Aybaşı: keçmişdə müqəddəs, müasir dövrdə ayıb?

0

“Seksual maarifləndirmə məktəb dərsliklərinə daxil edilsə, əla olar”

– Bir qadın bezi verin, zəhmət olmasa.

– Buyurun!

– Niyə qara sellofana qoydunuz? 

– Adətən belə istəyirlər deyə, bu cür təqdim edirik.

Mənbə: Yijun Li

Azərbaycanın əksər apteklərində durum belədir. Baxmayaraq ki, menstrual bezlər illərdir marketlərdə açıq satışdadır, satıcısı olan mağazalarda, apteklərdə 10-15 il öncəki qaydalar hələ də qüvvədədir. 

Görəsən insanlar aldıqları menstrual bezlərin kənardan görünməsini niyə istəmir? 

39 yaşlı Tunam Musayeva (ad şərtidir) ilk dəfə 10 yaşında aybaşı olub. Səhər məktəbə getməyə hazırlaşarkən aybaşı olduğunun fərqinə varıb və bu hadisəni heç də xoş xatırlamır:

“Mayın əvvəlləri idi. Məktəbə açıq rəngli və nazik paltarlar geyinirdik. Həmin səhər alt paltarımda kiçik qan ləkəsi görmüşdüm, lakin ciddiyə almamışdım. Adətən məni ağcaqanad dişləyəndə yerini qaşıyıb, qanadırdım. Bənzər hal olduğunu düşünmüşdüm”.

“Bu nədir, niyə belə tez baş verib?”

Tunam məktəbə özündən 2 yaş böyük qardaşı ilə gedib-gəlirmiş. Həmin gün qardaşıyla evdən çıxanda anası onu saxlayıb. Biraz əsəbi tonda qardaşına getməsini söyləyib: 

“Ardınca da “bacın bu gün dərsə getməyəcək, müəlliməsinə deyərsən”, – dedi. Təəccüblənmişdim, nə baş verdiyini bilmirdim. Anamın üzünə baxanda yaxşı bir şey olmadığını anlamışdım, həyəcanlanmışdım. Qardaşım qapıdan çıxan kimi anam məni tutub, qapıya sıxdı. 

“Bu nədir, niyə belə tez baş verib?” – deyə, soruşdu. Yenə heç nə anlamırdım. Anam isə susmurdu: “Bu böyük qızlarda olur, sənsə hələ uşaqsan”, – deyirdi. Hiss edirdim ki, özü də təlaş içindədir. Sonrakı suallar “bu nə zaman olub?”, “niyə görən kimi mənə deməmisən” – oldu”.

26 il sürən travma

Tunam Musayeva hadisədən təsirlənib. Bu gün də xatırlayanda həyəcanlanır. Düzdür, anası ona fiziki şiddət göstərməyib, lakin reaksiyasını göz önünə gətirəndə, günü bu gün də həyəcan keçirir: 

“Hazırda 39 yaşındayam. O gün aldığım travmadan düz 36 yaşımadək ciddi əziyyət çəkmişəm. Sonralar anam mənə qorxusunun səbəbini söylədi. Ona demədən ləkəli paltarla məktəbə gedə biləcəyimdən narahat olub. Nəticədə uşaqlar məni lağa qoyar, travma alaram. Lakin fərqində olmadan özü mənə ən böyük travmanı yaşadıb. Onun reaksiyası mənə illərlə aybaşının yaxşı bir şey olmadığını və həyatımı çətinləşdirdiyini düşündürüb”.

Psixoloji gecikmə

Tunam həyatının bir dönəmində aybaşı ləngiməsi problemi də yaşayıb. Anası onu müxtəlif ginekoloqlara, həkimlərə aparıb. Analizlər verib, məlum olub ki, fiziki heç bir problemi yoxdur. Deyir, gecikmə prosesi ilk başlarda onu narahat etməyib, hətta sevinirmiş. 30 yaşından sonra bunun psixoloji olduğunu anlayıb:

“Mütəxəssisə müraciət etdim. Sonralar müxtəlif beyin kodlamaları, psixoloji seanslar vasitəsilə bu problemi həll etdim. İndi normal qaydada aybaşı oluram”.

samvirke.dk
Mənbə: samvirke.dk

“Açıq şəkildə menstrual bezi istəmək cəsarət tələb edirdi”

Tunamın uşaqlığı bölgələrdəki qəsəbələrdən birində keçib. Deyir, oradakı insanların həyata baxışı şəhərdəkilərdən fərqli olub: 

“Məsələn, aptekə gedib açıq şəkildə menstrual bezi istəmək böyük cəsarət tələb edirdi. Bizim evə yaxın aptekin satıcısı anamın rəfiqəsi idi. 4-5 aydanbir ondan 10 qutu paket alırdıq. Tez-tez başqa mağaza, apteklərə müraciət etməyək deyə… Aldıqlarını da daim qara sellofanda, yaxud çantasının içində gətirirdi. Bu da beynimdə ilişib qalıb. Görünür, əksər insanlar bunu ayıb bildiyi üçün bu gün apteklərdən bez alanda görünməyən sellofana qoyub verirlər”. 

