Analıq: Uşaq dünyaya gətirmək, yoxsa onu hiss etməkdir?

0

Övladlığa uşaq götürən analar danışır

“Qoy bir övladın olsun”, “bəs kimin üçün yaşayırsan..?” Uşaq sahibi deyilsənsə, yaşamağının bir önəmi yoxdur sanki… Ən azı Azərbaycan cəmiyyətində belədir.

Sənin necə ana olacağın, uşağı hansı formada yetişdirəcəyin heç kimə maraqlı deyil. Əsas dünyaya uşaq gətirməkdir.

Bir çox hallarda sevgi də önəm daşımır, uşaq olmursa, nikah pozulur. “Planetdə minlərlə atılmış uşaq varkən, dünyaya uşaq gətirmək eqoistlikdir”, – bir filmdə deyilirdi…  

Cəmiyyətin sorğulamadığı nüanslardan biri də dünyaya uşaq gətirməyin, yaxud valideyn olmağın məsuliyyətidir. Ana olmaq mütləq şəkildə dünyaya uşaq gətirməkmi, yoxsa cəmiyyətə faydalı, sağlam düşüncəli şəxsiyyət böyütmək bacarığıdırmı?

Başladıq…

Sona 38 yaşında ana olub. Deməsinə görə, bioloji ana ola bilməsə də, önəmli olan bir uşağı həyata qazandırmaqdır. Həmişə qızı olmasını arzulayıb. 

Övladlığa uşaq götürmək qərarına gələndə həyatının çətin dönəmi başlayıb. Proses asan keçməyib. 2013-cü ildə əvvəlcə qeydiyyatda olduğu rayonun icra hakimiyyətindəki qəyyumluq komissiyasına müraciət edib. Bundan sonra sənədləri Səhiyyə Nazirliyinə göndərilib. Nazirliyin nəzdindəki qəyyumluq işləri üzrə komissiya (3 yaşına kimi uşaqlar onların balansında idi) isə 2 il müddətində prosesi ləngidərək problemə çevirib.

“Axırda keçmiş həyat yoldaşım nazirliyə, Prezident Administrasiyasına şikayət məktubları yazdı. Bundan sonra bizim iş tezləşdi. İki il sonra növbəyə alındıq”.

Uşağı götürəndən sonrakı proseslər

Sona uzun keçən proseslərdən, stressdən sonra 2015-ci ildə kiçik bir qızı övladlığa götürə bilib. Deyir ki, stress təkcə prosesə hazırlıqla bitməyib. Cəmiyyətin, ətrafdakı insanların heç də xoş olmayan münasibətlərinə tab gətirmək də ayrı dərdə çevrilib:

“Sevincimi bacımla bölüşəndə “biz öz doğduqlarımızdan nə xeyir gördük ki, sən nə görəsən?” reaksiyasını verdi. Sevincim üzümdə dondu. Uşağı evə gətirəndə keçmiş baldızım “ümid edirəm tezliklə özünüzünkü də olar”, – dedi. Heç nə asan başa gəlmirdi”.

“Analıq hissi sonradan qazanılmır”

Sona düşünür ki, analıq hissi sonradan qazanılmır. İnsanlar yaradılışdan bu hisslərə sahib olurlar. Ətrafdakıların yanlış fikirlərinə gəlincə, Sona belələri ilə münasibətlərinə sərhəd qoymağa məcbur qalıb:

“Hazırda 6 yaşı var. Atası ilə yollarımız ayrılıb, ancaq o, uşaq mövzusunda hər zaman məni dəstəkləyir. Çox yaxşı atadır. Qızının qayğısına qalır, onunla hər gün əlaqə saxlayır”.

Ana olmaq həyatında nəyi dəyişib?

