istifadə edir. Bu ifadə birlikdə izlədikləri yapon pilotlar barədə filmdən götürülüb. İfadəsindən belə çıxır ki, Əsmərin təyyarəyə minib geri dönməsi özünü bədii mənada öldürməsi deməkdir. Oqtayla onları birləşdirən heç nə qalmayıb, xoşbəxtlik ehtimalı isə ümumiyyətlə, yoxdur.

Film barədə araşdırarkən o da məlum olur ki, Oqtay obrazı üçün ilk Həsən Məmmədov adlı aktyor seçilib. Lakin Əsmər rolunun seçimində fikir ayrılıqları yaşanıb. Ssenari müəllifi Anar bu obraz üçün Şəfiqə Məmmədovanı, rejissor isə Amaliya Pənahovanı təklif edib. Sonda isə Mərkəzi Komitədən verilən tapşırıq əsasında Əsmər obrazına Leyla Şıxlinskaya uyğun görülüb. Obrazın səsləndirilməsi isə Amaliya Pənahovaya verilib.

Çəkilməyən kadrlar

Filmdə eks sevgililərin son görüşü Oqtayın evində baş tutmalı imiş. Ssenariyə əsasən, burada sevişmə səhnələri də yer alacaqmış. Aktyor Həsən Məmmədov buna etiraz edib və çəkilişlərdən imtina edə biləcəyini bildirib. Aktyorun təkidlərindən sonra bu səhnələr senaridən çıxarılıb.

Filmin rejissoru Arif Babayevin Oqtay obrazı ilə öz prototipini yaratdığı da bildirilir.

Qayınana filmi

Musiqili komediya janrında olan “Qayınana” filminin rejissoru Hüseyn Seyidzadədir. Film 1978-ci ildə Məcid Şamxalovun eyniadlı pyesinin motivləri əsasında çəkilib. Ssenari müəllifi Əjdər İbrahimov və Marqarita Maleyevadır. “Qayınana” Azərbaycan kinosunun ən uğurlu komediyalarından hesab olunur.

Film ailə-məişət məsələlərinin üzünü işıqlandırır. Azərbaycan kinosunun yaddaqalan obrazlarından olan Cənnət xala bu filmdə yaranıb. 

Filmdəki qadın obrazlarına gəlincə, baş rollarda Nəsibə Zeynalova (Cənnət xala), Tanilə Əhmərova (Sevda), İnarə Quliyevanı (Afaq) kimi görürük. Epizodik rolda isə Safura İbrahimovadır (Sədaqət). 

Burada iki əks qütbü – Sevda və Afəti görürük. Onların əsas fərqi isə davranışlarındadır. Sevda öz işində-gücündədir. Heç bir problem çıxarmamağa, ailəsini dolandırmağa çalışır. Afət isə aqressivdir və daha çox şey tələb edir. 

Afət obrazı haqqında:

Hacı Səfərov qeyd edir ki, əslində, burada Afət tam olaraq real bir obraz deyil. Afətin davranışları Cənnət xalanın təzyiq altında saxlanılması üçün edilmiş şeylərdir. O, bütün pislikləri özündə birləşdirən, qayınanaya bilərəkdən zülm edir. 

“Əsas konflikt odur ki, qayınana gəlinə əziyyət etdiyi üçün Afət də buna əks olaraq qayınanaya əziyyət etməyə başlayır. Yəni “əgər sən yaxşının qədrini bilməsən, qarşına pis də çıxa bilər. Bunun vasitəsilə də həyatın necə olduğunu görərsən”. Azərbaycan dilində belə bir ifadə var: bəzi şeyləri başa düşmək üçün başın daşdan-daşa dəyməlidir. Burada Nəsibə Zeynalovanın obrazına da eynisini tətbiq etməyə çalışırlar”.

“Belə belə işlər” adlı media platformasının hazırladığı “Qayınana filminin kadrarxası” videosunda deyilir ki, filmdə ən çətin seçim Afət rolunu oynayacaq aktrisa ilə bağlı olub. Bunun üçün Moskvadan dörd gənc aktrisa dəvət olunub. Sınaqda Moskva Dövlət Operetta teatrın aktrisası İnarə Quliyeva qalib gəlib. 

