8 Mart tarixi və yaşadığımız reallıq

0

8 Mart haqqında danışmaq üçün spesifik olmağa ehtiyac var. Növbəti podkastımızın mövzusu 8 Mart olsa da, toxunacağımız məqamlar bir qədər fərqlidir. Bunlar arasında reklamlar, media və günün əsl məğzi və mənası yer alır. 

Hər şey necə başladı?

Bu gün haqqında danışmalı olsaq, əvvəlcə, bundan başlamalıyıq ki, 8 Mart nəyə görə 8 Martdır və necə oldu ki, bu gün dünya tərəfindən qadınlar günü kimi qeyd olunmağa başladı? 

Mənbəsi bir çox fərqli hadisəyə əsaslanan bu gün üçün teoriyalar fərqli olsa da, bunun hamısını birləşdirən ortaq bir – bütün hadisələrin mərkəzində qadınlar və onların hüquqları dayanır. 

Mənbələr də bu günün zəminində fərqli hadisələrə gedib çıxır. Bəzi mənbələr qeyd edir ki, 8 Mart gününün əsas səbəbi 19-cu əsrin sonunda baş verən və 129 qadının ölümünə səbəb olan yanğındır. Eyni zamanda bu beynəlxalq günü SSRİ ilə əlaqələndirən mənbələr də az deyil. Amma bir çox insanın ortaq fikrə sahib olduğu məqam, 20-ci əsrin əvvəlləri Nyu-Yorkda qadınların zəhmət istismarlarına olan etirazlarını əks etdirən tarixi günlərdir. Bu hadisələrin baş verdiyi tarixi fevral ayı olsa da, Beynəlxalq Sosialist Qadın Konfransı “önəmli olan qadınlar günüdür” deyərək qadınlara aid xüsusi bayramın təsisi üçün təklif verir. Bununla da 8 Mart nəinki yalnız əməkçi qadınlar, həm də dünya qadınları üçün dönüş nöqtəsi hesab olunan bir günə çevrildi. 

SSRİ-dən bizə keçən “gül və hədiyyə almaq” ənənəsi də, əslində, bu gün üçün əlamətdar olmasa da, post-Sovet ölkələrinin 8 Marta yanaşması bu gün də digər ölkələrdən fərqlənir. Azərbaycanda da 8 Martın bayram günü kimi qeyd olunması səbəbilə sərəncam imzalanmasa da, təxminən 20-ci əsrin ikinci yarısından bəri Sovet məkanında qeyd olunan bu gün Azərbaycanda da bayram kimi qəbul olunub.

Bundan 10 il sonra Birləşmiş Millətlər Təşkilatı 1975-ci ildə 8 Martın Beynəlxalq Qadınlar Günü kimi qeyd olunması ilə bağlı qərar qəbul etdi və 1977-ci ildən etibarən bu günü qeyd etməyə başladı.

Bunların kontrastında hələ də bəzi ölkələr 8 Mart Beynəlxalq Qadınlar Gününü bir növ görməzdən gəlir. Qəribə olsa da, Amerika Birləşmiş Ştatları üçün bu gün kütləvi şəkildə qeyd olunmur. Təsadüfi deyil ki, “gender bərabərliyinin pozulduğu ölkələr” siyahısında onun adı 15-ci sırada gəlir. Həmçinin Suriya və Liviya kimi gərgin siyasi təzyiq altında olan ölkələrdə isə bayram haqqında danışmaq qeyri-mümkündür. 

Gender bərabərliyinin pozulduğu ölkələr sırasına Birləşmiş Ərəb Əmirlikləri, Qətər? Şri-Lanka, Cənubi Koreya, Morokko və Misiri də misal göstərmək olar.

Podkastı buradan dinləyə bilərsiniz

8 Mart yerli və beynəlxalq mediada necə əks olunur?

8 Martla bağlı olan önəmli məqamlardan biri isə bu günün yerli və xarici mediada necə işıqlandırılmasıdır.

İlk nümunəmizi yerli mediadan gətirək: “Xalq” qəzetinin 7 mart, 2010-cu il buraxılışında Zərifə Bəşirqızı öz fikirlərini məqaləsində belə ifadə edir: “Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlı olmuşdur. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir”. Belə baxanda, bəli, Azərbaycan qadını, həqiqətən də, bu şəxsiyyətləri dünyaya bəxş edib, bəs Azərbaycan qadını bu sadalanan adamların özü ola bilməyibmi? Məqalədə qadınlara ithafən mədhiyyələr düzülməyinə baxmayaraq, bir tərəfdən qadın ucaldılır, digər tərəfdən isə qəlibləşmiş düşüncələrdən biri olan “qadın anadır” fikri əks olunur.

Bu da təsadüfi deyil ki, gender bərabərliyi ilə razılaşmayan insanlar “qadın fizik, şair, elm adamı niyə olmayıb?” kimi suallarla məsələni təkzib etməyə çalışırlar. Məsələ də burasındadır ki, kişi ləqəbləri ilə xeyli iş görmüş qadınlar tarixə bəllidir. İlk Nobel mükafatı qalibi qadın – Mariya Kürinin adını çəkməyin əsl yeridir. İngilis şairə Ameliya Lenyerin necə Şekspir ləqəbi altında yazdığı ilə bağlı teoriyalar inkişaf edib, bunu da, məncə, vaxtı gələndə müzakirə etmək olar. Heykəltaraş Kamilla Klodelin müəlliminin imzası səbəbilə öz adının xatırlanmamasını da qeyd etmək olar. 

