Androsentrizm və ya kişi nəzərindən dünya

0

Gender stereotipləri günü-gündən dünyaya əks təsirlərini göstərir. Eyni zamanda, patriarxal cəmiyyət öz rollarını unutmadan qadınları ikinciləşdirməkdə davam edir. Bu situasiyaya elmi dildə “androsentrizm” deyilir. 

Feminizmdə əsas anlayışlardan biri olan bu sözə ədəbiyyatda tez-tez rast gəlmək olur. Onun təsvir etdiyi reallıq seksizmə zəmin olan anlayışlara bərabərdir. Cəmiyyətdə qadınları ikinciləşdirən, kişini isə mərkəzləşdirən şüuraltı fikirləri fəlsəfənin özü ilə də əlaqələndirmək olar. 

Androsentrizm nədir?

Education gender az saytı yazır ki, “Androsentrizm” dünyaya kişi nəzərindən baxmaqla yanaşı, həm də onların təsəvvürləri, həyat modellərinin universal sosial norma və həyat modelləri ilə bir tutulması deməkdir. Gender yanaşma nəzəriyyəçiləri və feministlər bu termindən həm də müxtəlif planlı, fərqli çəkili, dixotomik ayrılmış və iyerarxik strukturlaşmış sosial mühiti tənqid etmək üçün də istifadə edir. 

“Androsentrizm”in tarixçəsi çox maraqlıdır. Sosioloq Şarlot Perkins Qilman (Charlotte Perkins Gilman) bu termini kişilər tərəfindən yaradılan və həm individual, həm də ictimai işlərdə istifadə olunan sistemin qarşılığı olaraq görüb.

Şarlot Perkins Qilman kişilərin bütün insani fəaliyyətləri idarə etdiyini deyir. Bildirir ki, onlar bu işlərdə qadınları yalnız köməkçi kimi görür. Sosioloq bu düşüncəyə “androsentrik mədəniyyət” adını verib. Nəticədə “androsentrik” termini yaranıb. 

Psixoloq Sandra Bem (Sandra Bem) düşünür ki, “androsentrizm” cəmiyyətdə kişilərin bədənlərini, düşüncələrini və təcrübələrini diqqət mərkəzinə gətirir. O, 1993-cü ildə yazdığı “Genderin rakursları: Mübahisələri cinsi bərabərsizliyə dəyişdirmək (The Lenses of Gender: Transforming the Debate on Sexual Inequality)” kitabında belə qeyd edib. 

Feminist, filosof və yazıçı Simona de Bavuar (Simone de Beauvoir) isə kişini mərkəzə alan bu anlayışın kişilərə cins, qadınlara isə əlavə kimi baxdığını bildirir. 

“Androsentrizm”i müəyyənləşdirən bir çox məqam var. Hansı ki, doğulduğumuz gündən bu yana bizi bu anlayışın ən dərin qatlarına çəkir. Bir çox dillərdə “insanlıq” sözü kişilərin adına bağlıdır. Məsələn, “man – insan”, “mankind – insanlıq” nümunələrində olduğu kimi. Buna görədir ki, səhv anlaşılan yunan filosofu Protaqoras (Protagoras) “man is ‘the measure of all things’  – insan hər şeyin ölçü vahididir” – deyəndə, genderdən yox, reallıqlardan danışırdı. 

Ən nümunəvi varlıq?

Nyu-York Universitetinin fəlsəfə doktoru Epril Beylinin (April Bailey) yazdığı “Is Man the Measure of All Things? A Social Cognitive Account of Androcentrism – İnsan hər şeyin ölçü vahididirmi? “Androsentrizm”in ictimai fikir hesabatı” məqaləsində deyir ki, kişilərin cəmiyyətdə daha diqqətəlayiq yerə sahib olmasının səbəbini onların mediada hansı tezliklə təsvir edilməsindən tutmuş, kateqoriyalaşdırmaqla bağlı faktorlarda axtarmaq lazımdır. O, bunların hamısının kişilərin insanlıq üçün qadınlardan daha yaxşı nümunə kimi qəbul olunmasına səbəb olduğunu bildirir. 

