28 yaşında özünü başdan yaradan qadın

0

Həyatına sağlam qida, idman, velosipedlə rəng qatan fəlsəfə doktoru

Bir neçə işi bir həyata sığdıran insan düşünün. Həmin işlər bir-biri ilə əlaqəli deyil. Müxtəlif sahələrə aiddir və o, bunların öhdəsindən gələ bilir. Həm idmanla məşğuldur, həm sağlam qida blogeridir, həm də fizika-riyaziyyat üzrə fəlsəfə doktorudur Cəlalə Osmanlı. 

Bundan əlavə, 5 yaşında qızı var və onun tərbiyəsi ilə də məşğuldur. Qızının 3 aylığından səyahət edir. “Uşaqla necə səyahət edəsən, burnundan tökəcək”, “uşaqla sosiallaşmaq olmur”, “uşaq işləməyə imkan vermir” – demir Cəlalə. 

“İndi sevdiyim işlərlə məşğulam”

Nə qədər məşğul olsa da Cəlalə əvvəlki illərinə baxanda indiki həyatından məmnun görünür. Deyir, çox yox, 10 il əvvəlki həyatına geri dönmək istəməz. 

“Bugünkü enerjim, həyat eşqim 10 il əvvəl yox idi. Çünki sevdiyim işləri görmürdüm, əhatəm ürəyimcə deyildi”, – söyləyir: 

“Özümü 27-28 yaşlarımda tapmışam. Bəlkə də gecdir. Amma heç olmaya da bilərdi deyə düşünürəm. Nə yaxşı ki, yaşıdlarım kimi tez ailə qurmadım. Yoxsa bu gün həyatımın mənası olan şeylərdən məhrum qalacaqdım. Ailə qurandan sonra qayğılar başlayır axı…”. 

Keçmişindən danışır…

Cəlalənin deməsinə görə, əvvəllər həyatı indiki kimi rəngli olmayıb. Məsələn, 1-ci sinifdən 11-ci sinfə qədər eyni mühitdə, eyni insanlarla oturub-durub: 

“Yeni insanlarla ünsiyyətim tək-tük hallarda olurdu. Orta məktəbi 1989-99-cu illərdə bitirmişəm. Ev-məktəb, məktəb-ev formasında. O vaxt dostlarınla harasa gedib, çay içmək, əylənmək, gəzmək dəb deyildi”.

İnstitut illərinin də fərqli keçmədiyini deyir, Cəlalə. Bu dəfə də oxuduğu 4 il başqa bir əhatənin içində – institut-ev, ev-institut formasında keçib. Dərsdən kənar məşğuliyyəti, əyləncəsi olmayıb:

“O qədər qapalı idim ki, geyim mağazasına belə tək girə bilmirdim. Mütləq yanımda bir rəfiqəm olmalı idi. Seçim etməkdə də çətinlik çəkirdim. Bu, məcburiyyətə çevrilmişdi. Məsələn, indi deyirsən, məzuniyyətə çıxım filan şey edəcəm, filan yerə gedəcəm. Amma o vaxt tətil olanda heç bir planım olmazdı. 2 həftəlik tətili evdən çölə çıxmadığım yadımdadır”.

“Həyata fərqli baxanlar az idi”

Cəlalə deyir ki, o dövrdə yaşıdlarının əksəriyyəti belə yaşayırmış. Həyata fərqli baxanlar az imiş: 

“Məsələn, indi hamı səyahət edir. Yaxud çoxunun fərqli məşğuliyyəti var. Yoga ilə məşğul olan kim, idman edən kim, velosiped sürən, üzən kim. Əvvəl bunları edənlər az idi. Hər halda çox olsaydı, yayılardı, hamı dəyişərdi. Elə içi mən qarışıq. Məsələn, mən tətillərdə həftələrlə evdə oturandan sonra çölə çıxanda qəribə olurdum. Elə bilirdim hamı mənə baxır”.