İlk nümunəmiz pozitiv notalar ötürməsə də, digər nümunəmizdə 2020-ci il 8 Mart günündə “Bizimdir hürr küçələr” adlı yürüşə jurnalistdən gələn dəstəyi görə biləcəyik. Bu nümunə qaynar.info-da Vahid Qazi tərəfindən yazılıb: “Uzun illərdir belə zövqlü sloqan eşitməmişdim. Ürək coşduran şüardır! Adama küçə hürriyyətinə hakimlik duyğusu yaşadır”. Məqalə bu cümlələrlə başlayır və eyni tonda davam edir. Məqalədə sadalanan hadisələr jurnalistin keçmişdə iştirak etdiyi etirazlardan və qadınların etirazının nə qədər önəmli olduğundan bəhs edir. 

8 Martın digər ölkələrdə, xüsusən də, bir-birindən fərqli cəmiyyətlərində necə qeyd olunduğunu da danışmaqda fayda var. BBC News həmin hadisələri toplayıb. 

İspaniyada – paytaxt şəhər Madriddə bir çox feminist qrupları bəziləri velosipedlə, bəziləri isə piyada olmaqla bərabər iş saatları, femisidlərlə bağlı ciddi islahatların görülməsi və eynihüquqlu əmək haqqlarına aid tələblərini ifadə ediblər. 

Böyük Britaniyada 2020-ci il 8 mart tarixində vəziyyət bir qədər fərqli olub. Belə ki, onlar nəinki oflayn nümayişlər, hətta onlayn kampaniyalara da imza atıblar. Londonda “March4Women” adlı yürüşdə qadınlar plakatları ilə bərabər şəhər daxilində kilometrlərcə irəliləyiblər.

İndoneziyanın paytaxtı Cakartada bir çox birliklərin və təşkilatların qadın rəhbər və sədrləri hökumətdən qeyri-bərabər qanunların yığışdırılmasını və qadınların hüquqlarını qorumaq məqsədilə yeni qanunların qəbul olunmasını tələb edib. 

Almaniyadakı nümayişlər isə, əlbəttə ki, digər ölkələrdən bir az fərqlənirdi. Burada “Purple Ride” adlanan nümayişdə qadınlar öz uşaqları, həyat yoldaşları və ya iş yoldaşları ilə bərabər velosipedlə öz etirazlarını daha bənövşəyi və daha pozitiv formada biruzə verirdilər. 

Qadın obrazı mediada necə təkamül edir?

Dünyanın bir çox yerində bu bayram günü etirazların təməli olsa da, 8 Mart gününün kapitalist cəmiyyət səbəbilə necə öz məğzindən kənarlaşdığını da müşahidə etmək mümkündür. 8 Mart marka, brendlərə və mediaya necə xeyir verir, bu, toxunmaq istədiyimiz əsas mövzudur.

90-ların sonları dərc olunan “The Emily” adlı dərginin 4-cü nömrəsi Loren Qriffinin yazdığı “Feminizm, seksizm və təsviri incəsənət” adlı məqalə ilə fərqlənir. Burada mövzuya uyğun olaraq sənət tarixçisi Qrizelda Pallokun sitatı yada düşüb: “Kişi nəzərində yaşayan və yayılan gözəl, sirlərlə dolu, arzulanan və sevilən qadın obrazına baxmayaraq, yaradıcılıq maskulin simada qaldı”. 

Son dövrlər yalnız sosial mediada deyil, həm də medianın müxtəlif qollarında qadın haqlarına və feminist mesajlara yer verilir, düzdür, bəs bu, bəs edirmi? Araşdırmalar onu göstərir ki, qadınların əsas obraz olduğu reklam çarxlarının qadın haqları üçün rolu olsa da, bu, kifayət etmir. Belə ki, verilən mesajlar cəmiyyətə “qadınlar” barəsində deyil, brend haqqında ideyalar ötürür və beləliklə, brendin qadın istehlakçıları sadiq müştəriyə çevrilir.

Kommunikasiya elmləri üzrə türkiyəli dosent Gülüm Şener “8 Mart dünya əməkçi qadınlar günü reklamlarının tənqidi feminist mühakimə analizi adlı araşdırma məqaləsində qeyd edir: “Şirkətlərin çoxu 8 mart kimi günlərdə feminist mesajlar verən reklam kampaniyalarına başlasalar da, digər günlərdə qadınları obyektləşdirən reklamlar istehsalına davam edirlər”. 

Dosent bu fikrini Barbie şirkətinin reklam kampaniyaları ilə əsaslandırır: “Qadın bədənini ideallaşdırdığı üçün kəskin tənqidlərə hədəf olan Barbie markası bir tərəfdən də femisidlərə uyğun qəlibləri qırmağa aid çarx hazırlayırsa, digər tərəfdən seksist qəlibləri ilə yenidən qarşımıza çıxa bilir”.

8 marta ithaf olunmuş 2-ci epizodumuzun sonunda, əlbəttə ki, qadınlara və özünü qadın kimi hiss edən hər kəsə nəinki yalnız 8 mart, ömürlərinin hər anında etiraz etməyə güc, azadlıq, uğur və bolluca sevgi arzu edirik. Və sözsüz, ümid edirik ki, dünya elə bir yerə təkamül edər ki, gender məsələləri bərqərar olar, etiraz edilməli problem də qalmaz. 

Hazırladı Pəri Abbaslı

Bağlı mesajlar

Bir cavab buraxın

Mənim Yeni Tarix