160 manatlıq büdcə İlə başlayan uğur hekayəsi 

0

Sosial sahibkar Sara Rəcəbli biznes ideyalarının necə həyata keçirilməsindən danışır

“Femmekan” bu dəfə sizə Azərbaycandakı sosial sahibkarlıqdan danışacaq. Eyni zamanda, ideyan olarsa, onu sosial biznesə necə çevirəcəyinlə bağlı məsləhətlər verəcək. 

Qonağımız sosial sahibkar Sara Rəcəblidir. O, sahibkar olmaqla yanaşı, sosial sahibkarlıq barədə bloq yazıları hazırlayır. Eyni zamanda, sosial şəbəkələrdə bu barədə paylaşımlar edərək, insanlara yol göstərir, onlara kömək edir. 

Uğur qazanmaq üçün nə edə bilərsiniz?

Sara 2017-ci ildən bu sahədə çalışır və uğur qazanıb. Lakin bu, ona heç də asan başa gəlməyib. 

Gəlin görək, uğura aparan yol haralardan keçib? Sara hazırki nəticələrə necə nail olub və ən əsası, siz uğur qazanmaq üçün nə edə bilərsiniz? 

Mənbə: Əkinçi

Sara Rəcəbli gənclərə “sosial sahibkarlıq sahəsində ideyanız varsa, qohumla, ailə ilə paylaşmayın, həyata keçirin” – deyir. Söyləyir ki, onsuz da uğur qazanandan sonra hamı sizi tərifləyəcək. 

“Başda isə “boş-boş işlərlə məşğul olma”, “normal iş yoxdur?”, “bu işin axırı olmayacaq” – deyənlərdən uzaq olmaq istəyirsinizsə, işi sakit görün. Mənim ən böyük çətinliyim təzyiqlə işləmək olub. İnsanların düşüncə tərzini dəyişmək mənə asan başa gəlməyib”.

“90 faiz insan sizi dəstəkləməyəcək, absurd baxacaq”

Sara Rəcəbli 5 ildir ki, əlilliyi olan qadınların bişirdikləri veqan və qlütensiz qidaların satışını təşkil edir. Bununla həm o insanların davamlı gəlir əldə etməsinə dəstək olur, həm də Azərbaycanda çox az olan sosial beznes layihəsi qurub. Bu gün xeyli müştəriləri var, işləri qaydasında gedir. 

Düzdür, bugünkü uğur ona asan başa gəlməyib. İdeyasını həyata keçirməyə başladığı ilk dönəmlərdən hətta ailəsinin belə təzyiqlərinə məruz qalıb. Deyir, ən ehtiyacı olduğu zamanda onların mənəvi dəstəyini ala bilməyib: 

“Məsələn, anam arada maddi dəstək göstərirdi, amma mənə daha çox lazım olan mənəvi dəstəklərini görməmişəm. İnanmırdılar ki, mən bu sahədə uğurlu ola bilərəm. Ona görə də gənclərə işlərini gizli görmələrini söyləyirəm: ideyanız varsa, bunu qohumlar və ailə üzvlərinizlə bölüşməyin. 90 faiz insan sizi dəstəkləməyəcək, ideyanıza absurd baxacaq”. 

“Azərbaycan cəmiyyətində sosial sahibkarlıq prestij sayılmır”

Önyarğıların səbəbinə gəlincə, Sara deyir ki, səbəbi Azərbaycan cəmiyyətində sosial sahibkarlığın prestij sayılmamasıdır. Böyük əksəriyyət bu işə “boş məşğuliyyət” kimi baxır: 

“Adətən dövlət işini, səhər 9-dan axşam 6-dək olan ofis işini normal hesab edirlər. Qalanını isə “faydasız” və “mənasız” bilirlər. Bütün bunlar da insanın enerjisini alır və onları demotivasiya edir”. 

Sara Rəcəbli şəxsi təcrübəsindən bilir. Deyir, onsuz da nəticə pozitiv olanda ətrafdakı hamı sizi tərifləyir. Onun ailəsi də işində uğur qazanandan sonra onunla fəxr etdiklərini söyləyib. Lakin o, işə yeni başladığı dönəmlərdə daha çox tanımadığı insanlar və dostlarının dəstəyini alıb: 

“Kimsə desə ki, mən hər şeyə dəstəksiz nail olmuşam, inanmayın. Dəstəksiz, motivasiyasız uğur qazanmaq mümkün deyil. Məsələn, bizim işimizdə birinci dəstəyi verən ilk müştərimiz oldu. İnandı, məhsulu bizdən aldı. Bu da öz növbəsində bizə böyük bir ümid oldu”.