Zamanla Cəlalə komplekslərini aşmağa qərar verib. Başlanğıc olaraq mağazalara tək girməyə qərar verib:

“Rəfiqələrimin çoxu ailə qurmuşdu. Təkəmsə, mən özümə geyim almayacaqdım? Mağazalara tək girməyə başladım. Artıq o qədər tək zaman keçirirdim ki, müəyyən bir vaxtdan sonra insanlar məndən məsləhət alırdı ki, filan şeyi haradan tapa bilərəm? Özümü dəyişməyə sadə şeydən başlamışdım. Adam özü ilə tək qaldıqca, fərqində olur. Həyatımda nələrinsə yerində olmadığını düşünməyə başlamışdım. İstədiyim kimi zövq almırdım həyatdan, bilirdim”.  

“Ürəyincə olan əhatən varsa, xoşbəxtsən”

Cəlalə bunun əsas səbəbini fikirlərini rahat, ürəyincə bölüşə biləcəyi əhatəsinin olmadığında görüb. Ətrafında onu anlayan insanların olmaması özümü mənəvi zəif hiss etməsinə səbəb olub. Üstəlik, insanlarla fikir problemləri də yaşayırmış: 

“Məsələn, iş yerimdəki insanlarla, qohumlarımla eyni düşüncələri bölüşmürdük. Mənə qəribə baxanlar çox idi. Ailə qurmağa olan baxışımdan, uşaq böyütmək, mentalitet məsələləri, adicə toy adətlərinə qədər fərqli düşünürdük. Hər dəfə söhbətlərin sonu problemə çıxır, fikir ayrılığı yaşayırdım. Bu da məni zamanla susqun etmişdi. Problemdən, mübahisədən uzaq olmaq üçün fikrimi ifadə etmək istəmirdim. Bu da məni çox sıxırdı”.

“Səyahət et, əylən, sağlam ol və həyatdan zövq al”

O, 2010-cu ildə təsadüfən o vaxt yeni yaranmış “Yaşıl Velosipedçilər Klubu” ilə tanış olur. Burada istədiyi əhatəni tapır:

“Klubda hər cür insan var idi. Əsas olan fikirlərimizin oxşar olması yox, həyata baxışımız, dünyagörüşümüzün bənzərliyi idi. Oradakılar dar düşüncəli insanlar deyildi, fərqli fikri qəbul edir, yaxud ən azı səni dinləyirdilər. Bu, önəmlidir. Çünki bizim insanlara fikrini deyəndə, elə bilirlər ki, sən onun üçün mütləq nəsə buyurursan, coşurlar, əsəbiləşirlər. Halbuki hamı istədiyi kimi yaşamaqda sərbəstdir”.

“İçimdən keçəni etməyi öyrəndim”

Cəlalə deyir ki, kluba qoşulanda bir gün velosiped alacağı, şəhərdə velosipedlə gəzəcəyi ağlına gəlməyib. Məqsədi təbiəti qorumaqla bağlı seminarlara qatılmaq olub: 

“O insanlarla həyatım çox dəyişdi. Bizi bağlayan velosiped idi. Amma aramızda fərqli müzakirələr, fikir mübadilələri olurdu. Yaxşı anlaşırdıq. Birlikdə müxtəlif toplantılara qatılır, yürüşlər, turlar, tədbirlər keçirirdik. Hər bazar görüşlərimiz olurdu. Birdən-birə 30-40 nəfərlə görüşürdük. Üzvlər get-gedə artırdı. Mühitim dəyişmişdi. Bundan məmnun idim. Zamanla fikrimi ifadə etmək kompleksimi də aşdım”. 

Cəlalə deyir ki, günü bu gün küçədən keçən, tanımadığı biri ilə rahat danışa, internet üzərindən izlədiyi birinə yaxınlaşıb, tanış ola bilər. Ya da birinə “saçınız sizə yaraşır”, – deyə bilər. Əvvəllər bunu etmək ona çətin gəlirmiş: 

“Bəlkə də ağlıma gəlməzdi. Bir sözlə, mən içimdən keçəni etməyi öyrəndim. Adam bununla da özünü çox yaxşı hiss edir. Yaxşı hissləri bölüşmək, xoşuna gəlməyən nəyisə açıq demək və s. böyük şeydir”.