Mediada “androsentrik” davranışların müşahidəsi

“Sex Roles” araşdırma jurnalının 68-ci nömrəsində çap olunan “Reklamlarda kişi və qadın səsləri: effektivliyin təhlili, məhsula uyğunluq, diqqət və geri dönüş (Male and Female Voices in Commercials: Analysis of Effectiveness, Adequacy for the Product, Attention and Recall)” adlı məqalədə radio reklamlarında kişi səslərinə üstünlük verildiyi qeyd edilir. 

Jurnal yazır ki, radio reklamlarında kişilərin səsi qadınlarla müqayisədə daha inandırıcı səslənir. Buna görə də reklamlarda daha çox kişi səsləri eşidilir. Bu da həqiqi reklam effektivliyindən çox müştəriyə ənənəvi metodla uyğunlaşdırılan gender stereotipidir. 

Jurnal yazır ki, kişi səsləri inandırıcı səsləndirilməklə yanaşı, həm də diqqətçəkəndir. Bu da müştərilərin xoşuna gəlir: 

“Araşdırmalar göstərir ki, məhsul reklamlarında müştəriləri cəlb edən əsas şey səs sahibinin cinsiyyəti və məhsulun növüdür. Baxmayaraq ki, bu  iki faktor müştərilərin geri dönüşləri, brendə qarşı yaranan diqqətləri qədər bir-birinə uyğun deyil. Radio reklamında kişi səsinin qadın səsi üzərində üstünlüyü, səslər və məhsul növləri arasında əlaqə, iddia edilən reklam effektivliyindən daha çox, ənənəvi üsullara əsaslanır”.

“Sex Roles” bildirir ki, həm kişilərin mediada təmsili, həm yüksək vəzifələrdə çalışması onları cəmiyyətə önəmli göstərir. Fikir yaradır ki, kişilər qadınlara nisbətən “güclü”dürlər. 

Daniel Perez Marinaya aid magistr tezisində maskulin şovinizmin real nümunələri diqqət çəkir. O, Aristotel (Aristotle) və Jan Jak Russo (Jean-Jacques Rousseau) yaradıcılığında kişilərə yönələn üstünlüyün olduğunu qeyd edən yazılarla qarşılaşdığını bildirir: 

“Aristotel üçün kişi qadından cəsur və ağıllıdır. Eyni zamanda, kişi bədəni qadın bədənindən daha yüksək inkişaf mərhələsini təcrübə edir. O, həmçinin, iddia edir ki, təbiətin yaradılışında istisnalar olmasına baxmayaraq, kişi dünyaya başçılıq etmək üçün gəlib”. 

Fransız inqilabını ruhlandıran fikir yaradıcılarından olan Russo üçün qadın anlayışı tamamilə fərqlidir: 

“Mücərrəd və spekulyativ həqiqətlər elmdəki prinsiplər və aksiomalar qadın anlayışından kənardır. Dahi şəxsiyyətin əsərləri ona (qadına) çatmır və dəqiq elmlərdə müvəffəqiyyət əldə edə bilməsi üçün dəqiqliyə, diqqətə sahib varlıq deyil (mənbə: “Emili” əsəri, 5-ci cild”).

Qadınların kişilərdən daha aşağı statusa layiq olduğuna və ya bir qızın həyatının bir oğlanınkından daha az dəyərə sahib olduğuna dair şovinist kişi inamı selektiv abort fenomenini də izah edir. Cəmiyyətlərdə oğlanların ehtiyacları, sağlamlığı, qidalanması və təhsilinin qızın ehtiyaclarından önəmli və vacib olduğu da buna sübutdur. 

Ancaq qadınların kişilərdən üstün olduğunu qeyd edən əsərlər də var. Bu məqamda kişi və qadın şovinizmi üst-üstə düşür. Maud Eduards izah edir ki, Russoya əsasən, kişi zəkası qadından üstün olsa da, qadınlar hiss etmək, qayğı göstərmək baxımından kişilərdən uğurludur (mənbə: “Siyasi nəzəriyyə və patriarxal düşüncə (Politisk teori och patriarkalt tänkande)” kitabı). 