“Cənnət xalanın davranışlarından onun kifayət qədər mühafizəkar olduğunu görürük. O düşünür ki, ailədə söz sahibi qayınana olmalıdır, gəlin yox. Fərqi yoxdur ki, o, ali təhsillidir, ya həkimdir. Obraz ailədə olan üstünlüyünü qəbul etdirmək üçün təzyiq  və manipulyasiya edərək gəlini geri çəkilməyə məcbur edir”- kino tənqidçisi qeyd edir. 

1979-cu ildə Aşqabadda keçirilən Ümumittifaq kinofestivalında “Qayınana” filmindəki performansına görə Nəsibə Zeynalovaya diplom verilib.

Beşmərtəbəli evin altıncı mərtəbəsi

“Təhminə” filmi 1993-cü ildə rejissor Rasim Ocaqov tərəfindən çəkilib. Film yazıçı Anar Rzayevin “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı əsasında ərsəyə gəlib. Burada ailənin tək övladı Zaurla valideynlərini itirmiş televiziya aparıcısı Təhminənin faciəvi eşq hekayəsindən bəhs edilir.

Azərbaycan kinematoqrafiyasında məşhur qadın obrazlarından olan Təhminə türkiyəli aktrisa Meral Konrat tərəfindən canlandırılıb. Zaur obrazını isə aktyor Fəxrəddin Manafov oynayıb. “Belə belə işlər” adlı platformanın ““Təhminə”nin kadrarxası məqamları” adlı “Youtube” videosunda bildirilir ki, o dövrün ən açıq-saçıq filmi sayılır. 

Zaurun valideynlərini canlandıran Həsən Məmmədov və Zərnigar Ağakişiyeva Təhminənin ünvanına ağır sözlər deyilən səhnənin çıxarılmasını istəyirlər. Həsən Məmmədov Rasim Ocaqovdan xahiş edib ki, tamaşaçı onlardan söyüş eşitməsin, ayıbdır. Amma rejissor razı olmayıb. 

Filmdə aralarındakı soyuqluqdan dolayı həyat yoldaşından boşanan Təhminə Zaurla yaşamağa başlayır. Təhimə cazibədar qadın olduğu üçün öz müəssisəsindəki kişilərin də diqqətini çəkir. Bu isə Zaurun qısqanclığına səbəb olur. Beləliklə, aralarında mübahisələr yaranır. 

Nə üçün Təhminənin daim qınaqlara məruz qaldığını görürük? 

Hacı Səfərov qeyd edir ki, obrazın daim qınaqlara məruz qalması Azərbaycan cəmiyyəti üçün çox təbiidir. Təhminənin Zaurla olan münasibətləri Azərbaycanın ənənəvi ailə münasibətlərinə uyğun gəlmir. Məsələn, evlənməyiblər, lakin birlikdə yaşayırlar:

“Təhminə bütün bu tabuları qırır. Bunu həm filmdəki obrazlar, həm də izləyici görür. Qırdığı tabulara görə  qınaqlara məruz qalır. Müəyyən insanların öyrəşdiyi normativlər var. Onlardan kənara çıxan insanlar isə təzyiqə məruz qalır. Ta ki, həmin normativ normallaşana qədər”.

Təhminə obrazının sözləri Nəcibə Hüseynova tərəfindən səsləndirilib. Meral Konrat “Təhminə”dən sonra Türkiyədə çox filmə çəkilsə də, o, bu rolu karyerasının ən yaxşısı adlandırıb. Hətta illər sonra Fəxrəddin Manafovla birgə Zülfiyyə Xanbabayevanın “Mənimsən” klipinə də çəkilib.

Filmin sonunda Təhminənin qara ciyərini itirib ölməsini kino tənqidçisi belə izah edir:

“Bu, əslində, Azərbaycan filmlərində olan “qadının cəzalandırılması” mövzusudur. Qadın hər zaman “günah keçisi” hesab olunur. “Başına pis bir şey gəlirsə, onun günahkarı da qadındır”. Filmdə də bir növ həmin obrazı öldürərək həll yolu tapırlar”. 