“Arada elə bilirəm ki, 28 yaşımda doğulmuşam”

“Həyatı boyu ağlıma gəlməzdi ki, velosiped sürməkdən zövq ala bilərəm” – deyir, Cəlalə:

“Amma həyatdan zövq ala bilməməm məni həmişə narahat edirdi. Klubda öyrəndim ki, adi şey, velosiped sürmək də adamı xoşbəxt edə bilər. Velosiped sürməyi 28 yaşımda öyrəndim. Hətta evdən gizlin özümə velosiped də aldım. Bir müddət həmin velosipedi rəfiqəmin evində saxladım. Ondan sonra neçə velosiped dəyişmişəm. İndiki velosipedimdə qızımın oturacağı da var. Birgə sürür, əylənirik”. 

Arada Cəlaləyə elə gəlir ki, o, 28 yaşında doğulub. Çünki o yaşında özünü tanıyıb, iç səsini eşidib:

“Anladım ki, nəyi sevirəm, necə yaşamaq istəyirəm. Kefsiz hallarımda keyfimi açmağa çalışırdım, mənə nə kömək edəcəyini bilirdim. Beləcə hobbilərim yaranmışdı. Velosiped sürmək, idman etmək, üzmək, dostlarla dənizə getmək, tədbirlər təşkil etmək, təlimlərə qatılmaq, zamanla yemək hazırlamaq və s. Hobbilər həyatda çox vacibdir. İndi də insanların keyfinin pozulduğunu, darıxdıqlarını görəndə bir məsləhətim olur: həyatında nəsə olsun, yaxud çalış özünü duya biləsən”.

“Qızımı sərbəst böyütməyim çoxları tərəfindən normal qarşılanmır”

Cəlalə Osmanlıya görə insan həyatdan zövq almağa başlayandan sonra hər şey qaydasına düşür. Həyat insanı mükafatlandırır: 

“Zamanla həyatdan istədiklərini alırsan. Əvvəllər ərinirdim, istəmirdim, ancaq sonradan müdafiə də etdim. Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru oldum. Yaxşı dostlar, iş, hobbilər… Hətta həyat yoldaşımla da velosiped sürərkən tanış olmuşam. İndi həyatıma sağlam qida, eyni zamanda, səhifəm (Healthy_bish_dush) də daxil olub. İdman edirdim, sağlam qidalanırdım. Düşündüm ki, bununla bağlı blog yaradıb, səhifə açıb, insanlara da göstərim. Artıq 35 mindən artıq izləyicim var”.

Cəlalənin “Instagram” səhifəsinə reklam təklifləri də gəlir. Deyir, hamısını yox, sağlam qidaya uyğun olanlarını qəbul edir: 

“Məsələn, enerji içkiləri, tərkibində konservant olan qidaları reklam edə bilmərəm. Bu, mənim və blogumun prinsiplərinə ziddir”. 

Cəlalə indi istədiyi həyatı yaşayır. Blogu, idmanı, sağlam qida, səyahət, hətta qızını da istədiyi kimi, sərbəst böyüdür: 

“Onun da özünü 28 yaşında tapmasını istəmərəm. İstəklərini normal ifadə etməsi, nələrdən zövq aldığını bilməsi üçün əlimdən gələni edirəm. Qızımı sərbəst böyütməyim çoxları tərəfindən normal qarşılanmır. Nədənsə insanlar istəyirlər ki, uşağa acıqlanım, onu vurum, nə bilim, daim təzyiq altında saxlayım. Mən buna düzgün baxmıram. Uşaq sərbəst böyüməlidir. Hətta bəzən etiraz edəndə parkda küçədə yerə uzanır, ağlayır”.