Budur, balaca qızın məktəbinin önündəyik. Dərsinin bitməsinə azca qalıb. Elə ki, zəng çalınır, gözəl gözlü bir qız Sonaya doğru qaçır. Sonra da dayanmadan bu gün məktəbdə nələr baş verdiyindən danışır. Sona əlavə edir:

“Qızım hiperaktivdir. Həm də çox şəndir. Ən çətin anda belə gülməyə səbəb tapır. Elə məni də güldürür”.

Bioloji analar uşağı 9 ay, Sona isə ən azı 2 il gözləmişdi. Ana olmasının həyatında nəyi dəyişdiyini sual edirik. Sona əslində xüsusi nəsə dəyişmədiyini vurğulayır. Deməsinə görə, özünü anlayandan “analıq” vəzifəsi onunla formalaşıb:

“Bacıma uşaqlara baxmaqda kömək etmişəm. Qızıma gəlincə, ilk dəfə onu görəndə beş aylıq idi. O gözəl, iri gözləri ilə üzümə baxırdı. O an içimdən ona qarşı sevgi axışını hiss etdim. Mənimki idi, o, mənim qızım idi, hiss etmişdim”.

“Bəzən cəmiyyət insanları istəmədikləri işi görməyə məcbur edir”

Sona qadın, ana olmaq mövzusunu cəmiyyətin dramatikləşdirdiyi stereotip olduğunu düşünür. Deyir, heç də bütün qadınlarda ana olmaq hissi yaranmır və hamıya potensial ana kimi yanaşmaq doğru deyil:

“Məsələn, qızımı evə gətirmədən öncə həkim qəbuluna getmişdik. Orada bizdən başqa bir cütlük də var idi. Kişi çox sevincli görünürdü, hiss olunurdu ki, atalıq hissləri çoxdan baş qaldırıb. Amma qadın “başqasının uşağı mənim nəyimə lazımdır”, – deyirdi. Hiss olunurdu ki, bu addımı sadəcə evliliyini qorumaq üçün atıb. Əvvəlcə ona hirsləndim, sonra anladım. Kimsə ondan ana olub-olmamaqla bağlı fikrini, istəyini soruşmamışdı. Cəmiyyət onu ərinin xatirinə övladlığa uşaq götürməyə vadar etmişdi”.

“Anam olarsan, məni evinizə apararsan?”

10 il öncə uşaq evini ziyarət etmək Turanın həyatını kökündən dəyişib. 5-6 yaşlarındakı balaca qız onu qucaqlayıb və “mənim anam olarsan, məni evinizə apararsan?” – deyə, soruşub. Ardını özündən dinləyək:

“Bu hadisə mənə o qədər pis təsir etmişdi ki, ağlamışdım. O uşaqdan necə ayrılıb evə gəldiyimi bilmirəm. Həmin vaxtdan düşünməyə başladım. Bu qədər tərk edilmiş uşaq ola-ola insanlar niyə dünyaya uşaq gətirir?! Həmin uşaqlara isti ev, ailə vermək olmazmı?”

Övladlığa uşaq götürmək yolu

33 yaşlı Turan Bakıda yaşayır, mühasib işləyir. Deməsinə görə, həmin balaca qızla bir də heç vaxt qarşılaşmayıb. Ancaq övladlığa uşaq götürmək fikri də onu tərk etməyib. Bu zaman ərzində ətrafındakılardan prosesin çətin olacağı, illərlə növbə gözləmək məcburiyyətində qalacağı fikirlərini də çox eşidib. Bir də “evli deyilsənsə, uşaq götürə bilməzsən”, – deyənlər də olub. Arada tərəddüd edib, lakin sonra işin hüquqi tərəfini araşdırmağa başlayıb.

“Övladlığa uşaq götürmə qaydaları ilə tanış olduqdan sonra valideyn namizədi kimi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə (DOST) müraciət etdim. Qanun deyir ki, 30 yaşdan yuxarı tək vətəndaş imkanları uyğun gəlirsə uşaq sahibi ola bilər. Müraciətimdən sonra Sosial Xidmətlər Agentliyindən ailə şəraitim, maddi imkanımla maraqlanıb, mənimlə söhbət etdilər. Hər şey qaydasında idi” – deyə, Turan bildirir.