Bunlar patriarxal cəmiyyətin problemidir

Sosioloq Sənubər Heydərova deyir ki, aybaşı qədim zamanlarda, yəni prosesin insanlara aydın olmadığı dövrlərdə müqəddəs sayılıb. O zamanlar insanlar bu prosesdən utanmayıblar. Patriarxat cəmiyyətə keçiddən sonra qadınların cəmiyyətdəki rolları zəifləyib, onlara basqılar artıb. Bununla da qadınlara aid alt paltarları, bezlərin alış-satışı ayıb sayılmağa başlayıb. Eyni zamanda, aybaşı prosesi problem kimi qəbul edilib:

“Bunlar patriarxal cəmiyyətin problemidir. Müasir cəmiyyətin belə problemi yoxdur. Məncə, indi bizdə də müəyyən qədər irəliləyiş var. Məsələn, illərdir qadın bezləri marketlərdə açıq satılır”.

Problemin kökü – din

Sosioloq düşünür ki, problemin kökü həm də dindən qaynaqlanır. Azərbaycanda böyük əksəriyyətin dini olan İslamda qadınların aybaşı zamanı (dində adı heyz deyə keçir) murdar olduğu bildirilir:

“Həmin vaxt müqəddəs kitaba əl dəymək, ibadətləri yerinə yetirmək qadağandır . El arasında da belə adət var ki, qadın aybaşı zamanı xəmir yoğurmamalı, çörək bişirməməlidir. Xəmir, çörək müqəddəs sayılır axı”.

“Kişilər də bilgiləndirilməlidir”

Problemin öhdəsindən hansı formada gəlmək olar deyəndə, Sənubər Heydərovanın ağlına yalnız cəmiyyətin bilgiləndirilməsi gəlir. Deyir, məlumatlanma yalnız qadınlara aid olunmamalı, kişilər də prosesə cəlb edilməlidir:

“Kişilər qadınlarla partnyor olur. Odur ki, onlar istər aybaşıöncəsi hormonal dəyişikliklər, istərsə də proses zamanı qadınlarda olan ağrılar olsun, bunlardan məlumatlı olmalıdırlar. Bizdə belədir: proses qadınların bədənində baş verdiyi üçün yalnız onlar bundan məlumatlıdır. Kişilər isə daimi partnyorları olanadək bu haqda heç nə bilmirlər”.

@malucette.pl
Mənbə: @malucette.pl

“Uşaqlar məktəblərdə bilgiləndirilməlidir”

Sosioloq düşünür ki, bu məsələlər insanlara kifayət qədər gənc yaşlarından öyrədilməlidir. Məsələn, o düşünür ki, məktəb dərsliklərinə seksual marifləndirmə ilə bağlı məlumatlar daxil edilsə, əla olar:

“Təssüf ki, bu məsələni qaldıranda cəmiyyət hər dəfə buna qarşı çıxır. Təbii digər cəmiyyətlərdə də etirazlar, narahatlıqlar olur. Məsələn, “uşağımıza nə öyrədəcəklər orada?” və s kimi… Lakin bu bilgiləndirməyə dövlət maraqlı olarsa, kifayət qədər kampaniyalar aparıla bilər. Beləliklə məktəblərdə belə dərslər keçirilər”.

“Hamı evində uşaqlarını məlumatlandırsa, yaxşı olar”

Sosioloq ikinci bir çıxış yolunu medianın maarifləndirməsində görür. Deyir, kişilər üçün ayrıca çıxan jurnallarda bu məsələlərə toxunmaq olar:

“Lakin bu başlayanadək hər kəs evində uşaqlarını məlumatlandırsa, yaxşı olar. Məsələn, yeniyetməlik dövründə olan məktəbli qızlara bəzi şirkətlər gətirib aybaşı ilə bağlı paketlər verirlər. Onlarla qısa söhbət edirlər və sonra çıxıb gedirlər. Bu yarım saat və ya 45 dəqiqəlik söhbət əlbəttə ki, azdır. Eyni zamanda, oğlanlar bu söhbətlərdən kənarda saxlanılır. Nəticədə söhbət bitəndən, qızlar sinfə dönəndən sonra oğlanların bulinqi ilə üzləşirlər”.

Sənubər Heydərova öz məktəb illərini xatırlayır. Deməsinə görə, o dövrdə oğlanlar qızlara “siz bezdən istifadə edirsiniz, yəqin ki, problemləriniz var”, yaxud “özünüzü tualetə saxlaya bilmirsiniz” kimi lağlağı edirmişlər.

“Dövlətin proqramı yoxdursa…”

Sosioloq deyir ki, əslində oğlanların bu zarafatlarının içərisində nəyisə öyrənmək marağı da olub. Çünki bu barədə tam məlumatsızdırlar: 

“Ümumiyyətlə, proses nədən ibarətdir, nə zaman başlayır, bunun sağlamlıq üçün əhəmiyyəti varmı və s. kimi məsələləri hər kəs evində oğluna, qardaşına izah etsə, kifayət qədər sağlam yanaşma olar. Bu söhbət valideynlər ilə uşaq, bacı və ya qardaş arasında ola bilər. Dövlətin ümumi bir proqramı yoxdursa, biz özümüz bu məsələləri həll etməyə çalışmalıyıq. Hər şey yavaş-yavaş, kiçik addımlarla başlayır”.

Yazdı Nərgiz Abbasova

Bağlı mesajlar

2 Responses

Bir cavab buraxın

Mənim Yeni Tarix