Cəlalə deyir ki, bu zaman oturub qızının durmağını gözləyir. Həmin vaxt kənardan keçənlərin ona baxışları birmənalı olmur: 

“Kənardan keçənlərin mənə qıcıq olduğunu görürəm. Uşağı yerdən qaldırmaq istəyənlər də olur. Bu zaman o biraz da əsəbiləşir, ayağa durmaq prosesini uzadır (gülür). Məncə, etiraz etmək hamının haqqıdır və biz bunu uşaqlarımıza verməliyik”. 

“Heç bir ana öz həyatını ikinci plana atmamalıdır”

Cəlalə kənardan necə göründüyünü düşünmür. Deyir, əsas özüdür və nə istədiyini çox yaxşı bilir: 

“Elə qızım da. Etiraz etmək istəyir? Etməlidir. Ağlamaq istəyir? Ağlamalıdır. Yemək istəmir? İstəyəndə yeməlidir. Buna görə ona təzyiq etmək haqqım yoxdur”.

Cəlalə ana olandan sonra öz həyatını kənara qoyub, yalnız uşaq haqqında düşünənlərdən də deyil. Deyir, nə qədər ki, analar öz həyatlarını kənara qoyub, uşaq üçün yaşayırlar, bu zaman ondan gözləntiləri də artır: 

“Gələcəkdə “mən sənin üçün özümü unutdum, sən indi mənim dediyim peşəni seçmirsən”, yaxud “istədiyim insanla ailə qurmursan”, “mənim dediyimi etmirsən” – kimi istəkləri artır. Bununla həm öz həyatlarını, həm də uşağınkını məhv edirlər. Düşünürəm ki, heç bir ana öz həyatını ikinci plana atmamalıdır. Bizdə qadın ana olan kimi yoxa çıxır. Dostlarını, həmişə gördüyü işləri, bir sözlə, özünü unudur”.

“Həyatdan zövq alan insan özünü 50 yaşında da cavan hiss edir”

Cəlalə isə düşünür ki, ana olandan sonra da sevdiyin işləri görməlisən: 

“Mən uşağa yox, uşağı özümə uyğunlaşdırdım. Həmişə etdiyim şeyləri onunla etdim. Heç vaxt özümü nələrdənsə məhrum etmədim. Hətta dostlarımla görüşə də qızımla gedirdim. İndi mənim dostlarımı məndən çox sevir. Biraz gec görüşəndə, özü yadıma salır”.

Cəlalə deyir ki, cəmiyyətin normal qəbul etmədiyi bir şey də 30 yaşdan sonra ana olmaqdır. O, bu baxımdan da mövcud bariyerləri aşdığını düşünür. Deyir, 32 yaşda uşaq dünyaya gətirmək çoxları üçün mümkün deyil. O isə düşünür ki, bu, insanın psixologiyasına bağlıdır: 

“Həyatdan zövq alan insan özünü 50 yaşında da cavan hiss edə bilir. Amma bəzən 20 yaşlarında insan həyatı yolunda olmadığı üçün 70 yaşında olduğunu düşünür”. 

Yazdı Gülər Mehdizadə

Çəkdi Aygün Rəşid

Mehriban Zeynalova – özü İllərlə küçədə yaşayıb bu gün 60-dan çox qadına sığınacaq verən insan

“6 ay 2 uşaqla betonun üstündə  döşək salıb yatmışam” Mehriban Zeynalova Azərbaycanın qadın hüquqları müdafiəçisidir. Hazırda ölkədəki yeganə qadın sığınacağına rəhbərlik edir. O deyir ki, bu vəzifəyə təyin edilməyib, sadəcə həyat belə gətirib. Bu işə özünə aldığı kiçik evdən başlayıb. Elə həmin evdə də şiddətə məruz qalmış qadınlara qucaq açıb. İnsanlara kömək edə-edə işin incəliklərini...

