Ana olmaq İstəməyənlər: Qorxu, travma, basqı və qayğılar

0

“İnsanlar daim nələrəsə məcbur edilir, lakin bu, ona “özü istəyir” kimi sırınır”

Kimi uşaq dünyaya gətirməyi məsuliyyət, kimi də cəmiyyət üçün vacib addım hesab edir. 

Azərbaycan kimi toplumlarda “uşaq istəmirəm” demək birmənalı qarşılanmır. Hamı məsləhət verir, səni fikrindən daşındırmağa çalışır. İnsanlar qarşısındakını israrla gəldiyi nəticənin doğru olmadığına inandırmaq istəyir. Ən əsası, bunu övladından razı olan insanlarla yanaşı, razı olmayanlar da edir. Məsələn, qocalıq pensiyası ilə oğlunun, yaxud qızının gündəlik ehtiyaclarını qarşılayan, buna görə daim gileylənən insanlar da məsləhətlərində “qoy bir uşağın olsun”, – deyir.

Jhanel

“Ciddi məsuliyyəti yarımçıq qarşılamaqdan qorxuram”

23 yaşlı Aydan (ad şərtidir) dünyaya uşaq gətirməyi məsuliyyətli qərar sayır. Deyir, əgər uşağın böyüdülməsi üçün lazımi mental və fiziki şərait yoxdursa, yaxud yetərli deyilsə, o, sağlam mental və emosional dəstəyin nə olduğunu bilmədən böyüyür. Beləliklə, gələcəkdə mental problemlərlə üzləşir.

Aydan konservativ ailədə böyüməyib. Lakin ailəsinin müasir olduğunu da düşünmür. Deməsinə görə, ona Depressiya, Diqqət Defisiti və Hiperaktivlik Sindromu (DDHS) diaqnozu qoyulub. Buna görə də valideyn məsuliyyətlərini daim yüksək səviyyədə yerinə yetirə bilməyəcəyini düşünür: 

“Bunlar qismən, yaxud tam həll ola bilər. Əslində, bu problemlər dünyaya uşaq gətirməyə mane deyil. Sadəcə mən ciddi məsuliyyəti yarımçıq qarşılamaqdan qorxuram. Ona görə də uşaq sahibi olmaq istəmirəm. Həm də düşünürəm ki, mental problemlər anadan uşağa keçə bilir. Mən uşağın çətinlikləri təcrübə edərək böyüməsini istəmərəm” – deyə, o vurğulayır.

“Bizdə yaxşı valideyn uşağın fiziki və maddi ehtiyaclarını ödəyəndir”

Aydanın fikrincə, ailədə mütləq emosional stabillik olmalıdır, lakin Azərbaycandakı əksər ailələrdə bunu görə bilmir: 

“Bizdə yaxşı valideyn uşağın fiziki və maddi ehtiyaclarını ödəyəndir. Mənsə həm də onun mənəvi ehtiyaclarının qarşılanmasının vacib olduğunu düşünürəm. 

Uşaq xoşbəxtdirmi? – sualını səsləndirəndə “betər ailələr var” deyirlər. “Elə ailələr var ki, heç uşağın fiziki ehtiyaclarını belə ödəyə bilmir”, – əlavə edirlər. Məncə, bu, təsəlli olmamalıdır”. 

Aydan deyir ki, valideyn emosiyalarını cilovlamağı bacarmalıdır. Əks halda, uşağa lazım olan qayğı, səbir, anlayışı göstərə bilməz:

“Bəzən qızlarla bu barədə danışırıq. Çoxu ana olmağa dörd gözlə hazırlaşır. Mənsə onların dediklərindən daha çox təşviş və qeyri-əminlik duyuram”.

Uşaq gey olsa…

Aydanın ana olmaq istəməmək qərarında cəmiyyətin də rolu var. Ona görə cəmiyyətin hazırki mental strukturu problemlidir. “Məsələn, uşaq gey olsa, cəmiyyətin basqısı onu intihara sürükləyə bilər”, – Aydan düşünür: 

“Gərək onu kloun kimi yetişdirəsən ki, hamıdan biri olsun. Yalnız o zaman onun üçün bu cəmiyyətdə yaşamaq asan olacaq. Yox, uşağa icazə versən ki, özünü tapsın, istədiyi şəxs olsun, istədiyi kimi geyinsin, davransın, o zaman diskriminasiyaya məruz qalacaq. Düşünürəm ki, onu valideyn kimi dəstəkləsəm də, bu, onu qorumağa kifayət etməyəcək”.

