Arılar bir qadının həyatını necə dəyişdi?!

0

Lalə Qurbanəliyeva onkoloji xəstəlikdən sağalan azsaylı insanlardandır. İllər öncə həkimlər Laləyə xəstəliyi haqqında bildirəndə o, təbii məhsulların müalicə effekti ilə sağalacağını ağlına belə gətirməzdi. 

Əvvəlcə Lalə də hamı kimi həkimlərə, əməliyyatlara, dərmanlara üz tutur. Deyir, “əməliyyatdan sonrakı ruh halı önəmlidir, gərək hər zaman əhvalını yüksək tutasan. Müalicə zamanı o, propolislə tanış olur. Həyat yoldaşının saxladığı arılardan aldığı bu məhsul onun sağlamlığına müsbət təsir göstərir. Nəticədə qadın arı terapiya ilə maraqlanmağa başlayır. Bu maraq onu peşəkar arıçıya çevirir, özü bu gün 14 müxtəlif arı məhsulu hazırlayır: baldan tutmuş, propolis, arı südü, çiçək tozu, arı mumu, arı zəhəri, yaşlanma əleyhinə üz kremləri, dəri xəstəlikləri üçün müxtəlif növlü məlhəmlər kimi. Getdikcə Lalə arı terapiyası barədə daha dərindən öyrənir və bilgilərini ehtiyacı olan insanlarla bölüşür.

İnşaat mühəndisliyindən arıçılığa…

Lalə Zaqatalanın Tala kəndində yaşayır. İxtisasca inşaat mühəndisidir, illərdir kənd məktəbində riyaziyyat fənnini tədris edir. O, müəllimliklə yanaşı, həyat yoldaşı, iki oğlu ilə birlikdə kiçik arıçılıq təsərrüfatında da çalışır.

Lalənin atası da, qaynatası da arıçı olub. Elə arıçılıq sayəsində də o, gələcək həyat yoldaşını tapıb. “Atalarımız dost idi. Gediş-gəliş var idi. Beləcə tanış olub, ailə qurduq. Həyat yoldaşım da mənim kimi ixtisasca inşaat mühəndisidir. Ancaq gözünü açandan arıçılıq sahəsində çalışıb və bu işi çox sevir. Əslində arılar həmişə həyatımın mərkəzində olub, ancaq əvvəllər bunu dərinliklə sezməmişəm. Arı məhsulları sağlamlığıma yaxşı təsir edəndən sonra mən də bu işə bağlandım”. 

Uğurlu layihənin təsərrüfata qatqısı

Arı məhsulları hazırlamağa başlayandan sonra Lalə təsərrüfatını böyütmək istəyir. O, Avropa İttifaqının bölgələrdəki təsərrüfatçılara maliyyə dəstəyi verən layihəsinin olduğunu belə öyrənir. Dediyinə görə, onların təsərrüfatlarında ən böyük problem mövsümdə balı süzməklə bağlı olub: 

“Bal süzmək üçün olan öncəki avadanlıq birbaşa 4 pətəyi birdən süzür və əl əməyi ilə edilirdi. Həmin ərəfədə  dəhşət əziyyət çəkirdik. Növbə ilə bal süzürdük və bu, aylarla vaxtımızı alırdı, fiziki çətinlik çəkirdik. Avropa İttifaqına yazdığımız layihənin keçməsi ilə biz özümüzə yeni, dünyada məşhur bir balsüzən avadanlıq aldıq. İndi birbaşa 70 pətəyi birdən süzürük, özü də heç toxunmadan və əvvəlki cihazdan daha sürətli formada”. 

“Pandemiya gəliş-gedişi səngitdiyi kimi, satışı da azaldıb”

Qurbanəliyevlər ailəsi 4 nəfərdən ibarətdir. Onlar arıçılıqla ailəlikcə məşğul olurlar. Böyük oğlu arı yeşiyi və pətək hazırlayır, həyat yoldaşı və özü təsərrüfatı idarə edir, kiçik oğlu isə bal və bal məhsullarının satışını həyata keçirir. Satış həm yerli bazarda, həm də yarmarkalar olanda Bakı bazarlarında təşkil edilir: 

“Düzdür, bir ildir ki, pandemiyaya görə satışlar zəifləyib, amma yenə də işimizi əvvəlki qayda ilə görürük. Zaqatala gəzilib-görülməli, turistik bölgədir. Əvvəllər gələnimiz də, gedənimiz də çox olurdu, qonaqlar hər cür məhsulumuzdan alırdı. İndi gəliş-gediş səngidiyi kimi, satış da azalıb”.