Cəbhədə bir həftə

– Bombaları çəkməyə gəlmisiz? – Yox, kəndinizi, gözəl kəndiniz var. – Hə, babam deyir, “Şəkərbura” daha gözəldir” (Füzuli şəhərinin 2 kilometrliyində yerləşən Şəkərcik kəndini nəzərdə tutur). Ora gedəcəyik, oranı da gəlib çəkərsiz. Amma bilirsiz nə qədər bomba atırlar. İstəsəniz, mən sizin üçün sayaram, qorxmuram. 3 yaşım olanda (2016-cı ilin “Aprel döyüşləri”ni nəzərdə tutur) qorxmuşdum, həkimə...

Koronavirusla mübarizədən cəbhəyə

“Yaralı əsgər gətirmişdilər. Qıvırcıq, sarı saçlı, mavi gözlü… Müayinə etdik, otağa yerləşdirdik. Nəsə istəyir, utancaq üzümə baxırdı. Yaxınlaşdım ki, nədir balam, nədir quzum, nə kömək edim sənə? Gözümün içinə baxıb, gülümsədi, su istədi. O baxışlar sonra yadıma çox düşdü. Balam, quzum dediyim o adam odun-alovun içindən gəlmişdi. Uşaq kimi baxdığım o əsgər kim bilir nələr...

28 yaşında özünü başdan yaradan qadın

Həyatına sağlam qida, idman, velosipedlə rəng qatan fəlsəfə doktoru Bir neçə işi bir həyata sığdıran insan düşünün. Həmin işlər bir-biri ilə əlaqəli deyil. Müxtəlif sahələrə aiddir və o, bunların öhdəsindən gələ bilir. Həm idmanla məşğuldur, həm sağlam qida blogeridir, həm də fizika-riyaziyyat üzrə fəlsəfə doktorudur Cəlalə Osmanlı.  Bundan əlavə, 5 yaşında qızı var və onun...

İlahiyyatdan teatra açılan pərdə

“Bizim teatrdan tamaşaçı yox, dəyişən insan çıxır” O, insanın bacarmayacağı işin olmadığını düşünür. Yetər ki, normal yönləndirilsin. Deyir, insan travma alanda sonradan özünə gəlməsi, müsbətə doğru dəyişməsi biraz çətin olur. Hansısa dili mənimsəməkdən tutmuş, ağır işin öhdəsindən gəlməyə qədər – hər şeyin başında inanmaq durur.  Femmekanın bu dəfəki qonağı Ritual Mobil Teatr Laboratoriyasının təsisçisi və...

Ucqar kənddə seçki mədəniyyəti

Vəfa Nağı Türkiyədə siyasət elmi və beynəlxalq münasibətlər təhsili alanda kəndlərinə dönüb, bələdiyyə seçkilərinə qatılacağı ağlına gəlməzdi. Universiteti bitirəndən sonra İstanbulda iş tapıb, çalışmağa başlayır. Əvvəlcə qalıb işləmək, rahat həyat qurmağı planlayır. Sonrakı proseslər planladığı kimi getmir.  Kəndlərinə bir neçə günlük ziyarətdən sonra bütün həyatını dəyişəcək qərar verir – kəndə qayıdır. “Nənəm vəfat etdi. Bir...

Azərbaycan qadınının qərarvericilikdəki söz haqqı

Gender eksperti: “Qadınların təmsil olunduğu sahələrin qərarvericilikdə rolu yoxdur” “Azərbaycanda 15–24 yaş əhali arasında oxuma-yazma qabiliyyəti olmayanların təxminən 67 faizi, 25–64 yaş əhali arasında isə 77,5 faizini qadınlar təşkil edir (YUNESKO, 2021). Təkcə 2017-ci ildə 15 və ondan yuxarı yaş azərbaycanlılar arasında oxuma-yazma qabiliyyəti olmayan qadınların sayı (10,764) kişilərinkindən (5,015) iki dəfəyədək çox olub (YUNESKO,...

Mənim Yeni Tarix