Sosial sahibkarlıqla bağlı məlumatları haradan alaq?

Gənc sahibkarın həmçinin, 3 ildən artıqdır ki, sosial sahibkarlıq sahəsində bloqu var. Daimi yeni məlumatlarla insanları bu sahədə maarifləndirir: 

“Əvvəllər mediadan uzaq adam olmuşam. Lakin bir yerdən sonra gördüm ki, keyfiyyətli məzmuna ehtiyac var. Anladım ki, nələrisə dəyişmək lazımdır. Öz sahəm üzrə deyə bilərəm ki, sosial sahibkarlıqla bağlı internetdə doğru olmayan kifayət qədər məlumat var. Sırf düzgün təqdimatların olmaması, bu sahədə təlimlərin keçirilmədiyi üçün belə bir addım atdım. Başladım bu sahədə Azərbaycan dilində məlumatlar paylaşmağa”. 

İnsanların təşəkkürləri

Sara Rəcəbli deyir ki, hazırda onun bloqu və səhifəsi sosial sahibkarlıqla bağlı məzmun paylaşan və ən çox izlənən mənbələrdir. Deyir, zamanla təkcə, sosial sahibkarlıq sahəsində deyil, ehtiyacları da dəyərləndirərək, motivasiya, şəxsi inkişaf, səyahət, uşaq tərbiyəsi və s. kimi vacib məqamlara toxunmağa başlayıb. Tez-tez insanların rəğbəti ilə qarşılaşmaq, təşəkkürlər almaq isə əsas motivasiyasıdır və işini sevərək görür. 

Sara Rəcəbli kimdir? 

25 yaşlı Sara Sumqayıtda doğulub. Anası alman dili müəlliməsidir, atası konservatoriya təhsili alsa da, hazırda taksi sürücüsü kimi çalışır. Deyir, uşaq vaxtından ailəsinin maddi imkanlarının məhdud olduğunu dərk edib və oxumaqdan başqa çarəsinin olmadığını anlayıb: 

“Uşaq olsam da bilirdim ki, həyatımdakı bu məhdudiyyətləri yalnız təhsillə aradan qaldıra bilərəm. Çıxış yolumu həyatımı 0-dan qurmaqda görürdüm. Bunun da tək çarəsi oxumaq idi. Anam mənə həmişə dəstək olub. Belə olmasaydı, bəlkə də təhsil də ala bilməzdim. Məktəbdə əlaçı olmuşam. Açığı maraqlı həyatım yox idi. Tez-tez bullinqlərə məruz qalırdım, bu da mənə travmalar yaşadırdı”. 

“Söz vermişdim, yüksək balla universitetə qəbul olacaqdım”

Sara deyir ki, valideynləri bütün günü işləmək məcburiyyətində olduqlarından, onlarla güclü, emossional kommunikasiyası olmayıb: 

“Onlarla hisslərimi bölüşdüyümü, məktəbdə baş verənlərdən danışdığımı xatırlamıram. Nəticədə, travmalar alırdım və onlar məndə toplanırdı. İstər müəllimlərlə olan münasibətlərim olsun, istərsə də sinif yoldaşlarımla, xoşuma gəlməyən şeylər var idi.  Ümumiyyətlə, sinif yoldaşlarımın əksəriyyəti imkanlı ailələrdən idi. Bullinq məsələlərinin də bir qismi sırf o maddi imkanlara dayanırdı. Yeni çıxan telefonlardan, komputerlərdən, “Google”-dan istifadə edirdilər. Mən isə ev tapşırığını yazmaq üçün kitabxanaya gedirdim, kitab oxuyurdum. “Google”, “Facebook”, telefon nədir bilmirdim. Özümə söz vermişdim, Sumqayıtda məktəbi bitirəndən sonra yüksək balla universitetə qəbul olacaqdım”. 