Filosof Ceneviv Lloyd (Genevieve Lloyd) isə bildirir ki, Kanta görə, kainatın mənimsənilməsi yolunda qadında olmayan şeylər onun dad, həssaslıq, praktik bacarıqlar və hiss kimi digər zehni xüsusiyyətlərə sahib olmağı ilə kompensasiya olunur (mənbə: “Ağlın adamı: Qərb Fəlsəfəsində kişi və qadın (The Man of Reason: ‘Male’ and ‘Female’ in Western Philosophy)” kitabı).

“Androsentrizm” tənqidə açıqdırmı?

Sosial bərabərsizliyin maddi təsirlərindən əziyyət çəkən qadınlara dəstək kimi “androsentrizm”in çox sayda illüziya yaradan inanc və qavrayış kolleksiyası olduğunu demək olar. 

Lipsitz (Sandra Ruth Lipsitz Bem) insan ömrünü süni şəkildə kişilər və qadın aləmi olmaqla 2 yerə bölməyin bəzi mənfi təsirlərini təsvir edir:

  • Bütün kişi və qadınlar eyni deyil. Stereotipləri daha bərk qəliblərə yığmağa ehtiyac yoxdur. Heç bir fərd, cinsinə uyğun tərtib olunmuş ssenari üzərindən yaşamaq məcburiyyətində deyil, çünki cinslərin homogenləşməsi baş verir, insanlar cinsi maneələri aşırlar.
  • “Androsentrizm” feminin və maskulin olmaqla insanları səciyyələndirməyə fokuslanır, iki dünya arasında fərqlilik yaradır. Məsələn, bu anlayış kişilərin müstəqilliyi ilə qadınların bir-biri ilə əlaqəsini, kişilərin məntiq üzərində qurulmuş qərarları ilə qadınların emosional düşüncələrini qarşı-qarşıya qoyur. “Androsentrizm” insanların müstəqil, yaxud qarşılıqlı əlaqəli, rasional, yaxud emosional ola biləcəkləri reallıqlarının üstünü örtür.
  • Bioloji kişi və bioloji qadın konsepsiyaları üzərində yeni növ “həqiqi kişi” və “həqiqi qadın” anlayışlarının yaranmasına səbəb olur. “Androsentrizm” insanları öz kişilikləri, yaxud qadınlıqlarını itirməmək üçün əllərindən gələni etməli olduqları varlıqlar olduqlarına inandırır. Bu elə bir varlıqdır ki, onlar gücünü görməzdən gələ bilməz. Onun üçün daim çalışmalı və zəhmət çəkməlidirlər.

Feminizmin zəminlərindən biri olan “androsentrizm”ə yanaşmalar müxtəlif ola bilər. “Kişi dünyanın mərkəzidirmi?” – sualı üzərində baş sındırmağa dəyər. Çünki maskulin və feminin şovinizmi dünyanı yaşamaq üçün çətin hala gətirir. Ümid edilir ki, “androsentrizm” illər keçdikcə yavaş-yavaş unudulacaq. 

Mənbələr:

Education.gender.az

Sandra Bem – Genderin rakursları: Mübahisələrin gender bərabərsizliyinə dəyişdirmək (The Lenses of Gender: Transforming the Debate on Sexual Inequality)

Epril Beili – Is Man the Measure of All Things? A Social Cognitive Account of Androcentrism (İnsan hər şeyin ölçü vahididirmi? Androsentrizmin ictimai fikir hesabatı)

Jan Jak Russo – Emili (5-ci cild)

Maud Eduards – Siyasi nəzəriyyə və patriarxal düşüncə (Politisk teori och patriarkalt tänkande)

Ceneviv Lloyd – Ağlın adamı: Qərb Fəlsəfəsində kişi və qadın (The Man of Reason: ‘Male’ and ‘Female’ in Western Philosophy)

Hazırladı Pəri Abbaslı

Mənim Yeni Tarix