Hacı Səfərov qeyd edir ki, bu, ilk deyil, Azərbaycan filmlərində qadınları bu üsulla çox “öldürüblər”. 

Filmin o dövr üçün “açıq-saçıq” olmasına gəlincə, Hacı Səfərov deyir ki, o dövrədək Azərbaycan filmlərində çox az bu cür səhnələri olan kinolar olub. Bəlkə də bu səbəbdən ya azərbaycanlı aktrisa tapılmayıb, ya da imtina edib deyə türkiyədən aktrisa dəvət edilib. 

Öz dövründə böyük ajiotaja səbəb olan “Sahilsiz gecə” filmi:

Filmxalq yazıçısı Elçinin “Toyuğun diri qalması” povesti əsasında ekranlaşdırılıb.

Şahmar Ələkbərovun rejissorluğu ilə çəkilən kinonun ekranlara çıxması ilə ətrafında böyük qalmaqal, ajiotaj yaşanıb.

“Sahilsiz gecə” filmi dövründə o qədər də yaxşı qəbul olunmayıb. Səbəb isə cəmiyyətin rejissor Şahmar Ələkbərovun azərbaycanlı qadınları fahişəliklə məşğul olan insanlar kimi göstərdiyini düşünməsi olub. Lakin Şahmar Ələkbərov insanların bu işlə məşğul olmasının bəzən seçimdən daha çox ictimai şərtlərdən doğduğunu göstərmək istəyib. Filmdə həm o insanların yaşadığı peşmanlıqlar, həm də sonrakı həyatları göstərilir. 

Kino tənqidçisi deyir ki, belə mövzulu filmlər Avropa kinolarında da var. Azərbaycan kinosunda isə həmin dövr üçün toxunulmayan  mövzu idi: 

““Sahilsiz gecə” cəmiyyətə demək istəyir ki, fahişələri qınamaq və cəmiyyətdən təcrid etmək çox asandır. Amma onun altında yatan səbəbləri araşdırmaq, dövrün ictimai-sosial vəziyyətini anlamaq çətindir. Təbii ki, bunu kimlər başa düşür, kimlər düşmür, bu, ayrı məsələdir. Filmin sonlarında Zibeydənin monoloqu, məncə, klassik Azərbaycan təfəkkürünün ekran həllidir”.  

Filmdə göstərilir ki, gəncliyi fahişəlik etməklə keçən Zibeydənin həyatı tamamilə puç olub. O, monoloqunda gecə-gündüz Allahdan ölüm arzulayır: 

“Kinolarımızda olan əsas problem qadın obrazlarının tipikləşdirilməsidir. Məsələn, “Bizim Cəbiş müəllim” filmində Cəbiş müəllimin arvadı rolunu Şəfiqə Məmmədova oynayır. Lakin filmdə bir dəfə də olsun adı çəkilmir. Səbəbi isə onun şəxs olaraq o qədər də maraqlı olmaması göstərilir. Sadəcə daim ərindən nəsə tələb edən bir insan obrazıdır və azərbaycanlı qadın tipini formalaşdırır”. 

“Azərbaycan filmlərində reallıqdan çox, müəyyən tipləşdirmələr var”

Hacı Səfərov deyir ki, “İstintaq” filmində də Şəfiqə Məmmədova müstəntiqin həyat yoldaşı rolundadır. Burada da eyni tip qadın obrazını canlandırır: 

“Beləliklə, deyə bilərik ki, müəyyən mənada Azərbaycan filmlərində reallıqdan daha çox, müəyyən tipləşdirmələr var”.