“Oxuduğum sahənin mənə görə olmadığını anladım”

Söz verdiyi kimi də olub. Məktəbi bitirəndən sonra Sara 616 balla Turizm və Menecement Universitetinə daxil olub. Deyir, turizmi, coğrafiyanı hər zaman sevib. Hətta universiteti bitirəndən sonra bu sahənin müxtəlif yerlərində çalışıb da. Lakin zamanla anlayıb ki, bu iş onluq deyil: 

“Universitet vaxtı müxtəlif “Erasmus” proqramlarına qatılmışam. Hətta universitetin xətti ilə DAAD Fondunun təqaüdünü qazanaraq, Almaniyada bir semestrlik təhsil də almışam. Həm oxuyarkən, həm qısamüddətli təqaüd proqramları ilə Avropada, Asiyada təhsil aldığım müddətdə müxtəlif insanla tanış olmuşam. Onlar sosial layihələrini sosial bizneslərə çevirmişdilər. Tez-tez də qarşıma sosial sahibkarlıqla bağlı proqramlar çıxırdı. Maraqlı gəlirdi, araşdırırdım. Biraz bu sahədə oxuyub, öyrənəndən, təqaüd proqramlarında iştirak edəndən sonra müəyyən biliklər qazandım. Universiteti bitirdim və qərara gəldim ki, özümü sosial sahibkarlıqda sınayım”.

“Kapitalizmin dəyərləri ilə işləmək mənə uyğun deyildi”

Turizm sahəsinə gəlincə, Sara burada çalışmaq istəməyib. Deyir, 16 yaşından bəri turizmin müxtəlif istiqamətlərində işləyib. Tur agentlikdə, bələdçi kimi, oteldə… Bir sözlə, bütün bunlardan sonra anlayıb ki, kapitalizmin dəyərləri ilə işləmək ona uyğun deyil: 

“İnsanlar yalnız pul düşünür. Nə qədər çox müştəri qazana, nə qədər çox gəlir əldə edə biləcəklərinin hesabını aparırlar. Mənsə bunlara baxanda sıxılır, narahat olurdum. Odur ki, bu sahədən uzaqlaşdım”.

160 manatlıq büdcə ilə başlayan sahibkarlıq 

Sara Rəcəbli hazırki işinə 160 manatlıq büdcə ilə başlayıb. Deyir, ona qədər Azərbaycandakı sosial problemləri çox araşdırıb. İstəyib ki, layihəsi həm Azərbaycanın hansısa sosial problemini həll etsin, həm də məhsulları keyfiyyət, görünüş baxımından mükəmməl olsun. O,  “BUTA Art & Sweets” brendini yaradıb. Məqsədi əlilliyi olan qadınların işsizlik problemini həll etmək olub: 

“Biz onların hazırladığı şirniyyatların satışını təşkil edirik. Bununla həm də onların gəlir əldə etməsinə dəstək oluruq. Menyumuzda hazırda veqan və qlütendən azad şirniyyatlar var. İlk başda milli şirniyyatlar bişirirdik. COVID 19 dövrü fərqli, sağlam menyu hazırlamaq qərarına gəldik. Bu gün milli şirniyyatların ilk veqan və qlütensiz variantlarını Azərbaycan bazarına biz çıxarmışıq”.  

“İstəyirik kimsədən asılı olmasınlar”

Zamanla Sara həm qadınların kulinariya, həm də sosial sahibkarlıq mövzusunda təlimlərdə iştirakını təşkil edib. Eyni zamanda, özü də bu gün sosial sahibkarlıqla bağlı təlimlər verir. Səhifəsində də tez-tez bu sahədən olan məlumatları bölüşür, insanları məlumatlandırır: 

“Bizimlə çalışan qadınların müxtəlif problemlərini həll etmişik. Bəzilərinin evlərini təmir etdirmişik, bəzilərinin müalicə xərclərini qarşılamışıq… Yəni bizim əsas dəyərimiz pulu ehtiyacı olan insanlara vermək yox, onlara pul qazanmağın yollarını öyrətməkdir. İstəyirik kimsədən asılı olmasınlar”. 

Sosial sahibkarlıq layihələrinin davamlı olması üçün nə etməli? 

Sara Rəcəbli düşünür ki, Azərbaycan cəmiyyətində sosial sahibkarlıq  – xeyriyyəçilik, sosial layihələr, koorporativ sosial məsuliyyətlə qarışdırılır. Bunun nəticəsidir ki, sosial biznes davamlı olmur.