“Doğum etsəydim, cinsiyyətini seçə biləcəkdimmi?”

Turanın arzusu 2-4 yaşlı qızın anası olmaq olsa da, ona bu yaş kriteriyasına uyğun yalnız oğlan uşağı təklif edə biləcəklərini deyiblər. O, bu təklifi tərəddüdsüz qəbul edib. Düşünüb ki, doğum etsəydi bunu seçmək imkanı olmayacaqdı. Onun üçün əsas olan da analıq statusu qazanmaq yox, ailəsiz bir uşağa sevgi bəxş etmək olub. 

Başlanğıcda mənəvi stress keçirsə də, yaxınlarının, anasının köməyi ilə Turan çətinlikləri aşa bilib. Deyir, başlarda adaptasiya asan olmayıb:

“Uşaq bəzən isterikaya düşürdü. Məsələn, mağazada istədiyi şeyi almayanda çox ağlayıb, qışqırırdı. Bəzən qucaqdan düşmək istəmirdi. Bunları görməmək üçün vanna otağına çəkildiyim zamanlar olub”.

“Həyatımdakı hər şeyi oğluma uyğunlaşdırmışam”

Bundan sonra Turan xarici saytlardan övladlığa uşaq götürən insanların hekayələrini oxuyub. Görüb ki, ilk başlarda onlarda da adaptasiya mərhələsi çətin keçib. Yaşadıqlarının normal olduğunu anlayıb:

“Bundan sonra daha səbrli oldum və zaman keçdikcə uşaq dəyişdi. İndi bütün uşaqlar kimi ünsiyyətdə rahatdır, sakitdir. Sadəcə mənim həyatım kökündən dəyişib. Hər addımımı məsuliyyətlə atıram. Həyatımdakı hər şeyi oğluma uyğunlaşdırmışam”.

“Mənə bax, anaya bax…”

Övladlığa uşaq götürmənin şərtlərinə görə, Turan hazırda sınaq mərhələsindədir. Məhkəmənin qərarı müsbət olarsa, hüquqi cəhətdən tam valideynlik statusuna sahib olacaq.

“Mənə bax, anaya bax… Bu uşaq nə desən inada onun tərsini edir”, – Turan oğlu ilə şəkil çəkdirərkən deyir və gülümsəyir. Uşaq da ona baxıb gülür, xoşbəxt görünür.

“Bioloji ana olsaydım…”

Turan düşünür ki, analıq dünyaya uşaq gətirmək yox, cəmiyyət üçün faydalı insan yetişdirməkdir:

“Onunla yaşadıqca, ona öyrəşdikcə, dilindən “ana” kəliməsini duyduqca analıq hissin baş qaldırmaya bilməz. Amma heç vaxt sözlə etiraf etmədiyim bir sual məni düşündürür. Etdiklərim analıq hissindən qaynaqlanır, yoxsa mən bir uşağa sağlam böyüməsi üçün yardım edirəm?” – deyə, Turan əlavə edir:

“Uşağa çox bağlanmışam. Onun üçün canımı da verərəm. Maraqlıdır, bioloji analar övladlarına qarşı bundan artıq nə hiss edir? Onu mən dünyaya gətirsəydim, fərqi nə olardı?”

Qanunla övladlığa uşaq götürməyin qaydaları

Azərbaycan qanunlarına görə, övladlığa uşaq götürmə qaydaları Ailə Məcəlləsi ilə tənzimlənir. Evli valideyn namizədlərinin minimum yaş həddi 25, subay şəxslər üçünsə 30 müəyyən edilib. Namizədlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST Agentliyinə müraciət etməklə övladlığa götürmə ilə bağlı xidmətlərdən istifadə edə bilərlər (ətraflı –  https://e-sosial.az/ ).