Aydan bütün bu problemləri heçə sayıb uşaq dünyaya gətirənləri anlaya bilmir. Deyir, bəzən özünü yatmışlar arasındakı oyaq kimi hiss edir. Bunları deyərək insanları alçaltmaq da istəmir. Sadəcə gördükləri ona qəribə gəlir:

“Necə bu qədər rahatlıqla, sevinclə, şarla, mahnı ilə uşaq dünyaya gətirirlər?”

“İnsanlar daim nələrəsə məcbur edilir”

Yaşıl dəyərlər, feminizm və LGBTQİ+ mövzuları ilə maraqlanan, qeyri-binar Lalə (ad şərtidir) isə dünyaya uşaq gətirməyi etik saymır. Deyir, dünyaya gəlməyi özü seçməyib. Düşünür ki, bu gün yaşadığı mental, fiziki və yaxud da hər hansı zorakılıqda valideynlərinin rolu var: 

“Məncə, insanlar mütəmadi şəkildə nəyəsə məcbur edilir. O məcburiyyətdən etdiyin nələrisə özün seçirmiş kimi görünsən də, əslində, belə deyil. İnsanlar cəmiyyətin onlara sırıdıqlarını seçməyə məcbur qoyulur. Qazanan isə kapitalist sistem olur: “Daha çox insan, daha çox istifadəçi deməkdir” – deyə, izah edir”.

Lalə dünyaya yeni gələn hər bir insanı növbəti karbon emissiyası kimi görür. “Onlar görünən və görünməyən bir çox tullantılara da səbəb olurlar”, – deyir:

“Mental sağlamlıqla, ətraf-mühitin təmizliyi ilə, həmçinin, siyasi mövzularla maraqlanıram. Bunların fonunda kapitalizmin iyrənc sistem olduğunu yaxşı bilirəm. Məncə, növbəti insanı bütün bunlara məruz qoymamaq mənim öhdəliyim, məsuliyyətimdədir”.

“Aşa bilmədiyimiz travmalardan uşaqlarımız, ətrafımız əziyyət çəkir”

Lalə mental sağlamlığa önəm verir. Travmanın nəsildən-nəslə ötürüldüyünü düşünür:

“Aşa bilmədiyimiz travmalardan mütləq şəkildə uşaqlarımız, ətrafımızdakı digər insanlar əziyyət çəkir. Heyvan sahiblənirsən, yeməyini suyunu verir, veterinara aparırsan, özü böyüyür. Uşaq isə belə deyil. Onun ehtiyacları var. Məsələn, onunla söhbət aparmalısan, ehtiyacları barədə məlumatlı olmalısan, dəstəkləməlisən və s. Eyni zamanda, fikir verməlisən, bəlkə həddindən çox yanındasan? Bu da lazım deyil”, – Lalə əlavə edir.

Dünyaya uşaq gətirən fərqində olmalıdır:

Lalənin fikrincə, dünyaya uşaq gətirən fərqində olmalıdır: onun ehtiyaclarını qarşılaya biləcəkmi? 

“Valideyn övladının yaşaya biləcəyi bütün yaxşı və pis şeylərə görə məsuliyyət daşıyır. Gender ayrı-seçkiliyinin, valideynlərin monarxiyasının bizim üstümüzdə təsirini, patriarxın daşıyıcıların üzərinə yüklənən məsuliyyətin aradan qaldırılması üçün təbii doğuş üsulu ləğv olunmalı, doğum texnologiyaya keçid etməlidir. Həmçinin, uşaqların məsuliyyəti valideynlərdən alınmalıdır, çünki uşaq fərddir və dövlətin vətəndaşıdır, valideynin sərmayəsi deyil”.

Lalə üçün valideynlik instinkti icmanın daxilində mövcuddur: “Biz LGBTQİ+ vətəndaşlar olaraq bir-birimizin yanında olmağa, bir-birimizə valideynlik etməyə və övladı olmağa ehtiyacımız var”.

Övlad sahibi olmaq istəməsə belə, o, uşaq evlərindəki vəziyyətin yaxşılaşması üçün ianə etməyə, yetərli qanunların, maliyyənin qoyulması üçün çalışa biləcəyinə hazır olduğunu qeyd edir.

“Mənim kimi travma almaqdansa, olmasa, daha yaxşıdır”

Ordubaddan olan 23 yaşlı Mirvari Balabəyli də uşaq sahibi olmağın məsuliyyətli qərar olduğunu düşünür. Deyir, birdən başına nəsə gəlsə, ona nə cavab verəcək? Necə deyəcək ki, bağışla, səni qoruya bilmədim? 

“Əgər uşağının təhlükəsizlikdə olmasını istəyirsənsə, gərək onu hamıdan gizlədəsən. Bu da mümkün deyil, sən həmişə onun yanında ola bilməzsən”, – o deyir. 