Gənc sahibkar bildirir ki, bu, təkcə, Azərbaycanda yox, bütün dünyada belədir. Əslində isə sosial sahibkarlığı digərlərindən fərqləndirən onun davamlı olmasıdır. Məsələn, xeyriyəçilikdə 1-2 dəfə kiməsə yardım etmək mümkündür. Üstəlik, bunun qarşılığında heç nə istənmir. Sosial layihələrdə də belədir, qrantlar vasitəsilə insanlara kömək edilir. Layihə bitir, dəstək də qurtarır. Koorporativ sosial məsuliyyətsə isə şirkətlər müəyyən vaxt çərçivəsində bəlli büdcə ayırır. Bununla ehtiyacı olan insanlara dəstək olur. Beləliklə insan resursları sahəsində reytinq və qabiliyyətlərini gücləndirirlər. İş bitəndə, yardımlaşma da qurtarır. 

“Sosial sahibkarlıq davamlı model kimi biznesə çevrilməlidir”

Sara deyir ki, sosial sahibkarlıq davamlı bir model kimi biznesə çevrilməlidir. Ortaya məhsul, xidmət çıxarılmalıdır və onun satışı davamlı təşkil edilməlidir: 

“Bu, ənənəvi sahibkarlıqdakı biznes modeli şəklində qurulur. Reytinq strategiyası, keyfiyyət, qiymət, rəqabətlilik, davamlılıq və s. tənzimlənir. Bizim məhsulumuz keyfiyyətli olmasa, ona tələb olmasa, yaxud biz tələbi yarada bilməsək, iş getməz, davamlı olmaz”.

Sahibkar qeyd edir ki, burada işə can yandıran, şəxsi keyfiyyətləri güclü insanlarla işləmək də önəmlidir.

“Gəlir məhz məhsulun, xidmətin satışından gəlməlidir”

Sara bildirir ki, sahibkarlığın bu növünün insanlara sosial təsirinin olması üçün davamlı iş görmək lazımdır. Eyni zamanda, qrantlardan, dövlətdən və beynəlxalq təşkilatlardan asılı olmaq olmaz. Gəlir məhz məhsulun, xidmətin satışından gəlməlidir: 

“Bu satışın da yaxşı təşkil olunması üçün strategiyanı, marketinqi düzgün qurmaq lazımdır. Eyni zamanda, hədəf auditoriyası müəyyən edilməlidir. Bundan əlavə, qazancın 5-20 faizi, bəzən daha çoxu sosial təsirə getməlidir. Bu, ekoloji problemlərin həllinə, yaxud həssas əhalinin (şiddətə məruz qalmış, əlilliyi olan, valideyn qayğısından, təhsil və iş imkanından məhrum insanlar) ehtiyaclarına yönələ bilər”.

Sara Rəcəbli Mənbə: fed.az

“Sosial biznes asılı olmamalıdır”

Əsas məsələ, sosial biznes asılı olmamalıdır. Sara deyir ki, məsələn, dövlətdən asılı olsa, onun marağı ilə getməlidir. Yaxud digər yerlərdən qrant götürsə, yenə də onların maraqlarına uyğun iş görməlidir. Odur ki, sosial biznes tamamilə müstəqil olmalıdır: 

“Siyasi olaraq müstəqil, neytral olmalıdır. Təbii daha çox insanın həyatına təsir göstərmək istəyiriksə… Davamlılıq üçün həm də dürüst yanaşmaq lazımdır. İnsanları aldatmaq, səhv mesajlar ötürmək olmaz. İnsanlarda bu işlə bağlı fərqli anlayış yaratmaq olmaz. Daha çox müştəri, dəstəkçi və auditoriya qazanandan sonra biznes özünü davamlı inkişaf etdirə bilir”.

İdeyam var, maliyyəm yoxdur, nə edim? 

Sara deyir ki, ideyası olan insanların bunu layihəyə çevirmələrinin və sosial biznes qurmalarının bir neçə yolu var. Məsələn, qrantla başlamaq olar: 

“Azərbaycanda işə qrantla başlayan xeyli sosial sahibkar var. Onlar öz ideyalarını sosial layihə şəklində yazıblar, şirkətlərə, səfirliklərə və s. göndəriblər. Maliyyə alıb, bu cür başlayıblar. Bu, ən risksiz, ən stabil variantdır”.