“Qadın rejissorlar və ssenaristlər çox olmalıdır”

Azərbaycan filmlərində qadın obrazlarının təsvirini necə inkişaf etdirməyə gəlincə, Hacı Səfərov problemin həllini qadın rejissorların və ssenaristlərin artmasında görür. Deyir, hazırki vəziyyətin səbəbi kişi rejissorların çoxluğudur. Onlara qadınların necə təqdim edilməsi maraqlı deyil: 

“Qəhrəmanlar kişilərdir. Hekayələrdə qadın olsa da, onun heç vaxt aktiv bir rolu yoxdur. Sadəcə tipik qadın obrazı kimi götürülür və hər tərəfdə istifadə edilir. Bununla da Azərbaycan filmlərində qadın obrazlarının təsviri əskik qalır”.

Kino tənqidçisi Azərbaycanda qadın obrazlarını tip yox, orijinal formada görmək istəyir: 

“Qəhrəman olaraq onun hissləri, çəkdiyi əzablar, arzuları maraqlıdır. Məsələn, həyatında olan problemlərin ona necə mane olduğunu, inkişafına təsirini görmək yaxşı olardı. Bunun üçün bəlkə də sadəcə zamana ehtiyac var. Amma unutmayaq ki, Azərbaycan qadınlarının təsvirinin daha orijinal olması üçün əsas amil qadın rejissorların artmasıdır. Çünki kişilər nə qədər qadın perspektivindən baxmağa çalışsalar da, təbii ki, qadınların özünü ifadə etməsi tamam fərqlidir. Çünki kişilər bunu müşahidə əsasında edirlərsə, qadınlar yaşayır və buna məruz qalırlar”.

“Azərbaycan kinosunda ancaq kişilərin hekayələri danışılıb”

Kino tənqidçisi düşünür ki, Azərbaycan filmlərində qadınların təsviri dövr üçün müəyyən mənada realdır. Lakin tam reallığa uyğun deyil. Çünki burada reallığın bir hissəsini göstərirlər, amma bütün olaraq onu çatdırmırlar:

“Çünki cəmiyyətdə təkcə ərindən daim nəsə istəyən qadınlar yoxdur. Başqa qadınlar da var. Lakin onlar görməzdən gəlinib. Bir sözlə, Azərbaycan kinosunda ancaq kişilərin hekayələri danışılıb”.

“Qadınlar kişinin qorunmalı olan namusu kimi təqdim edilib”

Feminist fəal Gülnara Mehdiyeva deyir ki, Azərbaycanın retro filmləri barədə düşünəndə ağla ilk növbədə Sovet hakimiyyəti dövründə çəkilən filmlər gəlir. Onun fikrincə, bu filmlər rejissorun müstəqil vizyonunu deyil, o dövrün siyasi diqtəsini, hakimiyyətin cəmiyyətdən gözləntilərini əks etdirib:
“Bu, həm də qadınların sosiumda (müəyyən tipli insan birliyi) davranışlarını, rollarını əhatə edib. Bu dönəm çəkilən filmlərin bəzilərində güclü, əməkçi qadın obrazları yer alsa da, əksər hallarda qadınlar kişinin qorunmalı olan namusu kimi təqdim edilib”.

“Qadınların qəhrəman olduğu filmlər azdır”

Gülnara Mehdiyeva deyir ki, sırf qadınların əsas qəhrəman olduğu filmlər də çox azdır. Retro filmlərin əksəriyyətində isə qadından tələb olunur ki, baş qəhrəman olan kişinin “əsl kişi” kimliyini qorumaqdan ötrü, onun adına layiq davranış sərgiləsin.

“Qadınların filmlərdə müstəqil, güclü fərd kimi təqdim edilməsini istəyərdim”

“Azərbaycan filmlərində qadın obrazlarını necə görmək istəyərdiniz?” – sualına cavabda isə Gülnara Mehdiyeva bildirib ki, son dönəmlər çəkilən yerli filmlərdə qadınların təkcə ümumi obrazı deyil, həm də kişilər tərəfindən onların ünvanına edilən bayağı zarafatlar, qadınların seksual təcrübələrinə eyham vuran replikalar qıcıq oyadır:

“Mən qadınların əzabkeş, fədakar romantikasından çıxmasını, kişi arzusunun obyekti kimi deyil, müstəqil, güclü fərd kimi təqdim edilməsini istəyərdim. Mübarizələrinin müsbət nəticə verdiyi, əzilmiş, qurban kimliyini rədd edən, seksual cazibə obyekti yox, şəxsiyyət kimi təqdim olunan qadınlar görmək istəyərdim”.