Bir az da arı məhsullarının faydaları haqqında

Lalənin həyətində kiçik bir otağı var. O, gününün yarısını elə bu otaqda keçirir və məşhur arı məhsullarını da burada hazırlayır: 

“Üz kremləri üçün lavanta yağından istifadə edirəm. Çiçəyin gözəl qoxusu olur, həm də faydalıdır. Bilirsiniz, Zaqatalada lavanta sahələri var və elə çiçək qurusunu, yağını birbaşa yerindən alıram. Tanıdığım insanlardır və məhsulun təmizliyindən əminəm. Yanıq yarasına, uşaqlarda olan bişməcələrə, səpkilərə, qulaq ağrılarına kömək edən məlhəmlərimiz var. Arı südü, aloe ilə hazırladığım nəmləndirici üz kremləri, yaşlanma əleyhinə olan kremlər ən çox satılanlardandır. “Kosmonavt qidası” adlandırdığım məhsul var.  Tərkibində çiçək tozu, polen, arı südü, propolis və bal olur. Güclü məhsuldur, insanın enerjisini, radiasiyaya, stressə qarşı davamlılığını artırır, immuniteti gücləndirir”. 

Çiçək tozunun faydalarından danışan Lalə xanım deyir ki, bu toz qara ciyər toxumalarını bərpa edir. Öd ayrılmasını stimullaşdırır, böyrək ağrısına kömək edir: “Faydaları çoxdur, saymaqla bitmir”.

“Zaqatala Dağları”ndan Azərbaycana

Laləgilin ailə təsərrüfatının marka adı “Zaqatala Dağları”dır. O bildirir ki, hazırda 460-a yaxın arı ailəsi var. Mövsüm zamanı, xüsusilə də may ayında arıçıların işləri yaman çox olur. Bu zaman onların da əlavə işçilərə ehtiyacı olur və adətən ehtiyaclı insanların əməyindən istifadə edirlər: 

“Baxma, ən azından ailəsinin bir neçə aylıq da olsa, ehtiyaclarını ödəyə bilməsində bizim də qatqımız olsun. Təsərrüfatımız daha da böyüsə, işlər genişlənsə, daha çox insana iş imkanı yaratmaq istəyərik. Sosial sahibkarlıqla bağlı oxumuşam. Bilirəm, müxtəlif ölkələrdə sahibkarlığın bu növünə necə dəyər verildiyini”. 

“Xaricdən gələn ana arılar Qafqaz arısının genini dəyişib”

Lalə xanım çox istəyir ki, təmiz Qafqaz arısının sayı artsın. Onun dediyinə görə, xaricdən gələn ana arılar təmiz Qafqaz arısının genini dəyişib: 

“6-7-ci əsrdə Qafqaz dağlarında olan arının geni pozulub. Mənbələrdə oxuyuruq ki, Qafqaz arısı o zamanlar əsasən, Qafqaz dağlarında, çaylaqlarda, ağaclıqlarda olub. Dünya Arıçılıq Mərkəzi təsdiq edir ki, bu arılar dünyada məşhur, xortumu uzun, xəstəliyə davamlı arı növlərindən sayılır”. 

Arıçı xanım deyir ki, əslində Azərbaycanın arıçılıq qanununda xaricdən ana arı gətirməyin yasaq olduğu deyilir: 

“Ancaq necəsə gətirənlər olub və ona görə də bu gün Qafqaz arısının nəsli tükənmək üzrədir. İki arı növünü cütləşdirib tamamilə başqa bir növ alıblar. O arılar da gəlib bizdəki boz  Qafqaz arısının genini dəyişib. Biz ona arıçı dilində “mələz” deyirik. Arı mələzləşib, cırlaşırb”. 

“Nə yaxşı ki arılar var”

O bildirir ki, hazırda ailə təsərrüfatında həmin boz Qafqaz arısı var. Ötən ay bunu təsdiqləyən şəhadətnaməni də alıblar:  

“Buna görə Zaqatalada təcrid olunmuş bölgə, qoruq yaradacaqlar. Həmin ərazinin yaxınlığına başqa arıçılar girə bilməyəcək. Biz orada Qafqaz arısının damazlıq təsərrüfatını yaratmaq istəyirik. Deyilənə görə, ora iribuynuzlu heyvanlar da buraxılmayacaq”. 

Lalə arıları o qədər çox sevir ki, yaz aylarında həyətlərindəki akasiya ağacının altında oturub onların işləməsini dinləyir. Deyir, onların gərgin işlədikləri zaman çıxardıqları səsləri bəlkə də hamı duymur, ya da başqa səslər o səsi üstələyir. Amma onun diqqətini birinci arılar cəlb edir. Ən zəif vızıltını belə hiss edir:

“Bu gün onların sayəsində özümü çox güclü, əla hiss edirəm. Nə yaxşı ki arılar var və mən həyatımın müəyyən hissəsində onların möcüzəvi məhsulları ilə tanış olmuşam. Arı özü də çox ağıllı həşəratdır. Adam ondan çox şey öyrənir. Bir sözlə, insanı həyata bağlayırlar”.