İkinci varianta gəlincə, Sara deyir ki, bu, ianələr hesabına qurulan biznesdir. Burada əsas olan insanlara yönələ bilməkdir: 

“İş görmək üçün nə qədərsə vəsaitə ehtiyacın var. Müəyyən bir vaxt çərçivəsində davamlı paylaşımlar etməklə, aldığın ianələrin davamlı hesabatını verməklə həmin vəsaitin toplanmasına nail ola bilərsən. Amma ianə verən insanlara bunun qarşılığını vermək lazımdır. Məsələn, 5 manat ianə edənə bir təşəkkür açıqcası göndərməklə, yaxud 20 manat ianə edənə layihənin loqosu olan çanta hədiyyə etməklə… Bir sözlə, qarşılıqlı nələrsə olmalıdır. Düzdür, heç nə vəd etmədən də ianə qəbul etmək olar, lakin daha çox insanın diqqətini cəlb etmək istəyiriksə, qarşılıqlı əməkdaşlıq şərtdir”. 

“Dəstəyinlə cəmiyyətə, insanlara necə kömək olacaqsan?”

Sara deyir ki, bu variantda həm də insanlara maliyyə dəstəyi göstərərək nə qazanacaqlarını bildirmək lazımdır: 

“Dəstək olmaqla cəmiyyətə, insanlara nə kimi kömək etmiş olacaqsan? Bunları mütləq şəkildə bildirmək lazımdır”, – Sara deyir: 

“Bu zaman da istər blogerlər olsun, istər tanınmış insanlara çağırış etməlisiniz ki, sizin bu ideya ilə bağlı paylaşımlar etsinlər. Beləliklə, bu barədə daha çox insanın məlumatı olar”.

Üçüncü yol kimi Sara investorları göstərir. Deyir, yaxşı biznes planı qurub, investorlarla görüşmək olar. Əgər həmin plan onların xoşuna gəlsə, onları da şərik etmək şərti ilə birgə əməkdaşlıq edə bilərlər.

İşin çətinlikləri 

Sara Rəcəbli deyir ki, sosial biznes qurmaqda ona ən böyük çətinlik yaradan insanların düşüncə tərzini dəyişmək olub. Nədənsə insanlar inanmaq istəməyiblər ki, əlilliyi olan qadınlar nələrəsə nail ola bilər: 

“Ənənəvi sahibkarlıqda sən yalnız müştərilərlə işləyirsən, sosial sahibkarlıqda isə sən həm müştəri, həm də həssas insanlarla işləməli olursan. Həm o insanların hazırladıqları məhsulla bağlı cəmiyyətdə neqativ düşüncə var, həm də o insanların öz ailə üzvləri onları dəstəkləməkdən qaçır. Biz həm onların özlərinə, həm ailə üzvlərinə, həm də cəmiyyətə inandırmalıyıq ki, birlikdə çox yaxşı işlər bacara bilərik. Bunun üçün də kifayət qədər çox enerji lazım olur”. 

“İdeyalarınızın, xəyallarınızın arxasınca gedin, toksik münasibətlərdən qaçın…”

Sara Rəcəbli qadınlarda azad düşünmək, qərar vermək bacarığının formalaşmasını arzulayır. Deyir, bunun üçün də birinci onlarda özlərinə inam yaratmaq lazımdır: 

“Əslində bizim qadınlar çox bacarıqlı, istedadlıdır. Lakin əksəriyyəti uşaq vaxtı patriarxal normaların təzyiqinə məruz qalıb. “Sənə bunu etmək olmaz”, “qız bunu bacarmaz” – düşüncəsi onların altşüuruna işlənib. Odur ki, əksəriyyətimiz uğurlu ola bilməyəcəyimizi düşünürük. Çox ümid edirəm ki, biz bir gün bütün bunları aşa biləcəyik. İçində olduğumuz çərçivələri sökməyi bacaracağıq”.

Saranın əlində imkanı olsa, Azərbaycan qadınının həyatına azad düşünmək, qərar vermək, qınaqdan uzaq yaşamaq bacarığı qatar: 

“Bunlarla yanaşı, onlara həyatlarını kimsənin əlinə verməməyi aşılayaram. İstəyirəm bizim qadınlarımız daha çox səyahət etsinlər, fərqli insanlarla kommunikasiya qursunlar və təbliğatın qurbanı olmasınlar. Əsas məsələ, ideyalarının, xəyallarının arxasınca getsinlər, toksik münasibətlərdən qaçsınlar və özlərini birinci yerə qoysunlar”.

Yazdı Gülər Mehdizadə 

Bağlı mesajlar

Bir cavab buraxın

Mənim Yeni Tarix