Atasının ailəni tərk etməsi də Mirvarinin qərarına təsir edib: “Düşünürdüm ki, həmişə atam yanımda olacaq, amma elə olmadı”, – deyir. 

Mirvari gələcək övladının özü kimi travma yaşamasını istəmir: “Deyə bilərlər ki, bu, sənin seçəcəyin insandan asılıdır. Yenə də bu, heç nədən sığortalamır. İnsanları tanımaq mümkün deyil”.

“Özümü ana kimi təsəvvür edə bilmirəm”

Əslən Şamaxıdan olan 22 yaşlı Sevanə Süleymanlı üçün ideal valideyn uşağın qərarlarına qarışmayandır. Özü illərlə bundan əziyyət çəkib. Deməsinə görə, ailəsi onu  həm fiziki, həm də psixoloji şiddətə məruz qoyub. Bütün bunların nəticəsidir ki, Sevanə bu gün özünü ana kimi təsəvvür edə bilmir: 

“Düzdür, uşaqları çox sevirəm. Lakin başqasının uşaqlarını”, -deyib, gülür. Sözünə əlavə edərək bildirir ki, uşaq varsa, gərək ömrünün sonuna kimi onu düşünəsən: 

“Belə olan halda da özünün sosial həyatın olmur”.

“Artıq istədiyim kimi yaşamağın zamanıdır”

Deməsinə görə, valideynləri bu gün də onun həyatına müdaxilə edir.  Dünyaya uşaq gətirməyi istəməkləri müdaxilədən sadəcə biridir. 

“Artıq  fikrimi açıq deyirəm – uşaq istəmirəm. Mənim bədənim, mənim qərarlarımdır. 20 il özümə eqoistlik etmişəm, artıq istədiyim kimi yaşamağın zamanıdır”.

“Bəzən qızlar anası kimi olmaqdan qorxurlar”

Psixoloq Vəfa Əkbər deyir ki, insan analığı öz valideynindən öyrənir. Qayğı, sevgi, nəvaziş, diqqət dolu anamız olursa, prototipi və ana obrazını o cür görürük. Yox, anamız diktə edən, əsəbi, gərgindirsə, bizim üçün ana prototipi o cür olur. 

Psixoloqa görə, ailədə basqı, anlayışsızlıq varsa, ana istismar olunub, əziyyət çəkirsə, böyütdüyü qızlar analıqdan qorxur: 

“Əslində, anası kimi olmaqdan qorxurlar. Beyinlərində bir qorxu mərkəzi yaranır: anam evləndikdən və ana olduqdan sonra bu vəziyyətə düşüb. Nəticədə, həmin qızlar özlərini qorumaq üçün analıq obrazından qaçmaq, qurtulmaq istəyirlər”.

Vəfa Əkbərin fikrincə, uşaq istəməyən şəxslər 2 cür ola bilir. Həmin insanlar ya çox travmatikdir, ya da çox düşünmüş, özünü dərk etmiş biriləridir:

“Travmatik uşaqlar daim valideynlərin konfliktinə şahid olublar. Buna görə də ailə qurmaq məfhumunu özləri üçün mənfi bir şey kimi görürlər”.

Yazdı Ayan Şamçı

Qadınları hədəf alan siyasi mübarizə

Azərbaycanda qisas məqsədilə şəxsi həyatın ictimailəşdirilməsi Son illər Azərbaycanda siyasətçiləri cəmiyyətin gözündən salmağın məşhur yolu şəxsi həyatının ictimailəşdirilməsidir. Nəticədə, hakimiyyətlə müxalifət arasındakı çəkişmələrdə bəzən qadınlar təhdid vasitəsi olur, bəzənsə birbaşa təhdidlə üzləşirlər.  Məsələn, “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahid və direktoru Azər Əhmədovun şəxsi həyatlarındakı qadınlarla “şantaj” edildikləri bildirilir. 2021-ci ildə siyasi mövqeyinə görə qızının intim...

Kişilər müdafiədə: “Bütün kişilər elə deyil”

Reaksiyaların səbəbləri və dilemmalar Dünyadakı hər üç qadından biri həyatında azı bir dəfə kişilərin fiziki və ya cinsi zorakılığına məruz qalır. Burada söhbət dünyadakı qadınların yarıdan çoxundan, 736 milyon nəfərdən gedir. “UN Women” statistikasının nəticəsi belə göstərir. Gəlin, zorakılığın ictimailəşdirilməsinə diqqət edək. Azərbaycanda zorakılıqla bağlı məsələlər ictimailəşəndə, buna reaksiya verən hər iki insandan birinin sözü...