Filmdəki təsvirlər və obrazların gənc nəslə təsiri

Filmdəki təsvirlərin, obrazların gənc nəslə təsirlərinə gəlincə, feminist fəal bildirir ki, filmlərin fem-optika ilə təhlili sahəsində çoxsaylı araşdırmalar ediblər. Bu araşdırmalarda kinolarda həm işıq, kamera vasitəsilə qadın bədəninin göstərilməsi, həm qadınların geyim və aksessuarları, həm kinoda ifa etdikləri rolları, həm qadın və kişi personajların say nisbəti, eləcə də filmdə qadınların adlarının olub-olmaması, onların nitqlərini təşkil edən mövzular, habelə müxtəlif sinfə, irqə, sosial qrupa və s. aid olan qadınların nə dərəcədə təmsil olunması aspektləri nəzərdən keçirilir:

“İstər filmlər, istər reklamlar və ya media olsun, qadının necə reprezentasiya olunması həmin obrazın təkrar istehsalına xidmət edir. Bəzən biz qadının təsviri ilə bağlı rejissorlara (istər reklam rejissorları, istər film və ya sosial çarx) irad bildirəndə onların açıqlaması belə olur: “Cəmiyyətdə hal-hazırda qadınların vəziyyəti belədir, biz də belə təsvir edirik”. Başa düşmürlər ki, onların hər təsvirinin altında böyük bir məsuliyyət var. Yaratdıqları obrazları görən nəslin qadın barədə təsəvvürləri də məhz o cür formalaşacaq. Yəni kino təkcə cəmiyyəti güzgü kimi əks etdirmir, həm də cəmiyyətin konstruksiyasında iştirak edir”.

Müxtəlif dövrlərdə qadın obrazının təqdimatı 

Kinoşünas “START” Bakı Beynəlxalq Qısa Filmlər festivalının təsisçisi Aygün Aslanlı deyir ki, Azərbaycan filmlərində qadın obrazının cəmiyyətə təqdim olunması müxtəlif dövrlərdə fərqli olub. Sovetlərin ilk onilliklərində qadınların cəmiyyətə inteqrasiyası dövlət səviyyəsində aktiv təşviq edildiyinə görə 30-cu illərin sonlarına qədər çəkilən filmlərdə qadınlar mübariz, köhnəlmiş fikir və ənənələrlə mübarizə aparan, cəmiyyətdə öz yerlərini tapmağa çalışan, ictimai məsələlərdə iştirak edən fəal obrazlar kimi təqdim olunub:

“Məsələn, “Sevil” (1929), “İsmət” (1934), “Almaz (1936) kimi elə əsas qəhrəmanların adları verilən filmlər çəkilirdi. II Dünya Müharibəsindən sonra qadınlar kinoda ikinci, hətta üçüncü plana keçdi. Ailə mühitində, adətən, qeyri-funksional personajlar kimi təqdim olunmağa başladı. Təbii istisnalar da var idi: Məsələn, “Böyük dayaq”, “Aygün”, lap elə “Görüş yeri”, “Əhməd haradadır?”, “Ulduz” filmlərində qadın personajlar mühüm yer tutur. Onlar öz kimlikləri uğrunda mübarizə aparırlar. Lakin adətən bu mübarizə patriarxallığın çərçivələrindən çıxmır. Məsələn, “Aygün” filmində qəhrəman ona xəyanət edən ərini bağışlayır. Tək olduğu müddətdə qətiyyən başqa bir həyat qurmağı ağlına gətirmir.  “Böyük dayaq”da Mayanın bütün səylərinin son hədəfi qayınatasının rəğbətini qazanmaqdır və s.”. 