Proses namizədin uçotu, müsahibə, ev şəratinin yoxlanılması, təlim, uyğunlaşdırma, uşaqla müəssisədə görüş, uşağın valideyn-namizədin evində sınaq məqsədilə müvəqqəti yerləşdirilməsi və sonda məhkəmə  qərarı ilə valideynlik hüququnun tanınması mərhələsindən ibarətdir.

Söhbətləşdi və çəkdi Gülər Abbasova

Təkbaşına səyahət edən qadın: nələrə fikir verməli? 

“Əfşan”ın yazarı İradə Qədirova təcrübəsini bölüşür “Arzusu olan, nə etmək istədiyini bilən qadın yolu sonunadək getməlidir. Həmin çətin yollardan tanıdığım, tapdığım bir İradə var”.   Səyyah İradə Qədirovanın sözləridir. Tək səyahət edən səyyah yollarda gördükləri barəsində iki – “Əfşan” və “Eşqin izi ilə – Səfərnamə” – kitablarını yazıb.  “Femmekan”la təkbaşına səyahət, gəzdiyi ölkələrdə başına gələnlər...

Sadəcə məlumat verməklə cinsiyyəti və adı dəyişmək mümkün olacaq

Yeni qanun Almaniyada qəbul edilib Almaniya Bundestaqı gender kimliyinin təsdiqlənməsi ilə bağlı yeni qanun qəbul edib.  Qanun insanların qeydiyyatda olduqları cinsiyyətlərini dəyişdirmələrini asanlaşdıracaq.  Bundan sonra Almaniyada gender kimliyini dəyişmək istəyən insanlar bunu açıq bəyan etməklə cinsiyyətini və adını dəyişmək hüququna malik olacaq.  Qanun sonuncu oxunuşdan keçərək, təsdiqlənib.  Buna qədər insanlar yalnız iki psixiatr tərəfindən müayinə...

Qadınları hədəf alan siyasi mübarizə

Azərbaycanda qisas məqsədilə şəxsi həyatın ictimailəşdirilməsi Son illər Azərbaycanda siyasətçiləri cəmiyyətin gözündən salmağın məşhur yolu şəxsi həyatının ictimailəşdirilməsidir. Nəticədə, hakimiyyətlə müxalifət arasındakı çəkişmələrdə bəzən qadınlar təhdid vasitəsi olur, bəzənsə birbaşa təhdidlə üzləşirlər.  Məsələn, “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahid və direktoru Azər Əhmədovun şəxsi həyatlarındakı qadınlarla “şantaj” edildikləri bildirilir. 2021-ci ildə siyasi mövqeyinə görə qızının intim...

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

Cəmiyyətdə zorakılığın normallaşdırılması necə baş verir?

“Tək əl qaldırmaq yox, səsini ucaltmaq, aqressiv davranış da zorakılıqdır” Maddi imkanların qısıtlanması, iş imkanlarının əldən alınması da zorakılıqdır, insana heç bir işə yaramadığını demək də, ona əl qaldırmaq da…  Fiziki, psixoloji, iqtisadi zorakılıq – biri digərindən daha az zərərli deyil. Lakin Azərbaycan cəmiyyətində zorakılıq deyəndə, ağla əl qaldırmaq, döymək gəlir. Digərləri zorakılıq hesab edilmir...

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik. 8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli...

Seçdiyin, yoxsa sənə yaraşdırılan peşə? 

Zirvələri fəth edən qadının hekayəsi  Azərbaycan cəmiyyətində insanlara cinsindən asılı olaraq peşə yaraşdırmaq adi haldır. Məsələn, mühəndis, arxitektor, sürücü, pilot, alpinist kimi peşələr kişilərə, həkim, müəllim, tibb bacısı kimi peşələr isə qadınlara uyğun görülür. “Qız uşağısan”, “sən kişisən”, – ifadələrilə başlanan cümlələrin sonu şəxsi həyata, arzulara, istəklərə müdaxilə ilə bitir.  Götürək alpinizmi – Azərbaycanda qadınların...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Mənim Yeni Tarix