Cəmiyyətdə zorakılığın normallaşdırılması necə baş verir?

“Tək əl qaldırmaq yox, səsini ucaltmaq, aqressiv davranış da zorakılıqdır” Maddi imkanların qısıtlanması, iş imkanlarının əldən alınması da zorakılıqdır, insana heç bir işə yaramadığını demək də, ona əl qaldırmaq da…  Fiziki, psixoloji, iqtisadi zorakılıq – biri digərindən daha az zərərli deyil. Lakin Azərbaycan cəmiyyətində zorakılıq deyəndə, ağla əl qaldırmaq, döymək gəlir. Digərləri zorakılıq hesab edilmir...

Səyahət və küçə musiqiçiliyində özünü yenidən kəşf etmək

“Bir qadın tək qalıb, düşünəndə, bacarmayacağı iş olmur” Həm səyahət edib, həm də getdiyi ölkələrin küçələrində skripka ifa etmək Sevinc Yusifovaya zövq verir. Doğrudur, onun küçədə, kafe və restoranlardakı ifasını ailəsi dəstəkləməyib, lakin uzun mübarizədən sonra Sevinc işinə anlayışla yanaşmalarına nail ola bilib. İnanır ki, mümkünsüz heç nə yoxdur, yetərincə istəməmək var. Azərbaycanın küçələrində musiqiçilərə...

FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab

“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Keçən ay feministlərin problemlərindən danışdıq, amma martda qadınların bir gözü gülərkən, bir gözündən yaşlar axdığı faktorunu aktual saxlamaq istədik. 8 Mart bayramı arxada qalsa da bu bayram fonunda işçilərin tətili, bərqərar olmamış qadın haqları və buna bənzər bir çox məsələlər fikrimizi qarışdırmaqda davam edir. Bunların fonunda diqqət etməli...

Seçdiyin, yoxsa sənə yaraşdırılan peşə? 

Zirvələri fəth edən qadının hekayəsi  Azərbaycan cəmiyyətində insanlara cinsindən asılı olaraq peşə yaraşdırmaq adi haldır. Məsələn, mühəndis, arxitektor, sürücü, pilot, alpinist kimi peşələr kişilərə, həkim, müəllim, tibb bacısı kimi peşələr isə qadınlara uyğun görülür. “Qız uşağısan”, “sən kişisən”, – ifadələrilə başlanan cümlələrin sonu şəxsi həyata, arzulara, istəklərə müdaxilə ilə bitir.  Götürək alpinizmi – Azərbaycanda qadınların...

Yaratdığı brendlə xarici bazara çıxmış azərbaycanlı qadın

“İstəyirəm əlimdə imkanım olsun, təhsilə, işə əli çatmayan qadınlara kömək edim” Şəfiqə Bağırova hələ 10 il öncə, 21 yaşı olanda öz brendini yaradıb. O, “BAGHİRİ” brend adı altında bəzək əşyaları, aksessuarlar istehsal edib, bazara çıxarır.  Şəfiqə Bağırova Bakı Dövlət Universitetində (BDU) Ekologiya ixtisası üzrə təhsil alıb. Lakin biznesini atasından ilhamlanaraq qurub.  Şəfiqənin atası zərgərdir. O,...

Hamiləlikdən qorunma: Niyə ağla yalnız qadın bədəni gəlir?

Kişilər qorunmaq üçün nələr edir? Azərbaycan cəmiyyətində hamiləlikdən qorunmaq deyəndə, ağla gələn ilk üsullar qadın bədəninə müdaxilədən keçir. Halbuki bu, qadınların olduğu qədər, həm də kişilərin məsuliyyətidir.  Qorunma deyəndə, mütləq, düşünülür ki, qadın hansısa addım atmalıdır, kişilərin isə bu məsələlərdə məsuliyyəti daha az vurğulanır.  Məqalədə yaranmış vəziyyətin səbəblərini araşdırmışıq.  40 yaşlı Sevil Məlikova (ad şərtidir)...

Həyatını uşaqların küçədə qalmamasına həsr etmiş qadın

Azərbaycanda ilk uşaq sığınacağının yaranması tarixçəsi “Həssas qruplarla işləmək üçün ən vacib şərt peşəkarlıq, məsuliyyət və səbrli olmaqdır”, – söhbətə belə başlayır, Kəmalə Ağazadə. O, Azərbaycanda uşaq hüquqları müdafiəçisidir. Rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyinin (AUB) tabeliyində sığınacaq yaradıb. Təşkilat hər il zorakılıqla üzləşmiş, tərk edilmiş yüzlərlə uşağa hüquqi və psixoloji yardım edir. “Müvəffəqiyyətə gedən yol...

Mənim Yeni Tarix