“Azərbaycan qadını” və “Azərbaycan kişisi” ifadələri

Aygün Aslanlı qeyd edir ki, 60-70-ci illərin filmlərində maraqlı, yaddaqalan qadın obrazları çoxdur. Xüsusən, Həsən Seyidbəylinin filmlərində bunu görmək olar. Növbəti illərdə isə qadın personajlar yenə arxa plana keçir və daha çox ailənin bir atributu kimi göstərilir: 

“Son illərdə feminizmin yayılması, qadınlarla bağlı mövzuların bu və ya digər şəkildə müzakirə olunması, tədricən kinoya da təsirini göstərməyə başlayıb. Məsələn, Səidə Haqverdiyevanın “Köhnə çamadanlar” filmi bütünlüklə qadınlar haqqındadır. Rejissor müharibə vəziyyətində qadınların yaşadıqlarını, hiss etdiklərini göstərməyə çalışıb”. 

Mənbə: Mədəniyyət qəzet
Mənbə: Mədəniyyət qəzet

“Köhnə çamadanlar” real hadisələr əsasında çəkilən tammetrajlı bədii filmdir. Kinonun ssenari müəllifi Sevda Sultanova, quruluşçu rejissoru Səidə Haqverdiyeva, bəstəkarı Vüqar Camalzadə, art direktoru Tahir Tahiroviç, baş prodüseri Pərvinə İsmayılovadır.

“Bununla yanaşı, Hüseyn Mehdiyevin “Özgə vaxt”, Oqtay Mirqasımovun “Günaydın, mələyim”, Elmar İmanovun “Mövsümün sonu” filmlərində fərqli, öz həyatını, məhz qadın kimliyini sorğulayan obrazlar var”, – deyir, Aygün Aslanlı. 

““Azərbaycan qadını”, “Azərbaycan kişisi” kimi ifadələrlə razı deyiləm. Məncə, insan hansısa konkret bölgəyə xas genetik, mental xüsusiyyətlərin daşıyıcısı ola bilər, ancaq “Azərbaycan qadını”, ya da “Azərbaycan kişisi” kimi fərqləndirmələr dərhal həmin cəmiyyətin, mentalitetin tələblərini nəzərə almaq öhdəliyi qoyur”.

Adsız qadın obrazları

Kinoşünas Azərbaycanda məlum şərtlərdə, patriarxal cəmiyyətdə yaşayan, bu ölkənin sosial-mental kodlarının daşıyıcısı olan qadın obrazı kimi Həsən Seyidbəylinin “Bizim Cəbiş müəllim” filmində Cəbiş müəllimin arvadı rolundakı qadını görür: 

“Onun heç adı belə yoxdur. Titrlərdə elə müəllimin arvadı kimi yazılıb. Həmçinin Rasim Ocaqovun “İstintaq” filmində müstəntiqin arvadı, “Ad günü” filmində isə bələdçi qadını misal gətirə bilərik. Hər üç personajı Şəfiqə Məmmədova oynayır”. 

Şəfiqə Məmmədovanın oynadığı bu personajlar həm də Aygün Aslanlının sevdiyi obrazlardır. Çünki onların hamısı konkret hədəfləri olan, nə istədiyini bilən və istədiyinə nail olmağa çalışan qadın obrazlarıdır: 

“Hüseyn Mehdiyevin “Özgə vaxt” filmində Ayan Mirqasımovanın rolunu sevirəm. Çünki düşünməyə, qəhrəmanın həyatının analizi vasitəsilə özünü, yaşadığın cəmiyyəti, dəyər kimi təqdim olunan şeyləri sorğulamağa imkan verir. Həmçinin, Elçin Musaoğlunun “Nabat”ı bir insanın tənhalıqla necə vuruşduğunu və sonunda necə məğlubiyyətsiz barışdığını sözdən istifadə etmədən, sadəcə fəaliyyətlə, təsvirlərlə çox gözəl göstərir”.

Azərbaycan filmlərində arzuolunan qadın obrazları

Kinoşünasın sevmədiyi qadın personaj isə “Şirbalanın məhəbbəti” filmində Kübra Əliyevanın obrazıdır. Deyir, aktrisanın oynadığı Ümbülnisə rolu bütün film boyu uşaqlarını arxasınca sürüyə-sürüyə ərindən pul tələb edir:

“Üstəlik, problemləri olsa da, boşanmaq istəmir, çünki boşansa, sadəcə təyin olunan alimentlə kifayətlənməli olacaq. Bu da onu qane etmir”. 