Yazdı və çəkdi Gülər Mehdizadə

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Həyatını uşaqların küçədə qalmamasına həsr etmiş qadın

Azərbaycanda ilk uşaq sığınacağının yaranması tarixçəsi “Həssas qruplarla işləmək üçün ən vacib şərt peşəkarlıq, məsuliyyət və səbrli olmaqdır”, – söhbətə belə başlayır, Kəmalə Ağazadə. O, Azərbaycanda uşaq hüquqları müdafiəçisidir. Rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin (AUB) tabeliyində sığınacaq yaradıb. Təşkilat hər il zorakılıqla üzləşmiş, tərk edilmiş yüzlərlə uşağa hüquqi və psixoloji yardım edir. “Müvəffəqiyyətə gedən yol...

“Cəmiyyət qadınların daha azad olduğu zaman dəyişəcək” 

Özünü bir çox sahədə sınayıb, “nude” fotoqrafiyada tapan qadın “Femmekan”ın budəfəki qonağı fotoqraf Şərəf Nağıyevadır. O, zaman-zaman sevmədiyi işlərdə çalışıb, hətta universitetin ingilis dili müəllimliyi fakültəsinə qəbul olub, bitirsə də, bu sahədə özünü rahat hiss etməyib.  Deyir, uzun illərdən sonra fotoqrafiya ilə məşğul olmağa başlayıb. Son yeddi ildir “nude” fotolar çəkir. Deyir, özünü yaradıcı işdə...

“Qadın güclü olanda, kölə yox, qəhrəmana çevrilir”

Stilist, dizayner və xeyriyyəçi Vəfa İsazadənin hekayəsi “Qadının ayağı üzərində dayana bilməsi üçün iqtisadi azadlığı olmalıdır. Qadın güclü olanda stereotipləri qırmağı bacarır”, – söhbətə belə başlayır, Vəfa İsazadə.  O, stilist, dizayner kimi bir çox məşhurlarla çalışır. Kolleksiyaları bəzi xarici ölkələrdə də maraqla qarşılanıb. Vəfa həm də, xeyriyyəçi kimi tanınır. “Femmekan”ın budəfəki qonağı 2017-ci ildə yaradılan...

Həyatı animasiyalarla göstərən qadının hekayəsi 

Az inkişaf etmiş, çoxunun məlumatsız olduğu çətin yola işıq tutmaq Nəzrin Ağamalıyeva beş yaşından rəsm çəkir. İlk ali təhsilini Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, biznes idarəedilməsi sahəsində alıb, lakin ilk gündən bu sahəni sevə bilməyib.  Zamanla rəsmə olan marağı onu qrafik dizaynerlik, animasiya sahəsinə aparıb. Bu sahəni öyrənəndən sonra bir müddət “Azərbaycan Coca-Cola Bottlers LTD” şirkətində...

Fəlsəfəyə yeni baxış: ənənəvi dərs metodundan qaçış

Onlarla fəlsəfi kitabın müəllifi və tərcüməçisi Çinarə Məhəmmədi tanıyaq Fəlsəfədən dərs deyən, bu sahədə onlarla kitab yazan və tərcümə edən Çinarə Məhəmməd düşünür ki, müasir insanı köhnədənqalma dərs metodları, kitablarla təəccübləndirmək olmaz. Odur ki, o, tələbələrinə fəlsəfəni fərqli formada tədris edir. Həmçinin sahəsi ilə bağlı oxuduğu maraqlı kitabları azərbaycancaya tərcümə edir ki, bu sahədə dərs...

İdmandan tibbə, oradan xeyriyyəçiliyə, sonda turizmə açılan uzun yol 

Niderlandda turizm şirkəti açan Zərifə Quliyevanı tanıyaq  “Hər uğurlu işin arxasında zəhmət dayanır.  Çətini işə başlamaqdır” – belə deyir, Zərifə Quliyeva. O, Azərbaycan Tibb Universitetini bitirsə də, özünü müxtəlif sahələrdə sınayıb. Deməsinə görə, kiçik məbləğlə yaratdığı şirkətlər, həyata keçirdiyi layihələr məhz əziyyəti hesabına uğurlu alınıb. “Femmekan”ın budəfəki qonağı 5 ildir Niderlandda yaşayan, Amsterdamda “JASMİN” adlı...

Qızının yarımçıq qalan arzusunu reallaşdıran ana 

Onun adına yayın evi açıb, gələn gəliri isə leykemiyadan əziyyət çəkən uşaqların müalicəsinə verir Qızının yayın evi açmaqla bağlı xəyalını gerçəkləşdirən Məlahət Həsənova həmin müəssisəyə elə onun adını verib – “Nərmin” yayın evi.  Məlahət Həsənova kitablara bağlı, öz deyiminə görə, “kitabla nəfəs alan” qızı Nərminin vəfatından sonra yayın evi açmağa qərar verib. Çünki bu, qızının...

Mənim Yeni Tarix