Aygün Aslanlı Azərbaycan filmlərində qadın obrazları baş qəhrəman qismində, özü üçün mübarizə aparmağı, yaşamağı bacaran, dolğun şəkildə görmək istəyir.

Yazdı Dinara Zeynalova

Qadınları hədəf alan siyasi mübarizə

Azərbaycanda qisas məqsədilə şəxsi həyatın ictimailəşdirilməsi Son illər Azərbaycanda siyasətçiləri cəmiyyətin gözündən salmağın məşhur yolu şəxsi həyatının ictimailəşdirilməsidir. Nəticədə, hakimiyyətlə müxalifət arasındakı çəkişmələrdə bəzən qadınlar təhdid vasitəsi olur, bəzənsə birbaşa təhdidlə üzləşirlər.  Məsələn, “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahid və direktoru Azər Əhmədovun şəxsi həyatlarındakı qadınlarla “şantaj” edildikləri bildirilir. 2021-ci ildə siyasi mövqeyinə görə qızının intim...

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

Cəmiyyətdə zorakılığın normallaşdırılması necə baş verir?

“Tək əl qaldırmaq yox, səsini ucaltmaq, aqressiv davranış da zorakılıqdır” Maddi imkanların qısıtlanması, iş imkanlarının əldən alınması da zorakılıqdır, insana heç bir işə yaramadığını demək də, ona əl qaldırmaq da…  Fiziki, psixoloji, iqtisadi zorakılıq – biri digərindən daha az zərərli deyil. Lakin Azərbaycan cəmiyyətində zorakılıq deyəndə, ağla əl qaldırmaq, döymək gəlir. Digərləri zorakılıq hesab edilmir...

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik. 8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli...

Seçdiyin, yoxsa sənə yaraşdırılan peşə? 

Zirvələri fəth edən qadının hekayəsi  Azərbaycan cəmiyyətində insanlara cinsindən asılı olaraq peşə yaraşdırmaq adi haldır. Məsələn, mühəndis, arxitektor, sürücü, pilot, alpinist kimi peşələr kişilərə, həkim, müəllim, tibb bacısı kimi peşələr isə qadınlara uyğun görülür. “Qız uşağısan”, “sən kişisən”, – ifadələrilə başlanan cümlələrin sonu şəxsi həyata, arzulara, istəklərə müdaxilə ilə bitir.  Götürək alpinizmi – Azərbaycanda qadınların...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Hamiləlikdən qorunma: Niyə ağla yalnız qadın bədəni gəlir?

Kişilər qorunmaq üçün nələr edir? Azərbaycan cəmiyyətində hamiləlikdən qorunmaq deyəndə, ağla gələn ilk üsullar qadın bədəninə müdaxilədən keçir. Halbuki bu, qadınların olduğu qədər, həm də kişilərin məsuliyyətidir.  Qorunma deyəndə, mütləq, düşünülür ki, qadın hansısa addım atmalıdır, kişilərin isə bu məsələlərdə məsuliyyəti daha az vurğulanır.  Məqalədə yaranmış vəziyyətin səbəblərini araşdırmışıq.  40 yaşlı Sevil Məlikova (ad şərtidir)...

Həyatını uşaqların küçədə qalmamasına həsr etmiş qadın

Azərbaycanda ilk uşaq sığınacağının yaranması tarixçəsi “Həssas qruplarla işləmək üçün ən vacib şərt peşəkarlıq, məsuliyyət və səbrli olmaqdır”, – söhbətə belə başlayır, Kəmalə Ağazadə. O, Azərbaycanda uşaq hüquqları müdafiəçisidir. Rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin (AUB) tabeliyində sığınacaq yaradıb. Təşkilat hər il zorakılıqla üzləşmiş, tərk edilmiş yüzlərlə uşağa hüquqi və psixoloji yardım edir. “Müvəffəqiyyətə gedən yol...

Mənim Yeni Tarix